Rüfət Mehdiyevin qızı: "Neçə ay sonra görüşmək istədim, ölüm xəbərini aldım" - Müsahibə

Rüfət Mehdiyevin qızı:  "Neçə ay sonra görüşmək istədim, ölüm xəbərini aldım" - Müsahibə
7 iyul 2023
# 09:00

Bu gün məşhur müğənni Rüfət Mehdiyevin doğum günüdür.

Kulis.az bu münasibətlə müğənninin qızı Zemfira Mehdiyeva ilə müsahibəni təqdim edir.

Fotoqrafımız Orxanla birgə maşından düşüb ətrafa baxırıq.

— "Kiki Koko".

Orxan təəccüblə üzümə baxır. Barmağımla mağazanı göstərirəm. Asta addımlarla içəri giririk. Bir qadın bizi qarşılayır.

— Salam. Müsahibə üçün gəlmişdik.

— Bir dəqiqə.

Bir az keçir, Zemfira xanım içəri girir və bizi gülərüzlə qarşılayır. Hal-əhval tutduqdan sonra söhbətimizə başlayırıq.

– Atanızı xatırlayanda gözünüzün qabağında hansı mənzərə canlanır?

– Çox diqqətcil, qayğıkeş insan idi. Atamı artıq 12 ildir itirmişəm. Onu itirəndə 16 yaşım var idi. Bacım da, mən də ondan doymadıq. Çox tez itirdik onu. Uşaqlığımızı demək olar ki, yaşamadıq. Onsuz da bütün gün işdə olurdu. Günorta yatıb axşamlar toya gedirdi. Gec gəlirdi. O gələndə biz artıq yatmış olurduq. Ona görə də, yaddaqalan xatirələrimiz yoxdur. Amma dərslərimizlə maraqlanardı. Dənizə gedərdik birlikdə. Belə...

– Necə ata idi?

– Çox yaxşı ata, yaxşı insan idi.

– Bütün sənətçi ailələrində olduğu kimi yəqin ki, sizin də ailəniz qonaqlı-qaralı olub. Həmin dövrləri necə xatırlayırsınız? Kimlər daha çox gəlirdi?

– Biz uşaq olanda atam Aygün Kazımova ilə çox yaxın idi. O, mənim ad günümə də gəlmişdi. Kukla da hədiyyə eləmişdi. Atamın dostları çox olub. Bütün sənət yoldaşları ilə münasibətləri yaxşı idi. Baxmayaraq ki, atam 12 ildir dünyasını dəyişib, bugünkü günə qədər onun sənət dostları ilə münasibətimiz var. Atam dostlarına çox bağlı insan olub.

– Musiqiçi ailəsini düşünəndə qarşımıza oxşar mənzərə çıxır; ata piano arxasına keçir, ifa eləyir, dostları, övladları ətrafına yığışır. Sizdə də belə anlar olubmu?

– Anamla atamın birgə bəstələdikləri bir mahnı var – "Sevgilim". Hansısa yeni mahnı olanda piano arxasına keçib ifa eləyirdi. Anamla tez-tez məsləhətləşirdi.

– Bacınızla daha yaxın olub, ya sizinlə?

– Mənə elə gəlir ki, ikimizlə də eyni dərəcədə yaxın olub.

– Ancaq o, sanki daha bağlıdır.

– Bəli.

– Bu da yəqin ki, onun Rüfət bəyi itirərkən yaşının az olması ilə bağlıdır. Verilişlərin birində sizin bu itkini daha ağır keçirdiyinizi də vurğulayıb.

– Bilirsiniz, mənim onda 16 yaşım var idi. Bacım məndən 4 yaş kiçikdir. O, uşaq idi, bəlkə də, çox şeyi dərk eləmirdi. Ancaq mən nəyin baş verdiyini anlamışdım. Ona görə mənə daha ağır təsir eləmişdi. Dediyim kimi, atamızdan doymadıq. Uşaqlığımızı onunla doyunca keçirə bilmədik. Lazım olan vaxtda atam yanımda olmadı. Çox çətin idi.

– Tez-tez yuxularınıza gəlir?

– Bəli. Əvvəllər lap tez-tez görürdüm. Hətta həyatda yaşadıqlarımı yuxuda mənə danışırdı. Bəlkə də, o mənim şüuraltım idi. Özüm yaratmışdım. Hər dəfə gəlib deyirdi ki, onu eləmə, bunu eləmə, ağlama.

– Sanki sizi qoruyurdu.

– Ay sağ olun. Elə bir hiss var idi məndə.

– O hiss, o ağrı az da olsa azalıb, yoxsa heç nə dəyişməyib?

– İnsan ağrıya öyrəşir. Ancaq o hiss keçmir. Yenə də tək qalanda onu xatırlayırsan, kövrəlirsən, ağlayırsan.

– Sizə ən çox nə xatırladır atanızı?

– Hər şey. Xoş günün olur, fikirləşirsən ki, kaş atam da yanımda olaydı. Uğur qazanırsan, deyirsən, sağ olsaydı, bizimlə qürur duyardı. İnsan hər işində valideyninin yanında olmasını istəyir. O hiss bizdə əskikdir. Ona görə də nə eləyirsən elə, hiss eləyirsən ki, nəsə çatmır.

– Atanızın vəfatından sonra ətrafındakıların, sənətçilərin sizə münasibəti dəyişmədi ki?

– Xeyr. Mənim toyum oldu, atamın öz ansamblı gəldi. Bütün sənət dostları iştirak elədi. Hamı orada idi. Gecə saat 2 idi, toy hələ davam eləyirdi. İstəsələr gəlməyə də bilərdilər. Atam görün neçə ildir dünyasını dəyişib. Kim kimə nə deyə bilər. Ancaq yenə də gəldilər. Təkcə toyda olmayıb. Məsələn, mağaza açdıq. Hamısı gəlmişdi. İndiki mağazanın açılışında da gəlmişdilər, paylaşıb dəstək olmuşdular. Bayramlarda da danışırıq. Əsl dostdurlar.

– O dövrkü dostluqlar sanki daha möhkəm idi.

– Bəli. İnanmıram ki, indiki zamanda elə dostluqlar olsun. 12 ildir bu insan rəhmətə gedib, ancaq dostları bizi heç vaxt unutmurlar. Bəzən onları düşünəndə deyirəm ki, halal olsun onlara. Hər adama elə dost qismət olmur.

– Rüfət bəy sizə və bacınıza ən çox nələri tövsiyə eləyirdi?

– Həmin ərəfədə biz hələ məktəbdə oxuyurduq. Uşaq idik. O yaşlarda bizə həyat dərsləri verə bilməzdi. Dərslərimizlə tez-tez maraqlanardı.

– Siz də müğənni olmaq istəmisiniz, ancaq o istəməyib.

– Müğənni olmağımı istəmirdi, ancaq mənim çox həvəsim var idi. Aygün Kazımovanı çox bəyənirdim. Evdə darağı götürüb müğənnilik eləyirdim. (əli ilə göstərir) Guya Aygün Kazımovayam, konsert verirəm. Atam məktəbi bitirib yeni həyata addımlayacağım vaxtda rəhmətə getdi. Mən də həvəsdən düşdüm.

– Atanız istəmədiyinə görə davam etmədiniz, ya özünüz istəmədiniz?

– Özüm istəmədim. İtki çox təsir etmişdi. Davam eləməyə gücüm yox idi.

– Vəfat xəbərini necə aldınız?

– Həmin gün mən atamla görüşməli idim. Çox uzun müddət idi ki, onu görmürdüm. Onda liseydə oxuyurdum. Görüşə görə dərsə getməmişdim. Yatmışdım. Ayılıb gördüm ki, nə qədər zəng gəlib. Evdəkilər də qəribə idilər. Mənə heç nə demirdilər. Televizorda da “Günəbaxan” verilişi gedirdi. Birdən xalam dedi ki, Zema, xəbərin var atadan? Dedim, nə olub ki, bir azdan görüşəcəyik. Deyə bilmədi ki, xəstəxanadadır, eləcə dedi, atanın halı pisləşib. Şok oldum. Mətbəxtdə televizor var idi. Yataq otağından mətbəxə pəncərə açılmışdı. Baxdım ki, atam orada oxuyur. Həmin ərəfələrdə də müğənnilər haqqında çoxlu şayiələr yayılırdı. Dedim, xala, narahat olma, ata ANS-də oxuyur. Sən demə, köhnə kadr imiş. Bir də gördüm, İlqar Mikayıloğlu deyir ki, Rüfət Mehdiyev rəhmətə getdi. Allah rəhmət eləsin. Təsəvvür eləyin vəziyyətimi. Donub qalmışam. Nə baş verdiyini anlamıram. Burnumdan qan açıldı. Nə halda idim. Ondan o tərəfini xatırlamıram. Bacım da məktəbdə idi. Orada bilirdilər. Onu evə gətirmişdilər.

– Ondan sonra nələr oldu?

– Çox çətin. Dəhşətli. Bir neçə ay ancaq qaranlıq oldu. Bir atanın yanında olmamısan, onunla xoş günlərin, xatirələrin olmayıb. Neçə aydan sonra görüşmək istədim, ölüm xəbərini aldım.

– Rüfət bəyin ikinci ailəsinin olduğunu biləndə neçə yaşınız vardı?

– Uşaq idim. Haradasa 8 yaşım olardı.

– Həmin vaxtlar uşaq yaddaşınızda necə qalıb?

– Çox pis. Ona görə mən atamla xoş gün keçirə bilməmişəm. Düzdür, yaş üstə yaş gəlsə də, yenə insan atasını istəyir. Ancaq elə vaxtlarım idi ki, mənə ata lazım idi. Ancaq mən ondan çox uzaq qaldım. Həyatımın o hissəsi yaşadığım ən böyük travmadır.

– Həmin vaxtlarda atanız sizi axtarırdımı? Görüşürdünüzmü?

– Gəlirdi, ancaq kənarda görüşürdük.

– Digər ailəsi ilə əlaqəniz var idimi?

– Yox idi. Yoxdur. Heç olmağını da istəmirəm. Onlar münasibət yaratmaq istədilər, ancaq mən istəmədim. Bilirsiniz, çox xırdalıqlar var, atama görə danışmaq istəmirəm. Bu insanlar atamın sağlığında yanımızda deyildilərsə, indi nəyimə lazımdılar?

– Atanız özü sizə dedimi bunu?

– Xeyr. Deməyə ehtiyac yox idi. Elə hadisələr yaşanmışdı ki, onu anlamamaq qeyri-mümkün idi. Həyatımızda elə dəhşətli şeylər baş verirdi ki, kiminsə açıqlamasına ehtiyac yox idi.

– Mental məsələlərə görə büruzə verə bilməsə də, iki ailə arasında qalmaq hər bir azərbaycanlı kişisi üçün çox çətindir. Siz bu çətinliyi onda görə, duya bilirdinizmi?

– Əlbəttə atam üçün də çox çətin idi. Ta neyləmək olardı. Olan olmuşdu.

– Bu çətinliyi daha çox nələrdə görürdünüz?

– Biz də istəyirdik ki, atamız yanımızda olsun. Onlar da həmçinin. Onsuz da atamın vaxtı az olurdu. Çatdıra bilmirdi.

– Səhhətindən şikayət eləyirdi?

– Yox, heç bir problemi yox idi. Sadəcə əsəbdən infarkt keçirdi.

– Atanız haqqında olan sənədli filmlərin birində digər ailəsi də danışırdı. Onlarda da atalarına qarşı bir bağlılıq vardı.

– Əlbəttə. Atalardıdır.

– Fərqanə xanım danışırdı ki...

(ironiya ilə) O bizdən də çox darıxar.

– O danışırdı ki, Rüfət bəy ölümündən bir həftə əvvəl bir mahnı mətni yazıb, sonra da fortepiano arxasına keçərək o sözlərə musiqi bəstələyib. Şeir qalsa da, musiqini özü ilə aparıb. Sizin bu barədə məlumatınız varmı?

– Əlbəttə, var.

– Yəqin ki, şeiri oxumusunuz.

– O vaxt bir dəfə oxumuşdum. Bilirsiniz, mən bacardığım qədər bunlardan uzaq qalmağa çalışıram.

– Ancaq şeir ümumi idi, yəni tək onlara yazılmamışdı.

– Bəli, amma orada idi. Onların olduğu heç nə məni maraqlandırmır.

– Ən çox sevdiyiniz mahnısı hansı idi?

– Atamın mahnılarının çoxunu bəyənirəm. Uşaq vaxtı “Друзъя” mahnısını çox sevirdim. “Darıxdım”ı deməyə ehtiyac yoxdur. Ancaq rəhmətə gedəndən sonra mənə ən çox toxunan “Həyatı sevirəm” oldu. Elə bil ki, o mahnını özünə həsr eləmişdi. Bir də “Uzun gecə”ni çox sevirəm. Bu mahnıların sözləri atamın yaşadığı həyatı xatırladır.

– Rüfət bəyin aktyorluq qabiliyyəti də olub. “Qış nağılı”, “Dünən qəfildən gəldi” filmlərində çəkilib.

– İkinci film yarımçıq qaldı.

– Bu qabiliyyətini evdə, ailədə görürdünüzmü? Çünki dostları danışır ki, çox zarafatcıl olub.

– Lətifələr danışırdı. O qədər lətifə bazası vardı ki. Onunla darıxmaq mümkün deyildi. Çox şən insan idi.

– Bir ata kimi “kaş ki olmayaydı” dediyiniz bir xüsusiyyəti var idimi?

– Bəli. Bir şey var. Kaş ki yanımızda olsaydı. Başqa incikliyim yoxdur.

– Onu sizə ən çox hansı xüsusiyyəti bağlayırdı?

– Uşaq vaxtı yaşadığımız şeylərə baxmayaraq, yenə də onu çox sevirdim. Atam olduğuna görə sevirdim onu. Səbəbsiz.

– Bir video çıxdı qabağıma. Bacınız onun mahnısını oxuyurdu. Siz də ara-sıra onu xatırlayanda mahnılarını oxuyursunuzmu?

– Bacım daha çox oxuyur. O daha aktivdir. Konsertlərə gedir, mahnılar yazdırır. Mən də “Həyatı sevirəm” mahnısını oxumuşdum. İş kimi yox, hobbi kimi. Ürəyimiz istəyəndə hansısa mahnısını ifa edirik.

– Sizcə, Rüfət Mehdiyev qısa ömründə potensialını göstərə bildimi?

– Məncə, göstərdi. Görün neçə ildir yoxdur. Ancaq mahnılarını bu gün də dinləyirlər, ifa eləyirlər. Hamı onu tanıyır, sevir. Elə müğənni var ki, sağdır, neçə yaşı var, tanıyan yoxdur. Bir mahnı oxuyurlar, bir müddət sonra xatırlanmırlar. Amma atam elə olmayıb. O, iz qoyub gedib.

– Bəs özünün sevdiyi, oxuduğu mahnılar hansılar idi?

¬¬– Bütün mahnılarını sevirdi. Axır vaxtlar “Həyatı sevirəm” i oxuyurdu. Sonra “İl keçdi” mahnısı var. 7 iyul onun ad günüdür. Mahnıda da keçir o. Bir də “Darıxdım”.

– Valideynlərinizin tanışlığı necə olub?

– Xalam oğlunun kiçik toyunda atam sintezator çalırdı. Həmin xalamın yoldaşı ilə dost idi. Məclisi onlar idarə eləyirdi. Elə orada anamı görüb bəyənmişdi.

– Ananız sonradan ayrılmaları ilə bağlı sizinlə danışıbmı?

– Mən bir az başqa cür uşaq olmuşam. Hər şeyi özüm anlayırdım. Kiminsə nəsə deməyinə ehtiyac yox idi. Evdə elə bir vəziyyət var idi ki, onu anlamamaq qeyri-mümkün idi. Hər şey gözümün qabağında idi. Hamımız evin içində o anı yaşayırdıq. Ancaq anam heç vaxt atam haqqında neqativ danışmayıb. Mən büruzə verməsəm də, çox pis olurdum, əsəbiləşirdim, amma anam həmişə deyirdi ki, bu böyüklərin işidir, atanla mənim aramdadır, siz qarışmayın.

– Verilişlərin birində də gördüm. Ananız atanız barədə xeyli müsbət danışırdı.

– Heç kim deyə biməz ki, anam atam haqqında pis nəsə deyib. Onun yaşadıqlarını mən yaşasa idim, heç vaxt atamı bağışlamazdım. Ona nifrət eləyərdim. Anamda isə əksinə oldu. Atam rəhmətə gedəndə o qədər pis olmuşdu ki... Açığı, o dərəcədə olacağını mən özüm də gözləmirdim. Demək ki, aralarında böyük sevgi olub.

– Ona hansınız daha çox oxşayırsınız?

– Üzdən də, xarakter olaraq da Jalə daha çox oxşayır.

– Hansı xüsusiyyətləri?

– O da atam kimi oxumağı çox sevir. Dostlarına çox bağlıdır. Bir çox şeyləri sadalamaq olar.

– Adətən köhnə kişilərin evdə öz qanunları, davranış qaydaları olur. Rüfət bəyin belə qanunları vardımı?

– Yox. Çox mülayim insan idi. Sıxışdırmaq, qışqırmaq filan yox idi. Əksinə, kimsə bizə “burada oturma, orada otur” deyəndə atamın xoşuna gəlmirdi. Onun sevgisi başqa idi. Çox ədalətli, dürüst insan idi.

– Onu ən çox nə əsəbiləşdirə bilərdi?

– Yalan. Ən çox yalan.

– Əsəbiləşəndə nə eləyirdi?

– Görməmişəm.

– Yəqin sizə göstərməməyə çalışıb.

– Bəli. Çünki mən elə bir şey xatırlamıram. Qışqırsın, dava salsın. Sakit təbiətli insan idi. Əsəbiləşsə də, sakit əsəbiləşərdi. Bilərdin ki, əsəbidir, amma onu hay-küylə büruzə verməzdi.

– Sənətçilərin vaxtı, saatı bəlli olmur. Hər an harasa çağırıla bilərlər. Qastrollara gedirlər. Rüfət bəy də tələb görən sənətçi idi. Ondan uzaqda olduğunuz anlarınız necə keçirdi?

– Mən bir müddət sonra atamdan toysuz, qastrolsuz da ayrı qaldım. Baxmayaraq ki, mən bu gün 31 yaşım var, yenə də həmin anları xatırlayanda çox pis oluram. Bu ağrı ömrümün axırına qədər çəkəcək. Barışa bilmirəm o hisslərlə. Bəli, fəxr eləyirəm ki, elə bir atam olub, amma yenə də içimdə bir acı var. İllər keçsə də ondan ayrı qalmağı qəbul eləyə bilmirəm. Atamdan ayrı qaldığıma, uşaqlığımı doya-doya yaşaya bilmədiyimə görə günahlandırdığım insanlar var və onları bağışlaya bilmirəm.

– Özlərinə demisiniz?

– Əlbəttə. Günahkarlar öz günahlarını bilirlər.

– 31 ilə baxanda, Rüfət bəydən sizə nə qaldı?

– Onun adı nəyə desən dəyər. Harada desən ki, Rüfət Mehdiyevin qızıyam, adamlardan böyük hörmət görürsən. Artıq insanlar sənə xüsusi yanaşırlar.

– Verilişlərin birində Rüfət Mehdiyev 2 övladının – bir qızının, bir oğlunun olduğunu deyir. Sizi kənarda saxlayır. Atanızın sizi yox saydığını görmək, duymaq çox dəhşətli hisslərdir.

– Bunlar mənim bayaqdan sadaladığım, “travma” dediyim şeylərdir. Ancaq o orada açıqlama verə bilməzdi. Hər şeyi efirdə demək olmur, onu da qınamıram. Həmin ərəfədə hər şey indiki kimi aşkar deyildi. O vaxt boşanmağa, ikinci ailəyə pis baxırdılar. İndi hər şey çox sərbəstdir. İnsanlar 3 dəfə, 5 dəfə ailə qurur, hamı da normal qarşılayır. Üstəlik, atamın təbiətinə də uyğun deyildi. Həmin anda atamın məni yox saydığını eşidəndə, mən təbii ki, çox pis oldum. Stres keçirmişdim. Ancaq böyüdükcə onu anlamağa çalışıram.

– Ondan sonra onunla yəqin ki, görüşdünüz. Sizə nələr dedi?

– İzah eləyirdi. Efirdir, hər şeyi açıqlamaq olmur. Mən onsuz da Rüfət Mehdiyevin qızıyam. Bilirsiniz, mənə ən çox nə təsir elədi? Bir var, atamla anam ayrılır və illər keçir və atam yenidən ailə qurur. Bu, tamamilə ayrı mövzudur. Onda mən heç kimi günahlandıra bilməzdim. Heç kimi də özümə hədəf görməzdim. Belə olmadığına görə mən çox şeylə barışa bilmirəm.

– Bu hadisə valideynləriniz ayrılmadan olmuşdu?

– Bəli. Ona görə bu məndə travma kimi qalıb. Atam gündəmdə olmayan insan olsaydı, bunu, bəlkə də, daha rahat keçirərdik, ancaq o efirlərdə idi deyə hamı hər şeyi öyrənməyə çalışırdı. Efirdə bir söz deyilirdi, kənarda başqa söz. Gəlib sual verirdilər; atanız bu gün niyə evə gəlmədi? Guya xəbərləri yox idi. Ancaq tanınmasa idi, heç kim sual verməyəcəkdi.

– Orada “iki övladım var” deyəndə sizi yox onları nəzərdə tutmağı, məncə, sizə daha çox təsir eləyib.

– Yox, mən onu qınamırdım. Axı həmin ərəfədə o orada yaşayırdı. Hamı bilirdi, görürdü. Biz ikinci olsaydıq, bizi deyəcəkdi. Harada qalırsa, məcburdur ki, oranı desin. Artıq deyə bilməzdi ki, bu qədər uşağım var. Qıraqdakılar deyəcəkdi ki, bunun bu qədər uşağı yoxdur axı. Bilmirəm, mən özümə belə təsəlli verirəm. (gülür) O, rəhmətə gedəndən sonra hər şeyə özümü öyrəşdirməyə çalışıram.

– Onlardan sonra sizə münasibəti necə oldu?

– Dəyişmədi.

– İstər-istəməz sevgi, qayğı paylanır.

–Özü də başa düşürdü. Görürdü vəziyyəti. Biz sadəcə tez-tez görüşə bilmirdik.

– Deyirdilər ki, bir verilişə baxarkən keçinib.

– Komediklab.

– Bəli.

– Xeyr, elə olmayıb. İnsan gülə-gülə niyə dünyasını dəyişsin ki?

– Sonradan bildinizmi nəyə görə olub?

– Onsuz da bilirdik. Hamı hər şeyi çox gözəl bilir. Sadəcə atamın xətrinə çox şeyi demək istəmirəm. Mənim unutduğum şeyləri camaat mənə xatırladır. Bir də görürsən ki, tanımadığım adam elə sual verir, mat qalıram. Özüm onları unutmuşam, amma onların hələ də yadında qalıb.

– Rüfət bəyi ən çox nələr kədərləndirə bilərdi?

– Elə bu baş verənlərə kədərlənirdi. Bir az orada, bir az burada qalmağı ona pis təsir eləyirdi. Başqa vaxtlarda onun kövrəldiyini, kədərləndiyini görməmişəm. Bilirəm ki, sıxıntıları var idi.

– Ailədə də efirdə gördüyümüz həmin şən adam idi?

– Bəli, elə idi.

– Əsasən “Darıxdım”la məşhurlaşdı. Ancaq ondan əvvəl “Şən Bakı” ilə tanınmağa başlayıb. Əvvəllər sintezator çalırdı. Oxumağa necə qərar verdi?

– O hissələri anam daha yaxşı xatırlayır. Çünki həmin vaxtlar bir yerdə idilər. Onlar tanış olmağa başlayanda atam hələ sintezator çalırdı. Deyəsən, toyları olub, oxuyub, bəyənilib, sonradan başlayıb oxumağa. Bir onu bilirəm ki, həmin ərəfələrdə Aygün Kazımova ilə başlayıblar oxumağa.

– Mütaliə edirdimi?

– O qədər də boş vaxtı olmurdu. Görməmişəm. Dediyim kimi, evə gec saatlarda gəlirdi. Gecələr oxuyurdusa da, mən görmürdüm, çünki o saatlarda yatırdım.

– Siz daha çox kimləri dinləyirsiniz?

– Eyyub Yaqubovu çox sevirəm. Aygün Kazımovanı da çox dinləyirəm. Ədalət Şükürov da sevdiklərimdəndir. İndiki müğənniləri dinləmirəm. O mahnılar məni dəhşətə gətirir. Fikirləşirəm ki, doğrudanmı, bunları dinləyən var?

– Bu vəziyyəti yaradan səbəb tamaşaçının dəyişməsidir, ya peşəkar bəstəkarlara tələbin olmamasıdır?

– Məsələn, mən eyni tamaşaçıyam da. İnsanların zövqü dəyişib. Bilmirəm nə baş verir? Gündə bir müğənni, mahnı çıxır. O mahnılara necə qulaq asmaq olar? Bəlkə də, yalançı baxış saylarıdır.

– Atanız anasını – nənənizi erkən yaşda itirib. Ona görə də onun adını sizə qoyub.

– Bəli. Həmişə də mənə deyirdi ki, anam sənsən.

– Məşhur mahnılarından savayı xatirinizdə qalan hansı mahnıları var?

– “Uzun gecə”ni çox sevirəm. “Gedirəm”i də həmçinin. “Sevgilim” var, anamla birgə bəstələdikləri. Ona qulaq asanda atamı, anamı fikirləşirəm. Gözümün qabağına necə bəstələdiklərini gətirirəm.

– Elə olubmu ki, hansısa işi görmək istəmisiniz, fikirləşmisiniz ki, atam razı olmazdı və etməmisiniz?

– Məsələn, müğənniliyi fikrimdən tamamilə çıxardım.

– Atanızın istəməməyinin rolu olub bu qərarda?

– Məncə, hə. Çünki ruhdan düşdüm. Atamdan sonra o hiss məndə öldü. Unutdum birdən-birə.

– Ancaq bacınız oxuyur.

– Hə, həvəsi də var. Mən hətta deyirəm ki, davam elə. Ancaq artıq başqa sahədədir. İndiki şou biznes də əvvəlki kimi deyil. Hər şey çox dəyişib. Onda sənət adamlarına böyük hörmət var idi.

# 27080 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #