Ramiz Rövşən dostumu necə aldatdı?

Ramiz Rövşən dostumu necə aldatdı?
22 noyabr 2023
# 12:00

Kulis.az Ülvi Bahadırın "Dadaş" adlı yeni yazısını təqdim edir.

Proloq

Sentyabr... Məktəb illərinin tozanaqlı payızı...

Məktəbin yanında bir qarı vardı. Tubu... Tubu qarı...

Həmişə burnu axardı. Burnunu ibtidai sinif uşaqları kimi qoluna silərdi. Ancaq burnu neft kəməri kimi elə heeey axardı. Sanki qəsdinə durmuşdu. Onu bütün məktəbə xəcil eləyəcəkdi. Hərdən mənə elə gəlirdi ki, Tubu qarıya bir iynə batırsan, bütün məktəbi selik basar.

Paltarında yer olmayanda gətirdiyi sarı kağızlara silib atardı ora-bura... Çoxu da kirilcə yazılmış kitabların vərəqləri idi.

Tum satardı, turşu satardı Tubu qarı; alça, vişnə turşuları. Duzlu...

Yanında da arıq, çəlimsiz nəvəsi.

Dadaş

Dadaş məhəlləyə hamının dağılışdığı vaxtda çıxardı. Məhəllədə onun yaşında uşaq az idi deyə, çıxmaq istəmirdi. Çəkinirdi.

Eynək taxırdı. Sağ gözü də həmişə səyirirdi. Hardasa yazı görəndə eynəyini çıxarıb baxardı.
- Niyə elə eliyirsən?
- Yaxşı görürəm belədə.
- Ta niyə taxırsan onı?
- Nəəblim. Xoşu gəlir Şəhlanın. Eynək taxanda mənə baxıb gülür.

Saf, duru gülümsəmə...

Həmişə də əlində vərəqlər olurdu.

Heç vaxt da mübtəda-xəbəri yerində olan cümlə qurmazdı. Hamısı baş-ayaq.

- Deyəsən, yenə vərəqi qurtarıb arvadın.
- Hə, qurtarır bu saatlarda, gərək aparıb verim. İt ölsüdee... Nəğətərnə şey yığıbaa.
- Ver bir az da mən aparım.

Sellofanı əlindən alıram.

Gülümsünür.
- Ə, bir oxu görək nə yazılıb o vərəqlərdə?
- A kişi, görmürsən, əlim doludu.
- Gözlə, götürüm birini.

Sellofanın arasından bir vərəq götürür.
- Ə, kirilcəhdi ee buu. Əhh.
- Orda ağ vərəqlər də var, onlara da bax.
- Hə.Tapdım.

Bir dəftər götürür.
- Bacımındı bu. Xətti də ilan-qurbağa. Nədəə bu?
- Dayan, baxım. Deyəsən, şeirdi.

Diqqətlə baxıram.
- Həə. Ramiz Rövşənin şeiridi. Belə oxunmur, amma mən bu şeiri əzbər bilirəm.

Vərəqi bir qırağa atıb oxumağa başlayıram.

Durub göy üzünə daş atan oğlan,
Göy üzü daş saxlamaz.
Oğul belə baş saxlamaz, atam balası,
Kim qırxıb başını, salıb bu kökə?
Şalvarın, pencəyin özündən yekə,
Baxırsan, göy üzü gözündən yekə,-
Durub göy üzünə daş atan oğlan.

- Göy üzü daş saxlamaz nədi əə.

Yerdən bir daş götürüb götürüb vızıldadır. Daş qalxıb küçənin yanındakı şalbana dəyib sürətlə yerə düşür.
- Sən də şeir yazırsan?
- Yox, a kişi. Yazıb da. Vurub öldürəsi deyilik ki.
- Raqub kimi şairdi bu elə.

Raqub bizim el şairimizdi. Arada mağar toylarında mikrofon verirlər ki, bəy-gəlini vəsf eləsin.
- Əşşii, Raqub əməlli şairdi.
- Görsəm, özünə deyəcəm.
- Deyəcəm, dostum yazdığını faş elədi.
- De də, ondan qorxuram?
- Deyəcəm ki, Ramiz Rövşən o hadisədən sonra dostumdan üzrxahlıq eləmədi. Eləcənə çıxdı getdi. Heç nə olmamış kimi. Ancaq üzr istəməli idi.
- Ə, ta o qədər də yox, ağ eləmə.

Niyə saf, təmiz adamların həyatı belə yarımçıq olur?

Dadaş nənəsi ilə yaşayır. Atası Surqutdadır. Anası da atıb, başqası ilə evlənib. Onda Dadaşın iki yaşı olub. Odu-budu üzünü görməyib anasının.

Üzündə də əbədi nigaranlıq izlərini daşıyır. Davada haqlı da olsa, heç nə demir. Dünyanın ən böyük haqsızlığına qarşı bircə cavabı var:

- Bağışlayın. bir də olmaz.

Yumruqları da böyüməyib. Biləkləri pambıq kimidir. Arada hirslənəndə ehmalca əlini divara vurur, günlərlə ağrısından yata bilmir.

Hərdən yolda sataşırdılar. Ora-burasını əlləyirdilər. Qoluna yumruq vururdular:
- Ə, maşallah, daş kimisən.

Gömgöy göyərirdi qolu Dadaşın. Elə bil, göy dolub, bulud ağlayır.

Anasının iş yerinin qabağından keçəndə qəfildən gülməyə başlayır. Ta ki ordan uzaqlaşana qədər...

Sonra işıq sürətilə arxaya – anasının iş yerinə baxıb çönür:
- Şəhla yaxşı qızdı. Başqaları kimi deyil. Keçən il verdiyim brasleti hələm də saxlayır.

Tozanaq qopara-qopara axırıncı döngədən dönüb gözdən itirik.

Epiloq

Ondan sonrasını xatırlamıram.

Nə dedik, nə danışdıq, hara getdik, heç biri xatirimdə deyil.

Bir onu bilirəm ki, onu ya Yer üzü saxladı, ya da Göy üzü...

Eləcənə sarı, tozlu vərəqlər kimi uçuşdu, uçuşdu, uçuşdu...

Və o sarı vərəqlərin hansındasa itkin düşdü.

# 6543 dəfə oxunub

Müəllifin son yazıları

# # #