Qarabağda universitet nəyimizə lazımdır?

Qarabağda universitet nəyimizə lazımdır?
4 iyun 2024
# 14:30

Kulis.az Ülvi Bahadırın "Səmaların adiləşdiyi yerlər" yazısını təqdim edir.

“Ayaqlarımı yaralandığım yerdə basdırdılar”

Qarabağ qazisi Camal Alxasovun bu sözlərini oxuduğum ilk gündən ömrümün bir küncündən asmışdım.

Atdığım hər addımda hiss eləyirdim…

Adam torpağa toxunmağa da qıymır belə vaxtlarda…

Bir hərəkət məkana, hadisələrə münasibətimizi dəyişir.

Əvvəl sadə, adi gələn hadisələr yeni mənalar qazanır.

Hansısa universitetin qabağından keçəndə yadına düşür ki, Qarabağda da universitet var.

Özü də Xankəndidə…

Bəlkə də, heç vaxt görməyəcəyin, daxil olmayacağın universitetin açılış xəbəri binalara, yollara, cığırlara münasibətini dəyişir.

Artıq bilirsən ki, başqa binalar da, yollar da, cığırlar da var.

Qarabağ Universiteti o deməkdir ki, biz Qarabağa təkcə biləyimizlə yox, elmimizlə, mədəniyyətimizlə gəlmişik.

Əlimiz təkcə silah yox, qələm də tutur.

Torpaqlarımızın elm, sənət ocağı olacağının müjdəçisidir bu hadisə.

Xankəndidə dalğalanan bayrağımızın enməməsi artıq müqəddəs vəzifəmizə çevrilib.

Bəzən deyirlər ki, Şuşa, Ağdam, Xankəndi də Şamaxı, Göyçay kimi olmalıdır.

Şəksiz ki, bunu deyənlərin məqsədi başqadı.

Yəni, məsələn, Xankəndi də bizim üçün adiləşməli, həmişə gedib-gələcəyimiz yerə çevrilməlidir.

Onsuz da əvvəl-axır elə olacaq. Elə olması üçün idi bu qovğa...

Ancaq yuxarıda yazdığım kimi, bir hərəkət zamana və hadisələrə münasibətimizi dəyişir.

II Qarabağ müharibəsi də Qarabağa münasibəti dəyişib və çox güman ki, bu dəyişiklik onilliklər boyunca davam edəcək.

Xankəndinin adiləşməsi illərin təcrübəsi, yaşantısı ilə mümkündür.

Qarabağ Universiteti də bu yolda atılmış ən böyük addımlardan biri, bəlkə də, birincisidi.

- Haranı qurtarmısan?
- Qarabağ Universitetini.

Minlərlə gənc fəxr eləyəcək bu universitetin məzunu olduğuna görə…

İstəsək də, istəməsək də Qarabağa hər addımımızda hiss eləyəcəyik o torpaqların xüsusiliyini…

Bilmirəm, bəlkə, illərdən sonra, doğrudan da, adiləşəcək, hər hansısa şəhərimizdən, rayonumuzdan biri olacaq.

Əlbət, belə də olmalıdır. Adiləşmək o deməkdir ki, buralar artıq həmişəlik bizimdir. Ailə üzvlərimiz bizə necə adi, həm də daha doğma gəlirsə, Qarabağ da belə olacaq.

Adiləşmək doğmalığın açarıdır.

Sənə qeyri-adi görünənlə məhrəmlik qura bilməzsən.

Biz də zamanla Qarabağa alışacağıq. O da bizə.

Biz də adiləşəcəyik onun üçün.

Bağın bağbana öyrəşdiyi kimi…

Bağbanın bağa öyrəşdiyi kimi…

Qarabağa gedən dostuma necə demişdim:

- Mənim yerimə də gəz.

Mən də sabah kiminsə yerinə gəzəcəm o dar cığırlarda…

Hələlik isə dərin bir nəfəs alıb dağların o tərəfinə baxmaq lazımdır…

Səmaların adiləşdiyi yerlərə…


# 5223 dəfə oxunub

Müəllifin son yazıları

# # #