Monqol kəllələri, siyam əkizləri, ürəyi üstündə olan mumiyalar - Azərbaycanın ən qeyri-adi muzeyindən reportaj

Monqol kəllələri, siyam əkizləri, ürəyi üstündə olan mumiyalar -  Azərbaycanın ən qeyri-adi muzeyindən reportaj
14 iyul 2023
# 12:00

Kulis.az Ülvi Bahadırın Anatomiya muzeyindən hazırladığı reportajı təqdim edir.


– Əvvəlcə muzeyin yaradılma tarixindən başlayaq.

– Anatomiya muzeyi anatomiya təhsilinin, tədrisinin ayrılmaz tərkib hissəsidir. Ümumiyyətlə, biz dərslərimizi preparatların üzərində keçirik. Muzey elə yerdir ki, ora ən ideal, ən gözəl əsərlər toplanır. Muzeyimizdəki preparatlar öz unikallığı ilə seçilir. Anatomiya kafedrası ilə muzeyin yaşı eynidir. Bizim kafedramız 1919-cu ildə yaranıb. Universitetin ilk rektoru Razumovski soyadlı bir alim olub. Razumovski həm də bu kafedranın müdiri olub. Kafedramızın yaşı Azərbaycanda müasir təhsilin yaşı ilə eynidir. Ən qocaman kafedradır. Alimlər bilirdilər ki, muzey lazımdır, vacibdir. Vaxt olub ki, bu kafedra cəmi iki otaqda yerləşib. Muzey Mədəniyyət Nazirliyi tərəfindən reyestrə salınıb və ictimai əsaslarla fəaliyyət göstərir.

Nəhayət ki, Anar müəllim bayaqdan diqqətimi çəkən kəllələr haqqında danışmağa başlayır.

– Bunlar mənim tədqiqat işimdir. Ona görə kəllələri bura yığıblar. Bu hələ işimin bir hissəsidir. Yüzə yaxın kəllə üzərində tədqiqat aparırıq. Çox unikal skeletlər var. Hər preparatın üstündə adı üç dildə yazılır. Çünki biz hərtərəfli fəaliyyət göstəririk. Mən bayaq Razumovskinin adını çəkdim. Bizim ilk rektorumuz olub. Sonra professor Malinovski rəhbərlik edib. Onun külü kafedramızda saxlanılır.

– İlk azərbaycanlı rəhbəri kim olub?

- 1936-cı ildə hələ 30 yaşı olmadan kafedramıza rəhbər təyin olunmuş milli anatomiyamızın banisi Kamil Balakişiyevdir. Bizim girişdə ona aid guşəmiz də var. Büstü də oradadır. Hələ II kursdan dərs keçməyə başlayıb. O, muzeyin inkişafı üçün müstəsna işlər görüb.

– Eksponatları necə qoruyursunuz?

– Eksponatlarımız xüsusi şəraitdə saxlanılır. Hər preparatın öz saxlanma qaydası var. Formalinin faizi məsələsi var. Qapalı qabda saxlanılmalıdır. Açıq olması təhlükəlidir. İşçilərin birbaşa təması yolverilməzdir.

Anar müəllimlə muzeyin “Anomaliya” kafedrasına gəlirik. Özümü elmi-fantastika filmlərində hiss eləyirəm. Elə bilirəm, bu saat şüşələr parça-parça olacaq və içindəkilər çıxıb divarlara dırmaşacaqlar, tavanda gəzəcəklər. Ancaq özümü o yerə qoymuram. Oğrun-oğrun boylanıram.

- Necə olur ki, uşaqlar belə doğulur?

- Polietioloji, yəni çoxsəbəbli xəstəliklərdir. Qohum əlaqələri, anaların müxtəlif narkotik vasitələr qəbul etməsi...

- Xəstəlik atadan keçir, yoxsa anadan?

- Hər iki tərəfdən. Ailələrin sistemli, məsuliyyətli olmamasından qaynaqlanır. Ekoloji vəziyyətin də təsiri var. Çalışırıq insanlara başa salaq ki, hamilə qadının sağlamlığı millətin sağlamlığıdır. O, sağlam övlad dünyaya gətirsə, onun nəvəsinin də sağlam olma ehtimali bir o qədər yüksək olacaq.

Siyam əkizini göstərir:

- Bu, haradasa 20 ildir ki, buradadır. Düzdür, biz deyirik ki, eksponatlar uzun müddətdir buradadır, bu o deməkdir ki, artıq uşaqlarımız sağlam doğulur. Elmin inkişafı nəzəriyyədən çox, praktika ilə mümkündür.

Eksponatlardan birini göstərir:

– Baxın, məsələn, bu uşaqda beyin mədəciklərinə və beyin boşluğuna suyun yığılması – hidrosefaliya var.

Muzeydə hər kəsin diqqətini çəkən bir eksponat da var – siyam əkizləri;

– Bu, siyam əkizidir. Anası xəstə idi.

- İlkin dövrlərdən burada olanlar hansılardır?

- Məsələn, orada korroziya üsuli ilə alınmış bir preparat var. Orqanlarının içərisinə xüsusi tuşuyabənzər maddə vururlar. Sonra orqanı bütöv halda turşunun içinə qoyurlar. Orqan dağılır, ancaq damar sistemi qalır. 3D kopüter tomoqrafiyası olmayan dövrdə bunlar var idi. Hamısı Razumovski tərəfindən verilmiş preparatlardır. Preparatlarımızın yığılması Balakişiyevin dövrünə təsadüf edir. Həmçinin, Malinovski və Vaqif müəllimin dövrlərində də muzeyimiz xeyli zənginləşib. Kafedra bir neçə dəfə yerini dəyişib. Bu bina 40-cı illərin sonundan tikilməyə başlanıb. 50-51-ci illərdə təhvil verilib. Köç olanda da nələrinsə itmə ehtimalı yüksək olur. Məsələn, biologiya kafedrasında pələngin müqəvvası var idi.

Malinovskinin külünün saxlandığı yerə gəlirik:

– Baxın, bayaq dediyim Malinovskinin külü.

Digər eksponatı göstərir:

– Bu onun böyrəyi və sidik kisəsidir. Sidik kisəsinin xərçəngindən vəfat edib.

Anar bəy eksponatın qarşısında dayanaraq şövqlə Malinovskidən və digər alimlərdən danışır. Danışarkən gözlərinin içi parıldayır:

- Bilirsiniz, bu adamlar nəhəng alimlərdir. Onların milli kadrların inkişafında müstəsna rolu olub. Balakişiyev 15-16 yaşında universitetə qəbul olunub. O yaşda bir gəncin istedadını görmək hər adamın işi deyil.

– Malinovskinin əsas xidməti nə olub?

– Muzeyi yaratmağa başlayıb. Preparatları yığıb.

– Bəs Razumovski?

– O, çox qısa müddətdə rəhbərlik edib.

– İxtisası nə olub?

– Cərrah. Çox gözəl anatom-cərrah olub. Çarın xoşlamadığı adamlar var idi. O da I Dünya müharibəsi dövründə hərbi həkim işləyib. Sonra Bakıya gəlib.

Anar müəllimlə birgə Anomaliya kafedrasından çıxırıq. Koridorda Mədəniyyət Nazirliyinin onlara verdiyi reyestr sənədini göstərir.

Asta addımlarla Dayaq-hərəkət aparatı kafedrasına daxil oluruq.

İlk diqqətimizi çəkən ortadakı uzun stolların üstünə yığılan yüzlərlə kəllə olur. Yenə qorxulu filmlərdən kadrları xatırlayıram.

– Bunlar mənim elmi tədqiqatımdır.

– Fəaliyyətiniz hansı sahə üzrədir?

– Kəllənin əsasının və qapağının arasındakı dəyişikliklərin qanunauyğunluqları və əlaqələri. Kəllələrin müəyyən etnik mənsubiyyət xüsusiyyətləri var. Baxın, məsələnən bu kəllə akademik Şadlinski tərəfindən 90-cı illərin sonunda Şəki rayonunun Fazıl kəndində tapılıb. Bunlar türk tayfalarına mənsub kəllələrdir. Ermənilər deyir ki, siz gəlməsiniz, biz yerli. Bu onların qarşısına qoyduğumuz faktlardandır. Bilirsiniz, hansı dövrdən qalıb? İslamaqədərki atəşpərəstlik dövründən. Bütün bunlar göstərir ki, biz əvvəldən burada yaşamışıq.

– Hansı proseslərdən keçdikdən sonra türk kəlləri olduğuna qərar verilib?

- Antropometrik tədqiqat üsulları ilə. Üzdə təyin edilən bucaqlar. Burunun yerləşməsi, əngin yerləşməsi, alının mailliyi, göz yuvalarının yerləşməsi. Bütün bunlar müəyyən qədər fərqləndirir.
Kəllələrin də yaşlarının xüsusi təyinetmə üsulları var. Məsələn, bu çox yaşlı insanın kəlləsidir. Haradasa 60-70 yaşlarında. Bu, gənc olub.

- Kişi və qadın kəllələrinin fərqləri nələrdir?

– Birincisi alnın quruluşu fərqli olur. Kişi kəllələrində alın daha maili, qadın kəllələrində daha düz olur. Kişi kəllələri daha qabarıq, daha kobuddur, qadın kəllələri daha incədir. Göz yuvaları qadınlarda daha iti olur. Bunlar sadəcə vizual fərqlərdir. Onu təyin eləmək üçün uzun-uzadı analizlərə ehtiyac var. Çünki sıx perikroz xətlər var. Qədim dövrlərdə qadınlar da kişilər kimi ağır fiziki işlər görüblər. Onda qadınların bədən forması indiki kimi deyildi. Sümükləri də ağır idi. Ona görə də o dövrə aid kəllələrin cinsiyyətini müəyyən etmək olduqca çətindir.

- Yanıldığınız hallar olubmu?

- Bizdə yox. Çünki artıq təcrübəliyik, ancaq tarixdə çox olub. Neandertal insanın kəlləsini tapanda alimlər onu kazak kəlləsi kimi qəbul ediblər. Guya rus kazakıdır, Napoleonun ordusuyla döyüşdə ölüb. Ancaq sonrakı tədqiqat göstərdi ki, bu, neandertal insandır.


Anar müəllim noxudla sümükləri ayırma üsulundan danışır. Doğrusu, bu barədə, ümumiyyətlə, məlumatsız idim.

- Noxud suda şişir axı. Noxudu bura (kəllənin yanındakı deşiyi göstərir) doldururuq, sonra kəlləni qoyuruq suya... Noxud kəlləni təbii yerlərindən ayırır. Ancaq indi buna ehtiyac yoxdur. Çünki 3D printerlər çıxıb. İstədiyin şeyin modelini verə bilir.

- Bu nədir?

- Qırtlaq. İnsanın musiqi aləti deyirlər, çünki səs buradan əmələ gəlir.

Bir az irəlidə monqol kəllələri var.

- Bunlar Hülakülər dövründən qalıb. Monqol kəllələridir. Onların kəllələri bir qədər fərqli olur.

- Monqol kəllələri ilə türk kəllələrinin fərqi nədədir?

- Göz yuvaları. Bir də üzün eni. Asiya üzləri enli olur.

Otaqdan çıxıb Daxili orqanlar və qan-damar sistemi muzeyinin yerləşdiyi otağa gəlirik. Anar bəy məni qabaqlayır:

– Həmişə sual verirlər ki, təbiidirmi? Əlbəttə, hamısı təbiidir. 20, 30, 40, 50-ci illərdən qalanlar var. - Bilirsiniz, muzeyə qoyulan preparat gərək ideal olsun. Həm tibb tələbəsi anlamalıdır, həm də ixtisası fərqli olanlar.

– Tələbələr üçün də maraqlı olar...

– Tələbə elmi cəmiyyətimiz var. Tələbələrimiz dəfələrlə beynəlxalq nailiyyətlərə imza atıb.

– Əsasən hansı ixtisasdan olan tələbələr gəlir?

- İxtisaslaşma bir qədər sonra aparılır. Daha çox ilk kurslar gəlir. Məsələn, I kurs tələbəsi bura girəndə beyinə baxıb deyir ki, mən beyin cərrahı olacam. Bunlar hamısı tələbələrimizdə həvəs yaratmaq üçündür. Həvəs yaratmaq üçün də təbii ki, praktika vacibdir.

- Başqa universitetlərin tələbələri də gəlirlər?

- Bəli. Pedaqoji Universitetdən gələnlər olur. Yaxın fakültələr var. Məsələn, biologiya fakültəsi. Fövqəladə hallardan gələnlər var. Hərbçilərimiz gəlir.

- Filmlərdə görmüşəm. Məsələn tələbələr qurbağa yarırlar...

– Yox, bizdə elə şeylər olmur, amma fiziologiya fakültəsində olur. Qurbağa olur, dovşan olur. Təbii ki, komissiyanın qərarı ilə. Helsinki Konvensiyası var. Hər şey etika komissiyasının qərarı ilə icra olunur. Məqalə çap olunanda mütləq qeyd olunur ki, etika komissiyasının protokolu ilə təsdiqlənmişdir.

Anar müəllimlə sağollaşıb digər otağa keçirəm. Burada məni ancaq filmlərdə gördüyüm mumiyalar qarşılayır. Elə girən kimi iki yekə kəllə ilə göz-gözə gəlirik.

– Yəqin bunlar real deyil də?

– Yoox. Bunlar gipsdəndir. Tədris üçün nəzərdə tutulub.

Addım səsləri məni səksəndirir...

– Elələri var ki, ürəkləri də üstündədir. – Nəzarətçi qadın danışdıqca məni vahimə basır

– Heç narahat olmursunuz? Birdən bunlar canlandı, işdi də, birdən canlandılar...

– Yoxx... gör nə vaxtdır buradayıq.

– Doğrudan, adam alışır... Girəndə hürkmüşdüm.

– Hə, hamıda elə olur.

Mumiyalardan sonra dəhlizdəki güllər mənə cənnəti xatırlatdı...

# 6993 dəfə oxunub

Müəllifin son yazıları

# # #