Kişilər qadınlardan niyə üstündür?

Kişilər qadınlardan niyə üstündür?
22 may 2024
# 11:11

Kulis.az Ülvi Bahadırın "Kişi və qadın" yazısını təqdim edir.

Yay yaxınlaşdıqca fikirləşdim ki, yenə şortik söhbətləri çıxmağa başlayacaq. Hansısa qaqaş kəndlərin birinə gedəcək, elə ordanca canlı yayım açıb xalqın cahilliyindən ustadnamə deyəcək. Ancaq yanıldım.

Bu dəfə söhbət qəfildən qadın-kişi bərabərliyinə gəldi.

Bu mövzu, belə deyək, qış mövzusu idi. Pürrəngi çayımızdan içib, adyalımıza bürünüb bu məzəli söhbətlərə qulaq asır, arada bir-iki cümlə yazırdıq. Ancaq Şəhriyar sağ olsun, söhbəti mayda açdı.

Hansı Şəhriyar? Qrossmeyster fəxrimiz – Şəhriyar Məmmədyarov.

Həə, Şəhriyar deyir ki, bəs qadınlar heç bir sahədə kişilərdən öndə deyil.

Fikrini kifayət qədər mədəni, kübar şəkildə ifadə eləyir şahmatçımız. Bilmir ki, bizə xeyri yoxdu, ta olan oldu.

***

İnsan nə olursa olsun, aid olduğu yerin adamıdır, a dostlar. Şəhriyar da azərbaycanlıdır.

Bu fikir ölkədə ifadə eləyən-eləməyən böyük çoxluğun ortaq fikridir. Şəhriyar, sadəcə, bunu açıqca dilə gətirdi. Eynilə bacısı Zeynəb kimi.

Buna görə Şəhriyarı söymək, təhqir eləmək olarmı? Qəti! Ehtiyac da yoxdur.

Çox yox, 10 gün bundan əvvəl bölgələrimizin birində 14 yaşında bir qızı 32 yaşında kişiyə ərə verdilər.

Hər il onlarla belə hadisə olur. Bəziləri ictimailəşir, bəziləri yox.

İndi yenə yaxşıdır, normal qarşılanmır, tənqid olunur, çox uzağa getməyək, 80-100 il əvvəl, az qala, qanuni idi belə şeylər.

Dünyada da 100 il əvvəl qadının vəziyyəti indiki səviyyədə deyildi. Elementar seçki hüquqları belə yox idi.

Xüsusən, İkindi Dünya müharibəsindən sonra nələrsə dəyişməyə başladı.

Minillik düşüncəni 60-70 ildə sındırmaq mümkün deyil. Bizdə də, Avropada da.

Düzdür, ölkədə qadınlara olan münasibət 15-20 il əvvəlki kimi deyil, ancaq yenə də çox pis vəziyyətdəyik.

Qadına münasibət bəllidir. Efirdə çıxıb “qadınlar başımızın tacıdır” deyilməyinə baxmayın.

Bu mövzudan həzz alan xüsusi güruh var.

Heç bir uğuru olmayan adamlar Şəhriyarın və bu fikir sahiblərinin danışıqlarına qulaq asır, postlarını oxuyur və “üstünlüyünün zövqünü” yaşayır.

Niyə də?

Kimsən axı sən? Hansı uğurun, nailiyyətin var? Üstünlüyün nədir? Neyləmisən ki, belə yekə-yekə danışırsan?

Ümumiyyətlə, bir ölkənin mədəni səviyyəsi onun müzakirə elədiyi mövzularla bilinir. Bizim də mövzularımız bunlardır; qadın-kişi, şortik, tiktokerlər, mənasız verilişlərdəki mənasız hərəkətlər...

Şəhriyarın üstünə getməyin əleyhinəyəm. O da doğulduğu ölkənin xüsusiyyətlərini daşıyır.

Sadəcə, biri müəllimdir, biri həkimdir, biri də şahmatçı...

Vəssalam!

Bir adam dünyaca tanınmış biridirsə, o demək deyil ki, düşüncələri, hadisələrə yanaşması da qlobal olacaq.

Təəssüflənməkdənsə, belə zərərli düşüncələrin gələcəyə ötürülməməsinə çalışmalıyıq...

# 3613 dəfə oxunub

Müəllifin son yazıları

# # #