Kamal Abdullanın kreslosunda oturan tələbə, ərəbistanlı səfirlə görüşən xəlifə - ADU-dan reportaj

Kamal Abdullanın kreslosunda oturan tələbə, ərəbistanlı səfirlə görüşən xəlifə - ADU-dan reportaj
26 dekabr 2023
# 17:00

Kulis.az Ülvi Bahadırın ADU-dakı “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günündən hazırladığı reportajı təqdim edir.

Nəhayət, tıxacdan sivişib dekabrın yorğun səmasının altında ADU-nə çatıram.

Tələbələri görürəm, keçmiş xatirələr canlanır.

Qapıda məni Cavid Zeynallı qarşılayır.

Pilləkanla yuxarı – rektorun kabinetinə doğru yollanırıq.

Cavid Zeynallı yoldaca mənə məlumat verir:

“Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar.

Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 37 rəhbər vəzifəni icra edəcəklər.

Vəzifələri tutan şəxslər həmin gündən universitetin “kölgə kabineti”ni formalaşdırır ki, bu kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.

Əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Xalq yazıçısı Kamal Abdullanın qoyduğu “Bir günlük xəlifə” layihəsi universitetdə 2017-ci ildən təşkil olunur. Layihə çərçivəsində tələbələr tərəfindən səsvermə yolu ilə seçilən xəlifələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər.

Yəni bir günlük rektor, prorektor, dekan, mərkəz müdiri, mətbuat katibi, müəllim, həmkarlar təşkilatının sədri tələbə, magistr və doktorantlar olurlar. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edir, bir sıra yeniliklər həyata keçirirlər.

Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Rektor Kamal Abdullanın qərarı ilə “Bir günlük xəlifə” tələbə özünüidarəetmə günündə saat 8:30-dan 20:00-dək müvafiq vəzifələri tutan tələbə, magistr və doktorantlar icra etdikləri vəzifənin maaşını da alırlar.

Bu layihə ilə tələbələr bəlkə də, illər sonrakı arzularını həmin tarixdə bir günlük də olsa gerçəkləşdirmək şansı qazanırlar”.

Rektorun kabinetinə daxil oluruq.

Bu ilin xəlifə rektoru II kurs tələbəsi Nicat Quluzadədir.

Nə qədər həyəcansız görünməyə çalışsa da, təlaşı gözlərindən oxunur.

Nicat birgünlük də olsa, rektorun vəzifələrini icra etməyin gələcəyi üçün önəmindən danışır.

O, 17 rəqib arasından seçilib.

Seçkilər tam şəffaf keçirilib.

Bu gün işə Nicatı Kamal Abdullanın sürücüsü gətirib.

Xəlifə rektor seçilənlər həm də il boyu rektoru əvəz eləyə bilərlər.

Ölkədə tələbələr üçün belə bir şəraitin yaradılmazı əvəzsizdir.

Rektorumuzla sağollaşıb otaqdan çıxırıq.

Daha sonra Beynəlxalq əlaqələr üzrə xəlifə prorektor Əli Rzayevlə görüşürük.

Əli nə qədər həyacanlı olsa da, baxışlarında, danışığında kreslonun verdiyi rahatlıq hiss olunur.

Gənc prorektorumuzla sağollaşıb koridora çıxıram.

Cavid Zeynallının yanında bir qız görürəm.

Sən demə, qız da bir günlük Cavidin işini icra eləyir. Amma Cavid Zeynallı olmaq asan iş deyil. Ona görə o yenə də işinin başındadır.

Bir az hava alandan sonra yuxarı çıxırıq.

Nicat Quluzadə və Beynəlxalq əlaqələr üzrə prorektor Əli Rzayev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşür. Səfir “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışır.

O, görüşə iki oğlu ilə birgə gəlib.

Tərcüməçi Anar Rəhimov onlarla portuqalca danışmağa başlayır.

Onları başa düşməyimin məmnunluğunu yaşayıram.

Otaqdan çıxıb akt zalının qapısının ağzına gəlirəm.

Burada Pakistan səfirliyinin inşa müsabiqəsinin nəticələri elan olunur.

Qaliblərin adı çəkildikcə alqışlar havada uçuşur.

Cavidlə zaldan çıxıb onun kabinetinə gəlirik.

Elə təzəcə oturmuşduq ki, zəng gəlir:

- İndi Ülvi düşüb səni qarşılayacaq.

Telefonu söndürür:

- Nadir gəlib. Nadir Yalçın. Onunla rektorun kabinetinin yanında gözləyin, gəlirəm.

Kabinetdən çıxıb aşağı düşürəm.

Budu ha, Nadir yenə hər zamankı pozitivliyi ilə başına 5-6 nəfəri yığıb söhbətləşir.

Bir azdan Cavid də gəlir:

- Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüş olacaq.

Az sonra səfir köməkçilərilə kabinetə daxil olur. Biz də onun ardınca.

Görüşdə Ərəb dilinə olan maraq haqqında danışılır, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağı diqqətə çatdırılır.

Sonra üç nəfər tələbə ərəb dilinin gözəlliyi ilə bağlı şeir deyirlər.

Ərəb dilinin gözəlliyinə bir daha heyran qalıram. Ta uşaqlıqdan bu dil məni maqnit kimi özünə çəkib. Əminəm ki, tək deyiləm.

Görüşdə ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində mühüm addımlar atıldığı qeyd olunur. Mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni imkanlar yaranacaq.

Səfir “Bir günlük xəlifə” layihəsinin tələbələrin həyatındakı yerini yüksək dəyərləndirir. Məhəmməd Əl Bluşi qeyd edir ki, "Bir günlük Xəlifə" layihəsinin icrası tələbələr üçün böyük şansdır. Tələbələrə yaradılan şərait yüksək qiymətə malikdir. Bu gün idarəetməni gənclər həyata keçirir, gənclərə yüksək etimad göstərilir, məsul vəzifələr onlara həvalə olunur.

Kabinetdən çıxıb ətrafı dolaşırıq.

Hər dəfə ADU-ya gələndə Kamal Abdullanın nəfəsini duyuram. Nədən ki, burada adam özünü sözün həqiqi mənasında bir universitetdə, təhsil ocağında hiss eləyir.

Caviddən Kamal müəllimin gəlib-gəlməyəcəyini soruşuram:

- Gəlsə, ondan da müsahibə alarsan.

Daha sonra Xəlifə rektor Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin direktoru Aqşin Bağırov və liseydə təhsil alan şagirdlərlə görüşür.

Təhsil kompleksi və Azərbaycan Dillər Universitet arasında olan əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunur. ADU ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi arasında imzalanan anlaşma memorandumu çərçivəsində bir sıra vacib addımlar atılıb, tədbirlər təşkil olunub.

Aqşin Bağırov akademik Kamal Abdullanın ideya müəllifi olduğu və təşəbbüsü ilə keçirilən “Bir günlük xəlifə” layihəsinin tələbələrin həyatında unudulmaz xatirəyə çevriləcəyini, onların idarəçilik bacarıqlarını formalaşadıracağını deyir.

Yavaş-yavaş universitetin çıxışına gəlirəm.

Kamal Abdullanın hər bir gəncin yaddaşına həkk elədiyi sözlərin qarşısında dayanıram: "Docendo discimus".

Öyrənmək üçün öyrətmək...

Həyatın ana qayəsi bu olmalı...

# 3045 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #