Günel Natiq: "Xəstəliyim mənə xəyal qurmağı öyrətdi" - Müsahibə

Günel Natiq:  "Xəstəliyim mənə xəyal qurmağı öyrətdi" - Müsahibə
13 noyabr 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın yazıçı, jurnalist, aparıcı Günel Natiqlə müsahibəsini təqdim edir.

– Sizi qiyabi olaraq uzun müddətdir ki, tanısam da, xəstəliyiniz barədə məlumatlı deyildim. İndi necəsiniz? Müalicə necə gedir?

– Mən 17 ildir ki, xərçəngdən əziyyət çəkirəm, amma yalnız çox yaxınlarımızın xəstəliyimdən xəbəri olub. Bu barədə danışmamağa üstünlük vermişəm. Hətta 17 il qabaq ilk kimyaterapiya aldığım zaman əyin-başıma daha çox fikir verirdim, parikin üstündən paltarıma uyğun bandanalar taxırdım. Ətrafdakılar "Qəşəngləşmisən, yəqin həyatında sevindirici nəsə var", - deyə gözaydınlığı verirdilər. İçimdə baş verənlərdən isə xəbərləri yox idi.

Beş il qabaq, növbəti mübarizədən sağ çıxandan bir müddət sonra, "Saçların necə qəşəngdir, ümumiyyətlə, yaxşı görünürsən, bunu nəyə borclusan?" kimi suallara gülüb sonra bu barədə bacıma danışanda, o zarafat edirdi: "De ki, gözəllik reseptim çox sadədir. 12 kimyaterapiya və əlavə kimyəvi dərman preparatları". Bu mövzu bizim ən yaralı yerimiz və sevimli zarafatımız olub.

Bu il jurnalistlik fəaliyyətimin 30 ili tamam oldu. Mehriban düşmənim bundan xəbər tutar-tutmaz yenə oyanıb hücum çəkdi. 1994-cü ilin fevralında radioda redaktor kimi işə başlamışam, 2024-cü ilin fevralında xərçəngin yenidən oyandığını öyrəndim.

Onsuz da bu illər ərzində mehriban düşmənim məni tərk etməyib, bütün hislərimin önünə keçməyi bacarıb. Həyatın həm sevincli, həm də ağrılı-acılı pillələrini qoşa qalxmışıq...

İlin əvvəlindən müalicə alıram. Yüksək dozalı kimyaterapiya çox çətin bir prosesdir. Kimyaterapiyanın fəsadları bütün orqanizmdə özünü göstərir. Amma öhdəsindən gəlməyə çalışıram. Həm də ilk dəfə deyil ki...

– İlk dəfə öyrənəndə hansı hisslər keçirdiniz?

–İlk dəfə öyrənəndə 30 yaşındaydım. Həkimə tək getmişdim, çünki evdəkiləri qorxutmaq istəmirdim.

Biopsiya götürdülər. O vaxtlar insanın xəstəliyini üzünə demirdilər. Ancaq mən anladım.

Həmin gün radioda canlı yayımda olmalıydım. Səssizcə avtobusa mindim və yol boyu qarmaqarışıq beynimdə konkret nə barədəsə düşünə bilmədim. Əslində, bir küncə çəkilib izolyasiya olmaq istəyirdim, amma iş məsuliyyətim buna imkan vermədi.

4-cü mərtəbəyə qalxdım. Radio efir ən yuxarı mərtəbədə yerləşir. Diktorun studiyadan çıxmasını gözləyə-gözləyə pəncərədən aşağı baxırdım. Bircə dəqiqəyə hər şeyi kökündən “həll etmək” olardı… Baxdım, baxdım… Diktor studiyadan çıxdı, mən içəri keçdim. Bu həyatımın ən rahat canlı efiri idi. Artıq nə deyəcəyim barədə təlaşlanmadan konsert nömrələrini elan edirdim. Hər şeyini itirən adam nəyə təlaşlana bilər ki?

Sonrakı günlər, təlaşlar, həyəcanlar, əməliyyatdan əvvəl həkimin barmaqlarını qısıb “bu qədər ömrü qalıb” deməsi, əməliyyatdan sonra “analizlərin cavabı qənaətbəxşdir, şişin fəsadları yoxdur” deməsi və anamla mənim qucaqlaşıb ağlamağımız…

Sonra isə özümü işə həsr etməyim və yalnız iş üçün yaşamağım… Bundan sonrakı yaşantılarımın hər anında mehriban düşmənim öz varlığını xatırladacaqdı və mən bu mürəkkəb ittifaqa heç kimi ortaq etmək istəmirdim…

–Atanız tanınmış tərcüməçi Natiq Səfərov olub. Münasibətləriniz necə idi?

– Atamla münasibətimiz necə ola bilərdi? Biz ikimiz də futbolçu idik. İkimiz də Qarrinça idik. İkimiz də Brodski idik. İkimiz də Nazim Hikmət idik. İkimiz də Füzuli idik... Yəni onun sevdiyi dəyərləri mən də sevir və özünküləşdirirdim. Biz çox yaxın dost idik. Baxmayaraq ki, hərdən rəqib komandalarda oynayırdıq. Məsələn, o, Almaniya yığmasının kapitanı Matteus olanda mən Hollandiyanın Qulliti idim. Amma Hollandiya Almaniyaya məğlub olanda da biz küsmürdük.

Atam çox ünsiyyətcil idi, saysız dostları vardı. Bu barədə mən ona oxşamıram, çox vaxt qaraqabağam. Qaşlarım çatılanda atam məni “Buz kraliça” cizgi filmindəki qəzəbli qızcığaza bənzədirdi.

– Uşaqlığınız necə keçib? Dəcəl, çılğın, yoxsa sakit?

– Bir dəfə qoroskopların birində mənim işarəm haqqında belə yazıldığını gördüm: "dinc və bədbindir". Mən dinc və bədbin uşaq olmuşam, baxmayaraq ki, sevgiylə əhatə olunmuşam. Atamla anam məni həmişə əzizləyiblər, artıq uşaq olmadığım vaxtlarda da. Atam içəri girən kimi birinci "uşaq hardadır?" soruşurdu. "Uşağın" 25 yaşı vardı.

Uşaq vaxtı da ədalət tərəfdarı olmuşam. Anam deyirdi ki, Günelin yanında bir əhvalat danışmağa qorxuram, tez səhvimi düzəldir və tələb edir ki, dəqiqlik olsun. Deyəndə ki, makaron bişirmişik, tez deyir, makaron yox, vermişel!

– Adətən yaradıcı adamların kaprizləri olur. Atanızda necə idi?

– Atamın da kaprizləri vardı. Dostları, doğmaları onun yaradıcı adam kimi orijinallığını, fərqliliyini anlayır və onu olduğu kimi qəbul edirdilər. Anam da onu olduğu kimi qəbul edirdi. Anamın kiçik əhvalatlar kitabında atamın bu fərqliliyi ilə bağlı çoxlu maraqlı məqamlar var.

Məncə, bizi biz edən məhz fərqli cəhətlərimizdir. Bir-birinə oxşayan adamlar yeni nəsə ərsəyə gətirə bilməzlər.

– Atanız əslən güneylidir. Özü də millətçi idi.

– Atam naxçıvanlı idi. Babam Naxçıvan şəhərinin özündə doğulub böyümüşdü, nənəm isə nehrəmli idi, pristavın mütərcimi Məmmədqulu bəyin qızı idi. Amma atam deyirdi ki, babamın babası Arazın o tayından, Xoydan gəlib, Mirzə Cəlil kimi biz də xoyluyuq. Amma bu barədə hansısa bir sənəd, ya məlumat yoxdur.

Atam millətçi idi, onun millətçiliyi pafoslu sözlər, deklamasiya demək deyildi. Vətən sevgisi onun içindən gəlirdi. Onun vətən sevgisi elə böyük idi ki, bu barədə bircə söz də deməyib uzun-uzadı ağlaya bilərdi. Bizim cəmiyyətdə bəzən elə bilirlər ki, vətən sevgisi pafoslu sözlər demək, bayrağa bürünməkdir. Bayrağa bürünməyin, amma vətəndaşlarınızı sevin, qanunsuz işlər görməyin, haqlının haqqını tapdalamayın, sizə verilən səlahiyyətdən ədalətlə, vicdanla istifadə edin.

Çoxları sovet hökumətinin şəninə tərif yazıb partiyaya girməyə can atanda atam bundan imtina etdi. Ona radioda şöbə müdiri vəzifəsi təklif etmişdilər, əgər Kommunist Partiyasına daxil olarsa. Yeni vəzifədə maaş daha çox olacaqdı və ailəmizin buna ehtiyacı vardı. Amma atam üçün partbileti daşımaq daha ağır idi və o, bu işdən imtina etdi. Son nəfəsinə qədər öz prinsiplərinə, ideallarına sadiq qaldı və vətənini heç nəyə satmadı.

– İki bacısınız. Hansınız ona daha çox bənzəyirsiniz?

– Mən atama daxilən oxşayıram, bacım zahirən. Amma bacımın tərcüməçi kimi fəaliyyəti onun da atama bənzərliyini göstərir. Adətən, Türkiyə türkcəsindən tərcümələr uğurlu olmur, çünki tərcüməçilər türkcənin təsiri altına düşürlər. Bəzən deyirlər ki, “Türkiyə türkcəsindən tərcümə edilir” ifadəsi yanlışdır, bunu “uyğunlaşdırmaq” kimi yazın. Əslində isə Türkiyə türkcəsindən məhz tərcümə etmək lazımdır. Dil eynidir, amma ifadə tərzi başqadır. Həmin ifadəni türkcəmizə uyğunlaşdıranda eybəcər bir mətn alınır. Sevincin tərcümələri orijinala çox oxşayır və adama elə gəlir ki, bu mətn elə Azərbaycan dilində yazlıb. 8-9 sanballı tərcümə kitabının müəllifidir. Adam Faverin “Ehtimalsızlıq”, Oya Baydarın “İtkin söz”, Orxan Pamukun “Vəba gecələri” və s. əsərlər uğurlu tərcümələrdir.

– Atanız necə dünyasını dəyişdi? Xəstəliyi var idi?

– Atamın heç bir xəstəliyi yox idi, bədbəxt hadisənin qurbanı oldu. Ümumiyyətlə, atam kimi adamlar bu cəmiyyətdə özlərini daim tənha və tək hiss edirlər, çünki onları heç kim anlamır və onlar məhvə məhkumdurlar. O, cəmiyyətin dəyərini bilmədiyi, ədib dostlarının yazdığı kimi kəşf olunmayan dahilərdən idi.

– İndi yanınızda olsaydı, birinci nə edərdiniz?

– Atam məni sözsüz də anlayırdı, ona görə heç nə deməzdim. O məni anlayan, bəlkə də, yeganə adam idi. Bəlkə, ona görə ki, mən ona çox oxşayırdım. Onun tökdüklərini yığmışdım, necə deyərlər.

Mən bəzən öz-özümə nəsə deyirəm, hansısa sözü, frazanı təkrarlayıram. Ətrafdakılar həmişə təəccüblənərdi, atamdan başqa. Bir gün mən ondan bunun səbəbini soruşanda dedi ki, axı məndə də öz-özümə nəsə demək, danışmaq vərdişi var.

Bəzən nə barədəsə tənqidi fikir deyəndə bacım deyir: “İlahi, necə də atama oxşayır!” Atam çətin adam idi, amma bu sözlər mənə tərif kimi görünür.

– Ən çox nədən güc alırsınız?

– Ən böyük güc qaynağım ailəmdir. Sonra sözdür, yazıdır. Yazıdan aldığım gücü heç nə əvəz edə bilməz. Sonra dostlarımdır. Özümü pis hiss edəndə onların birinə zəng edib dərdləşirəm və qorxularım yox olur. Elə dostlarım var ki, həyatda üzlərini görməmişəm, amma bütün sirlərimi bölüşəcək qədər güvənirəm. İncəsənət də mənim güc qaynaqlarımdan biridir. Rəngkarlığı çox sevirəm, sənət əsərlərinə tamaşa edəndə hər şeyi unuduram.

Ən böyük gücü isə insan özündə tapmalıdır. Cəlaləddin Rumi deyir ki, nə axtarsan, öz içində taparsan. Mən də o gücü öz içimdə tapmağa çalışıram, tapanda xoşbəxt oluram. Səbəbsiz xoşbəxt olmaq gözəl hissdir. Bütün bəşəriyyəti qucaqlamaq istəyirsən.

– Sizi daha çox nə qorxudur?

– Bütün cəbhələrdə qorxularım var, amma insanın üstün gələ bilməyəcəyi qorxu, öhdəsindən gələ bilməyəcəyi problem yoxdur. Heminquey demiş, insana qalib gəlmək mümkün deyil.

– Feminist mövzulara toxunursunuz. Azərbaycanda qadının rolunu necə qiymətləndirirsiniz?

– Məncə, hər bir qadın bir azca feminist olmalıdır. Mən radikal feminist deyiləm. Sadəcə, kişilərin qadınları xor görməsini, alçaltmasını qəbul edə bilmirəm və əgər belə halla qarşılaşıramsa, etirazımı bildirməyi özümə borc bilirəm. Mənim "Kişilərə dur deyin" romanım bir az da feminist əsərdir.

Sualınızın ikinci hissəsinə gəlincə, düşünürəm ki, cəmiyyətimizdə qadınların rolu kifayət qədər yüksəkdir. Sadəcə, hərdən yerləri səhv düşür.

– Deyirlər, Azərbaycanda ədəbiyyatında qadın şair, yazıçı yoxdur.

– Köhnə adətlərdən gələn bir vərdişdir, qadına yuxarıdan-aşağı baxmaq. Yəni həmin kişilər müasir dünyaya inteqrasiya ola bilməmiş, Novruzəli kimi qalmışlar.

Sanki kişi yazarlar Avropanı, Amerikanı fəth edib, qadınlar isə Biləcəridən geri qayıdıb.

Kişilər qadınları tənqid edərək öz natamamlıq komplekslərini ört-basdır edirlər. Heç bir ciddi yazıçı qadınlara “yaza bilmirlər” deyə ironiya etməz.

Məncə, kişilər də, qadınlar da eyni səviyyədə yazır. Çağdaş ədəbiyyatımızda xüsusilə güclü qələmi olan yazarlar barmaqla sayılar. Onların arasında qadınlar da var.

– Kimləri oxuyub bəyənirsiniz?

– Azərbaycan yazıçılarını fürsət düşdükcə oxuyuram. Bəyəndiklərim də var, sadəcə, kiminsə adını çəkib kimisə unudacağımdan qorxuram.

– Uzun müddətdir ki, AYB gənclərin tənqid hədəfidir. Deyirlər, AYB stalinizmin qalığıdır.

– Gəncliyin vəzifəsi zatən gənclik ruhu ilə yeni ideyalar ərsəyə gətirmək və təbliğ etməkdir. Onlar təbiətdən gələn bir əminliklə düşünürlər ki, ən ədalətli qurumu onlar yarada bilər, ən gözəl yazıları onlar yaza bilər, ən ideal cəmiyyəti onlar qura bilər. AYB-nin yerində başqa bir qurum olsaydı, gənclər yenə eyni sözü deyəcəkdilər.

AYB əksinə, demokratik bir qurumdur. Hətta AYB üzvləri də hansısa tənqidi fkrini deyə bilər və bu, normal qarşılanar.

Gənc yazarlarda sevmədiyim xüsusiyyət özlərini məşhur qələm sahibləri ilə müqayisə etməkdir. Bu onu göstərir ki, həmin gənc öz yerini hələ tapmayıb və kimisə inkar etməklə özünü təsdiq etmək istəyir.

Əgər xatırlayırsınızsa, aktyor Fuad Poladov Milli Dram Teatrının direktoru Həsənağa Turabovla dalaşıb teatrı tərk etmişdi. Başqa teatrda, Rus Dram Teatrında özünü yenidən tapdı. O, sənətkar olduğunu Turabovu tənqid etməklə yox, yaratdığı obrazlarla sübut etdi.

Bir dəfə müsahibədə ondan özünü təsdiq etməyin sirri haqqında soruşdular. O dedi ki, mən uzun xəttin üzərindən xətt çəkməmişəm, mən onun yanında, ondan daha uzun xətt çəkmişəm.

Gənclər uzun görünən xəttin yanında daha böyük xətt çəkməyi bacarmalıdır.

– Çap olunmamış əsərləriniz var?

– Çap olunmamış hekayələrim var. Bu yaxınlarda dostlardan biri təklif etdi ki, hekayələrini kitab şəklinə sal, təqdimat et, gələk. Ağlıma batdı, bir yerə topladım. Hələ ki, çap etdirməyə uyğun şərait yoxdur. Mənəvi cəhətdən də hazır deyiləm.

– 30 ilə yaxındır jurnalistikadasınız. Televiziyaları necə qiymətləndirirsiniz? Hansı problemləri görürsünüz?

– Mən radio ilə yanaşı bir müddət televiziyada da çalışmışam, incəsənətdən bəhs edən proqram hazırlamışam. Radioda müəllif ancaq özünə arxayındır, uzaqbaşı rejissorla bölüşür proqramın ağırlığını.

Televiziya isə kollektiv işdi. Bu kollektivdən biri öz işini yetərincə görə bilmirsə, ümumi iş zərbə alır. Bu mənada mürəkkəb bir yaradıcılıq sahəsidir. Özəl telekanallar barədə yetərincə tənqidi rəylər deyilir... Problemlər çoxdur və yaxın vaxtda düzələnə oxşamır. Keyfiyyətli telemekan üçün həm fərd, həm də cəmiyyət olaraq bəzi işlər görməliyik. Çox mütaliə etməli, daha çox maariflənməliyik. İnkişaf davamlı bir prosesdir və durmadan inkişaf etməliyik. Bu mənada mən yəhudilərə həsəd aparıram. Son nəfəsə qədər oxuyur, öyrənirlər. 80 yaşlı yəhudi həkim yeniliklərdən xəbərdar olmaq üçün hər il Almaniyaya gedib kurs keçir. İş elə gətirib ki, mən xəstəxana qəbullarında çox vaxt keçirirəm. Saatlarla oturub növbə gözləyirik. Bəzən özümlə kitab götürürəm ki, vaxtı yola verim. Hələ indiyə kimi bir nəfərin əlində kitab görməmişəm. Avtobusda, metroda, dayanacaqda, kafedə də eləcə. Belə fikirləşirəm ki, telemekanların inkişafı bizim öz inkişafımızdan asılıdır.

– Sonda yenə “mehriban düşmən”inizə qayıdaq. Bu xəstəlik sizə nə öyrətdi?

– Xəstəlik mənə xəyal qurmağı öyrətdi. 7-8 il əvvəl mənim heç bir xəyalım, arzum yox idi. Xəyallarımı salıb itirmişdim və yenidən axtarıb tapmaq istəyim də yox idi. Xəstəliklə birgə mən xəyal qurmağı öyrəndim. Məsələn, “saçlarım çıxacaq, mən onları darayacam, istədiyim formaya salacam”. Saçların yenidən çıxmasının sevincini, bəlkə də, heç nə əvəz etməz... Məsələn, "sağalandan sonra dəniz sahilinə gəzməyə gedəcəm, doğmalarımla bərabər oturub kofe, yaşıl çay içəcəm, pəncərədən narın yağışı seyr edəcəm". Bu kiçik, amma əslində, çox böyük sevinclərin dəyərini bilməyi öyrəndim. İndi hər dəfə həyatın dadını itirəndə mehriban düşmənim qayıdır, məni mübarizə etməyə, həyatı hiss etməyə məcbur edir. Çünki yaşamaq elə mübarizədir…

# 4188 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #