Ayaqları tutulan, qürbətdən qayıdan Məmməd İsmayılın yubileyindən reportaj

Ayaqları tutulan, qürbətdən qayıdan Məmməd İsmayılın yubileyindən reportaj
24 oktyabr 2024
# 12:15

Kulis.az Ülvi Bahadırın Məmməd İsmayılın 85 illiyinə həsr olunmuş ədəbi-bədii gecədən reportajını təqdim edir.

"Bahadır" - Birinci hissə

“Qaranlıq özüylə bərabər yarasaları gətirir”

Beynəlxalq Muğam Mərkəzinə doğru addımladıqca Məmməd İsmayılın bu cümləsi beynimdə var-gəl eləyir.

Hara gedirik? Şairin 85 illik yubiley mərasiminə.

Məmməd İsmayıl həmişə qaranlıqla, yarasalarla mübarizədə oldu. Bir Atlas misalı çiyinlərində daşıdı səhəri, aydınlığı... Ondan fərqli olaraq məcburi yox, könüllü, sevgi ilə...

Nadir Yalçın, Ümid Nəccari, mən və fotoqrafımız Mərkəzin binasına sarı yol alırıq.

Nadir hər dəfə nəsə danışanda əlavə eləyir: "bunu yazma haa!".

Binanın qapısının ağzında xeyli adam toplaşıb. Bir-bir salamlaşıb içəri giririk.

***

Әvvәlin işini sona qoyan xalq,
Qәzәb qılıncını qına qoyan xalq,
Qan axan әlinә xına qoyan xalq,-
Bu xalq çәpik çalmaq öyrәnir hәlә.

O, başqaları kimi yerli-yersiz mədhiyyə ilə məşğul olmadı...

O, başqaları kimi pafosa, populizmə qaçmadı...

O, bizdən oldu hər zaman... Harda oldusa, doğulduğu yerin havasını ruhunda, nəfəsini canında saxladı...

***
Salona daxil oldub özümüzə yer axtarırıq.

Ənənəvi qarışıqlıq var hər yerdə. Şair dostumuz Anar Adillə rastlaşıram. Axırıncı dəfə nə vaxt görüşdüyümüzü xatırlamağa çalışıram: deyəsən, elə bu ilin əvvəli.

Yuxarı qalxırıq. Özümüzə yer tapıb otururuq.

Tədbirin saatından keçsə də, hələ də xaos var idi salonda.

Məmməd İsmayıl salona daxil olur. Bir neçə saniyəlik sükut... Alqışlar...

Şair bir neçə nəfərin köməyi ilə səhnədəki kresloda əyləşir.

Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub - FOTO

Və yenidən xaos...

Sabir Rüstəmxanlı bizi salamlayır. Səssizliyin bərpa olunmasımnı, telefonların səssizə alınmasını istəyir.

Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub - FOTO

Məmməd İsmayılla bağlı xatirələrini bölüşür:

“Tale elə gətirib ki, biz Məmmədlə onun ad günlərini birgə qeyd etmişik. Hətta bəzən ikimiz olmuşuq. Bu gün isə biz onun 85 illiyində toplaşmışıq. Çox ağır həyat yolu keçib. İkinci Dünya müharibəsində atasını itirib. Gözəl anamız böyüdüb onu. Qürbətdə olanda giley dolu şeirlər yazdı. Unudulduğunu düşündü. Ancaq son bir ildə Məmməd İsmayıl haqqında yazılanlar bir daha sübut eləyir ki, əsl sözün dəyəri həmişə verilib və veriləcək də”.

"Şair" - İkinci hissə

“Quşlara hər zaman qibtə etmişəm, Allah tərəfindən yerin cazibə qüvvəsindən çıxmasına icazə verilən ilk və yəqin ki, son varlıq olduqlarına görə. Yerin çəkim mərkəzinə, cazibə orbitinə düşüb çabalayan bizlərik”.

Onun sərt, soyuq baxışlarının ardında həlim bir şair var.

Obaşdannan şehlənmiş narın otlar kimi....

Qayalara çırpılıb xəfifcə qumsala süzülən sular kimi...

...bir pıçıltı daşıyır bu sinə, bu ürək, bu ruh...

“Nəynən düşür ayaqları olmayan axşam?
Səhər hansı ayaqla gəlir,
Və... xəbər hansı ayaqla?
(Acizdi Süleyman peyğəmbəri
öləndən sonra da
ayaqda saxlayan
Əlimə aldığım əsa...)


Səhərə,
axşama,
xəbərə verdiyin ayaqlardan
mənə də ver, Allahım,
Nolar, nolar məni də ayaqda saxla...”

***

Sabir Rüstəmxanlı sözü AYB-nin adında çıxış edəcək yazıçı Elçin Hüseynbəyliyə verir.

Xalq yazıçısı Anar Türkiyənin Trabzon şəhərində festivalda olduğuna görə tədbirdə iştirak eləyə bilmir.

Elçin Hüseynbəyli onun adından Məmməd İsmayılı təbrik eləyir və AYB-nin fəxri diplomunu ona təqdim eləyir.

Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub - FOTO

Ardınca çıxış edən Millət vəkili Fazil Mustafa Məmməd İsmayıl poeziyasının zənginliyindən və aktuallığından danışır.

Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub - FOTO

Hər dəfə çıxışlara köklənmək istəyirəm, ancaq arxada səslər, gülüşlər, danışıqlar imkan vermir.

Arxaya çevrilirsən deyəsən ki, bəlkə, bir az səssiz olasınız, üzünə elə baxırlar, sanki problem onlarda yox, səndədir.

Hər dəfə eyni məsələlər...

Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunub - FOTO

"Kahin" - Üçüncü hissə

“Əsl şeir həm də sükutun qaranlığında çaxan şimşəkdir. Və ən başlıcası, söylədiyi ilə deyil, söyləmədiyi ilə danışır. Şeir zamanın, gözəllik toplumun röyasıdır. Zaman Tanrının dünyaya düşmüş kölgəsidir, bəlkə də”.

Yazıçı Şərif Ağayar çıxışında Tolstoyun həyatı ilə paralellik apararaq Məmməd İsmayıl kimi yazmağın çətinliyindən danışıb.

Ondan sonra səhnəyə çıxan Nadir Yalçın isə bugünkü gəncliyin cəsarətinin qaynağının Məmməd İsmayıl dönməzliyi olduğunu deyir.

Ona görə Məmməd İsmayıl zamanında o cəsarətli çıxışları eləməsəydi, o şeirləri yazmasaydı, gənclik belə cəsarətli, sözünü üzə deyən olmazdı.

***

O, həm də ədəbiyyatımızın kahini idi...

Tək ədəbiyyatımızın yox, həyatımızın, keçmişimizin, indimizin, gələcəyimizin...

Başdan-başa dar ağacı olmağı gözə alan kahin atdığı hər addımla yuxumuzu çin çıxartdı.

İllərini çarmıxa çəkdi...

...ki, nəğməsi olan adamlarin zümzüməsi kəsilməsin...

Onun unudulduğu hər yer vətəndir...

Xatırlandığı hər yer məbəd...

Ötənlərin yuxusunda, gələnlərin hipnozunda binadan çıxıram...

Asta addımlarla pillələri düşürəm...

Təkəmseyrəklik...

Solğun işıqlar...

Kahini xatırlayıram:

"Bir adam yol gedir bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var!"

# 3763 dəfə oxunub

Müəllifin son yazıları

# # #