14 yaşlı Aytacın faciəsində günahkar kimdir?

14 yaşlı Aytacın faciəsində günahkar kimdir?
12 oktyabr 2023
# 13:00

Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Dünən Beynəlxalq Qızlar Günü idi.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən, şiddətdən əziyyət çəkən qızlara yönəltməkdir.

Gözəl-gözəl şəkillərlə bəzəndi sosial şəbəkələr...

Atalar, analar qızları ilə şəkillərini paylaşdı.

Xüsusilə ataların qızlarını belə sevməsi məni hədsiz sevindirdi.

Gələcəklə bağlı xeyli ümidləndim.

Ancaq nə qədər səhəri ümidli açacağımıza inansaq da, elə hadisələr olur ki, adamın gününü göy əsgiyə bükür.

Məsələn, elə bu hadisə...

Gürcüstanda 14 yaşlı Aytac Şahmarova qətlə yetirilib. Onu bu ilin yayında 27 yaşlı Alim Sadıqov zorla evlənmək məqsədilə qaçırıb, amma Aytac bir neçə gündən sonra qaçıb, anası ilə danışıb..

Qızın anası və dayısı onu "ər evi"nə qaytarıb.

Aytac oktyabrın 5-də növbəti dəfə qaçmağa cəhd edəndə “əri” tərəfindən güllələnib.

Burada bəzi məsələlərə aydınlıq gətirmək lazımdır; həm öz tərəfimizdən, həm də Gürcüstan tərəfindən.

Başlayaq özümüzdən...
Hər dəfə Gürcüstanda belə hadisələr baş verəndə bir qrup adam düşür bizim dövlətin üstünə. Elə bilirsiniz zarafat eləyirəm? Qətiyyən!

Bəli, səhərdən-axşamacan Gürcüstanı tərifdən çıxaran bu adamlar oradakı azərbaycanlılar nə eləsə, Gürcüstan hökümətini qoyub bizim üstümüzə düşür.

Belə çıxır ki, Peruda bir azərbaycanlı oğurluq eləsə, ona da biz məsuliyyət daşıyırıq?

Onlar Gürcüstan vətəndaşıdır. Nəsə baş verəndə də biz yox, Gürcüstan höküməti məsuliyyət daşıyır.

Tələb edirsinizsə, onlardan edin.

Hə, bir də, belə hadisələr olanda Tiflisdə, Batumidə şellənib gələn cayıllar deyir ki, əşşi, gürcü neynəsin ee, biz zayıq, eləməyək də, gürcülük bir şey yoxdu.

Vallah, elə belə də deyirlər.

Necə yəni yoxdu?

Ölkədə qeyri-azərbaycanlılar istədiyini eləsin, bizim hökümət də heç nə eləməsin, görək bu cayıllar yenə də eyni şeyi deyəcəkmi?

Yox!

Üstəlik, yenə də deyirəm, bu adamlar oranın vətəndaşıdır. Orada doğulub, böyüyüb, yaşayır.

Şəksiz ki, bütün hallarda mənən bizdəndirlər, heç vaxt ayıra bilmərik, ancaq haqq-hüquq da var.

Dedim axı, mənən bizdəndirlər.

Deməli, Gürcüstanda 13-14 yaşında evlənənlər gürcülər deyil, azərbaycanlılardır, yəni beş onlardan deyəndə bir də özümüzdən deməliyik.

Erkən nikah təkcə orada yox, bizdə də tez-tez olur. Hə, oradakı qədər kütləvi deyil, amma olur.

Xəbərlərə çıxanlar aysberqin görünən tərəfidir.

Onun 2-3 qatı qədər qız bu gün yad evlərdə çürüyür.

Yetkinlik yaşına çatmamış hamilə qalır, uşaq dünyaya gətirir.

Adam tanıyıram ki, qapı qonşusu qızını 14 yaşında 38 yaşında boşanmış kişiyə verir, səsi çıxmır, Bakıya gəlib qadınlara qarşı haqsızlıqdan danışır.

Niyə səsi çıxmır?

Zabit kişi hörmətli adamdır, oğlu filan yerdə işləyir, yəni özünə problem yaratmaq istəmir. Axırda da “guya desəm, nə olacaq?” bəhanəsi ilə ötüşdürür və nəticədə, bir qızın bədbəxt olmasının altından imzasını atır.

Gürcüstanda dini radikalizmin artması heç kimə sirr deyil. Yayılan videolar da bunu təsdiqləyir. İran bütün vasitələrlə zəhərini – dini radikalizmi axıtmağa davam eləyir. Getdiyi hər yerə qan-qada, ağrı-acı, narkomaniya və iyrənc adətlər götürən bu ölkə heç vaxt bu xalqa rahatlıq verməyib. Nə burada, nə Gürcüstanda, nə də hər hansısa bir yerdə.

Söz yox ki Gürcüstanda erkən nikahın kökləri daha əvvələrə gedib çıxır. Ancaq İranın təsiri müsbət dəyişikliklərin qarşısında polad divardır.

Kəsəsi...

Erkən nikah bizdə də var və buna qarşı mübarizə aparmalıyıq.

Dini radikalizm bizdə də var və buna qarşı mübarizə aparmalıyıq.

Aytaclarin çoxalmaması üçün birləşməliyik!..

# 7556 dəfə oxunub

Müəllifin son yazıları

# # #