Şəxsi intellekti olmayanlar

Şəxsi intellekti olmayanlar
19 iyul 2018
# 12:40

Quzman və Senyor var olmaq və intellekt barədə söhbət edirlər: "Yaradılışın sonuncu mərhələsi insanı və dünyanı yaratmaqdır, Senyor, bilirsən, bu müqəddəs kitabda yazılıb. Tanrı məni ona qarşı çıxmaqdan qorusun... amma zənginləşdirməkdən deyil”. Quzman və Senyor Karlos Fuentesin qəhrəmanlarıdır. Senyorun Quzmana verdiyi cavab adamı düşündürür. Yaradılışın sonuncu mərhələsi tanrının insanı yaratması ola bilməz. Axı insan yaşamalı və yaratmalıdır. Bəs yaşamaq və yaratmaq bəs edər? Ədəbiyyat olan yerdə, yox.

Ədəbiyyatla lap tanrının özünü də zənginləşdirmək olar. Quzman yaradıcı olmağı nəzərdə tutur. "Tanrı məni ona qarşı çıxmaqdan qorusun... amma zənginləşdirməkdən deyil”. Dünyanı zənginləşdirmək isə səmavi və qeyri səmavi dinlər, kitablar, elm və fəlsəfə ilə mümkündür. Ədəbiyyatla isə varlıq və mövcudluq hər yöndən mənalanır. Bəzən zahiri planda dini və ya tanrını inkar edir. Həqiqətə və Tanrıya ən yaxın yenə ədəbiyyatdır. Mirzə Fətəli və Nazim Hikmət ən yaxşı nümunədir. Məncə, onların əsərləri Tanrıya və həqiqətə daha yaxındır. Tanrı razı qalır. Və tanrı razı qalarsa sözdən və ədəbiyyatdan zövq almış olur. Tanrı razı qalmaya da bilər. Eybi yox. Təki ədəbiyyat yaransın. Sənət olsun. Gec-tez Tanrı da barışar.

Quzman dünyada olan əskikliyin, natamamlığın səbəbini "xəyal gücü və intellektin zəifliyi”ndə görür. Yəni, ədəbiyyatın sərhədsiz təxəyyülü ilə harmoniya və rahatlıq, zövq və həzzin gerçəkləşəcəyinə inanır. Bizim ədəbiyyatda çatışmayan cəhət intellektdir. Hardansa oxuduğu məlumatları olduğu kimi mətnə köçürmək prosesi dayazlıqdan xəbər verir. Həmin məlumatların ən yaxşı və sistemlisi vikipediya və nəzəriyyə kitablarında var. Bir də hazır bədii mətnlərdə. Fuentes romanlarının sosial funksiyası Tolstoy və Düma romanlarının estetikasına uyğun gəlir. Tolstoyun ciddi, peyğəmbəranə humanist realizmi və Dümanın əyləncəli, ironiyalı həqiqətlərində var olan sosial funksiya özünü klassik formada tapırdı. Fuentes sosial funksiyanın oyun və əyləncə estetikasını əsas götürür. Böyük, ciddi mətləbləri tarix, mədəniyyət və ədəbiyyatın əyləncəli ensiklopediyasına çevirir. İstedad və intellekti sayəsində.

Şəxsi intellekti olmayanlar isə nəzəriyyəni mənimsəmədən, olduğu kimi məqalə, esse, şeir, hekayə və romanlara yamayır. Şəksiz ki, onlardan Düma və Tolstoy olmaq gözlənilmir. Heç Fuentes olmağa da gərək yoxdur. Quzmanın dediyi kimi öz xəyal gücü və intellekti olsa artıqlaması ilə bəsdir. Əks halda var olan intellektin yoxluğu, kasadlığı və imitasiyası ilə qarşılaşırıq. Görünən istedad və intellekt başqalarına aiddir axı. Məsələni bir az daha dəqiqləşdirək. Xaricdə bir ədəbiyyatşünas və ya tənqidçi filan yazıçı barədə bir məqalə və ya esse yazıb. Az-çox oxumuşuq. Xəbərimiz var. Şəxsi intellekti olmayan o yazının daha pis bir variantını təqdim edir. Həm də öz adı ilə. Yaxud, türk və avropalı istedadlı bir şairin şeiri imitasiya edilir. Mimezis estetika çağında bu oğurluq sayılırdı. İndi isə hər kəs sərbəstdir. Ancaq şəxsi intellekti olmayanlar üçün bu sərbəstlik xaosunda boğulmaqdan savayı bir şey deyil. Tanrıya qarşı çıxsalar da olardı. Heç olmasa Tanrını "zənginləşdirərdilər”. Heç olmasa öz mətnləri olardı... /artkaspi/

# 1333 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #