Qadın müştərilərə intim mesajlar yazan taksi sürücüləri

Qadın müştərilərə intim mesajlar yazan taksi sürücüləri
17 noyabr 2021
# 15:00

Kulis.az Ulucay Akifin "Taksi əhvalatı" adlı yazısını təqdim edir.

Əvvəlcədən onu deyim ki, indi oxuyacağınız bu yazı nə köşə, nə esse, nə də hekayədir. Əgər ki, bu yazı üçün mütləq bir janr axtarışında olsanız, “əsəb”, “qanqaraçılıq”, “debilizm”, ya da “post-idiotizm” kimi adlandırma edə bilərsiniz.

Dünən işdən yorğun-arğın çıxıb əlahəzrət “Bolt” şirkətindən taksi sifariş elədim. Üç-beş dəqiqəyə sürücüdən zəng gəldi:

- Qardaş, yolda dəhşət tıxac var, mən bir az aralıdayam, olar ki, bu tərəfə gələsiniz? – sürücü məndən xahiş elədi.

- Problem deyil, gəlirəm – dedim.

- Qardaş, sizdə ödəniş nəğd olacaq, ya kartla? – sürücü üzüyola olduğumu görüb həmin an özünü narahat edən o məşhur və məşum sualı verdi.

- Nəğd ödəyəcəm, narahat olma – deyib sürücünün ürəyinə su səpdim.

- Hə, gəl onda, gözləyirəm – dedi.

Hiss elədim ki, cavabım onu yetərincə qane edib, məmnundu.

Maşının ön qapısını açıb sürücünün yanında əyləşdim. Salamlaşdıq. Radioda cəbhədən yeni xəbərlər verilirdi. Qulaq asdıq, bir az erməniləri söydük, bir az əsgərlərimiz üçün dua elədik.

Dəhşətli tıxac var idi. “Mən bu “sidenya”nı bir az arxaya eləyib uzansam problem deyil ki?” deyib oturacağı 45 dərəcə (bəlkə də daha az, 60 dərəcə) bucağında aşağı əydim. Etiraf edirəm ki, sürücünün razılığını gözləmədim, çünki hansısa sürücünün sərnişinin bu istəyinə etiraz edəcəyini düşünmürdüm, sualı da nəzakət xətrinə vermişdim.

Əl-qərəz, Bakının qəddar axşamçağı tıxacında bir taksidə 45 dərəcə (ya da 60) əyilmiş oturacaqda gözlərimi yumub dincəlirdim. Beş-on dəqiqə keçmişdi ki...

- Qaqaş, qalx düz otur, gedib evində yatarsan! – sürücünün səsinə diksindim.

Dikəlib sürücüyə baxdım:

- Başa düşmədim... – həqiqətən başa düşmədiyim üçün elə bu cür də dedim.

- Nətər yəni başa düşmədim?! Mən bu maşına 20 min saymamışam ki, kimsə içində yatsın! – daha əsəbi tonla dedi.

- Ədəbsiz nəsə elədim? – hərçənd bu sualı verəndə, artıq içimdə onun “ədəb” sözünün mənasını bilməyinə dair də dərin şübhələr baş qaldırmışdı. Siqaret çəkib külünü maşınına tökmürəm, maşınına qusmuram, tüpürmürəm. İşdən çıxmışam, yorğunam deyə oturacağı dala eləyib uzanmışam da...

İnanın səmimiyyətimə, eynən bu cür çox mədəni formada və asta tonda dedim.

Maşına 20 min saydığını deyən və bunu niyəsə mənim gözümə soxan sürücü daha da əsəbiləşdi:

- Mənim maşınımda heç kim siqaret çəkə bilməz də! Özümdən başqa! – “peçat otvetlər” janrında söhbətlərin olacağını hiss etdim. Yorğunsan komfort taksi zakaz elə, istədiyin kimi uzan get!

- Ekonom taksi zakaz eləyəndə narahat getməliyəm? (güldüm) Səsinin tonunu belə qaldırma, müştəri ilə danışırsan. Maşınını qırmamışam ki. Oturacağın arxaya getmək funksiyası var, ondan istifadə eləmişəm də. Səndən də icazə aldım.

- İcazə istəyib o dəqiqə endirdin sidenyanı!

- Etirazın var idi o dəqiqə deyərdin, endirməzdim də. 10 dəqiqədən sonra ayıldın?

Söhbətin çox qeyri-müəyyən, absurd bir məcraya yönəldiyinin fərqinə vardım və buna heç həvəsim olmadığını gördüm:

- Sən maşını qabaqda bir yerdə saxla, mən düşəcəm. - yenə normal şəkildə dedim.

- Ödəniş eləyib düşərsən! - bu dəfə əməllicə üstümə qışqırdı.

- Nə ödəniş?! Heç yolun yarısını gəlməmisən, hələ mənlə də bu tonda danışırsan. Saxla qabaqda, düşəcəm!

Göydə Allah, yerdə isə tıxacdakı maşınlar və sürücülər şahiddir ki, düz yolun ortasında saxlayıb “düş!” dedi. İçimdən "lənət şeytana" deyib düşdüm. Düz yolun ortasında! Başqa yol taksilərindən birini saxlayıb lazımı ünvana getdim.

Soruşa bilərsiniz ki, bütün bunları niyə yazdım?

Ol səbəbdən yazdım ki, taksilərdə yaşadığımız problemlər artıq bəs qədər çoxalıb və iyrəncləşib.

- sürücülər kartla ödəniş edəcək müştərilərin sifarişlərindən imtina edirlər,

- çox ucuz qiymətə işlədiklərini, qazanclarının çox aşağı olduqlarını və bu kimi müştəriyə dəxli olmayan problemlərini dilə gətirirlər, özü də minnət tonunda,

- qalıq qaytarmaq istəmirlər, pulunun qalığını gözləyən müştərilərə minnətlə baxırlar, hətta bəzən baxışlarla kifayətlənməyib ağız da əyirlər,

- xanım müştərilərə “padxod” edirlər, sifarişdən nömrələrini götürüb axşamlar mesaj yazırlar, zəng edirlər,

- xanımlara təcavüz cəhdlərinin sayı artır.

Bunlar hələ problemlərin çox kiçik bir qismidir.

Mən çox gözəl başa düşürəm, insanlar yaxşı pul qazana bilmir, maaşları yaşamağa bəs etmir, buna görə də işdən sonra əlavə olaraq taksi fəaliyyəti göstərirlər. Saatlarla işləyirlər, yuxusuz qalırlar, gərgin olurlar, amma bunların heç biri müştəri ilə bu cür rəftar etmək üçün onlara haqq vermir.

Burada ən böyük günah isə taksi şirkətlərinin boynuna düşür. Milyonlarla pul qazanan taksi şirkətlərini bütün bu məsələlər qətiyyən narahat etmir. Nə müştəri məmnuniyyəti, nə də əməkdaşlarının (sürücülərin) narazılıqları.

Taksi xidmət sektoruna aiddir və xidmət sektorunda müştəri məmnuniyyəti, təhlükəsizliyi ən vacib şərtlərdən biridir.

Hər maşını olan adam telefonla qeydiyyatdan keçib bu işlə məşğul ola bilməz, olmamalıdır!

Bunun narkomanı var, manyakı var, səhhətində problemi olan var, psixoloji vəziyyəti qaydasında olmayanı var.

Taksini sırf “patı” pulunu qazanmaq, ya da qız tutmaq üçün sürənləri necə bu işə qəbul etmək olar?! Niyə buna nəzarət edilmir?!

Milyonlar qazanan taksi şirkətləri “işə götürdükləri” sürücülərin psixoloji və bioloji, fiziki vəziyyətini mütləq araşdırmalıdır. Sürücülər tibbi müayinədən keçməlidir, “çekap” edilməlidir, işə qəbul zamanı müsahibə mərhələsi olmalıdır. Hər maşını olan, əlinə telefon alıb qeydiyyatdan keçərək belə məsuliyyətli peşəni icra etməməlidir.

Bundan əlavə, həmin şirkətlər o milyonluq qazanclarından çox cüzi bir məbləğ ayırıb sürücülər üçün treninqlər, təlimlər keçirməlidir. Lap ən yaxşı, nümunəvi sürücüləri üçün mükafatlar verməlidir.

Yox, əgər bütün bunlar onları narahat etmirsə, insanlar da bu şirkətlərin xidmətindən biryolluq imtina etməlidir.

İndi yadıma düşdü.

Vallah, dünən mübahisənin qızğın məqamında taksi sürücüsü mənə belə dedi:

- Xoşuna gəlmirsə, düş, avtobusla get hara gedirsən!

Həyatın ironiyasına baxın, əvvəl bu cümlənin əksini bizə avtobus “şoferləri” deyərdi.

Görünür, belə davam etsə, elə basabas, dayanacaqlarda uzun-uzadı gözləyən avtobuslar daha düzgün, mərifətli seçim olacaq.

Adamların “Bolt”u boşalıb, ilahi. Sən özün bizə kömək ol!

# 6856 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #