Kulis.az Ulucay Akifin "Şəhidin nişanlısını qardaşı ilə evləndirənləri alqışlayanlar" yazısını təqdim edir.
Dünən bir xəbərə rast gəldim: "Şəhidin nişanlısını qardaşına ərə veriblər".
Bir də deyim. Şəhidin nişanlısını qardaşına ərə veriblər.
Yəni bir oğlan gedib müharibəyə, vətəni, ailəsi, qardaşı, nişanlısı uğrunda döyüşüb, şəhid olub, həmin o ailəsi, qardaşı, nişanlısı da onun ölümündən sonra belə bir iş görüblər.
Xəbəri oxuyanda, quruyub qaldım yerimdəcə.
Kompüterin sağ alt küncündə tarixə baxdım:
27.04.2023
2023-cü il.
İl olub 2023, adamlar artıq Marsda həyat axtarırlar, Yupiterə kosmik raket göndərirlər, atomu parçalamağa çalışırlar, nə bilim, nələr etmirlər ki?
Azərbaycanlılar neynəyir?
Azərbaycanlılar şəhid olmuş oğlanın nişanlısını qardaşına ərə verirlər.
Əgər mənim azərbaycanlılara nifrət etdiyimi düşünürsünüzsə, düz düşünürsünüz.
Səmimi etiraf etməliyəm. Yalandan bir-iki adam məni alqışlasın, tərifləsin deyə artistlik eləyə bilmərəm. Azərbaycanlılara zərrə də hörmətim yoxdur. Nolsun ki, mən də azərbaycanlıyam, mənim qohum-əqrəbam, dost-tanışlarım da azərbaycanlılardır. Azərbaycanlıların sevgisinə zərrə də ehtiyac duymuram. Azərbaycanlılar maksimum Şəbnəm Tovuzlunu, Manaf Ağayevi sevə bilərlər.
Onların saf sevgiləri ancaq bu adamlaradır. Çünki potensialları budur. Dərk edə bildikləri Manaf Ağayevdir. Ona görə 10 min verib Manaf Ağayevi toylarına çağırırlar. Azərbaycanlılar heç vaxt Cəlil Məmmədquluzadəni, ya bir başqa yazıçını, düşüncə adamını sevə bilməzlər. Allaha and olsun ki, sevməyiblər də, indi də sevmirlər. Hətta nifrət edirlər.
Azərbaycanlıları da ancaq şəbnəm tovuzlular, manaf ağayevlər sevər. Çünki azərbaycanlılar ancaq onlara sərf edir.
Hə, dünən şəhidin nişanlısının qardaşına ərə verilməsi xəbərini oxuyanda, bir də başa düşdüm ki, biz nəhəng, ucsuz-bucaqsız bir Danabaş kəndində yaşayırıq. Cəlil Məmmədquluzadənin ölümündən 100 ilə yaxın vaxt keçib, amma Danabaş kəndi hələ də var, "Ölülər" hələ də sağdır.
Şəhidin nişanlısının qardaşına ərə verilmə xəbərinə "düz eləyiblər", "sizə nə dəxli var, öz işləridir", "yaxşı eləyiblər" yazanlar var. Çoxdular.
Deyirlər ki, bəs o şəhidin nişanlısı "evdə qalmasın", "adına söz çıxmasın", "başqasına ərə getməsin" deyə belə ediblər və düz ediblər.
Belə deyirlər.
Necə murdar, necə debil adamlardır.
Bunlar elə başqasının həyatına burnunu soxan, kiminsə adına söz çıxaran, lap namusunu ləkələyəcək adamlardır. Öz murdarlıqlarına bələddirlər, ona görə belə düşünürlər. Hər şeyi öz arşınları ilə ölçürlər.
Adama deyərlər ki, ay idiot, şəhidin nişanlısı həyatını yaşamalıdırsa, əgər bunu istəyirsənsə, başqasına ərə getsin də. Onu sevən başqa biri ilə ailə həyatı qursun da. Bunu qınayırsan, amma nişanlısının qardaşına ərə getməyini alqışlayırsan?
Bu, debilliyin hansı dərəcəsidir?
Deyənlər var ki, bu, adətdir, keçmişdə də belə olub.
Gənclər, sözüm sizədir. Rədd edin bu "el ağsaqqallarının", "el ağbirçəklərinin" özləri kimi axmaq, murdar, əxlaqsız adət-ənənələrini. Öz beyninizin klapanlarını açın, özünüz qərar verin doğru olan nədir, səhv olan nədir. Özünə umac ova bilməyən adamların sizə əriştə kəsməyinə icazə verməyin! Siz də onlar kimi olmayın.
Gözünüzü açın.
Şəhid ailələrinə həddindən artıq məsuliyyət yükləyirik. Onlara rahat yaşamaqları üçün imkan vermirik.
Onlara "Siz şəhid ailəsisiniz, qardaşınız, əriniz, atanız bizim üçün şəhid olub, bizim üçün ölüblər, deməli, siz də bizim istədiyimiz kimi yaşamalı, bizim istədiyimiz kimi ölməlisiniz!" deyirik. Bax, biz buyuq!
Biz şəhidin nişanlısına belə başqası ilə ailə həyatı qurmağı qadağan edirik. Deyirik ki, qələt elə, otur yerində, başqasına ərə getmək nədir, artıq sənin öz həyatın yoxdur, sənin həyatını da biz yaşayacağıq, öz istədiyimiz kimi.
Şəhid anasına deyirik ki, sənin kiməsə ərə getmək haqqın yoxdur, xoşbəxt olmaq haqqın yoxdur!
Belə deyirik.
Və sonuna qədər də əminik ki, düz deyirik, belə olmalıdır!
Şəhidin nişanlısının qardaşına ərə verilməsini normal qarşılayan, bunu alqışlayan adamların hamısı əxlaqsız, mənəviyyatsız adamlardır. Onların cinsi orqanlarından başqa orqanı, xüsusən də, beyni yoxdur.
Əxlaqlı, təfəkkürlü adam bir qızın sevdiyi oğlanın qardaşı ilə evlənməsini necə normal qarşılaya bilər?
Əxlaqlı adam necə öz ölmüş qardaşının sevdiyi qızı, nişanlısını, həyat yoldaşını özünə həyat yoldaşı edər?
Hansı ağla, hansı mənəviyyata, hansı əxlaqa sığar bu?
Buna haqq qazandıran adamlar sabah öz qardaşının yoldaşına rahatca göz dikə biləcək adamlardır. Başqasının adına söz çıxaran adamlardır.
Hə. Azərbaycanlılara nifrət edirəm. Nifrət edirəm ona görə ki, il olub 2023 və mən hələ də belə mövzularda yazılar yazmağa məcbur qalıram.
Mən də istəyərdim ki, çox sivil, normal bir cəmiyyətdə yaşayım, gözəl hekayələr, yazılar yazım, enerjimi belə şeylərə sərf etməyim. Amma azərbaycanlılar yazıçıya dil çıxarıb gülürlər ki, özünüzü yormayın, biz hələ danabaşıq ki, danabaş!