2 milyon dollar, yoxsa 100 minlik vakansiya? – Tural Turan yazır...

2 milyon dollar, yoxsa 100 minlik vakansiya? – Tural Turan yazır...
16 mart 2023
# 12:56

Kulis.az Tural Turannın yeni yazısını təqdim edir.

Hansını seçirsiniz: 2 milyon dolları, yoxsa 100 minlik vakansiyanı?

Azərbaycanda ən azı 2 milyon dollarınız yoxdursa, şairliyin, yazıçılığın başını buraxın. İndi deyəcəksiniz ki, bu 2 milyon məsələsi haradan çıxdı? Mən sadalayım, siz də qulağınızda sırğa eləyin.

Əvvəla, bu 2 milyon məsələsi ciddi yazıçılar, şairlər üçündür. Qeyri-ciddi imzasınızsa, deməli, sizə aidiyyəti yoxdur.

Ciddi yazıçı, şair o insanlara deyilir ki, qarşısında topdağıtmaz hədəfləri var. Məsələn, “Nobel”, “Buker”, “Man Asia”, “Migel de Servantes” kimi mükafatlardan danışıram. Heç olmasa, mükafat almasa da, minimal hədəfi brend imza mərhələsinə çatmaq olmalıdır.

Hiss edirəm, öz-özünüzə deyinirsiniz ki, əsas istedaddırsa, bəs 2 milyon nəyə lazımdır?

Dedim axı, ciddi məsələlərin ciddi maneələri olur...

2 milyonun 500 min dolları yazılan əsərlərin nəfis tərtibatla çapı və cari reklamı üçündür. 250 min dolları isə yazıçı və əsərlərinin öz ölkəsi daxilində il boyu tanıtımlarına xərclənməlidir. Ona görə ki, ölkəsindəki oxucu elitası onu daha geniş formada tanıya bilsin.

Yalnız ölkədəki “oxucu-tanıtım böhranı”nını həll etmək üçün artıq 750 min dollarımızı xərclədik. Yerdə 1 milyon 250 min dollar pulumuz qaldı.

Həmin pulun 500 min dollarını əsərlərinizin xarici dillərə tərcüməsi üçün ayırırıq.

Digər 500 min dolları isə onun çapı üçün bir kənara qoyuruq.

Əlimizdə qalan son 250 min dolları isə xaricdə çap olunan əsərlərin reklamı və həmin ölkələrə səyahət pulu üçün ayırırıq.

Beləliklə, dünyaya çıxmaq üçün 2 milyon dollara ilk addımımızı atmış olduq. Allah xeyirimizi versin!

Sonrakı mərhələləri reklamlara xərclədiyimiz vəsaitlər qarşılayacaq. Artıq kitabların satışından gələn gəlirlər sizi brend imza kimi ayaqda tuta biləcək.

Bizim yazıçıların indiki durumuna heç “bit bazarı”ndakı alverçilər düşməyiblər.

300-500 nüsxə kitab çap etdirirlər. Təqdimatlarda 150-200 kitab ancaq satılır. Gələnlərin əksəriyyəti də ya qohumlarıdır, ya da yazıçı dostları. Təqdimatdan sonra yığılan pula da yazıçı və şairlərin həmkarları yeyib-içmək məclisində başına daş salırlar, vəssalam.

Ona görə də, Biləcəri ilə “28 May” metrostansiyası arasında qutabxanalarda təsbeh çevirirlər.

Sürət qatarı isə hər gün “zavağzalnı”dan yola düşür. Soyunun əyninizdəki sovet təfəkkürünü, dünyaya 300 səhifəlik “Yazacam hələ”, “Analı dünyam” kitabları ilə çıxmaq ümidinizin üstündən birdəfəlik xətt çəkin.

Anarı, Elçini yox, İşiquronu, Pamuku, Pettersonu, Rolinqi nümunə götürün...

Vallah, indi heç “Qırmızı limuzin”lər, “Ox kimi bıçaq”lar, “Bir-iki bizimki”lər və bu kimi lazımsız əsərlər də sizi “Nobel”ə aparmayacaq...

Dünyaya Bakı kimi çökəklikdə yerləşən şəhərdən yox, 4466 metrlik Bazardüzündən baxın. Görün, oradan Elbrus, Pamir, Alp dağları, Karpatlar necə görünür... Bazardüzündən baxanda yazıçılıq, şairlik də sizə yeni biznes sektoru kimi görünəcək.

“Quru” istedadınız varsa, 2 milyonunuz yoxdursa, ya tamadalığa keçin, ya da kiçik sahibkarlığa... Qazanc gətirməyən yerdə nə işiniz var? Desəniz ki, yazıçılığa biznes sahəsi kimi yox, könül işi kimi baxırıq, o zaman muştuluğumu verərsiniz, bir şad xəbəri də deyib gedirəm:

– Könül İşləri Nazirliyində 100 min nəfərlik vakansiya var. Şeirlərinizi vurun qoltuğunuza, “Əmək kitabçası”nı da götürməyi unutmayın. Üçün-dördə şəkili orada özləri çəkirlər.

# 2805 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #