Bikənin quşları

Bikənin quşları
8 aprel 2015
# 11:41

Esse

Qonağımız gələcək deyə, tezdən oyanıb, iş-gücə, biş-düşə başlamışdım. Paltar yuyur, mətbəxə qaçır, arada bir uşaqlara baxırdım - görüm yuxudan durublar ya yox.

Vərdiş halını almış deyingənliyimdən bəzən özüm də bezirdim. Son günlər bel ağrısı amanımı kəsib, əsəblərimi tarıma çəkirdi. Bir yandan da bu çətinliklər. Heç nəyi çatdırmaq olmur. Quru maaşla necə dolanasan ki? Yemək, gəzmək, geyinmək istəyirsən. Danışıb tələb edəndə də, evdə dava, söz-söhbət düşür. Allah saxlamış uşaqlar da bilmir: var, yoxdu, elə deyir ki, ver gəlsin. Nə isə, deyiləsi dərd deyil.

Elə bu düşüncələr içində eyvana çıxıb paltarları sərməyə başladım. Gözüm bizdən bir mərtəbə aşağıda yaşayan Bikə xalanın eyvanına sataşdı. O, iri boşqabda çörək qırıntılarını isladaraq, gül dibçəyinin yanına düzmüşdü. Eyvandakı səliqəsizlik – solmuş gül ləçəkləri, rəngbərəng paltar asılqanları, köhnə qab-qaşıq bir-birinə qarışmışdı. Yenə deyinməyə, darıxmağa başladım. “Bu arvadın da işi-gücü yoxdu. Elə bu dəqiqə gözlə, ay Bikə, sərçələr tökülüb gələcək, sənin islatdığın çörəkləri yeyəcəklər”. Pintiliyə bax, gör eyvanda nə qədər zir-zibil var. Elə bu arada qonşunun eyvanına sinəsi, lələkləri parıltılı, cazibəli bir quş qondu. Onun ardınca başqaları da gəldi. Heyrətdən donub qalmışdım. Onlar “Min bir gecə” nağıllarında təsvir olunan quşları, bir az da, balaca tovuz quşlarını xatırlatdı mənə. Axı, şəhərin mərkəzində bunlar hardan peyda olmuşdu? Fələk onları Bikə xalanın eyvanına çörək yeməyəmi göndərmişdi?

Sürahiyə söykənib, az qala nəfəs almadan quşlara tamaşa etməyə başladım. Çörək qırıntılarını böyük iştahla yeyən, hər udumdan sonra başlarını göyə qaldırıb Allahın varlığına, bir də Bikə xalaya dua edən quşlar məni ovsunlamışdı. Mənə elə gəlirdi, onlar Tanrıya şükür edirlər. Günəşli Bakı səhərinin xoş havasında yeyib doyduqdan sonra, dimdiklərini bir-birinə toxundurdular. Elə bil xoşbəxtlikdən məst olmuş quşlar qəfil gəldikləri kimi, tez də uçub üzü dənizə doğru getdilər.

Qəlbimdə ani olaraq bir təəssüf hissi yarandı. Quşların uçub getməsi məni kədərləndirmişdi. Lakin, bu hal uzun çəkmədi. Dəniz üzərində uçan quşları xəyalən də olsa təsəvvürümə gətirdim. Yuduğum paltarların təmizliyi ilə quşlar arasında bir əlaqə, bənzətmə hiss etdim. Quşlar və bəyazlığa bürünmüş paltarlar təmizliyin, saflığın bir nümunəsi idi. Bayaqkı giley-güzarımdan əsər-əlamət qalmamışdı. Həyat, yaşayış çətinlikləri ilə bağlı ürəyimə ağırlıq gətirən düşüncələr qar kimi əriyib getmişdi. Mən dünyaya gəlişimə sevinir, bu gözəlliyin şahidi olduğumdan fərəhlənirdim.

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

# # #