İlan ovsunu – Təranə Fazilqızı yazır

İlan ovsunu – Təranə Fazilqızı yazır
27 mart 2017
# 12:24

Kulis.az Təranə Fazilqızının “İlan ovsunu” hekayəsini təqdim edir.

Zülmət zamana hakimlik edir. Yaxınlaşan ayaq səslərinin və saçlarına dəyən mehin insana aid olduğunu güman etsə də, gözlərini açmağa qorxur. Göz qapaqları ağırlıqdan pudluq daşlar kimi sallanıb. Uzaqdan itlər canavar kimi ulaşır. Vahimədən ayaqlarını qarnına yığıb yumaq kimi bükülür. Qulağına dəyən səs onu haylayır. Səsin kimə məxsusluğunu ayırd etməyə çalışsa da, alınmır. Səs itir, yerini kölgə tutur. Ayağa durub kölgənin dalınca düşür. Çönüb arxaya baxır, yatmış vücudunu yerində görüb çaşır...

Vücuduna hopan işıq seli onu dartıb aparır. Dinməz-söyləməz qoşa gedirlər. Qayaların, təpələrin üstündən uçurlar. Hər tərəf yaşıl çəməndir. Uca dağların əhatəsində, mağaraya oxşar qayanın yanında dayanıblar. Ətrafa baxır, bu zaman işıq seli əriyib yox olur. Mağaradan gələn nəm hava onu çəkir. Maraq güc gəlib, içəri girir. Bir addımlıqda dayanıb baxır. İlanlar ətrafda qaynaşsa da, qorxmadan irəli yeriyir. Qəribədi, ilanların qoxusu olur? O, bu qoxunu açıq-aydın hiss edir. Qara xallı ilan ayaqlarına sürtünərək belinə sarmaşıqtək sarınır. Qıvrılaraq üstündə gəzən ilanın soyuqluğu vücuduna məstlik verir. İlan haçalı dilini çıxarıb aşiq tək gözlərinin içinə baxır. Bu baxışlardan hərarət, sevgi axır içinə. Qoxusu doğma olsa da, xatırlaya bilmir.

Dayan, dayan, ola bilməz...

İnsan, ilan? Yox, yox! Bu mümkün deyil!

Birdən özünə gəlib qorxur, qışqırmaq istəsə də, səsi çıxmır. İlan insan kimi dil açıb:

- Demək sən bu imişsən. Birgə yaşanan günlərimiz, arzularımız hər şey saxta imiş. Elə bilirdim ölməyim səni param-parça edəcək, dərd qamətini əyəcək, gözlərində olan gülüşü donduracaq. Sonra, qəbrim üstə gələrək hey ağlayacaq, geri dönməyimi arzulayacaqsan...

Sən demə...

Əhdinə dönük olanım, elə baxma mənə. Sənsiz ömrüm viran oldu. Bunu hiss etməli, duymalıydın. Kaş ki, keçən günlərimi geri qaytara bilsəydim, hər şey başqa cür olardı. Yoxx, səni itirmək fikrində deyiləm!...

Danışmaq istəsə də, dili tutulub, vahimədən gözləri bərəlib. Qollarını sıxan ağrıdan azad olmaq istəsə də alınmır. Çarəsiz axan göz yaşlarını ilan gülümsəyərək haçalı diliylə silir. O, düşdüyü halətdən, az qala bihuş olur. Qızın vücudunun sıxıldığını görən ilan boşalır. Bir anda tərəddüd etmədən ilanın boğazından tutub onu boğmağa çalışır. Boş havanı yarır. Bir də, bir də əl atır, lakin əbəs yerə özünü yorur...

Nə qədər cəhd etsə də, heç nə olmur. Yorğunluqdan qolları susdalır. Heysiz qollarını biləkdən ovuşdurur və ayılır. Xəyalla gerçəkliyin olmadığı bir nöqtədədi. Bu nədir? O, yatmışdı?! Yəqin ki...

Mətbəx masasına qollarını dayaqlayıb yatdığından qanı vücudunda donub. Ayağa durur, gəzişir. Ayaqları qıc olub. Bir nöqtədə dayanıb gördüyü yuxunu xatırlamağa çalışır. Yadına düşmür. Beynini nə qədər didib-dağıtsa da, faydası yoxdu. Vücuduna dolan narahatlıqdan əsəbiləşir. Dayan, deyəsən yadına düşdü axı! İşıq seli və göydə quş kimi qanad açıb pərvazlanan cismi...

Bəs sonra?!..

# 1359 dəfə oxunub

Müəllifin son yazıları

# # #