Kulis.Az Tehran Əlişanoğlunun “Tarixi janrın həqiqətləri (2015-ci ilin tarixi romanları)” məqaləsini təqdim edir.
Ötən ədəbi il tarixi roman janrında vur-tut iki əsərin yaranması ilə əlamətdar olmuşdur. Elçinin “Baş” romanı və Sabir Rüstəmxanlının “Şair və şər” romanı.
Bu, heç də son on ildə tarixi janra müraciətdə müşahidə olunan “bum”un səngiməsinə dəlalət eləmir. Sadəcə xronoloji ilin obyektivinə düşən faktlar bundan ibarətdir. Bütövlükdə çağımızda tarixi mövzuya maraq yenə də şiddətlə davam etməkdədir; təkcə roman janrında yox, hekayəçilikdə də, epik poeziyada da, teatr və dramaturgiyada da. Mövzu planında: mifik əşirətdən yaxın sovet dönəminəcən tariximizin az qala bütün mərhələ və çeşidləri, üslub etibarilə: ciddi konseptual yanaşmalardan ən sərbəst “tarix əyləncələri”nə qədər hər növ təzahürlər bu gün tarixi janrın malı olur və əksərən də keçmişin boşluqlarını doldurmağa xidmət edir. Bəlkə də burda bir qəbahət yoxdur; maariflənmək heç zaman gec deyil. Amma onu da düşünsək qəbahət olmaz ki: növbənöv kəmiyyətin meydan sulaması hardasa həm də janrın böhranından xəbər verir. Ənənəvi ölçülərdə “tarix” yaratmaq, tarixin daha da obyektiv mənzərəsini cızmaq cəhdləri indi yalnız “təkrar” və yaxud da “potensial təkrarlar” təsiri bağışlayır; bizim milli romançılığın son on ildəki mifik və dini keçmişlərə, yaxud şahlar, xanlar tarixlərinə israrlı səyahətləri də bunu görükdürdü (geniş bax: T.Əlişanoğlu, Müasir nəsr Azərbaycançılıq ideyaları işığında // “Ədəbiyyat qəzeti”, 13 iyun 2015).
Belə görünür ki, tarixin bügünləşdiyi, bu günlə tarix arasındakı sərhədin getdikcə daha çox qeybə çəkildiyi post-tarix dövrünün tarixə yanaşması bir başqadır və roman janrı da bu başqalaşmadan yan ötə bilməz. Adını çəkdiyim hər iki roman – Elçinin “Baş” və S.Rüstəmxanlının “Şair və şər” romanları da bütövlükdə janrın ölçülərini saxlamaqla, zamanın tələblərinə də biganə olmayıb, tarixə müasir oxucunun qəlbinə yaxın nöqtələrdən girməyə çalışır.
Hər iki roman gərəyincə reaksiya doğurub, rezonanslardan da bilirik ki, yazıçılar Vətən tarixinin bu gün də aktual səhifələrinə üz tutublar. Elçin oxucunu Bakı xanlığının rus imperiyası tərəfindən işğalı fonunda XIX əsrin əvvəllərinə aparır, S.Rüstəmxanlı isə romantik şair M.Hadinin bioqrafisi fonunda XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan həyatına. Janrın ölçüləri tam qorunmuşdur: hər iki mətndə tarix üzərinə hadisələr, düşüncələr, ideya və mətləblər həm də müasirliyin adekvatı olur, Azərbaycan varlığı, Azərbaycan toplumu, Azərbaycan insanı və s. mənalara, bu ətrafda daha da nələrəsə oxucu diqqətini cəlb edə, yönəldə bilir. “Daha da nələrsə” bu məqamda vacibdir, romanın konkret özəlliyini təmin edir, onu “tarix”dən və digər romanlardan fərqləndirməklə, nədənliyinə, yaranma səbəbiyyətinə də ayna tutur.
Məsələn, “Baş” romanına yazdığı ön sözdə Elçin özü bunu belə izah edir: “Tarixçilər bu romandakı isimlərin hamısı ilə, buradakı məktublarla, ayrı-ayrı tarixi epizod və məqamlarla bağlı arxivlərdə axtarışlar aparmasınlar, çünki heç nə tapmayacaqlar. Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən və müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil”. S.Rüstəmxanlı isə “Şair və şər”in janrını “düşüncələr romanı” göstərməklə tarixi əsərlərdən fərqli özəlliyinə diqqət çəkir.
Ümumən, S.Rüstəmxanlı son on ildə bir-birinin ardınca qələmə aldığı “Göy tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri” kimi romanlarında millət tarixinin əşirətdən bu günə ən taleyönümlü, dönüş nöqtələrinə işıq salmaqla böyük maarifçilik işi görür. Bu baxımdan “Şair və şər” romanı da istisna deyil. Bioqrafik roman strukturunda qurulmaqla, mətn ilk növbədə M.Hadinin həyatını canlı dinamikada, uşaqlığından vəfatınacan hadisələr, dəyişmələr, insanlar, tarixi personajlar, Şamaxı-Kürdəmir-Hacıtərxan-Bakı-İstanbul-Karpat, yenə Bakı və Gəncə trayektoriyası fonunda təqdim edir. Təbiətin möcüzəsi Şamaxı zəlzələsindən qoparaq sanki şairin taleyində daim bir zəlzələ yaşanır, onu diyarbədiyar qovur, amalına-istəyinə doğru çəkib-aparır. Tale həm amansızdır, şairi hər yerdə faciələrlə, məhrumiyyətlərlə üzləşdirir, həm də doğmadır, istiqbal vəd edir, onu yaşadır. Şairin həyatı millətinin taleyinə bənzəyir, ictimai-siyasi zamanın təlatümlərini varlığında təcəssüm etdirir. Romanda maarifçilik hərəkatının canlı lövhələri var: Şamaxıda təhsil aldığı mollaxana mühitində, Kürdəmirdə Ağa Əfəndi ilə birgə açdığı məktəbdə, Həştərxanda Mustafa Lütfinin açdığı məktəb və qəzetdə, Bakıda qəzetçilər və şairlər mühitində cəhalətlə açıq mübarizə səhnələrində. Romantizm hərəkatının parlaq səhifələri “Füyuzat” redaksiyasında, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.Kamal və b. ilə münasibət və dialoqlarda əksini tapır. Milli müstəqilliyin qazanılması, Cümhuriyyət epizodları şairin həyatının son yarpaqlarında əks-səda verir və s.
Bütün bu tarixi mündəricata görə milli oxucu, millət oxucusu, şəksiz ki, romançıya minnətdar olmalıdır. Və hətta, onu da deyim, biz müəllimlər ədəbiyyat tarixinin tədrisində “Difai fədailəri” ilə yanaşı, indi bu romandan da əyani vəsait olaraq bəhrələnir, tələbələrə oxumağı tövsiyə edirik. Amma qayıdaq o məqama ki, “Şair və şər” romanının xidməti yalnız müasir oxucunu klassik şairlərimizdən bəlkə də ən qəlizi bildiyi M.Hadinin həyat və yaradıcılığına yaxınlaşdırmaqla bitmir.
Romanın əsas önəmi sadəcə tarixi deyil, üstəlik Tarix üzərinə düşüncə romanı olmasındadır. Həm də “düşüncə romanı” dedikdə birbaşa müəllif düşüncələrindən söhbət getmir; publisist S.Rüstəmxanlının yeri başqadır (məsələn, “Ömür kitabı”nda, “Xətai yurdu”nda olduğu kimi). “Şair və şər”də yazıçı roman xronotopunu uğurla tapıb; bütünlükdə hadisələr, zaman, tarixi-mədəni durum, ictimai-siyasi proseslər, mənəviyyat-əxlaq, eyni zamanda həm varlıq (olum-itim), həm məişət problemləri və s. qəhrəmanın –M.Hadinin iç dünyasında(n) nəzərdən keçirilir; şairin qəlbində qərar tutub, burda cücərir, böyüyür, düşüncəyə çevrilir, sığmayıb misralara köçür, şeirə dönür, ətrafını nurlandırır, fəth edir, cahana səs salır və s. Romançı çox böyük uğurla Hadi şeirinin içinə girir, altşüur seli şəklində onu həm çözür, həm də ətrafda nə baş verirsə həmin şeir vasitəsilə çözülür; ta ki, xronotopun mərkəzində şairin aləminin özü durur... S.Rüstəmxanlı eyni uğurla romantik şairin dünyasında dolaşır, xəyallarını-ideallarını bölüşür, dönməz, əyilməz vücuduna, şəxsiyyətinə nüfuz edir, qəhrəmanı ilə eyniləşməyə çalışır. Millət sevdası, Vətən eşqi, vətəndaş hünəri, azadlıq ehtirası, istiqlal savaşı... – bu yerdə zaman-məkan düşüncələrinə (xronotopa) XX yüzilin 70-ci illərinin şairi, S.Rüstəmxanlının öz dünyası da qovuşur, əsrin əvvəllərinin millət istəyi-sevgisi-fədailiyi əsrin sonunun əks-sədası ilə tamamlanır. Müstəqillik epoxasını yaşayan, milli ruhda, milli ideyalarla tərbiyələnən oxucu ilə düşüncə romanı məhz bu əsasda kontakt yaradır, oxucu qəlbinə girə bilir...
Bu nöqtə – milli insan idealı, başqa sözlə: idealda milli insan modelidir: türk qanlı, müsəlman əqidəli, müasir təfəkkürlü. Bu – Oğuz xandır, bu – Cavad xandır, bu – Əhməd Ağaoğludur, ən nəhayət, bu – Məhəmməd Hadidir. S.Rüstəmxanlı romanlarında oxucusu ilə tarixi diskursda danışır.
İdealda milli insan modeli “Baş” romanından da keçir. Bakı xanı Hüseynqulu xanın bacısı oğlu Mahmud bəyi yada salaq: “Mahmud bəy “millət” dedikdə yalnız Abşeron camaatını yox, hətta yalnız bütün xanlıqlar da daxil olmaqla Azərbaycan əhalisini yox, dünyada yaşayan bütün türkləri nəzərdə tuturdu və bu adlı-sanlı cavan bəyin od kimi püskürən əqidəsi – türkçülüyü də hamıya və təbii ki, Bakı xanının məşvərət otağında əyləşmiş bu adamlara da yaxşı məlum idi”. Bu şəkildə aktuallanmış milli insan obrazı real planda XIX əsrin əvvəlləri üçün, təbii ki, tezdir. Yazıçı bunu romana problematik olaraq, sonrakı dövrdən, deyək, XX əsrin əvvəllərinin romantizm hərəkatından alıb daxil etmişdir. Çün Başın bildiyini milli Ruh daha əvvəldən bilir. Romanda ideal planda aktuallanmış digər milli insan obrazları da var: gürcü millətçiləri Babua Arçil kimi, çariça Mariya kimi, Vaxtanq Potsaxişvili kimi, rus millətçisi kapitan Fyodr Mitrofanoviç Suxaryov kimi... Hətta əslindən-kökündən qopub, qatı velikorus şovinisti kimi yetişmiş çarın Qafqazda sərdarı Pavel Sisianovu da bu sıraya aid etmək olar: “Tale məni hara atıbsa, mən hansı xalqı, hansı milləti tanımışamsa – hər dəfə rus ruhunun böyüklüyünə və unikallığına əmin olmuşam. Rusiyanın ərazisi nə qədər böyükdürsə, ürəyi də o qədər genişdir. Ancaq, -şübhəsiz ki, sən məni düzgün başa düşəcəksən, - bu vəhşi Qafqazda rus ruhunun mərhəməti ilə rus ruhunun humanizmi, mehribanlığı ilə heç nəyə nail olmaq mümkün deyil... Biz müəyyən müddət manevrlər etməliyik, gözləməliyik, ancaq prinsip etibarilə qafqazlılarla yalnız zor, zor və yenə də zorla danışmaq lazımdır...”
Yazıçı həmin sıra obrazları ümumən romantik-emosional tonallıqda, daxilən gərgin, ətraf gerçəklərlə kontrastda, amma eyni zamanda hər birisini tam fərqli hadisə-süjet, situasiya və detallar vasitəsilə seçkin xarakterlər kimi təqdim edir.
Bu planda romanda ideal türkçü obrazına da hacət var və heç təsadüfi deyil ki, milləti alçaltmağa çalışan rus şovinisti Pavel Sisianovun qabağına Mahmud bəy kimi hünər sahibi çıxır, generalın başını bədənindən ayırır. Bu faktı təsadüfi cəsarətə yozmaq daha da çox qeyri-tarixi olardı...
Bununla belə, romanda azərbaycanlı-türk idealını daha çox və daha real planda Ağabəyim Ağa obrazı təcəssümləndirir. Ağlı-zəkası, ali mənəvi keyfiyyətləri və mədəni səviyyəsi ilə İran taxt-tacını da, Avropa elit dairələrini də fəth etməyə nail olan Ağabəyim Ağa romanda XIX əsr Azərbaycan mentallığının real göstəricisi kimi çıxış edir. Və o da təsadüfi deyil ki, Mahmud bəyin vuran əli ilə bədəndən ayrılmış Başın rəmzi aqibətinə də məhz o hökm verir: “-Ya Allah, - deyərək barmağını Başa tuşladı. – Bu, heç!.. Bu, buyruq quluydu!.. Şuşa müsibətinin cəzasını bunların hökmdarına ver! Eşidirsən məni?! Mən ömrümün axırına kimi gecə-gündüz Sənə yalvaracağam ki, Rusiya hökmdarı da öz övladları ilə, xanımı ilə birlikdə, bir-birinin gözü qabağında gülləboran edilsin!,, - Və Ağabəyim ağa səsini qaldırdı – bu səsdə xahişdən, yalvarışdan qat-qat artıq dərəcədə bir hökm var idi...” Və o da artıq tarixdən bəllidir ki, üstündən bir əsr keçsə də həmin qarğışın sədəməsi ən nəhayət Romanovlar nəslinin aqibətində eynən görünür...
Romanda rəmzi-romantik xətlə yanaşı, realist tədqiq planı, yazıçının öz sözləri ilə desək, “tarixi kolorit” də yerindədir. Belə ki, XIX əsrin əvvəllərindən Qafqaza, Azərbaycana Başını soxmuş, habelə Başını saxlamağa çalışan az qala bütün tarixi qüvvələrə, sosial zümrələrə mətndə yer ayrılmışdır. Sadalayaq: hökmdarlar, hökm sahibləri: əlahəzrət imperator I Aleksandr, İran şahları Ağaməhəmməd Qacar, Fətəli şah, vəliəhd şahzadə Abbas Mirzə, Qafqaz sərdarı Pavel Sisianov, knyaz II İrakli, Kaxetiya çarı XII Georgi və əshabəsi, çar zabitləri, generallar, polkovniklər: Zavalişin, Zubov, Lazarev, Erizbar Eristov və s.; xanlar: Hüseynqulu xan, Cavad xan, İbrahimxəlil xan, Dərbənd xanı Şeyx Əli xan, İrəvan xanı Məhəmməd xan, Xançobanlı Mustafa xan və s.; saray əhli: Xacə Əbdül Rəhman, Qurd Kərim, Molla Müzəffər Ağa və s., qadınlar: Çariça Mariya, Markiza Natalya de Lafonjen, Ağabəyim Ağa, Sarı Çoban Qızı və s.; xalça taciri Hacı Muxtar bəy, cadugər Mirzə Məhəmməd Əkbari-Azərbaycani, cəllad Lal Qafaroğlu, qəssab Balarza, Sarı Çoban, at oğrusu Cəfər, Don kazakı Yemelka Puqaçov və s. və. i, Hər birinin öz süjeti, əhvalatları olan külli miqdar tarixi, yaxud təxəyyül məhsulu olan personajlar az qala romana dağınıqlıq gətirməli ikən, romançı cəmisi bir motivin – Başın (oxu: həm də hər birisini öz başının) aqibəti ətrafında məharətlə toplaya və sərgiləyə bilir.
Belə ki, romanda(n) istər Tarix, istərsə də Tarixdən alınası Milli Dərs axtaranlar XIX əsrə dair suallarını verib, tam cavab ala bilirlər. Amma açığı, bir oxucu(su) olaraq, mətnə girdikcə Elçinin romanı məni darıxdırır; yaxşı bildiyim Tarixmi darıxdırır, ya dəfələrlə dərsimi alıb çəkdiyim acılarmı?.. Tarixi tarix kitablarında(n) oxumaq daha düzgün deyilmi?; həm də daha səhih, fakt məntiqi ilə... Romanın funksiyası başqadır; və həssas olduqda görürük ki: “Baş” romanında darıxqanlıq mətnin öz aurasında ehtiva olunan, ideya-bədii məqsədlər daşıyan keyfiyyətdir. Elçinin romanında oxucunu son dərəcə ağır havası ilə Tarixin özü darıxdırır, bütöv bir əsri çalxayan, xalqları-millətləri-toplumları bir-birinə vuran dünyanın çək-çeviri darıxdırır, Tarixin sərhədlərinə heç cür sığmayan İnsan həyatının keşməkeşləri darıxdırır... Bu ki, başlıca hədəfdə İnsandır...
Elçin yaradıcılığının ən dürüst tədqiqatçısı Nərgiz xanım Paşayevanın vurğuladığı kimi: İnsan – bədii tədqiq obyekti kimi. Romanda XIX əsr həyatı yalnız keşməkeşli milli tarix, yaxud hər hansı mücərrəd milli ideal nəzər nöqtəsindən deyil, başlıcası – İnsan həqiqəti, İnsan mahiyyəti, bilavasitə İnsanın özü! – müstəvisində sərgilənir, təhlilə gəlir, şərh olunur. Modern romanın xüsusiyyəti budur və Elçinin romanı da bu poetikanı qapsayır.
Yadımıza salaq roman xronotopunun hərəkətə gəldiyi ruhun bədəndən qopduğu dəmi; daha sonra da romanda bütün hadisələrin vücudu, onun fövqündən, (kursivlə, sanki haşiyələrdə cızılan) ruhun uzaqlığından nəzərdən keçir(ilir). Bu ruhi baxış nöqtəsi yalnız əsərin əsas qəhrəmanı Pavel Sisianovun başının bədənindən ayrıldığı dəmdən bütün imperiya tarixi boyu formalaşmış vücudunu yenidən-dərkə (bədii ehyaya) meydan verməklə qalmır. Eyni zamanda həmin ekstremal ekzistensiya radəsi (başla bədənin ayrılıq dəmi) imperiya vücudunun şaxələndiyi, metastaz verdiyi ərazilərdəki bütün insanların həyatından keçir və hər yerdə də bədəndə darıxan ruhun ekzistensial halını izhar edir...
Romanda darıxmayan, nəyinsə xiffətini çəkməyən bircə obraza da rast gəlmirik. Bu darıxqanlıq hər cür sosial-zümrəvi və milli-etnoqrafik örtülərin altından, bilavasitə İnsan müstəvisində, fərdin həqiqətində üzə çıxır. Çıxılmazlıq durumunda Molla Pənah Vaqif şeirinə tapınmış Hüseynqulu xanı yada salaq, ya anlanmazlıqdan çıldırmış Mahmud bəyi, Vətən yarasından ovuna bilməyən Ağabəyim Ağanı, qətl və şəriət barışmazlığında çapalayan Molla Müzəffər Ağanı, “Leyli-Məcnun”la xacəlik girdabı arasında qovrulan Xacə Əbdül Rəhmanı, sehrlə sehrbazlıq arasında tərəddüddə qalan Fətəli şahı, oğruluqla mərdliyin, doğruluğun uçurumunu yaşayan oğru Cəfəri, gədalıqdan ağalığın dadını dadmağa qədərki aralıqda Sarı Çobanı, yaxud həyatı başdan-başa sevgi məktubları burulğanında (imperiyaya və qadına) keçən Pavel Sisianovu, qılınc və şəhvət yollarında at yoran Abbas Mirzəni, sürükləndiyi şah yatağının cazibəsindən ömürlük qurtula bilməyən Sarı Çoban Qızını və s. Sosial mənalar dünyasında İnsan – ruhunun əsiridir və daim əzaba məhkumdur...
Odur ki, “Baş” romanını həm də metafizik roman müstəvisində təhlilə çəkənlərlə razılaşmaq lazımdır. Amma o fikirlə razı deyiləm ki, guya bu, “Başlanğıc”dır. Metafizika – Elçin yaradıcılığının daimi ərazilərindəndir; nəsrimizdə dekadans ovqatının ilkin ifadəçilərindən olan yazıçının özü də elə “darıxan ərazilər”dəndir (“Mahmud və Məryəm”i, 1980-ci illər hekayələrini yada salaq). Elçinin əsərlərində təkcə sosial mövqelər, vəzifələr, kreslolar deyil, hətta lümpenlər də darıxır...
“Baş” romanını “ədəbi hadisə” hesab edənlərlə də razılaşmaq gərəkdir. Roman haqqında ədəbi tənqiddə 10-dan artıq məqalə yazılıb, yenə yazılmaqdadır. Mətn hər növ yanaşmaları asanlıqla yeyir. Çün göstərməyə çalışdığımız kimi: roman təkcə müraciət etdiyi Tarixi, tarixi mövzunu deyil, tarixən yanaşma qatlarını da mətnində uğurla qapsamışdır. 1) rəmzi-romantik qat; 2) realist-tədqiqi qat; 3) modern qat –fərdi İnsan həqiqəti.
Buradan: romanın “Baş” adlanması da, görünür ki, təsadüfi sayılmamalıdır. “Baş” – metaforadır; və mətndə daha bir ultra-müasir qata – metaforanı dekonstruktə cəhdinə açılır. Və geniş tarixi yozumlardan: “Başını qoyub getmək”, “başını əzmək”, “başsız qalmaq” və s.-dən Azərbaycan dilinin izahlı lüğətində sözə verilən bütün mənalara qədər hər növ təfsirlərə mətn açıqdır. Hətta feysbuk səhifələrində eyhamlanan qaba ironik vurğulara qədər. Bu – mətnin gücü və gizli ironiyasıdır.
Bir daha romanın əvvəlini yada salsaq, mətn İlahi dərgahı ilə yer səltənəti (vücud) arasında qalmış Ruhun söylədikləri ilə açılır və O-nun uçub-getməsi ilə tamamlanır. Ora qədər gəlir ki, orda artıq İnsan yanaşması qurtarır, Ruhun mənziləsi başlayır. O yerlər ki, Sirri-xudadır... İnsan istəsə də, girə bilmir; olsa-olsa, zəif cəhdlər edir...
Bircə onu demək qalır ki: Müəllif bu romanı İlyas Əfəndiyevin xatirəsinə həsr etmişdir. Ölməz xatirədir.