Tehran Əlişanoğlu
Şərif Ağayarın dayaq nöqtəsi
(“Xanım T. Adamlar silsiləsindən 39 hekayət” üzərinə)
Demək, işə-gücə avtobusla, metroyla getməyənlər bunu çətin anlaya; fərqi yoxdur: bir xanımın açıq-saçıq sinəsimi, ya kədərli siması diqqətini çəkə, bir qocanın pəjmürdə oturuşumu, ya üstündən qayğı-üzgünlük-qəm tökülən hər cür insanların hər növ halı marağını ala, ya da heç buralarda olmayıb hansısa uzaq xatirə-xəyallar aləmində, ya bəlkə içinə girdiyin kitabda ola... – hər hansı bir dayaq nöqtəsi olmalıdır ki, bu dünyadan ötüb-keçən qatarlarda yolu bəlkə başa vura biləsən...
Şərif Ağayarın “Xanım T.” kitabını (Bakı, “Yazıçı”, 2013) elə yollarda, günlərdə, iş-arası oxudum və “Adamlar” silsiləsindən yazılan bu 39 hekayətin hər birisindən, duruxub, ayrıca vəcd duydum. Adamlar, adamlar, yenə adamlar...
Hər dəfə də özümə heyrət elədim, “qafqazinfo saytında müxtəlif vaxtlarda yayımlanan” və 2013-cü ildə beləcə kitablaşan Şərifin həmin bu “adamlar”ından nədən bə xəbərsizəm?! Ötərgi oxumuşamsa da, bə necə oxumuşam???
Demək, kitabda “Sahil bağındakı qadın” adlı bir hekayə var. 29-cu hekayədir. Bu hekayəni oxuduqca, özlüyümdə əminliklə kitabın başlığına çıxarılmış “xanım T.”-nin məhz bu olduğunu zənn eləyirdim – “xanım X” mənasında... Ki: “Günlərin birində isə tanımadığım bir xanım mənə yazmağa başladı. Məlum oldu ki, filoloqdur və gəncləri diqqətlə oxuyur. Mən kimin barəsində soruşdumsa olduqca məntiqli, təsirli cavablar verdi. Diqqətəşayan tərəflərdən biri də o idi ki, bu xanım özü yazar deyildi...” Və oxuduqca da bədii priyoma yalnız əhsən deyirdim! Demək, yazıçı “mükəmməl oxucu” adlandırdığı xanımı facebook-da yaxşı-yaxşı sınadıqdan sonra virtual deyil, real olduğuna inanmaq istəyir: “Pedaqoji Universitetdə tələbəymiş, tez-tez Sahil bağındakı çinarların birinin altında oturub kitab oxuyurmuş...” “Üzü Milli Kitabxanaya” “o boyda bağda bircə kitab oxuyan xanım”ı tapmaq heç də çətin olmur. Yazıçı, yanında da “gənc şair Elşad Ərşadoğlu” bu tapıntıya çox sevinirlər: “Hə, maraqlıdır! – mən də təsdiq edirəm və Elşadla biri-birimizə baxıb gülürük...” Amma sevinc lap ani olur, çox sürmür: “Təzədən skamyaya baxıram. Heç kim yoxdur. Gözümü yumub açıram və bir də diqqətlə baxıram... Elə bir adam yoxmuş sanki...”; hətta facebook-da profili də yoxa çıxmış... Aydındır ki: bu, itirilmiş oxucu sorağında “iks” axtaran Mətnin “dayaq nöqtəsi” illüziyasıdır; və elə illüziyası da reallıqdan daha gözəl, yetərlidir: “Xanımın adı yazılan şriftlər rəngini itirərək öləziyib. Bu o deməkdir ki, belə bir adam nə vaxtsa həqiqətən də varmış!”
Şərif Ağayar kitablarına ad qoya bilmir ki. Ya da qəsdən Mətndən-kənar, dışarı, məhz başqa yerlərə çağıran-çığıran adlar qoyur. “Aftafalı antrakt”(Bakı, “EL” nəşriyyatı, 2010) yadınızda olar; bugünəcən də, düşünürəm ki, həmin qəzəbli, başağrıdan “antrakt” Şərifin xeyrinə olmadı heç, xeyli qədər də ayrı saldı oxucusunu (mən özümü bu qismə aid edirəm) kosmosundan... “Xanım T.” kitabda 35-ci hekayəymiş. Demə, mən, ya deyək ki, həmin Sahil bağındakı ani görünən X-oxucu “dayaq nöqtəsi”nə yaxın bulunmaqda yanılırmışıq. “Xanım T.”-nin (s. 153-156) eyni adlı kitabda (“Xanım T.”, Bakı, “Yazıçı”, 2013) olanlara heç dəxaləti yoxmuş. Üstəlik, iqtibas” imiş. Hekayədə kişi-qadın qarşılaşmasının guya nəzəri postulatları (siz qadınlar – “biz kişilər”) süjetə illüstrə edilir, toqquşdurulur; həm də işə baxın (“Siz sentimentalsınız, qızım, boyunuzdan yuxarı atılmayın!”), – bizim milli qadın dünyasına parodiya qismində...
Ax, Şərif Ağayarın bu aşırı Sivilizasiya ehtirasları olmaya!; əyalət qafasıyla dünya filosoflarının baş sındırdığı məsələlərə çarə bulasıymış... Daha düzü, çarəsizliyini-çarəsazlığını kin püskürüb, acıqlı, qah-qahlarla bayram edəcəkmiş...
“Əyalət” deyəndə, heç zənninizi çaşdırmayın, məmləkətimizi deyirəm. Başqa yerdə baş ağrıtmaq nəyə lazım, Sivilizasiyanın lap içindəcə deyilikmi?, balaları-bəlaları da yanında. Kitab başdan-başa bu (sivil) Mətnin içərisindədir; uzaq getməyib, həmin mövzudaca kişi-qadın münasibətlərini sosial müstəviyə illüstrə edən 4-cü hekayəyə diqqət çəkirəm. “Afrodita” adlanan hekayə nazik ironiya və nisgil havasında “bəşəriyyətin ağzını açıb ac quş balaları kimi civildəşərək həyəcanla romanlarını gözlədiyi Paolo Koelyo”nun “on bir dəqiqə”si üzərində düşüncələrdən başlayır, antik gözəllik ilahəsi Afroditaya qədər enir və qayıdıb “ağıllı Avropa ədalı telefon”da nöqtəsini qoyur. Nədən sivilizasiya olmasın?! Və bu kontekst daxilində mental ədalı iki saf tip: sərxoşluğun romantikasına dalıb “ayda 500 dollar” xülyasıyla, təsadüfi Afroditasını “Keşlə saunalarının biri”ndən qurtarmaq eşqinə düşən qəhrəman və həmincə acı zarafatın predmeti: “gözəllik ilahəsi səndən də sərxoşdur. “Salam Afrodita” – deyən kimi səni tanıyır. Xəttin o başından dili topuq vura-vura cavab verir: - Ə gicbəsər, gic-gic adlar çəkmə, mənə 300 kontur göndər!”...
Yaxud “Dünən öldü” adlı, şeirlə yazılmış 22-ci hekayət. “Güləndə gözlərindən gülürdü peydasız...” və “Kimsə dedi: Bu da son!” misraları arasında gəzişən ap-adi bir adam (“köhnə jurnalist”) haqqında şəhər balladası. Sivil yetirib yaşada bilməyən Sivilizasiyanın amansızlığına illüstrədir başdan-ayağa... Yadıma salıram. Təqribən 20 il əvvəl Şərif uca dağlar başından Bakıya gələndə şeirlə gəlmişdi. Aşıq şeiri üzərində növbənöv Şəhər modifikasiyaları edirdi. Sonra ümumən kənara qoyub, sivilizasiya ladlarında Səhra məsnəviləri yazmağa girişdi; və bu təcrübəsində hər növ alternativlərə (hətta sakral mətnlərə) qədər gəldi (alternativ “Namaz”ı yada salın!)... Şair olmadısa da, Şərif Ağayar elə ol zamanlarda(n) ritmini tapdı, ədəbiyyatda nəfəsini tapdı. Klassik divan ədəbiyyatında əvəzsiz bir janr olub: mənzum hekayət; günün mənzərələrini ibrət üçün şeirə çəkibdi. Bugün bu janr, əlbəttə, olsa-olsa, ədəbiyyata məhz bu növ Səhra məsnəvisi tək qayıda bilir: “Getmə, ata...”/ Amma getdi... / Qurd qapısında qazılmış / hazır qəbirlərdən birinə gömüldü...”
Şərif Ağayar, necə ki bir zamanlar (məsələn, ötən əsrin 70-80-ci illərində) Şəhər və Şeir havasına gəlirdilər uca dağ başından, eləcə tək-tək gəlməmişdi ki; bütün el-elat(la) köç eləmiş, yerimişdi Şəhərə. Sivilizasiyanın bəlası Müharibə... Sivilizasiyanın törədib də adını: “qaçqın-köçgün-didərgin” qoyduğu, özündən fərqləndirməyə başladığı sıralar... El-elat pərən-pərən, hər kəs Kosmosundan ayrı düşmüş... Məgər ki, Şərif Ağayarın kitabı başdan-başa bu Mətnin içərisində deyilmi?
Yazıçı (onun baş qəhrəmanı təhkiyəçi-yazıçı) hər yerdə: işdə-gücdə, yolda-metroda, qohumluqda-qonşuluqda, dost məclisi - yas yığnaqlarında, Azərbaycanın hər guşəsinə səpəli uzaq-yaxın səfərlərində izlərini, həmin Kosmosun özünü-əslini axtarır; itirilmiş Mətni hər mətndə sanki təzədən bərpa eləməyə, heç olmaya ümumi konturlarında yığıb-bütövləməyə çalışır. 7-ci hekayə “Uşaqlıq dostum”da “el şənliklərindən birində” rastlaşan iki nəfərin çox yığcam (epizodik!) söhbəti, əslindəsə bədii yük etibarilə 20-30 ilin dərinliyinə, “bizim yerlər”ə qədər enib-varır; (məsələn, bir zaman bizim “kənd nəsri”nin kökləndiyi) elə saf çağlara gedib-çıxır ki, orda bəlkə İlahi nəzərlərdən başqa kimsə olamaz: “- Ola bilməz ki, sən onu görəsən, duman idi hava! - Mən sizdən on addım aralı çınqıla su başına çıxmışdım. Gördüm gəlirsən, gizlənib pusdum sizi. Qız da etiraz eləmədi, dodaqlarından öpdün ləzzətlə... Oğulsan vallah!”
Qəhrəmanları ilə yazıçı arasındakı bu yaxınlıq, bölüşdüyü Kosmos 39 hekayənin az qala hər birisində ümdədir; sadəcə adlara diqqət edin: “Uşaqlıq dostum” (7-ci hekayə), “Qonşuda bir ailə” (26-cı hekayə), “Uzaq bir qohumum” (32-ci hekayə). “Kərimgil” (14-cü hekayə), “Köçəri dayı” (39-cu hekayə), yaxud bu qəbil: “Azad” (1-ci hekayə), “Haxverdi” (10-cu hekayə), “Həsən” (11-ci hekayə), “Mikayıl kişi” (17-ci hekayə), “Mirzə” (18-ci hekayə), “Möhüş” (19-cu hekayə), “Yusif” (36-cı hekayə)...
Təsadüfilik (xəbər, təsadüfi görüş, hadisə, ani xatırlama) bir vəsilədir, bəlkə “pərən-pərənliy”i ifadə edən poetikanın bir ünsürüdür: “Dünən mənə bir dəvətnamə gəlib. Əmim oğlu Azadın toyuymuş. Qarabağda!..” (“Azad”); “Dünən eşitdim ki, Haxverdi haqq dünyasına qovuşub. Ürəyindən gedib rəhmətlik...” (“Haxverdi”); “O günü eşitdim ki, xalamın əri arağı tərgidib! Əvvəl inanmadım...” (“Həsən”); “Qaldığımız yataqxanada bizdən iki otaq o yana Mirzə adlı bir kişi yaşayır. Kişi deyəndə təxminən yaşıdıq...” (“Mirzə”); “Bizim qonşu kənddə Möhübbət adlı yaşlı bir kişi var. İndi Masazır qəsəbəsində qalır” (“Möhüş”); “Orta yaşlı bir qadın qonşumuz var. Əri müharibə veteranıdır. İşləmir...” (“Qonşuda bir ailə”); “Qaçqın düşüb Azərbaycanın dörd bir yanına səpələnən qohum-əqrəbadan vaxtaşırı xəbər tutmaq mümkün deyil. O səbəbdən kimin öldüyünü, kimin qaldığını bilmirsən...” (“Yusif”) və s. İlk cümləsindən birbaşa, kəsə Mətnə girən bu başlanğıclar mənə eynən Mirzə Cəlilin 1920-ci illər hekayələrini xatırlatdı. Yadımızdasa, o da dağılmış Kosmosunu oxucuya beləcə vaxtında xəbər verməyə tələsirdi... (daha geniş bax: T.Əlişanoğlu, Əsrdən doğan nəsr. Bakı, “Elm”, 1999, s. 75-84).
Əslində, Ş.Ağayarın hekayələrində “təsadüfi” heç nə yoxdur, mətnlərində məhz o Adamlara yer verir ki, Mətnin bir hissəsidir, onu özündə qapsayır. Yer verir və səylə başlayır portretlərini yaratmağa-yarıtmağa; ona görə həm də “yarıtmağa” deyirəm ki, mətn ən ani-ötəri cizgilərini də ötürməməyə çalışdığı bu Adamların tək indisini, bügününü, Sivilizasiya boyu pərən-pərən zahiri boyalarını cızmaqla (yaratmaqla) qalmır, habelə haçansa-hardasa-oralarda bütöv Kosmosuna, ruhuna, dərinlərinə enir, hesabatını verir (yarıdır). Həmin iki qütb arasında “dayaq nöqtəsi” arayan qələmin xiffəti-nisgili-sevgisi çökür mətnə və buradan Mətn nəfəs alır, danışır...
“Tale elə gətirdi ki, ötən il yay məzuniyyətimi Daşkəsən dağlarında keçirdim... – “Tülkülü” adlı 30-cu hekayəsini Ş.Ağayar belə başlayır, – ... Taledi də, bir söz demək olmur. Amma peşman da deyiləm!” Və hekayə “bədii oçerk” səpkisində eləcə bütün mətn boyu “peşman olmamağ”ın toxdaq və təsəllisini təhkiyəçi-qəhrəmanla bahəm, Kosmosunu bölüşənlərlə də paylaşır; təbii, əgər daha dərin(likdə) Mətn həqiqəti iltifat edərsə... Məsələ burasındadır ki: “...bizim rayonun – Laçının sakinləri məlum hadisələrdən sonra yaylaq yeri kimi məhz Daşkəsəni seçiblər. Xoşbulaqdan yuxarı, Aşıq Ələsgərin kürkünü sərdiyi istənilən dağa-dərəyə üz tutsan hökmən bir laçınlı obasına rast gələcəksən...” Ehh, nə var ki, istəsən məgər cənnətməkan Azərbaycanın hər guşəsi hər guşəsinin simulyakrı deyildirmi?! Üstəlik “Allahüçünə camaatın güzəranı pis deyil. Gəncədən, Samuxdan gələn turistlərə gündə bir-iki kilo yağ, xama, pendir və ya şor satsan bəsindi! Çörəkpulun çıxacaq. Bu ağartı məhsulları isə, maşallah, boldur!..”
Amma nədən bəs bu ani idilliya: “Gecələr ulduzlar daha yaxın, ay daha iri görünür. Ulduzlar üzüm giləsi kimi sallanır, sənə elə gəlir ki, bu saat əl uzadıb dərəcəksən...”, buludlar arasında qərar tutmuş Tülkülü yaylağında “yaddaşımın mamır basmış dərinliklərindən fısıltı ilə qalxan əjdaha” belə: “Aynən öylə! Kiçik Qafqazdır axı, Daşkəsən də! Kiçik Qafqazın alp çəmənlikləri! Bunlar da həmin çəmənliyin bitkiləri: zəncirotu, bağayarpağı, qantəpər, zirə, yemlik, qırxbuğum, qatırquyruğu, dəli pencər və s. Hələ baldırğandan, əvəlikdən, bejjəkdən danışmıram...” – qəhrəmanın ruhunu ovundurmaq əvəzinə, daha da oyandırır, oynadır...
Oçerkin ikinci hissəsində 52 yaşlı Müstəcəbin hekayəti ilə tanış oluruq. “Evlənməyib... Gözümü açandan onu da görmüşəm ki, Müstəcəb qoyun otarır. Kəndimizdən üzü bəri! Yenə də qoyuna gedirdi...” Xırdalıqlara varmıram, bax, həmin Müstəcəbin “qoltuq cibində çoxlu tütəklər və balaban” var, çaldığı havaların xiffəti-kədəri çökmüş bütünlükdə mətnə... Nə olsun ki, “10-11 yaşlı qızların him-cimi”, təkidi ilə necə “canavarla qabaqlaşdığını danışıb” hətta Brüs Li kimi meymunluq etməkdən də çəkinmir Müstəcəb; uşaqlara qoşulub “xoşbəxtlik saçan gülüşü”nün altında xiffətini basdırmaq üçündür bu... Və nə olsun ki, Müstəcəbə görə sanki: “bu xaraba fermada heç kimin musiqi zövqü yox” imiş, “Qatı dumanın o üzündən tütək səsi gəlir. Tütəyin nə dediyini bəlkə də obada hamı bilir: Duman, gəl get bu dağlardan...”
Biz ədəbiyyatçılar Şərif Ağayarın prozasını adətən “Qarabağ müharibəsi” hüdudlarında yozmağı, təsnifləndirməyi sevirik. Burda bir qəbahət də yoxdur; az qala 39 hekayətin hansında bu mövzunun izi-sorağı-sədası yoxdur ki?! Birbaşa “müharibə həqiqətləri” üzərində düşünən-düşündürən mətnlər də var. 20-ci hekayə “Müharibə heyvanları”, 5-ci hekayə “Bir siqaretlik əsgər”, 6-cı hekayə “Dilənən əsgərlər”... Bununla belə, gəlin bir az da həssas olaq. “Qarabağ müharibəsi...” – deyirik, bu gün ümumən Azərbaycan prozasının “müharibə həqiqəti”ndən savayı hər hansı özgə Mətni varmı, yaxud: ola bilərmi?! Ş.Ağayarın lokal “mövzu” yazdığı vaxtlar arxada qalıbdır; “Kosmos əsrinin gerçəkləri” silsiləsi barədə hələ bəlkə demək olardı: gənc yazıçı Qarabağ dərdini yazmağa, göstərməyə, qabartmağa çalışır. Bu gün isə Şərif Ağayarın mətnlərində(n) 25 ildən də çoxdur həmin bu (Qarabağ adlı) “iç müharibəsi”nə dirənib, heç növ durula bilməyən Azərbaycan həqiqətləri danışır! Yazıçı qələminin boyartımı da elə bundadır ...
15-ci hekayə “Lalanın kitabı” başlayır “Xalqın yazıçısı və millətin vəkili Aqil Abbas”ın haçansa televiziyada hind musiqisi haqqında söylədiklərindən, keçir hansısa hind filmində bütöv bir kəndin “löhfi-məhfuz kimi bir şey”, hakimi-mütləq Lalanın kitabı vasitəsilə idarə olunmasına və ən nəhayət, gəlib çıxır mətləbə: “Bu da bizim öz tale kitabımızdır ki, 20 ildir yazılıb. Hansı hərflərlə yazıblar bu kitabı? Hansı dildədir? Orada nə yazılıb? Hansı hərflərlə, hansı dildə və nə məzmunda yazılıb ki, bu 20 ildə ömrümüzün dörddə üçü Lalaya gedən qazanc kimi göyə sovrulub. Əlimizdə, ovcumuzda bir şey qalmayıb. 20 ildir ki, kiminsə əlinə baxırıq. Əcəba, biz bu tale kitabımızı necə oxuya bilərik?!”...
“Hien Sie” adlanan 12-ci hekayədə coğrafiyada uzaq, statusda yaxın iki ölkədən iki insanın söhbəti başlıcası ona görə tutur ki, hələ də fransız ekspansiyasından tamlıqda qurtulmamış Kod di Uarın (Fil dişi sahili) üst-durumu kimi, alt-həqiqətləri də bir azərbaycanlıya bəsbəlli, doğmadır. Çün: “İnsan hər yerdə insandı... hər ölkənin sevinəndə gülümsəyən, kədərlənəndə ağlayan insanı var...”
Hələ ilk prozası “Kosmos əsrinin gerçəkləri”ndə Şərifin nəsr üçün ümdə olan “təfərrüat istedadı” son dərəcə diqqətimi çəkmişdi. “Adamlar” silsiləsində biz onu həm də nəsr sənətkarlığının daha bişkin pilləsində, “detal ustası” kimi görürük. Bədii proza nəzəriyyəsində detal – təfərrüat sırasında(n) onunla seçilir-qabarır ki, həm də böyük ümumiləşdirmələr daşıyır. Silsilədə 39 hekayətin hər birisi elə heyrətamiz dürüstlüklə, sərrast bədii detallar üzərində qurulmuşdur ki: birbaşa Mətni görükdürür, mətləbləri xəbər verir və başlayır üzərində düşündürməyi...
2-ci hekayə “50 qəpiklik azərbaycanlı”, 3-cü hekayə “Nahara gedən bankomat”, 8-ci hekayə “Eşşəklik”, 13-cü hekayə “İki yekəqarın”, 23-cü hekayə “Pis-pis danışmaq”, 28-ci hekayə “Ramazan boşboğazlığı”, 34-cü hekayə “Vətənpərvərlik”, 38-ci hekayə “Zibil”... – Sivil dünya içinə yerimiş (lakin necə yerimiş!) xalqın-toplumun-fərdin mentallıqları barəsində düşünür-düşündürür... Yalnız birisi üzərində duracam: “Rusiyanın art dünyasında özünə görə nam salan maraqlı bir rəssam həmyerlimiz var: Babi Badaloff. Qeyri-adi adamdır...” Qeyri-adi, o cümlədən “zibil”dən həqiqət yapan rəssamlığından qısaca söz açıb, mətn mətləb üzərinə gəlməyə tələsir. Həmin bu Babi abimiz, əlində 7-8 zənbil, bir dəfə Londona gedərkən, bəlkə də inanmayacaqsız, Londona Azərbaycan zibili aparır; bu zibillərdə nəinki Bakı, üstəlik Gəncə, Sumqayıt, hətta Tiflis zibili də var... Nədənmi? Mental məsələdir; məsələn: “Bizimkilər siqaret qutusunu əzməmiş, siqareti isə kötüyünə qədər sümürməmiş atmırlar. Sizcə bu nə deməkdir? Babi olsa belə cavab verərdi: Biz kasıb və qəzəbli xalqıq...”
Təkcə qatı mental həqiqətlər deyil, Ş.Ağayarın mətnləri: 9-cu hekayə “Diriykən gömülənlər”, 16-cı hekayə “Maşınyuyan”, 21-ci hekayə “Neft qoxusu”, 24-cü hekayə “Putinə bənzəyən qadın”, 25-ci hekayə “Qızımın qisası”, 31-ci hekayə “Türkan”, 33-cü hekayə “Vağzalda”, 37-ci hekayə “Zənginlə yoxsulun can bazarlığı” və s. və s. – habelə daha da acı ictimai-mənəvi durum- səbəblər-nəticələr-izahlar üzərində də gəlişir-gəzişir... Yalnız birisini deyəcəm: “Bir gün Novruz vaxtı Taleh saqqızımı oğurladı. Dedi, elə eləyərəm ki, ovcunun içindən neft iyi gələr...” – çox yığcam mətndə “neft iyi” və başlığa çıxarılmış “Neft qoxusu” detalı ani bağlanaraq-ayrılır, ta ki lap sonda Mətn həqiqətində yenidən qovuşanacan... Taleh (!) – təhkiyəçi-qəhrəmanın “yaddaşının mənasız yırtıq-deşiyi”ndən tapıb-çıxardığı uşaqlıq oyundaşıdır; amma bircə dəfə uyduğu həmin bu sonuncu oyun ona çox baha başa gəlir: “Yaltaq şairlərin böyük şövqlə “qara qızıl” adlandırdığı, xalqın isə laqeydliklə “nöyüt” dediyi bu tale yüklü sərvətin qoxusunu almaq naminə donqar burnumu ovcumun dərinliklərinə soxmağa çalışdım. Bu vaxt Taleh təpiklə dirsəyimə möhkəm bir zərbə vurdu. Ovcum altdan yuxarı necə zərblə qalxdısa burnum bir topa plastilin kimi gözlərimin altında yumrulandı. Qan məni götürdü...” Üç nöqtə və akkord-sonluq: “Təhlükəlidir, bəli! Qoxusu belə...”
Özlüyümdə əminəm ki, Ş.Ağayar “detal ustalığı”nı ən çox Mirzə Cəlildən mənimsəyibdi. Böyük klassikin adını bir daha anmaqda dəlilim bu ki, bu növ akkord-sonluqlar yalnız C.Məmmədquluzadənin hekayələrində var: oxucunu bərk tərpədib yenidən hekayənin içinə, təfərrüatlara qaytarır (daha geniş bax: T.Əlişanoğlu, Əsrdən doğan nəsr. Bakı, “Elm”, 1999, s. 59-65). “Adamlar” silsiləsindən 39 hekayənin hər birisində qəti belədir; istəyən varıb-əmin ola bilər. Mən yalnız silsiləni qapsayan sonuncu 39-cu hekayəni misal çəkəcəm. “Köçəri dayı” adlı hekayədə yaşı 80-i keçmiş bir Zəngilan qaçqınının sözü gedir; gözü yolda, daim susan, siqareti siqaretə calamış, şəhər qarmaqarışlığında az qala it-bat qoca ölüm-qabağı ən nəhayət, sayıqlayırmış kimi dilə gəlir: “Hamı Zəngilana qayıdacaq, məni burda atacaqlar. Orda mənim dörd gözlü evim var, həyətində ərik ağacları...” Və akkord-sonluq: “Darmadağın oldum. Onu sinəmə sıxıb dedim: - Köçəri dayı, nə qədər ki, mən sağam, burdan heç bir qurumsaq Zəngilana qayıda bilməz! Ürəyini buz kimi saxla!..” Amansız yekundur, deyilmi?! “Dedim və tütün iyi verən bığlarının saralan yerindən öpdüm...”
Mənimcə, “Adamlar” silsiləsindən 39 hekayət” Şərif Ağayar nəsrinin bugünəcən ən gözəl uğuru, qələbəsidir.