Kulis.az Azər Turanın "Mehriban Ələkbərzadənin modern teatral axtarışları, yaxud "İblis" fəlsəfi-dekonstruktiv metadram kimi" adlı yeni məqaləsini təqdim edir.
Bu həftə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavdin "İblis" faciəsi fəlsəfi-dekonstruktiv metadram olaraq səhnəyə çıxdı. Cavid romantizmi Mehriban Ələkbərzadənin modern teatral axtarışları, həm də postmodern elementlərlə zəngin olan təfsirində "İblis və..." adı ilə təqdim edildi.
Azərbaycan səhnəsinə İblisin məkan və zaman baxımından daha sərbəst versiyası çıxdı. Bu İblis müharibələr törətmir. Hətta Ələkbərzadə əsərdəki müharibə səhnələrinə müraciət etməyib. Müharibə yoxdur. Tamaşada nə Birinci Cahan savaşının sonlarında İstanbulun ingilislərlə dolmasına, işğalına sevinən ərəb zabiti var, nə Ermənistana İncil adıyla silah daşıyan erməni papas, nə Ərəbistanı köpürdən yəhudi xaxam, nə də İrandakı ingilis dəllalı olan əmmalı şeytan var. Rus ordusunun yaralı əsgəri - kazanlı türk də yoxdur. Amma bunlarsız da "İblis" səhnədədir.
Tamaşa başlar-başlamaz, Quranın Bəqərə surəsindən Cavid mətninə əlavə edilən ayələrin teatral təcəssümünü izlədik. Aktyorlar bu ekssentrik səhnəni hədsiz dinamika və temperamentlə oynadılar və bu, ilk mizan tamaşanın postmodern açılışından soraq verdi. Haqqın dərgahında baş verənlər yerdə, hətta səhnədə də deyil, tamaşaçı zalında cərəyan etdi. Daha doğrusu, teoloji hadisə İblisin dilindən bəyan olundu. Yeni teatr reallığında, həm də postmodern dünyada mətnlərarası bağlantılar, mətn əvəzlənmələri zəruridir. O zaman Cavid mətninə əlavə etmək üçün sakral, səmavi mətndən daha münasibini düşünmək mümkün deyil. Vaxtilə Cavid özü də belə sərbəst hərəkət edib, "Peyğəmbər" dramında "ən Nəhl" surəsindən 90-cı ayənin poetik təfsirini vermşdi. Bundan əvvəl, Azərbaycan səhnəsində Quran ayəsinin teatrallaşdırılmasına təsadüf edilməyib. Kimsə bu fikrimə irad tuta bilər. Amma dəqiqdir ki, təsadüf edilməyib. Mətnin içində obrazın dilindən hansısa ayənin səslənməsi başqa məsələdir. Amma bunu oynamaq, qutsal mətnin teatral baxımdan səhnə həllini vermək fərqli və tarixi-estetik anlam daşıyır. Ələkbərzadə bu məqamda da həssas davranıb. Quran ayəsini yerdə söylənən hekayətə çevirib. Danışan Allah deyil, İblisdir (Cavidin "İblis"ində Hötenin "Faust"undan fərqli olaraq, Rəbbil Aləmin obrazı yoxdur). İblis başına gələnləri nəql edir. Beləliklə, Ələkbərzadənin quruluşunda klassik mətnin rekonstruksiyasi, oyun içində oyun, mətnə hermenevtik yanaşma qabarıq görünür... Bu baxımdan rejissor yeni tamaşanın janrını da dəqiq müəyyənləşdirib - fəlsəfi-dekonstruktiv metadram...
Ələkbərzadənin yozumunda hadisələr Bağdad civarında deyil, dünyanın istənilən bir guşəsində baş verir. Önəmli olan müharibənin törətdiyi fəsadlar deyil, mənəvi mədəniyyətin tükənməsi hesabına iblisləşərək faciələri, müharibələri, fəlakətləri, xəyanətləri törədən insanın ruh halıdır.
Cavid qəhrəmanını nə üçün Arif adlandırmışdı? Bunun təsəvvüf tərəfi var idimi? Mehriban Ələkbərzadə bu tamaşa ilə əslində bu sualı da cavablandırmış oldu. İblis oyuna başlamaq üçün Allaha ən yaxın hesab olunan Arifi seçdi. Axı onun da Tanrıya hesabatı var: "Qiyamət gününə qədər mənə möhlət ver. Mən bu bəşər övladının nə qədər əskik, həsəd, kin-küdurətli, nə qədər nankor birisi olmasını isbatlayım".
Cavidin ilk kitabı "Hübuti-Adəm" şeiri ilə başladığı kimi, Mehriban Ələkbərzadə də Cavidin "İblis"ini hübuti-adəm, yəni Adəmin cənnətdən yerə endirilməsi səhnəsi ilə başlayıb.
Önəmli olan İblisin hər yerdə olduğunu əyaniləşdirməkdir. Həp Kəbədə, bütxanədə, meyxanədə iblis. Finalda güzgü simvolikasının dövriyyəyə qatılması da deyilən amili gücləndirir.
Aktyor heyəti klassik "İblis"i deyil, yeni "İblis"i oynadığının fərqindədir və aktyorlar məhz bunun öhdəsindən uğurla gəldilər. Hətta bəzən antiestet kimi görünən bəzi səhnələri (məsələn, ölənin meyitinin palaza bükülüb səhnədə bir yerdən başqa yerə sürütlənməsi və s.) də onlar yüksək istedadla ifa və ifadə edirlər. Klassik "İblis"i oynamaqla yeni "İblis"i yaşamaq arasında, o cümlədən faciə ilə metadram arasında fərq, əlbəttə, vardır. Klassika isə yaşamalıdır, yeni nəslə çatdırılmalıdır. Məhz bu şəkildə çatdırılmalıdır.
Yuxarıda yazdım ki, yeni teatr reallığında, həm də postmodern dünyada mətnlərarası bağlantılar, mətn əvəzlənmələri zəruridir. Mehriban Ələkbərzadə Cavidin "İblis"ində elə Cavidin "İblisin intiqamı"na göndərmələr edir. Mətnlərarası bağlantını belə qurur:
Arif: Uf, ey mənim alovlu beynim!
Ey yaralı quş kimi çırpınan qəlbim!
İblis: Bən həpsini duymaqdayım, inkar nə lazim;
Rəna, o sənin şimdi bütün ruhuna hakim,
Hakim o sənin hissinə, idrakinə... əfsus
Ayrılsan izindən, olur əğyar ilə mənus...
Yaxud;
Arif: Çəkil önümdən! Sən xain və alçaq bir məxluqsan.
İblis: Sən də şaşqın bir filosofsan.
Arif: Öylə isə al, bu qurşunun axıdacağı qan sənə də şəfa versin.
(Revolverlə ona atəş açarsa da dəyməz.)
İblis: Zavallı!.. Bax, cılız bir qurşun da sənə itaət etməyir. Sən vulkanı qığılcımlamı söndürmək istəyirsən?
(Qoltuğundan çıxardığı ufaq bir makinadan Arifin üzərinə dumanlı alov püskürür.)
Al, bu məndən sənə bir dərs olsun.
Mehriban Ələkbərzadənin Cavid mövzusunda, xüsusən, onun İblis tematikasında gördüyü iş gözlənilməz və qeyri-adidir. 1918-ci ildə yazılmış "İblis"lə 1937-ci ildə yazmağa cəhd etdiyi "İblisin intiqamı"ndakı hədsiz maraqlı epizodlar arasında mətnlərarası bağlantılar qurmaqla, rejissor Cavid teatrının məzmunca yeni mərhələsini başladır.
Ötən əsrin əvvəllərində Alman teatrı "Olum, ya ölüm" monoloqunu "Hamlet"in mətnindən çıxararaq səhnələşdirməyə cəsarət edib. Amma teatr tarixçilərinin bildirdiyinə görə, monoloq tamaşanın aurasında var imiş.
Dünya teatr tarixində başqa klassiklərə münasibətdə də belə hallar müşahidə olunur. Bizdə isə bu, sistemli şəkildə ilk dəfədir ki, baş verir. Ələkbərzadə ilk baxışda müharibəyə qarşı yazılmış əsərdən müharibə konseptini uzaqlaşdırıb. Baxmayaraq ki, əsər Birinci Dünya müharibəsi illərində yazılıb. Baxmayaraq ki, müəllif İkinci Dünya müharibəsinin ilk çağlarında müharibə meydanından da betər həbs düşərgəsində həlak olub.
"Müharibə" konseptini uzaqlaşdırsa da, buna rəğmən, Ələkbərzadə böyük ölçüdə Cavid estetikasına sədaqətini açıq şəkildə sərgiləyir. Tutaq ki, burda Hüseyn Cavidin "İblis"indəki Kiçik zabitin dediyi kimi deyil. Yəni türk ordusu basaraq ölkələr almır, sonunda siyasətdə basılıb bunalmır. Ümumiyyətlə, tamaşada Kiçik zabit obrazı yoxdur, Vasifin dostu var və onun söylədiyi "Turana qılıncdan daha kəskin, ulu qüvvət yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" düsturu qüvvədədir, çağdaşdır və səhnədədir.
Burda xırda bir nüansa diqqət yetirmək istəyirəm. Cavidin "İblis"ində əşxasdan biri olan Küçük zabit - Vasifin arkadaşı olaraq təqdim edilib. Tamaşada isə o, sadəcə, Vasifin dostu adlanır.
Rejissor təklif etdiyi mizanlarla mətndəki bütün sözlərin dramatik yükünü əyaniləşdirib.
Cavidin "İblis"indəki bütün detallar rejissorun diqqətindədir. "İblis"in məhvərini təşkil edən nə varsa, hamısı, faciənin bütün ideya atributları yerindədir və bunlar həm də tamaşanın estetik planını mükəmməl şəkildə ehtiva etməkdədir.
Faciədəki yeganə mələyi fəlsəfi-dekonstruktiv metadramda İblisin varisi əvəz edir, yəni rejissor mələyin söylədiyi mətni, İblisin varisi adlandırdığı obrazın dilindən verir. Yaxud yuxarıda da xatırlatdığım kimi, Arif İblisi güllələyir, ona ardıcıl atəşlər açır. İblis isə ayaqdadır və qəhqəhə çəkir. Arifin bu hərəkəti məşhur frazanı xatırladır və reallaşdırır: "Etdiyim bütün ekssentrik hərəkətlərim, bütün mənasız əməllərim həyatımın faciəvi mahiyyətidir". İblisi güllələmək cəhdi də, əslində, bu anlama gəlir. Cavid belə unikal səhnəni 1937-ci ildə yazdığı "İblisin intiqamı"nda yaradıb. Mehriban Ələkbərzadə isə həmin unudulmuş mətni bu tamaşada bərpa edir.
Yaxud Orta əsrlər təsəvvüf mətnlərindən gələn ənənə. Tamaşada İblisin varislərindən biri hermafrodit tipidir. Əbdülqadir Geylani "Fütuhul qayb" (Gizlidən səslər) əsərinin "Şeytanla bir söhbət" bölümündə yazır ki, İblisi röyamda gördüm... Hermafroditə bənzəyirdi, riyakar bir dadlılıqla danışdı, qorxaq və utancaq bir təbəssümlə mənə baxdı". Tamaşada da bu həssas məqam, dediyim kimi, İblisin varislərindən birinin jestlərində incə şəkildə izhar olunur və s. Ciddi, kanonik mətnlə oyun postmodernizmin prinsiplərdən biridir. Və tamaşada da bu ironik aspekt nəzərdən qaçmır.
Finalda yağış yağır. Bəşəriyyətin katarsisə ehtiyacı vardır. İblis isə nərdivanın üstündə əlində tutduğu çətirlə özünü yağışdan qoruyur... Ümumiyyətlə, əvvəldən sona qədər səhnədə qalan nərdivan da rejissorun qeyri-adi tapıntısıdır. Hadisələr nərdivanın üstündə başlayır, nərdivanın üstündə də sona çatır. Nərdivan Tanrıya gedən yolun simvoludur. Mehriban Ələkbərzadənin yaratdığı metadram həm də işarələr və simvollar dramıdır...
Mehriban Ələkbərzadə bu tamaşa ilə Azərbaycan teatr diskursunda metadramın gəlişini müjdələyir, digər tərəfdən, Cavid teatrı Mehriban Ələkbərzadənin "İblis və..." tamaşası ilə yeni mərhələyə adlayır.
"Ədəbiyyat qəzeti"