Kulis.az Əliqismət Lalayevin "Biz yazmasaq..." adlı yazısını təqdim edir.
Mehriban Ələkbərzadəyə məktub
Son vaxtlar teatr məkanımızda yaranan tamaşalar haqqında o qədər qarışıq fikirlər səslənir ki, nəyin yaxşı, nəyin pis olması barədə fikir söyləmək belə çətinləşir. İndi hətta yaxşı olmayan hansısa bir işi, hansısa “zərurətdən” irəli gələrək dağ başına qaldırırlar. Haqqında saatlarla danışıla biləcək, maraq doğuran başqa bir sənət nümunəsini isə az qala daşdan-daşa vurub paramparça edirlər. Belə bir fikir burulğanı içərisində imzasına hörmət bəsləyənlər isə kənarda dayanır və ya sadəcə, “boş ver” deyərək, öz fikirlərini özləri ilə müzakirə etməkdən savayı bir çarələri qalmır.
Bütün bunlara rəğmən bu da bir həqiqətdir ki, ölkənin teatr aləmində çoxlu yeniliklər var. Hansısa tamaşada bir aktyorun gözəl bir rolu haqlı olaraq teatr tarixinə düşəcək qədər dəyərləndirilir. Hansısa tamaşanın musiqi tərtibatı haqqında ürəkdən tikan çıxaracaq qədər gözəl sözlər deyilir. Hansısa bir tamaşada əsərin bədii tərtibatı təqdim olunan işə öz möhürünü vurur. Amma gəlin etiraf edək ki, tamaşanı ərsəyə gətirən rejissor haqqında hər zaman belə gözəl təəssuratla danışa bilmirik. Görməzdən gəlirik? Ya arzu etdiyimiz və görmək istədiyimiz elə bir mükəmməl rejissor işi həqiqətən yoxdur?
Əziz Mehriban xanım, nəyin pis, nəyin yaxşı olduğu ayırd edilməyən bir vaxtda bu məktubumun özü bəlkə də sizə qəribə gələcək. Amma mən bu məktubu mütləq yazmalıydım. Belə bir deyim var ki, “əgər sən bunu yazmaya bilərsənsə, yazma”. Mən isə bunu yazmaya bilmədim.
Onu da qeyd edim ki, mən bu məktubumda “modern leksikon” tərzindən istifadə edib kimlərdənsə sitat gətirməyəcəm. Çünki mən Məşədi İbad demişkən, “Tarixi-Nadiri” yarıya qədər oxusam da, bəzən elə yazılardan özüm də baş aça bilmirəm. Ona görə də bu yazını elə bizim dildə - tam anamın dilində yazmağı qərara aldım ki, bütün teatr cameəsi oxuyaraq, deyilənlərdən bir mətləb anlaya bilsin.
Ötən il dekabrın ortalarında stolumun üstünə qoyulmuş “Kod adı “V.X.A” tamaşasının proqramı artıq məndə ən azından peşəkar bir tamaşaçı kimi böyük maraq yaratdı. Proqramdakı sizin ön sözünüzdən başlayaraq, burada qeyd olunan hər bir sətir – prosesin yaradıcı qrupu, mühakimə edilənlər, mühakimə edənlər, hətta prosesdə çalışanlara qədər, bütünlüklə gördüyüm hər bir təqdimat artıq bu tamaşanın fərqli olacağından xəbər verirdi və sizin söz verdiyiniz kimi, “ən dəhşətli zamanda ləyaqətini qorumağın nümunəsi” olan bu tamaşaya baxmağa maraq yarandı məndə. Bəlkə də, tamaşaçı üçün daha maraqlısı o idi ki, davamiyyət birinci hissə - 2 saat, ikinci hissə - 2 saat qeyd olunmuşdu proqramda. Azərbaycan teatrında görmədiyimiz bir fakt. Bütün bunlar barədə niyə bu qədər ətraflı danışıram? Ona görə ki, bu tamaşada teatr, proqramı tamaşaçıya təqdim etdiyi vaxtdan onunla ünsiyyətə girə bilir. Və 4 saat ərzində tariximizin qara ləkəsi sayılan 37-ci il hadisələrinin bu qədər realist bir formada təqdimatına, səhnədə baş verən dəhşətlərin arasında səbrini sıxaraq gözünün qarşısındakı olaylara bir seyirçi marağı ilə baxmağın özü də insandan son dərəcə hövsələli olmağı tələb edir.
Görüntüləri təkcə səhnədən izləsək də, baş verənlərin mərkəzində dayanmış kimi qəhrəmanlarla birgə o faciələri yaşayaraq sən də hadisələrin içində olursan. Ruhən, bütün əhvalınla o qəhrəmanların arasında hiss edirsən özünü. Sizin proqramda təqdim etdiyiniz bəlli məkanda, bəlli insanlarla yaşanan, özünüzün dediyiniz kimi, tamamən sənədli faktlara söykənmiş və bədiiləşmiş bu həyat hekayəti bəzən insanın əsəblərini o qədər tarıma çəkir ki, hətta rejissora “Dayan, dur!” demək istəyirsən. Səhnədə 1937-ci ilin qurbanı olan yetmişə yaxın personajın (mən hər iki cəbhənin iştirakçılarını tarixin qurbanları siyahısına daxil edirəm) hər birinin eyni zamanda, eyni dəqiqədə, hətta eyni anda rejissorun tapşırdığı vəziyyətə uyğun hərəkətdə olması, səhnənin nəbzinin daima, bir an belə fasilə vermədən vurması ancaq Mehriban Ələkbərzadə kimi bir rejissorun özünü ifadə etmək bacarığından irəli gələ bilər. Mən bu səhnələrin hər birində sizin hadisələrə münasibətinizi, beyninizi neçə illərdir məşğul edən bu mövzuya qarşı bir vətəndaş mövqeyinizi, səhnəyə gətirdiyiniz qadınların acı taleyini öz daxilindən keçirmək bacarığınızı, hətta bu insanlara o dəhşətləri yaşadan surətlərə qarşı, elə o qədər də dəhşətli intiqam hissinizi oxudum. Səhnə tərtibatında (rəssam Mustafa Mustafayev), musiqidə (bəstəkar Azər Hacıəsgərli), montaj və qrafika işində (Benyamin Sayılov), aktyor oyununun plastik həllində (Ceyhun Dadaşov) - duyduğum hər bir fikirdə Mehriban Ələkbərzadəni gördüm.
Şükriyyə Axundzadə (Kəmalə Müzəffər), Ceyran Bayramova (Leyli Vəliyeva), Umgülsüm Sadıxzadə (Qəmər Məmmədova), Xavər Qarayeva (Şəfəq Əliyeva), Dilbər Axundzadə (Aygün Fətullayeva)... bu xanımların hər biri elə bir tale yaşayıblar ki, onları olduğu kimi tamaşaçıya təqdim etmək hər kəsin biliyi və bacarığı daxilində deyil, bunu ancaq Mehriban Ələkbərzadə edə bilərdi və etdi. Həyatda göyərçin qədər çox zərif, teatrdakı Leyli rolundan sevdiyim Asya Atakişiyeva belə Tamara Hüseynovanın obrazında qüvvətli, əzablara dözməyi bacaran bir qızcığaz obrazını gözümüzdə o qədər böyütdü ki, aktyorla rejissorun işi deyərkən mən tamaşanın bu tərəflərini düşündüm. Mən tamaşada iştirak edən bütün xanımlara öz sevgi və sayqımı bildirərək onların hamısının böyük zəhmətin nəticəsi olan işindən zövq aldığımı bildirirəm. Sadəcə bir yazıda 70-ə yaxın aktyorun adını çəkmək mümkün deyil. Mən uzun illər yaradıcılığını izlədiyim Yasin Qarayevin, Şövqi Hüseynovun, Elnur Kərimovun təbii və emosional oyunlarına böyük dəyər verdiyimi bildirir və bütün iştirakçılar arasında ayrıca olaraq heç kəsi fərqləndirməyi bacarmıram. Çünki səhnədə sözün həqiqi mənasında işləyən (!) aktyorların hər çıxışında, hər danışığında, hər baxışında, tərəf müqabilinə hər bir münasibətində mən Mehriban Ələkbərzadəni gördüm. Hadisələrə rejissor müdaxiləsi o qədər güclüdür ki, baş verən hər səhnənin arxasında müəllif-rejissorun obrazı aydın görünür. Budur rejissorun böyüklüyü!
Səhnədə baş verənlərdə tamaşanın ali məqsədinə doğru atılan hər bir addım səni məşğul edir, düşündürür. Və bir də beynindən o keçir ki, bu qədər çevik və heyranedici fantaziya dramaturqun və rejissorun bir şəxsdə birləşməsinin təzahürüdürmü? Yoxsa yaradıcı insanın mövzuya sonsuza qədər bələd olması? Etiraf edək, Mehriban Ələkbərzadənin təkcə öz sənətinin deyil, müraciət etdiyi mövzunun da alt qatlarına qədər gedib çıxa bilməsi böyük və başqalarında olmasını da arzu etdiyimiz fərqli bir keyfiyyət, peşəkarlıq nümunəsidir.
Şükriyyənin (Kəmalə Müzəffər) bu günə qədər bəlkə də, bir əfsanə sandığımız böyük sevgiyə söykənən bir hərəkəti (yəqin ki, tamaşaya baxanlar həmin səhnəni mənim kimi uzun müddət unutmayacaqlar) tamaşaçı zalını necə silkələdisə, kimsə qəzəbini göz yaşına çevirə bildi, kimsə gördüyündən bir şok yaşadı! Bütün bunların arxasında görünən isə tamaşanın müəllifi idi – dramaturq və quruluşçu rejissor Mehriban Ələkbərzadə. Tamaşanın tərtibatında unudulmayan səhnələrin işlənməsi – susuz, soyuq, dəhşət doğuran sonsuz Qazaxıstan çöllərinə ağrı çəkə-çəkə gedən vaqon (səhnədə biz yalnız bir vaqon görsək də işıq və səs effektləri ilə elə təəssurat yaranır ki, bu vaqon 1937-ci ildə insanları ölümə sürüyüb aparan elə sonsuz bir qatardır), sonradan onun baraklara çevrilməsi, acı taleləri ilə barışıb insanı insanlıqdan çıxaracaq qədər ağır işlərə sürüklənən qadınların bütün tamaşa boyu baş verənlərdə bir ailə, bir el, bir yurd timsalı ilə birləşməsi insanda elə böyük bir qürur yaradır ki... Bu, rejissor Mehriban Ələkbərzadənin qürurudur. O qürur ki, Mehriban xanım bütün yaradıcılığında tamaşadan-tamaşaya “Vətən daşı” (M.Araz) olaraq ölkəsinin əsl vətəndaşı olduğunu, bu əsəri ürəyinin qanı ilə yazdığını bizim üçün bir daha sərgilədi.
Mən xüsusən, tamaşanın texniki tərəflərini ən yükəsk səviyyədə təqdim edən bədii texniki heyətin əməyini qiymətləndirmək istəyirəm. İşıqdan və səhnənin hər türlü cazibəsindən məqsədyönlü istifadə ... hər bir effekt qədərində... və ustalıqla işlənib. Qrafika... qəhrəmanların fotolarının canlanaraq əsrin o üzündən bizə yollanan sevgi, nisgil, ağrı, iztirab dolu səsləri... Bütün bunlar o qədər bənzərsiz təqdim olunur ki, heyranlığını gizlədə bilmirsən və proqramla ilk tanışlıqda davamiyyətin 4 saat olacağından narahatlıq keçirdiyinin indi fərqinə varmırsan. 4 saat elə sürətlə axıb keçir ki... Bax, budur teatrın uğuru, rejissorun tamaşaçı üzərində qələbəsi!
Mən eyni zamanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadənin böyük bir yaradıcı işə son dərəcə məsuliyyətlə və sevgi ilə yanaşmasını vurğulamaq istəyirəm. Səhnədə gördüyümüz hər bir detalı rejissor beyninin, fikrinin, fantaziyasının, təxəyyülünün, rejissorla rəssamın birgə yaradıcılığının məhsulu olaraq qiymətləndirsək də, onların icrası fonunda Naidə xanımın və onun komandasının çox böyük əməyini, eləcə də teatrın rəhbəri ilə baş rejissor və bütün yaradıcı heyətin tandemini görməmək mümkün deyil.
Əziz Mehriban xanım, şübhə etmirəm ki, siz bütün həyatınız boyu kimlərdənsə xeyli məktublar almısınız. Bilmirəm belə mövzuda sizə məktub yazan olub, ya yox, amma mən ilk dəfədir ki, belə bir məktub yazıram. Nədən mən bu məktubu yazmaq qərarına gəldim? Çünki “Kod adı “V.X.A” adlı, bütün salonun nəfəs dərmədən baxdığı 4 saatlıq tamaşadan sonra mən Əlahəzrət Teatrımızı daha çox sevməyə başladım. Mən teatrımızın gələcəyinə daha böyük ümidlə baxdım. Çünki, mən bu tamaşada yaradıcılığı boyu - istər televiziya, istər kino, istərsə də teatrda ərsəyə gətirdiyi bütün işlərindən hissə-hissə boylanan, bu tamaşada isə tam olaraq böyük şəxsiyyət kimi boy verən rejissorumuzu tanıdım, yenidən kəşf etdim. Və yəqin, həmkarlarım da mənimlə şərik olarlar. Bu gün Azərbaycan teatrına – həyatımızı verdiyimiz TEATRa sizin kimi şəxsiyyət ola biləcək rejissorlar nə qədər lazımdır!
Dərin hörmət və sevgilərimlə