Həyatınızın mənası nədir? - Tanınmış yazarlardan CAVAB

Həyatınızın mənası nədir?  - <span style="color:red;">Tanınmış yazarlardan CAVAB
4 may 2016
# 08:30

Sizin üçün həyatın mənası nədir? Həyatın mənasını nədə görürsünüz? Və fəaliyyətiniz bu mənaya nə qədər uyğundur? Kulis.az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Çingiz Abdullayev: “Mənim üçün həyatın mənası insan kimi yaşamaqdır. Əgər Allah bizi insan kimi yaradıbsa, biz o zaman insan kimi də yaşamalıyıq. Bəzi insanlar isə insan kimi yaşamağı bir kənara qoyub, nalayiq hərəkətlər edir, özlərini heyvan kimi aparırlar. Axı Allah bizi donuz kimi yaratmayıb. Biz insanlıqdan uzaqlaşmamalıyıq. Yaradıcılıq da Allahın yaratdığı nəyisə qoruya bilmək gücüdür. Allah bəşəriyyəti yaradıb və yaradıcılıq da bunu araşdırır. Ortaya sual çıxır: niyə Allah həm də iblisi yaradıb? Borxesin bu barədə çox gözəl bir fikri var: “Allah qəsdən bunu yaradıb ki, insanlar seçim qarşısında qalsın”. Yaradıcı adam da Allaha bir faiz inanırsa, o zaman bu seçimdə təbii ki, Allahı seçəcək. Və bu seçim insanın, yaradıcı adamın həyatındakı mənadır”.

Seyran Səxavət: “Həyatın mənası çox böyükdür. İnsanın öz yaşından da böyükdür. Həyat fanidir, puçdur ifadəsini deyənlərə qəti inanmıram. Bu kökündən yanlışdır. Kim bunu deyirsə, kimliyindən asılı olmayaraq dünyanın ən böyük eqoistidir. “Həyat fanidir” ifadəsini hansısa rəssam, yazıçı, bəstəkar deyirsə, onda o dahi bir eqoistdir.

Mənim üçün həmişə həyat davam eləyir. Necə həyat fani və puçdur? Biz Muradxanlı tayfasındanıq. Bu bir kəndə bərabər tayfadır. İndi mənim babam gəlib desə ki, həyat fanidir, onun ruhundan yapışardım. Həyatın mənasına yüz cür cavab vermək olar. Yüz cür adam gəlib gedib və elə bu qədər də adam növbəsini gözləyir həyata gəlməyə. Həyat isə həmişə iki şeyin arasındadır: doğum və ölüm. Ağac əkirsən, uşaq dünyaya gətirirsən və səndən sonra o toxumun yaşayır. Mən də doğulmuşam, ömrümü yaşayıram, vaxtı gələndə çıxıb gedəcəyəm. Uşaqlarım var, nəvələrim var. Məni Allah toxum kimi atıb yer üzünə, proqramlaşdırıb. Allahın mənə yazdığı ssenarini oxuya-oxuya yaşayıram. Mənim üçün həyatımın mənası nəvəmi sevindirməkdir. Əsərlərim qalar, ya qalmaz, o artıq zamanın işidir”.

Yalçın İslamzadə: “Bu sual, təxminən 2500 il əvvəlki oyanışdan bu yana insanlığın cavabını axtardığı sualdır. Təxminən eyni dövrdə Konfutsinin, Lao Tsenin, Budda və Zərdüştün, Sokratın cavab axtardığı və tapdığını düşündükləri sualdır. Konfutsi cəmiyyətlə, Lao Tse təbiətlə, Budda insanın özüylə harmoniyaya çatmasını həyatın mənası kimi qəbul etmişdilər. Zərdüşt əməli fəaliyyətin, Sokrat dəyərlərin üzərinə düşünüb şüurlu yaşamanın əhəmiyyətini vurğulamışdı. Pol Qogen, əsərinin küncünə "Biz kimik? Hardan gəlirik? Hara gedirik?" suallarını yazmışdı. Məncə, həyatın mənası öyrənməkdir. Dünyanı anlamağımıza mane olan epistemolojik maneələri fərq etmək, insan və dünya haqqında obyektiv, deformasiya olunmamış təsəvvürə sahib olmaq, dünya və digər insanlarla birliyimizi, fərqimizi anlamaq və humanist psixoloqların vurğuladığı “insan potensialı”nı reallaşdırmanın yollarını öyrənmək. Alına biləcəkdən artığını istəməmək üçün dünyanın doğru qavranışı ilk şərtdir. Bizdən asılı olmayan, seçmədiyimiz, dəyişdirə bilmədiyimizi qəbul etmək, dəyişdirə biləcəyimizi isə şüurlu seçmək və ikisi arasındakı fərqi görmək.

Murad Köhnəqala: “Sizin sualınıza uyğun olaraq dahi filosof şairimiz Bəxtiyar Vahabzadənin aşağıdakı misraları yaddaşımda canlandı:

Yaşamaq yanmaqdır, yanasan gərək

Həyatın mənası yalnız ondadır

Şam əgər yanmırsa yaşamır demək

Onun da mənası yanmağındadır.

Doğrudan da yanmayan şamın yaşamağı nəyə lazımdır? Əgər bir şam yanmırsa və pərvanələr ətrafında halay vurmursa onda ona yaşayır demək olarmı? Bax belə-belə şeylərdən tutub ömrümü öz arxamca sürüyür, həyatımın mənasını zənginləşdirirəm. Fəaliyyətim haqqında onu deyə bilərəm ki, ürəyim istədiyi işlə məşğul olmağı yalnız arzulaya bilərəm. Fikrimi ifadə etmək üçün yenə filosof şairimizin dillər əzbəri olan misralarına müraciət etməli olacam:

Quş qanadla uçar, insan diləklə

Yatır hər ürəkdə min-min arzular

Tutub əlimizdən ucaldır bizi

Arzular, arzular, şirin arzular!..

Daha nə yazım? Öpürəm sizi”.

Qan Turalı: “Həyatın mənası sualının əhəmiyyəti haqqında xüsusi danışmağa ehtiyac varmı? Fromm deyirdi ki, insanlar hər şey haqqında danışırlar, amma həyatın mənası haqqında soruşanda ya əzbərdən bir-iki şey deyirlər, ya da kəkələyirlər.

Məncə, insan həyatının mənası mənəvi imperativlərə sədaqətdən ibarətdir. O mənəvi imperativlər ki, biz onu vəsf etmişik, göylərə qaldırmışıq, o şeylər ki, bizi həyatda yaşadır, bizi təyin edir. Misal üçün sevgi yolunda hər cürə qurban vermək. Ya da dostluq yolunda. İnsanların xoşbəxtliyi naminə... Sülh naminə... Necə deyirdi, Nazım usta?

mesela, kolların bağlı arkadan, sırtın duvarda,
yahut kocaman gözlüklerin,
beyaz gömleğinle bir laboratuvarda
insanlar için ölebileceksin,
hem de yüzünü bile görmediğin insanlar için,
hem de hiç kimse seni buna zorlamamışken,
hem de en güzel en gerçek şeyin
yaşamak olduğunu bildiğin halde.

Əsas məsələ də budur. Mənəvi imperativlər naminə yaşamaq... Onun bizə nə qədər ziyanı ya da xeyri olduğunu bilmədən ona tabe olmaq!

Nərmin Kamal: Mənim cavabım rasimin bu şeiri olsun.


İşdir şayət
dünyaya gəldiniz
əsla darılmayın
bir oyuna başladınız ki
bu oyunu gözəl oynamalı
sevməli nifrət etməli bəzən
gözlərinizi qapayıb içinizdəki boşluğa qulaq kəsilməli
orada nələr var bir bilsəniz
eşqlər ayrılıqlar
bir qadının parçaları
yəni nə yüklədinizsə oyun saatlarında o.

Soylu Atalı:Qısa desək, mənim üçün həyatın mənası daşıdığım insanlıq adlı mahiyyətə bərabər yaşamaqdır. İnsan fiziksəl varlıq olaraq insanlıq anlamının görünüşüdür, dünyaya gəlməyin anlamı da odur ki, onu təsdiq edəsən. Sorğunun ikinci parçasına gəlincə, mən daim öz üzərində işləyən adamam. 20-yə qədər ümumi dəftərim var ki, özümü araşdırmalara, görmələrə, fəlsəfə diliylə desək, özünü döymələrə həsr olunub. Mənim bütün çalışmalarım da özünə münasibətin bu səviyyəsi üzərində qurulub. Hələ ki yetərlənmirəm, nə də arxayınlaşmıram”.

# 5235 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #