“Sapiens” - Roman dadında elmi kitab

<b><span style="color:red;">“Sapiens”  - Roman dadında elmi kitab</b>
11 oktyabr 2016
# 10:19

Mirmehdi Ağaoğlu

Nə yazıq ki, içi mən qarışıq çoxları üçün dünya ilə ayaqlaşmaq mobil telefonunu yeni çıxanı ilə əvəzləməkdən, internetin bəxş elədiyi yeni vasitələrə yiyələnməkdən o yana keçmir. Oysa dünya hazırda yeni bir texnoloji inqilab ərəfəsindədir.

Təəssüf ki, bu yeniliyin bir parçası ola bilmirik.

Tez-tez ölkədəki kitab bazarının məhdudluğundan, ləngliyindən şikayət edirik, dünyada yeni çıxan, tanınan yazıçıların dilimizə tərcümə olunmadığını dərd edirik. Halbuki bu acınacaqlı vəziyyət təkcə ədəbiyyat sahəsini əhatə eləmir. Bütün sferalarda belədir.

Dünyada elmin kütləviləşməsi prosesi gedir. Artıq dərin elmi məlumatları sadə dildə də oxuyub öyrənmək mümkündür. Mən “artıq” deyirəm, dünyadaysa bu hal çoxdan müşahidə olunur. Bizə “elmin kütləviləşməsi” daha çox televiziya proqramları, xarici dillərdən tərcümə olunmuş sənədli filmlər şəklində gəlib çıxır. Bəs kitab halında necə? Görəsən son illər dünyada məşhur olan hansı elmi-kütləvi vəsait dilimizə dərc olunub? Saysan heç bir əlin barmaqları dolmaz.

Ola bilsin Prustu, Folkneri, Coysu, Qrassı və başqalarını 100 il, 50 il sonra tərcümə etməyin o qədər böyük fəsadı olmasın, ancaq elmi-kütləvi kitabların tərcüməsi, yayılması vacibdir. Xüsusən indiki dövrdə.

Çox yox, cəmi beşcə il geriyə dönüb baxsaq həyatımızın - şişirtmə çıxmasın - köklü dəyişdiyini görmüş olarıq. Və bu dəyişiklik anbaan baş verir. Nə vaxtsa Folkner deyirdi: “Sabah elə bu gündür, sabah bu günün bir başqa adıdır.” Daha o cür deyil, sabah bu gün deyil, sabah artıq başqa cürdür, fərqlidir. Və qarşıda bizi çoxlu belə sabahlar gözləyir.

Bir çoxları çağdaş dövrümüzü tarixin qırılma nöqtəsi adlandırır. Elmin müxtəlif sahələrində kəşflər bir-birini üstələməkdədir. Arxeologiya, fizika, kimya, astronomiya, genetika, tibb sahəsindəki bilgilər hər gün yenilənir. Bəşəriyyət heç zaman bu qədər sürətli inkişaf etməyib. Adicə bir şey deyim. Başqa planetlərə səyahət, necə deyərlər onların fəthi, insanın ölümsüzləşməsi, xəstəliklərin yox olması artıq fantastika hesab olunmur. Elm adamları yaxın gələcəkdə bu hadisələrin gerçəkləşəcəyini düşünürlər.

Bəs dünyanın “ölümsüzlük iksirini” tapmaqda olduğu, Ayda məskunlaşmaq üçün “səfər çantası”nı hazırladığı vaxtda biz nə işlə məşğuluq? Heç olmazsa xəbərdar olmaq səviyyəsində onlarla ayaqlaşa bilirikmi?

Yox.

Bəs xəbərdar olmaq üçün nə etməli? Heç olmasa dünyada bestseller olmuş, insanların düşüncələrində yeniliklər etmiş elmi-kütləvi kitabları dilimizə çevirməli. Bu kitablardan biri də Yuval Noah Hararinin “Sapiens: insan növünün qısa tarixi” kitabıdır. Hariri 1976-cı ildə İsraildə anadan olub. Tarixçidir. Onu dünyada məşhurlaşdıran da adını qısaca yazsaq “Sapiens” kitabıdır.

Bəs “Sapiens” nə haqdadır? Adından da göründüyü kimi insanlıq haqqında. Harari insanlığın prototarix dövründən başlayaraq indiki zamana qədər olan tarixindən bəhs edib, üstəlik bununla kifayətlənməyib futuristik proqnozlar verib.

Kitabın əsas suallarından biri budur: Necə oldu ki, heyvan növlərindən biri olan insan - daha dəqiqi, məhz Homo Sapiens, başqa insan növləri yox – dünyanın sahibinə çevrildi? Onu bu yolda müzəffər edən hansı faktorlar idi.

Aha, bu yerdə bir qədər pauza verək. Məktəb dərsliklərindən necə öyrənmişik? Əvvəl insanabənzər meymunlar Austalopitekslər vardı. Sonra bu insanabənzər meymunlardan bir insan növü yarandı, ondan sonra Homo Erectus, sonra Neandertal yarandı, sonra başqa biri, ən axırda da Homo Sapiens törədi. Yəni bu vaxta qədər bizim təkamül haqqında düşüncələrimiz xətti idi. Təkamül haqqında olan, meymundan başlayıb müasir insanda bitən zəncirin göstərildiyi o məşhur rəsmi xatırlayın.

Əslində belə olmayıb. Australopiteksdən eyni anda müxtəlif insan növləri törəyib, yəni Homo Sapiens də, Neandertallar da, Homo Denisovolar və başqa insan növləri Yer üzündə eyni zamanda yaşayıblar. Sadəcə bunların arasından yalnız Homo Sapiens fərqlənə bilib. O, ya başqa insan növlərini kütləvi şəkildə qırmaqlamı, ya təbiətin bəxş etdiyi seçmə iləmi onları aradan çıxaraq dünyanın tək sahibinə çevrilib. On min il əvvəl dünyada yalnız Homo Sapines, yəni biz qalmışdıq. Harari bu bilgiləri ehtimallar əsasında söyləmir, arxeologiya elminin son nailiyyətlərinə istinadən deyir.

Bəs, insanın bu dünyanın tək sahibinə çevrilməsinə nə kömək etdi? Niyə Neandertallar və ya Homo Erectuslar yox, məhz Homo Sapineslər dünyanın sahibi oldular. Harari hər şeydən əvvəl dil faktorunu vurğulayır. Neandertalların da nitq qabiliyyəti vardı (Yeri gəlib birini də deyək. Meymunlar da danışa bilir. Məsələn, “Şir gəlir, qaç” kimi ifadələr işlədirlər). Lakin onlar Homo Sapienslərə nisbətdə kiçik qruplarda yaşadıqları üçün dil onların inkişafına təkan vermədi. Çünki əgər sən 150 nəfərlik qrupda yaşayırsansa deməli 150 nəfərin hər biri haqqında məlumatlı olmalısan, daha çox insanla ünsiyyətə girib daha çox məlumat əldə etməlisən. Bax bu xüsusiyyətinə görə Homo Sapiens fərqlənməyə başladı.

Dilin gətirdiyi imkanlardan biri də təxəyyülün inkişafı idi. Qruplar böyüdükcə insan dildən daha çox faydalanırdı. Dildən daha çox faydalanmaq, yeni sözlər yaratmaq, daha məntiqli danışmaq imkanı yaradırdı. Beləliklə təxəyyül imkanı da genişlənirdi. Bəs təxəyyül insan nə verdi?

Təxəyyül, hekayə qurmaq bacarığı insana dinləri yaratmaq, pulu yaratmaq, ideologiyaları yaratmaq, sənəti yaratmaq, iqtisadiyyatı yaratmaq imkanı verdi. Beləliklə “ilk təxəyyül təkanı”ndan hərəkətə keçən Homo Sapines “Perpetum mobila”ya çevrilməyi bacardı. Yeni dünyalar kəşf etdi, şəhərlər saldı, imperiyalar qurdu və dünyanın yeganə sahibinə çevrilə bildi. Bu insan indi başqa planetlərin fəthi eşqi ilə alovlanır.

İnsanlığın tarixində ən böyük dəyişiklik-inqilab əkinçiliyə keçidlə oldu. Bununla da insanlıq üçün yeni həyat, yeni çətinliklər dönəmi başladı. Harari deyir ki, əkinçiliyə, oturaq həyata qədər insan heyvanlardan keçən bir çox xəstəliklərdən uzaq idi. Qidası da yalnız bir neçə heyvan və buğda, arpa, çəltik kimi dənli bitkilərlə yekunlaşmırdı. 2.5 milyon il əvvəl Australopiteksdən ayrılan insan özünün ovçu-toplayıcı dövründə bir çox xüsusiyyətlər qazanmışdı. İnsan məhz bu dövrdə dünyanın müxtəlif qitələrinə yayıldı, bir çox xüsusiyyətlərini qazandı. Əkinçiliyə başlayan insanın oturaq həyatı da başladı. O, heyvanları, bitkiləri mədəniləşdirməyə, torpaq əkməyə, şəhərlər salmağa başladı. İnsan pulu – yoxdan var olan bir nəsnəni kəşf etdi. Bu da onun təxəyyülünün nəticəsində baş verdi. Pul sayəsində insanın növbəti inkişaf mərhələsi başladı.

Yeni dünyanın kəşfi isə elmin inkişafına da təkan verdi. Əgər Yeni dünyanın kəşfi varlanmaq imkanını artırırdısa bunun üçün elmin köməyi də gərək idi. Çünki insanlar heç vaxt malik olmadıqları yeni maneələrlə qarşılaşırdılar. Misal üçün, uzun müddət səyahət edən gəmiçilər sinqa xəstəliyindən ölürdülər. Gəmilərin təkmilləşməsi üçün də yeni elmi biliklər gərək idi. Beləliklə Yeni dünyanın kəşfi Avropanın inkişafı, imperiyaların yaranması, dünyanı fəthi özlüyündə elmin də inkişafına təkan verdi.

Adicə bir faktı qeyd edək: XVIII əsrə qədər Günəşdən Yer planetinə qədər olan məsafə məlum deyildi. Bunun yalnız bir üsulu vardı. Hər bir neçə ildən bir Venera planeti Günəşlə Yerin arasına keçir. Bu zaman dünyanın müxtəlif yerlərindən bu məsafəni ölçmək olar. Sibirə, Şimali Amerikaya, Madaqaskar və Cənubi Afrikaya bunun üçün müşahidəçilər göndərilsə də nəticələr hələ kafi deyildi. Buna görə də Təbiət Elmlərinin İnkişafı üzrə Kral Cəmiyyəti Sakit okeana da bir ekspedisiya göndərmək qərarına gəlir. Ekspedisiyaya kapitan Ceyms Kuk rəhbərlik edirdi. Gəmidə astronom alim Çarlız Qrindən əlavə başqa elm sahələrindən olan səkkiz alim də vardı. 1768-ci ildə İngiltərədən ayrılan ekspedisiya 1771-ci ildə vətənə qayıdır. Ekspedisiya təkcə Veneranın keçidini müşahidə eləmədi, o, coğrafiya, meteorologiya, botanika, zoologiya, antropologiya sahəsinə aid zəngin materialla da qayıtdı. Ekspedisiyanın ən böyük uğuru isə Avstraliyanın kəşfi idi.

Harari sənayenin inkişafı dövrünə də toxunur. Bu dövrdə iqtisadiyyatla yanaşı başqa sahələr də inkişaf edir. İnsan həyatında yeni mərhələ - kapitalizm – başlayır, daha doğrusu yeni formasiya yerini möhkəmlədir. Bir zamanlar toyuğu əhilləşdirmək üçün min əzabdan keçən insan indi onu sənaye yolu ilə yetişdirir. Üstəlik bu zaman amansızlığa da əl atır. O, heyvanları, təbiəti nəzərə almır, daha onlarla hesablaşmır, onu bütövlükdə ram edib. Bəs bu davranış insanidirmi? Harari bu kimi məsələlərə də toxunur. İnsanı tənqid etməkdən də vaz keçmir. Onun müsbət tərəfləri ilə yanaşı mənfi tərəflərini də göstərir.

Müəllif insanlığın əlində olan nailiyyətlər nəticəsində gələcəyini də proqnozlaşdırmaqdan qalmır. Hətta xəbərdarlıq da edir: Bəlkə də Homo Sapiens bu dövrdən sonra yeni bir forma alacaq. İnsanlıq tamamilə ayrı bir həyata qədəm qoyacaq.

Harari bir elmi kitab üçün olduqca bədii sayılacaq bir dillə insanlığın zirvəyə doğru yüksəlişindən bəhs edir. Elə bil elmi əsər deyil roman oxuyursan. Və bu romanın baş qəhrəmanı Homo Sapiensdir. Amma bu əsərdə son yoxdur, kitab bitir, insanlığın hekayəsi isə davam edir. Ola bilsin o hekayəni biz yazmayacağıq, dünyanın başqa xalqları, inkişaf etmiş beyinləri yazacaq. Biz isə Homo Sapiens adı ilə ordakı obrazlardan biri olacağıq ancaq. Adamı yandıran da budur.

# 3088 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #