Kulis “Dünya kinosu-120” layihəsində professor Aydın Dadaşovun “Çingizxanın inqilabçı törəməsi” məqaləsini təqdim edir.
Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub, buraxılış imtahanları ərəfəsində yollandığı Birinci Dünya müharibəsində yaralanmış, üç il olduğu alman əsirliyindən qaçmış, Kino məktəbində, indiki ÜDKİ-də V.R.Qardinin kursunu bitirmiş təhsil almış, Lev Kuleşovla rastlaşmaqla aktyor kimi kinoya gəlmiş, rejissorluq, ssenariçi peşəsinə yiyələnmiş Vsevolod İllarionoviç Pudovkin (1893-1953) Maksim Qorkinin altı yüz səhifəlik «Ana» romanına quruluş verməklə (ssenari müəllifi Natan Zarxi.1926) ona şöhrət gətirən triologiyasının bu ilk ekran əsərində sənətkar kimi təsdiqlənmişdir. Əlbəttə ki, filmin uğurunda kinodramaturgiyanı, montajı dərindən bilərək ssenarini əsaslı təmələ çevirən Karaqanovun yazdığı kimi: «filmin hoqqaların növbələşməsi ilə deyil, maraqların qarşıdurmasını əks etdirən ziddiyyətin inkişafını görən» (Караганов А.В. Всеволод Пудовкин. М., 1973. с.49.) əsas mövzunu romandan götürsə də, mürəkkəb süjetdən, inqilabçıların gizli fəaliyyətini göstərən mürəkkəb motivli ikinci hissədən, bir neçə personajdan vaz keçməklə, ata-ana-oğul münasibətini önə çəkməklə, saat səhnəsi, qaragüruhçuların kef məclisi, həbsxanada üsyan kimi dinamik epizodlar əlavə etməklə ssenarinin fabulalı strukturunu quran Natan Abramoviç Zarxinin də müstəsna əməyi oldu.
Romandan fərqli olaraq ananın - Nilovnanın (Vera Baranovskaya) oğlu Paveli (Pavel Batalov) özündən asılı olmayaraq satması, silahın yerini deməklə oğlunun azad ediləcəyini düşünməklə polislərin vədlərinə aldanılması, beləliklə inqilaba birbaşa deyil, maneələri dəf etməklə, daxili müqavimətlə, tədricən yetişməklə gəlməsi dramaturji modeli və ekranın ifadəliliyini zənginləşdirir. Filmdəki personajların kinematoqrafik obraza çevrilməsi zərgər dəqiqliyi ilə işlənmişdir.
Hələ ki, fabrikin təcavüzündən qorunan, sağlam, təbəssümlü, qorxmaz inqilabçı Paveldən tutmuş, zəhmətdən və ərinin yumruqlarından saçları erkən ağarmış qəmli baxışlı Nilovnaya, ağır işdən beli bükülmüş, maşın yağlarından qaralmış, arağın təsirindən kobudlaşmış qoca Vlasova, kök, gödək, piyli yeməkxana sahibinə, aşağı nöqtədən çəkilməklə möhtəşəm heykələ bənzər polisə, hakimiyyəti təmsil edən robotlaşdırılmış məhkəmə üzvlərinə qədər hər kəs personajların natura fərqliliyini yaradır. Döşəmədə zalımın uzunboğaz çəkməsini qucaqlayan, ərinin müti qulundan, əli bayraqlı inqilabçıya çevrilən anaya, qara həbsxana furqonundan boylanıb həyati təbəssüm göstərən oğula heyrətlənən Leonid Zaxaroviç Trauberqin: «Bu Vsevolod Pudovkinin yeni kinematoqrafı idi. O ekrana aktyoru qaytardı. İnsanı…» (Трауберг. Л.З. Избранные произведения. т. 2. М., 1988. с. 443.) fikirləri bu sənətkarın personajları naturaçıya çevirən sələflərinin yolunu tutmadığına işarə vurur. Ananın romandakı kimi dəmir yolu platformasında deyil, nümayişi dağıdan əsgər atlarının nalları altında ölməsi filmdəki qarşıdurmanı kəskinləşdirir. Əsərdə sağ qalan Pavel də, filmdə əsgər gülləsindən ölməsi dramatizmi artırır. Mixail Rommun film barədə yazdığı: ««Ana» sərt və sadə ürək sözü kimi həmən nəğmə kimi ürəklərə yatdı. Həqiqət belə olmalıdır» (Ромм М.И. Избр. произв. М., 1980. т.1.с. 507.) fikri ustad qənaətidir.
Dünya şöhrəti qazanmış ««Ana»dan sonra Vsevolod Pudovkinin Mixail Dollerlə birgə inqilabın on illiyinə həsr olunmuş «Sankt-Peterburqun sonu» (ssenari müəllifi Natan Zarxi.1927) adlı, triologiyasının ikinci filmi ucqar kənddən şəhərə gələn, adsızlığı ilə özü kimi çoxsaylıların taleyini yaşayan Oğlanın (İ.Çuvelov) bolşevikə çevrilməsi üzərində qurulur. Tətilə qoşulanların liderlərinin siyahısını zavod direktoruna ötürməklə ona himayədarlıq edən həmyerlisinin də həbsinə bais olan Oğlanın səhvini anlamaqla Nilovnını təkrarlaması ilə dramaturji model ilkinliyini itirir. Ancaq səhvini anlayaraq ədalətsizliyə qarşı çıxan, zavodun direktorunu, sahibkarı döyərək həbsxanaya düşən Oğlanın birinci dünya müharibəsinin insanların talelərini sındırmasını görməklə əsgərlər və fəhlələrlə birgə Qış sarayına hücumda iştirakı ilə şəhərin keçmişinin indisiylə müqayisəsinin ikinciyə üstünlük verilməsinin qoşalaşdırılması fabulanı ikiləşdirir. Çoxsaylı binalar, memarlıq abidələri, gecəqondular, birja, müharibə səngərləri, döyüşlər, xronika materialları filmi ağırlaşdırır. Bununla belə hadisələrin yozumunda, fəaliyyətin əsaslandırılmasında rejissorun imkanlarını görən Andre Bazenin: ««Sankt Peterburqun sonu»ndakı daş şirlərin şaha qalxmasını xalq hərəkatının təcəssümüdür» (Андре Базен. Что такое кино? М., 1972. с.90.) qənaəti əsl sənətkarın nəzəri müddəalar üçün daim əsaslı məhsul verdiyini təsdiqləyir.
Vsevolod Pudovkinin hərbçi komandir olmuş yazıçı İ.M.Novoxşenovun povesti əsasındakı «Çingizxanın törəməsi» (ssenari müəllifi O.Brik. İ.Novoxşenov.1928) adlı, triologiyasının sonuncu filmi, 1918-ci ildə müdaxiləyə məruz qalmış Monqolustan həyatından bəhs edir. İngilis tacirin su qiymətinə kasıb ovçu Bairin (V.İnkijinov) əlindən qiymətli qara-qonur tülkü dərisini zorla alarkən ağ satıcının yaralanması ilə müdaxiləçilərin ayağa qalxması ilkin hadisəni səciyyələndirir. Budda mərasimində musiqiçilərin nəfəsli və zərb alətlərində ifası ilə maskalı fiqurların mistik rəqsi karnaval estetikasının sənədli mühitini yaradır. Şərqi Sibir partizanların yanına qaçsa da, ingilislərə əsir düşən “Moskva”, “Lenin” kəlmələrini təsdiqləyən Bairin polkovnik rütbəli Britaniya komendantının (A.Dedintsev) əmri ilə güllələnməyə məhkum edilməsi filmin əsas hadisəsini yaradır. İngilis zabiti Rolandın (Boris Barnet) kənarından ehtiyatla keçdiyi, yağışdan sonra qalan gölməçələrin tən ortasından keçən əlibağlı Bair ölümə məhkum olan kəsin obrazını yarada bilir. Rolandın tapançadan, tüfəngdən açdığı güllələrdən ağır yaralanıb özünü sıldırımlı dərəyə atan Bairin müdaxiləçilərin əlinə keçən buxurdanından tapılan duada, onun Çingizxanın törəməsi olduğunu təsdiqlənməsi təklif olunan vəziyyəti dəyişir. Britaniya komendantının əmri ilə yaralı Bairin sağaldılaraq oyuncaq dövlət başçısına çevrilməsi planı Çerçilin özü ilə razılaşdırılması siyasi motivi gücləndirir. İkinci Çingizxan qanuni varis adlandırılan Bairə Avropa libası geyindirməklə hakimiyyətə gətirməyə hazırlaşmaları süjet yeniliyi yaradır. Susuzluqdan yanan Bairin toxunub döşəməyə saldığı akvariumdan çıxan balıqlarla birgə çabalaması vəziyyətin çıxılmazlığının obrazını yaradır.
Londondan gələn Henrix Yuzun Komendantın qızına bağışladığı, vaxtilə qəpik-quruşa əlindən alınan qara-qonur tülkü dərisini tanıyıb dözümsüzlük göstərməsi isə filmin əvvəlindəki süjet xəttini tamamlayır. İşğalçıların əsir götürərək öldürmək istədikləri gənc monqolun ölkələrarası müqaviləni imzalamalı olan Bairin otağına gəlişi ziddiyyətli təsvir həllini tapan fabulanı qızışdırır. Gözünün qarşısında ona sığınan gənc monqolun güllələnməsinə dözməyən Bairin işğalçı ingilis zabitlərini qılıncdan keçirməsi, qocaman ağacları kökündən qoparan qasırğanın fonunda hücuma keçən süvarilərin başında ölkəsinin azadlığına qalxması sosializmin nağılvari qələbəsini səciyyələndirir. Və beləliklə Vsevolod Pudovkinin quruluş verdiyi «Çingizxanın törəməsi» filmi sovetlərin sosializmin ixracı ideologiyasının bədii həllini birbaşa təbliğatdan qaçan sənət səviyyəsində örnəyə çevirə bilir.
Filmin strukturunda hərəkətverici qüvvəyə çevrilən əsas detalın, rekvizitin sənədliliyi Vs. Pudovkinin: «Həmin buxurdan İrkutsk muzeyində qorunub saxlanılır» (Пудовкин. В.И. Собрание сочинений. т.2. М.1975. с.60.) cümləsində təsdiqini tapmaqla bütövlükdə ekran hadisələrinin informasiya gerçəkliyinin də reallığı vurğulanır.
Buryat-monqol əyalətlərində aparılan çəkilişlərdə məişət detallarının təsvirinə, yerli əhaliyə kütləvi səhnələrdə yerli əhalinin iştirakına geniş yer verilməsi filmdə baş verən hadisələrin real mühitini yaradır. Mixail Rommun yaradıcılığını daim izlədiyi ustadının «Çingizxanın törəməsi» filmi barədəki: «Film tamaşaçı uğuru qazandı. Ancaq yüksək kinematoqrafik çevrənin qənaətinə görə bu filmdə döşəmədəki məşhur alleqorik arfalar və balıqlar istisna olmaqla Pudovkinin xüsusi kəşflərə cəhd göstərmədi. Odur ki, «Çingizxanın törəməsi» Pudovkinin çöküşü kimi ciddi qəbul edildi» (Ромм М.И. Избр. произв. М.1980. т.1.с. 162.) cümlələrində müəllifin sətrarası razılığı da, sezilir.
Zaman keçdikcə kino mütəxəssisləri Vsevolod Pudovkinin triologiyasının sənətkarın “Kinorejissor və kinomaterial”, “Kinossenari. Ssenari nəzəriyyəsi” (1926) əsərlərində əksini tapan nəzəri müddəalara əsaslanan bədii dəyərini yüksək qiymətləndirirlər. «Ana», «Sankt Peterburqun sonu», «Çingizxanın törəməsi» filmlərində quruluşçu operatorunun Vsevolod Pudovkinin ekran yozumunun mükəmməl təsvir həllini verə bilən A.D.Qolovnya olması yaratdığı trilogiyanın bədii səviyyəsində müstəsna rol oynadı.
1929-cu ildə Bakı kinostudiyasında ustad dərsləri aparan, Cəfər Cabbarlı başda olmaqla yerli kinematoqrafçılarla ünsiyyət quran, kino sahəsində təhsil almaq üçün tələbələr seçən Vsevolod Pudovkin özünün «Çingizxanın törəməsi» filminin nümayişindən sonra verilən sualları da cavablandırır.
1930-cu ildə qızının ölümü, arvadının xəstəliyi səbəbindən Parisdən qayıtmayan milliyyətcə monqol, V.E.Meyerhold kimi sənətkardan aktyorluq dərsi almış Valeri İnkijinovovun adının filmin titrlərindən çıxarılması, yazıçı İ.M.Novoxşenovun 1937-ci ilin repressiyalarına məruz qalması Vs. Pudovkini susmağa vadar edirdi. Yaradıcılığının sonrakı mərhələlərində quruluş verdiyi “Suvorov” (1940), “Minin və Pojarski” (1941), “Admiral Naximov”(1946), “Jukovski” (1950), filmləri buxovları bərkidən dövrün diqtəsinə tabe olan Vsevolod Pudovkinə hər üç dərəcəli Stalin mükafatı qazandırdı. Sənətində ictimai üsluba güzəştə gedən RSFR-in əməkdar incəsənət xadimi (1940), SSRİ-nin xalq artisti (1948), iki Lenin ordenli (1935, 1950), iki Qırmızı əmək bayrağı ordenli (1944, 1953), ÜDKİ-nin professoru (1950) ölümündən sonra adı Moskva şəhərinin küçələrindən birinə verilən Vs.İ.Pudovkinin ekran sənətinə dair nəzəri əsərləri kino təhsilində əvəzsiz dərsliklərdən sayılır.
1936-cı ildə ÜDKİ-nun operatorluq fakültəsini bitirdikdən sonra «Minin və Pojarski», «Suvorov» filmlərinin də quruluşçu operatoru, müəllimi A.D.Qolovnyaya assistentlik etmiş həmyerlimiz Əlisəttar Atakişiyevin yaradıcılığı Vsevolod Pudovkini daim maraqlandırırdı. Vs.İ. Pudovkinin D.İ.Vasilyevlə birgə quruluş verdiyi “Jukovski” filminin ikinci rejissorlarından biri olmuş Hüseyn Seyidzadəyə yazdığı zəmanət məktubu isə daim haqsızlıqlarla rastlaşan gənc rejissorumuzun yaradıcılığında müstəsna rol oynadı.
Məktubunda: «Mən Seyidzadəni qarşıda müstəqil iş gözlədiyini bildiyimdən daim onu yaradıcılıqla bağlı proseslərdən əlavə rəngli kino sahəsində bilgilər tələb edib, vaz keçilməsi mümkün olmayan, rejissor işinin sırf texniki sahələrinə də, yaxın buraxırdım. Deyə bilərəm ki, o, ciddi, təxəyyüllü, hərəkətli və xeyirli köməkçi olmasaydı, tapşırılan çətin işlərin məğzini həmən anlamaqla yaradıcı həllini tapardı. Nümunə üçün mən bir məqamı yada salım. Filmin öz əllərimlə məşğul olduğum montajında Seyidzadəyə üzərində çalışdığım iki müxtəlif dubllardan kiçik bir epizodun paralel montajını tapşırdım. O bu epizodda elə bir təhkiyə forması tapdı ki, özümünkündən də çox bəyənib filmə saldım.
Bu gün Seyidzadəyə dahi Azərbaycan bəstəkarı Hacıbəyovun əsəri üzrə film çəkmək təklif olunmuşdur. Mən hesab edirəm ki, işin əvvəlindən sonunadək ssenariçi ilə müştərək çalışmaqla o, bu işin öhdəsindən şərəflə gələcəkdir. Öz tərəfimdən məsləhət və təcrübəmi əsirgəməyəcəyəm. Filmi rəngli yaratmaq gərəkdir, çünki onun artıq bu çətin lakin Ümumittifaq üçün həlli vacib sahədə təcrübəsi vardır. Ssenarinin ideyası, dramaturji quruluşu dilin ədəbi keyfiyyəti həlledici olacaqdır. Onun gələcək rejissorundan nigarançılığa heç bir əsas görmürəm» (АРДЯИА. фонд 330, сийащы 1, сахлама ващиди 168) yazan, kinomuzun daimi himayədarı V.İ.Pudovkinın də hər cümləsi göründüyü kimi tutarlı müddəalarla zəngindir.
Beləliklə, Üzeyir bəy Hacıbəyovun «O olmasın, bu olsun» (ssenari müəllifi Sabit Rəhman, 1956) musiqili komediyasına kinorejissor kimi quruluş vermək Hüseyn Seyidzadə yə tapşırılır.
Aydın Dadaşov - professor