Leninin arvadının məhv etdiyi rus yazıçısı

Leninin arvadının məhv etdiyi rus yazıçısı
3 avqust 2016
# 09:00

Onu daha çox uşaq nağılları yazarı kimi tanıyırlar. Halbuki Korney Çukovski yaradıcılığa uşaq nağılları yazmaqla başlamamışdı. Tamam başqa arzuları vardı. Məşhur tənqidçi idi. Dövrünün ədəbi mühiti haqqında tənqidi məqalələr yazırdı.

Korney Çukovski elə indi də ədəbi mühitdə uşaq yazıçısı olmaqla yanaşı Nekrasov, Çexov, Blok haqqında kitabları ilə tanınır. Onun bu araşdırmaları olduqca sanballı əsərlər hesab olunur.

Bununla belə Çukovski oxucuların yaddaşında daha çox “Aybolit” və başqa uşaq nağıllarının müəllifi kimi qaldı. SSRİ-də neçə-neçə nəsil onun nağılları ilə böyüdü.

Onun uşaq nağılları yazmasının çox kədərli tarixçəsi vardı.

Çukovski və xəstə oğlu qatarla Peterburqa qayıdırmışlar. Tənqidçi oğlunun başını qatmaq üçün özündən nağıl uydurmağa başlayır. Düşünməyə vaxtı yoxmuş, ani pauzada uşaq ağlayıb-sızlayırmış, buna görə də Çukovski qatar təkərlərinin taktında şeir deməyə başlayır, özündən süjet qurur. Beləcə “Timsah” nağılı yaranır. Çukovski “Timsah”ı çap etdirir. Nağıl məşhurlaşır.

Daha sonra Çukovskinin “Moydadır”, “Tarkanşina”, “Barmaley”, “Aybolit” adlı uşaq nağılları çıxır. Beləcə ədəbi tənqidçi uşaq nağılları müəllifinə çevrilir. Onu hər yerdə uşaq nağılları müəllifi kimi qəbul edirlər.

SSRİ-nin ilk illərində də Korney Çukovskinin uşaq nağılları rəsmi ideologiya tərəfindən qəbul olunur, yazdığı nağıl kitabları çap edilir. Onun yaratdığı nağıl qəhrəmanlarının şərəfinə heykəl qoyulur, onların əsasında uşaq oyuncaqları hazırlanır.

Ancaq...

1928-ci ilin fevral ayında Xalq Maarif Komissarı müavini, Leninin xanımı Nadejda Krupskayanın “Pravda” qəzetində “Çukovskinin “Timsah”ı haqqında” adlı məqaləsi çıxır. Məqalədə Krupskaya yazıçının nağıllarını sərt tənqid edir, uşaqlar üçün zərərli olduğunu deyir: “Bu boşboğazlıq uşaqlara hörmətsizlikdir... Onları əvvəlcə pryaniklə, şən qafiyələrlə, komik obrazlarla şirnikləşdirirlər, eyni zamanda da məcbur edirlər ki, tör-töküntü udsunlar. Bu da izsiz baş verməyəcək. Mən fikirləşirəm ki, “Timsah”ı bizim uşaqlara vermək olmaz.”

Yuxarıdan gələn siqnal tezliklə lazımi reaksiya oyadır.

Bundan sonra mətbuatda Çukovskinin əleyhinə kampaniya başlanır, məqalələr yazılır. Onu fərdiyyətçilikdə ittiham edirlər. Belə çıxır ki, onun nağılları partiyanın xətti ilə uyğun gəlmir, köhnənin qalığıdır, burjuaziya tör-töküntüsüdür. Bu nağıllarda Kommunist partiyasının rolu haqqında heç nə yoxdur.

Redaktorlar arasında “çukovşina” termini yaranır. Bəziləri daha irəli gedir: “Biz Çukovski və onun qrupunu gülləməliyik”. Valideynlər kütləvi şəkildə bəyan edirlər ki, uşaqlarına Çukovski nağılları oxutmayacaqlar: “Biz gərək qəti şəkildə mövqe göstərək, uşaq ədəbiyyatında Çukovski qrupu ilə yola gedə bilmərik. Əgər biz ədəbiyyatımızı düşmən təsirindən qoruya bilməsək onda onlar bunu əlimizdən alacaqlar. Biz də Kreml uşaq bağçasının valideynləri qərara gəlmişik ki, uşaqlara bu kitabları oxutmayaq.”

Bundan sonra naşirlər Çukovski ilə əməkdaşlığı dayandırırlar, onun nağılları qadağan olunur, kitabları yığışdırılır. İşsiz qalan yazıçı intihar həddinə çatır. O, 1929-cu ilin dekabrında “Literaturnaya qazeta”ya məktub yazaraq əvvəlki nağıllarından imtina etdiyini, “ağıllandığını” bildirir. Lakin bundan sonra da nəşriyyatların qapıları üzünə açılmır.

Çukovski gündəliyində yazırdı: “30-cu illərdə məni qadağan etdilər. Mənim adımı söyüşə çevirmişdilər. Nəticədə ehtiyac içində boğulurdum. Ağlımda yeni süjetlər, nağıllar əməl gəlirdi, amma mövhumatçılar məni əmin edirdilər ki, nağıllarım heç kəsə lazım deyil. Özümü gərəksiz hiss edirdim.”

O, yeni nağıl kitabını bir də İkinci Dünya Müharibəsi zamanı yazacaqdı. Müharibədən sonra isə Korney Çukovskinin nüfuzunu artıq heç kəs dana bilməyəcəkdi. Qoca nağılçı uşaqları tez-tez Peredelkinodakı bağına dəvət edəcək, onları başına yığıb nağıl danışacaqdı. Oksford universitetinin ədəbiyyat elmləri doktoru dərəcəsinə layiq görüldüyü üçün iş otağının divarından mantiya asılmışdı. Bu mantiyanı əyninə geyəndə həqiqətən sehrli dünyadan gəlmiş qoca nağılçıya bənzəyəcəkdi. Uşaqlar da heyrətlə baxıb gülümsəyəcəkdilər.

Çukovski o dəhşətli günləri, bir gecədə adının üstündən hər yerdə xətt çəkilən, ölümdən döndüyü günləri də heç vaxt unutmayacaqdı. Elə buna görə də Aleksandr Soljenitsının “İvan Denisoviçin günü” əsərini oxuyandan sonra çap olunması üçün Tvardovski ilə birgə mübarizə aparacaqdı. Hətta bir az da cəsarət göstərib Soljenitsin axtarışda olanda onu öz evində gizlədəcəkdi.

Bu isə təbii ki, tamam ayrı yazının mövzusudur.

# 3039 dəfə oxunub

Oxşar xəbərlər

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

12:00 18 dekabr 2025
İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

12:00 17 dekabr 2025
Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər