Bakıda Tanrının nizamını dağıdan üç bina

Bakıda Tanrının nizamını dağıdan üç bina
13 iyun 2016
# 16:00

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX əsr” məqaləsinin on üçüncü hissəsini təqdim edir.

On ikinci hissəni burdan oxuya bilərsiz.

Hər bir ziyalı insanın beynindəki informasiyanın böyük hissəsi keçmişlə bağlı olur. Təbiidir. Keçmişə olan maraq həmişə insanların içində olub və əksər hallarda, gələcəyə münasibəti də məhz keçmişlə bağlı informasiyalar təyin edib. Keçmişdən nəticə çıxardıb, gələcək üçün planlar qurmuşuq. Keçmişdəki proseslərin qanunauyğunluqlarını analiz edərək, əvvəlki səhvləri təkrar eləməməyə çalışmışıq…

Təbii ki, bir ziyalı insan olaraq, bizə elə gəlir ki, dünəndən tutmuş, minilliklər əvvələ qədər öz keçmişimiz barədə hər şeyi bilirik. Həm öz xalqımızın, həm də ümumiyyətlə dünyanın keçmişi - ən azından son bir neçə min il ərzindəki hadisələr, proseslər öyrənilib, araşdırılıb, gizli heç nə qalmayıb… Eramızdan əvvəl üçüncü minilliklərə qədər bizim biliyimiz gedib çıxır, ondan daha qədim dövr barədə isə informasiyalar qarışıqdır, ancaq onlara çox ehtiyac da yoxdur, çünki iki-üç min ilin hadisələri analiz üçün kifayət qədər material verir…

İndi isə gəlin birlikdə beynimizi qurdalayaq və gözümüzün qabağına gətirək ki, keçmişlə bağlı məlumatlar – tarixi hadisələrdən tutmuş real qəhrəmanlara, onların xarakterinə, daxili aləminə aid məlumatları, bilikləri hardan əxz eləmişik?

Yaddaşımızı diqqətlə analiz etsək, mənbə olaraq gözümüzün önünə sırf akademik tarixi əsərlərdən və yaxud tərcümə edilmiş tarixi mənbələrdən daha çox tarixi əsərlər gələcək - romanlar, pyeslər, hekayələr, povestlər, poemalar, daha sonralar filmlər, seriallar. İstər Avropa, Rusiya tarixi olsun, istərsə də öz keçmişimiz…

Niyə? Çünki tarixi mənbələrdən, akademik tarix kitablarından fərqli olaraq, ədəbi-tarixi materiallar daha maraqlı və daha canlıdır.

Oxuyuruq və inanırıq. Düzdü, bunların bir ədəbiyyat nümunəsi kimi, həqiqətə tam uyğun ola bilməməsi faktı gizlədilmir, yazıçılar özləri də zaman-zaman bəyan ediblər ki, əsərlərdə tarixi həqiqətlər müəllif ideyasının istiqamətinə uyğun şəkildə dəyişdirilə bilər. Çünki ədəbi əsər üçün vacib olan bədii məziyyətlərdir, tarixi həqiqətlər yox. Tarix adətən yazarlar üçün öz fikirlərini, ideyalarını çatdırmağa kömək edən sadəcə material bazası kimi çıxış edir. Əsas olan bədii keyfiyyət, ədəbi məziyyətlərdir. Tarixi faktları bədiiyyata qurban verdiyinə görə, heç bir yazısı məsuliyyət daşımır…

Budur, ideyalar, bədii məziyyətlər deyirik. Bəs axı bunlar mütləq deyil, hər zaman kəsiyinin, hər ölkənin, hər ictimai-siyasi paradiqmanın özünün ortaya qoyduğu ideyalar kompleksi, bədii məziyyətlər var. Belə olan halda, eyni tarixi hadisələr dövrün paradiqmasının dəyişməsindən asılı olaraq, müxtəlif cür təqdim ediləcək. Zaman dəyişdikcə tarixi faktlar təzədən dəyərləndiriləcək, eyni hadisə tamam fərqli rakursdan göstəriləcək… Son yüzilliklərdə belə də olub…

Dünənin qaranlığı

İndi isə bir incə mətləbə diqqət edək. Ədəbiyyat, incəsənət əsəri nə qədər rasionallaşsa da, minilliklərdən gələn metafizik mahiyyətini itirməyib.

Biz ədəbi-tarixi materiallarla tanış olanda, əqlimizlə başa düşürük ki, bunlar yazıçı təxəyyülünün məhsuludur, çox da inanmaq olmaz. Lakin ruhumuz metafizik plastda bizim iradəmizdən asılı olmayaraq, bu məhsulu özündə həll edir və biz qeyri-ixtiyari keçmişə məhz bu əsərlərin prizmasından baxırıq… Çünki maraqlıdır və inandırıcıdır… Əsərdə haqqında danışılan tarixi hadisələr, obrazlar altşüurumuza məhz o ədəbi əsərlərdəki kimi oturur…

Bəs görəsən, təxəyyül məhsulu olan yalanlar üzə çıxanda nə olur?

Maarifçilik dönəmindən üzü bəri dünyada kütləvi şəkildə yayılan bədii-tarixi əsərlərin təqdim etdiyi «həqiqətlər» tam mənada ifşa olunmayıb, (hərçənd ki, buna da çox qalmayıb), lakin məhdud məkanlarda biz bu cür «ifşa»ları görmüşük və bu proseslərdən gələcək «tam ifşa» üçün nəticə çıxarda bilərik…

Yaxın tariximizə fikir verək. Məgər dünənəcən bütün ədəbi-bədii əsərlərdə təqdim olunmurdu ki, Azərbaycan xalqı sevinə-sevinə Rusiyaya birləşib?

Və ya dünənəcən Şaumyanı, Caparidzeni, Kirovu dahi şəxsiyyətlər, Rəsulzadəni, Xoyskini, Yusifbəylini millətçi xalq düşmənləri kimi tanımırdıqmı? Niyə? Çünki dövrün tələbinə uyğun olan həqiqətlər ədiblər tərəfindən elə canlı, elə inandırıcı təsvir olunmuşdu ki, təhtəlşüur səviyyəsində bunları qəbul etmişdik…

Budur, zaman keçdi, yaxın dövrün həqiqətləri üzə çıxdı, ədəbi təxəyyüllərin və sosial sifarişlərin yalanları ifşa olundu…

Belə isə, bəs yalanı üzə çıxan və əslində heç yalan mahiyyətini inkar etməyən bir sənət növünə niyə öz uzaq keçmişimizi hələ də etibar edirik? Niyə öz xalqımızın tarixi barədə məlumatlarımız hələ də ədəbi-tarixi əsərlərə əsaslanır? Niyə öz köhnə zadəganlarımıza, bəylərimizə, ruhanilərimizə, övliyalarımıza hələ də ədəbiyyat əsərlərinin yaratdığı prizmadan baxmaqda davam edirik və bunun əksi iddia ediləndə əsəbiləşirik, qıcıqlanırıq?

Axı bu prizmanın xeyli sayda yalanları ifşa olundu? Bu bizə bəs olmadımı?

Ədəbiyyat, incəsənət estetik sənətdi, bunlara tarixi mənbə kimi yanaşmaq olmaz. Bizsə hələ də, yanaşırıq.

Düzdü, etiraf edək ki, bizdə müasir ədəbiyyatın, incəsənətin yaranması Sovet dönəminə təsadüf edir, bu baxımdan da, yazılan əsərlərdə, səhnələşdirilən pyeslərdə, çəkilən filmlərdə (hətta akademik tarixi kitablarda) keçmişin necə təqdim olunmasında bizim yazarlar azad deyildilər. Bu məlum.

Lakin diqqət etsək görərik ki, biz hələ indiyəcən, Sovet dönəmindən əvvəlki keçmişimizə münasibətimiz çox az dəyişib. Hələ indiyəcən gözümüzün önündə köhnə xanlarımızın, bəylərimizin hamısı avara, səfeh, müftəxor; keçmiş ruhanilərimizin, dindarlarımızın hamısı fırıldaqçı, şarlatan; xanımlarımızın hamısı cahil, avam, mövhumatçı; tacirlərimizin hamısı tamahkar, acgöz mənfi qəhrəmanlar kimi canlanır. Bu pleyadanın içində bircə müsbət qəhrəman da yoxdur…

(Təbii ki, bu cürləri az miqdarda də olub. Ancaq hamı belə olmayıb axı.)

Müsbət qəhrəman yalnız və yalnız qaçaq-quldurlardır…

Niyə? Çünki quruluş belə tələb edirdi… Rus-sovet iqtidarına lazım idi ki, əsarət altına aldığı xalqların nəzərində öz keçmişi çox pis, mənfi, qaranlıq kimi canlansın. Hamı hesab eləsin ki, bizim bütün müsbət keyfiyyətlərimiz yalnız indi formalaşmağa başlayıb. Kobud dillə desək, əvvəl vəhşi heyvan kimi yaşayırdıq, amma indi insan olmuşuq…

Soruşa bilərsiz ki, Sovet ideologiyası çərçivəsində baş verən proseslərin ümumi maarifçilik cərəyanına nə dəxli var? Orda ki heç bir rəsmi ideologiya yox idi?

Düzgün sualdı. Məkandan asılı olaraq, zahiri fərqlər var, amma mahiyyət eyni olaraq qalır. Sadəcə, istismara məruz qalıb zorla maarifləndirilən xalqlara münasibətdə bir ştrix də əlavə olunurdu – siz bu maarifə görə bir xalq olaraq, həm də bizə minnətdar olmalısız, əvəzində bizimçün qul kimi işləməlisiz…

Bəli, istər Rusiya-Sovet imperiyaları olsun, istər Qərb – fərqi yoxdur, yenə təkrar edirəm ki, maarifçilik ideyaları keçmişə münasibəti koordinal şəkildə dəyişdi və özünə lazım olman formada qurdu – əski cəmiyyətləri gözdən saldı, bütün müsbətləri kölgədə qoyub yalnız mənfiləri göstərdi. (Sonradan bu prosesi tənqidi realizm davam etdirdi ki, bu barədə daha geniş şəkildə növbəti fəsillərdə danışacağıq.)

Və əfsuslar olsun ki, XX əsr bitsə də, biz bir xalq olaraq, hələ də öz keçmişimizə həmin prizmadan baxmağa davam edirik…

Çünki Qərbdən gələn «Mütləq Ali maarif» bizə başqa yol qoymayıb…

Çünki XX əsr hələ də bitməyib…

Maarifçiliyin totalitarizmi

Yazıda müasir Qərb təfəkkürünün mənfi tərəflərini tənqid edərkən, əksər hallarda elə Qərb filosoflarının özlərinin fikirlərinə istinad eləməyə çalışıram ki, kənarda dayanıb əli çatmayan armuda daş atan uşaq kimi görünməyim. Elə Klassik Maarifçilik paradiqması da sonradan Qərb cəmiyyətində ən çox tənqid olunan düşüncə tərzi olub. İmmanuel Kant kimi klassik idealistlərdən başlayaraq, XX əsrdə böyük nüfuz qazanmış məşhur Frankfurt məktəbinin filosoflarına və ya, Erix Fromm, Mişel Fuko kimi bir çox alimlərə qədər bir çoxları Maarifçiliyi müxtəlif istiqamətdən atəşə tutublar.

Şəxsən mənim bir Şərqli olaraq, bu məsələyə əsas münasibətim aydındır – klassik maarifçilərin «Bilikli (güclü) insan» idealını yaradıb çoxaldaraq, vahid, mütləq hakim olan «Tanrı» ideyasından imtina etməsini məqbul hesab etmirəm, səbəblərini də əvvəlki fəsillərdə izah etmişəm…

Bəs görəsən Qərb filosoflarının özləri maarifçiliyin hansı aspektlərini qəbul etmirdilər və tənqid atəşinə tuturdular? Axı bu alimlərin bir çoxu ateist idi və «Vahid Tanrı» ideyasının ortadan götürülməyi onları bir o qədər də narahat etmirdi… Bəs niyə narazı idilər maarifçilikdən?

Bu yaxınlarda 87 yaşı tamam olan məşhur alman filosofu və sosioloqu, professor Yurgen Xabermas məqalələrinin birində qeyd etmişdi ki, «kütləvi Maarifçilik müasir Qərbin ən böyük faciəsinə çevrilib…»

Ötən əsrin 30-cu illərindən başlayaraq bu xüsusda çoxsaylı kitablar, elmi əsərlər yazılsa da, maarifçiliyin ən aktiv tənqidçiləri məşhur Frankfurt məktəbinin filosofları oldu.

Bu alimlər çoxsaylı analizlər və araşdırmalar aparandan sonra belə bir qənaətə gəlmişdilər ki, Maarifçilik bəşər tarixində səhv addım, yanlış istiqamət idi… Maarifçilik ideyalarının və onların yetirməsi olan bugünkü Qərb cəmiyyətinin ifşasına həsr olunan onlarla, yüzlərlə fəlsəfi yazıların içində məhz Frankfurt məktəbinin filosoflarının ərsəyə gətirdiyi «Maarifçilik dialektikası» və «Neqativ dialektika» əsərləri xüsusi yer tutur.

Maks Xorkxaymer və Teodor Adornonun birgə səyləri nəticəsində yaranan bu əsərlər qısa zamanda Qərb ziyalıları arasında az qala bestsellerə çevrildi .

Bəs hansı fikirlər idi geniş oxucu kütləsini diksindirib, fərqli baxış aşılayan?

XX əsrin ən böyük faciəsi olan Osvensim və başqa ölüm düşərgələri əslində Antik mədəniyyətdən başlayan klassik Maarifçiliyin məntiqi yekun nöqtəsi olub, çünki maarifçiliyin mahiyyətində «totalitar sistem» dayanır.

Abstrakt və riyazi standartlar yaratmaq, insan təfəkkürünü «məntiq kateqoriyaları və anlayışları» çərçivəsinə zorla sıxışdırılıb yerləşdirmək də, rasional maarifçiliyin «totalitar zorakılığ»ının əlaməti kimi təqdim edilir. Məntiqi-riyazi prosedurlar sanki insan təfəkkürünün dini ayininə çevrilir ki, bu zaman canlı təfəkkür proseslərini konveyerləşmiş fikir istehsalı əvəz edir. Çıxarılan nəticələr, ortaya qoyulan fikir və mühakimələr zavod konveyerindən çıxırmış kimi bir birini təkrar edir…

Beləcə, bütün bilik sahiblərini əhatə edən stientist–riyazi mifologiya yaranır.

Bu proseslər ilk baxışdan abstrakt təfəkkür müstəvisində baş versə də, fasadı arxasında konkret real istismar və hakimiyyət məqsədləri durur ki, bu xüsusda da, yazımızın əvvəlki hissələrində danışmışdıq.

XX əsrin «Totalitar rejimlər»i deyəndə ilk olaraq, faşist Almaniyası və Sovet İttifaqı yada düşsə də, əslində Qərbin demokratik quruluşlarında totalitarlıq daha güclüdür. Çünki bu totalitarlıq demokratiya, azad seçim və insan hüquqları pərdəsi altında həyata keçirilir. Gizli totalitarlıq isə zahiri diktaturadan daha qorxulu və təhlükəlidir, çünki bütün kütləvi təbliğ mexanizmləri ona çalışır ki, insanlar total istismara qaldıqlarını hiss eləməsinlər… Axı müasir dövrün ən qorxulu problemlərindən olan «intellektual əqli istismar» bir qədər şəffaf təbiətə malikdir, ilk baxışdan sezmək çətindir.

Maarif bazarı və ya, bazar maarifi

Maarifçilik ideyalarının yayılması, kütlələrin maariflənməsi başqa bir arzuolunmaz faktoru da ortaya qoymuş oldu – mədəni intellektual məhsullara tələbat artmağa başladı, ilk olaraq, kitab yayımı çoxaldı, daha sonra qəzetlər jurnallar və sair…

Və bu da ona gətirib çıxartdı ki, intellektual məhsul da adi məhsul yayımı qanunları müstəvisinə ayaq basmış oldu. Sadə dillə desək, kitab, qəzet jurnal bazarı yarandı, intellektual sahə ticarətin, biznesin bir hissəsinə çevrildi…

Çox gözəl, yenə deyə bilərsiz, bunun nəyi pisdi ki? Məgər elə günü bu gün biz yazarlar ölkədə kitab bazarının olmamasından şikayət etmirikmi? Bunu yaratmağa çalışmırıqmı?

Bəli, təəssüf ki, çalışırıq. Düzdü, hərdən ürəyimdə fikirləşirəm ki, bəlkə də bizdə bu proseslərin yubanması xeyrimizədi. Bilmirəm…

Hal-hazırda bizdə demək olar ki, heç bir yazar sırf kitab bazarına hesablanaraq yazmır. Bu mənada sərbəstdir…

Ancaq bazar formalaşan kimi intellektual –ədəbi sahədə bütün hakimiyyəti ələ alacaq. Anarxo-primitivistlərin dediyi kimi, bütün həyat fəaliyyətini bazar qanunları idarə edəcək…

Bazar qanunları isə əsas bir sütuna söykənir – kəmiyyətin və satışın çoxluğu…

Başqa ədəbi-mənəvi dəyər yoxdur. Hansı müəllif yaxşı satılırsa, hamıdan yaxşı da odur. Nöqtə…

Təkcə ədəbiyyatın yox, sənətin bütün sahələrinin bazar qanunlarına tabe edilməsi, bu saat Qərb cəmiyyətində ən çox tənqid olunan məqamlardan biridir. Əfsus ki, bütün bu tənqidlər elə söz səviyyəsində qalır, real heç bir işə çevrilmir. Hətta bu tənqidlər özləri də kitab «məhsul»larına çevrilərək, bazarın bir hissəsini təşkil edir…

Budur maarifçilikdən başlayaraq yaranan mənəvi bazar… Məhsula çevrilən ədəbiyyat... Yalnız maddi gəlir gətirmək məqsədi güdən sənət…

Əfsuslar olsun ki, biz özümüz də hal-hazırda bu cür bazarın bir hissəsi olmağa doğru gedirik…

Ticarət həmişə olub, amma əsrlər boyu mənəvi-ilahi dəyərlər alqı-satqıdan yuxarıda dayanıb. Çünki alınıb-satılan kütləvi maddi məhsullardan fərqli olaraq, maarif heç vaxt kütləvi olmayıb, məhsul formasını almayıb…

Kütləvi maarifçilik isə bu iyerarxiyanı dağıtdı.

İndi isə bazar ən yuxarıda dayanan ali bir sistem, ən ali bir hərəkətverici qüvvədir, bütün dünya isə onun istismarı altındadır… Budur, inkişaf eləmiş müasir ölkələrdəki istehlak cəmiyyətlərinin həqiqətləri…

Onilliklərdir ki, bu «kütləvi bazarlaşma» müasir Qərb filosofları tərəfindən fasiləsiz olaraq tənqid olunur, lakin heç nə dəyişmir. Mütləq Hakimiyyətini sürən «BAZAR»ın heç tükü də tərpənmir…

Ali Memar

Yazımızın əvvəlki hissələrində qeyd etmişdik ki, Qərb cəmiyyətini bugünkü ateizmə, pozitivizmə gətirən yolun başlanğıcı Humanizm dövründə, insanla Tanrı arasındakı əski münasibətlərin təftiş eləmək meyllərindən başlamışdı ki, bunun da aparıcı qüvvəsi Reformasiya hərəkatı, Protestantlıq məzhəbi idi…

Təfəkkür sahibləri hələ Tanrının və müqəddəs kitabların inkarı həddinə çatmamışdılar. İlk addım insanın bu metafizik mətnlərə və Tanrıyla münasibətlərə fərdi münasibətinin yaranması olmuşdu – Hər kəsin Bibliyanı öz dilində oxuyub özü istədiyi mənanı çıxartmağa haqlıdır, kilsəyə, ruhanilərə, övliyalara, müqəddəslərə ehtiyac yoxdur…

Bəs maarifçilik dönəmində İnsan-Tanrı münasibətləri hansı formada təzahür edirdi?

Əvvəlki fəsillərdə, maarifçilik ideyaları haqqında dediklərimizdən elə çıxmasın ki, bu cərəyanın ardıcılları başdan-başa ateist idilər. Yox, tam ateistlər onların arasında azlıq təşkil edirdi. Əksəriyyət isə hələ də idealist olaraq qalırdı.

Sual doğur, axı maarifçiliyin mahiyyətindən danışarkən qeyd etmişdik ki, bu ideyalar səmaların, Tanrının, metafizik qüvvələrin təsirindən insanın imtina etməsi, yalnız özünün rasional əqli vasitəsiylə bəşəriyyətin inkişafını təmin etməyə çalışması üzərində qurulmuşdu…

Bəli, maarifçilər Tanrıdan «imtina» etmişdilər, amma hələ ki, onu «inkar» etmirdilər… Bəs onların düşüncələrində Tanrı necə bir varlıq kimi canlanırdı?

Yalnız, Ali Memar kimi… Lakin bu məsələnin mahiyyətinə varmaqçün, bir qədər əvvələ qayıdıb, Avropa mədəniyyətindəki «barokko» cərəyanının mahiyyəti haqqında bəzi fikirlərimizi bildirməliyik…

Naqis mirvari

Humanizm ideyalarının ən aktiv dövründə də, Avropada çoxsaylı müharibələr, qanlı savaşlar, müxtəlif sosial faciələr ara vermirdi… Humanizm ideyaları, Kilsənin mövqeyinin zəifləməsi, Tanrıya açılan birbaşa çıxış da, əksər problemləri həll eləmədi, fəlakətlər, faciələr azalmadı…

Və insanlarda təbii olaraq, belə bir fikir yaranırdı ki, dünyanın ilahi nizam-intizamı, səmavi düzəni pozulub. Sanki Tanrı bəşəriyyətin cilovunu əlindən buraxıb…

Humanizmlə dövründən sonrakı bu «təəssüf» də «Barokko» təmayüllərində özünü göstərdi… Nə idi barokkonun mahiyyəti?

Portuqal dilində «əyri formalı, naqis mirvari» anlamına gələn «Barokko» kəlməsi, dünyaya məhz «naqis məhsul» baxışını formalaşdıranlara şamil edilirdi.

Barokko dövründəki əsərlərin əsas mahiyyəti də bundan ibarət idi. İstər memarlıqda, istər rəssamlıqda, istərsə də başqa sahələrdə həmin dövrlərdə yaradılan əsərlərin əsas fərqləndirici cəhəti simmetriyanın, nizamlı düzülüşün bir neçə yerdə pozulması idi… Eynən «naqis mirvari» kimi…

Mirvarinin formalaşmasının bioloji səbəblərini bilirik. Naqis mirvari isə o vaxt formalaşır ki, onun içindəki molyuska nəsə bir xəstəlik düşür, fəaliyyətində hansısa sapmalar yaranır və ondan alınan mirvari də simmetrik dairəvi formalı olmur…

Barokko dövrünün sənət adamları da dünyaya məhz bu cür baxırdılar – içində müəyyən sapmalar olan nizam kimi… Bu nizam, simmetriya hələ dağılmayıb, amma əvvəlki dürüstlüyü, dəqiqliyi də yoxdur. Səmalarda hansısa hadisə baş verib ki, dünyanın İlahi nizam-intizamı, simmetrik sistemi dağılmaq üzrədir və biz bu dağılmanın ilkin mərhələsində yaşayırıq…

Həmin dövrdə yaradılan əsərlərin məzmunuyla bərabər formasında da simmetriyanın pozulması hallarını müşahidə edirik ki, sənətkar bunu öz ideyasına uyğun olaraq, məqsədli şəkildə həyata keçirir.

Misalçün, Bakıda İspan Barokkosu üslubunda mənə tanış olan üç bina var. (Bəlkə də çoxdur, lakin mənim rastıma çıxmayıb) Bu binalardan biri Axundov bağının sağ tərəfində, tində; biri bu parkdan Mərkəzi Univermağa düşən küçənin solunda; biri də Prezident administrasiyasının yanındadır. Bu binalara fikir versək, görərik ki, ətrafdakılardan xeyli dərəcədə fərqlənir. Müasir Bakının əsas aparıcı memarlıq üslubu olan İtalyan klassizminin simmetrik, dəqiq ölçülü formalarından fərqli olaraq, bu üç binanın zahiri arxitekturasında sanki pozulmuş nizamın əlamətlərini görürük. Nə pəncərələrin formasında, nə eyvanların quruluşunda, nə fasadın dizaynında ətrafdakı binalarda gördüyümüz tam düzgün simmetriya müşahidə edilmir…

Məhz bu pozuntular həmin Barokko ideyalarının nəticəsi idi – Dünyanın səmavi nizamı pozulub, Tanrı bəşəriyyətin cilovunu əlindən buraxıb…

Pessimist ruh üzərində qurulan bu cərəyan qısa zamandan sonra maarifçilik optimizmi ilə əvəzlənsə də, özündən sonra çoxsaylı maraqlı sənət nümunələri qoydu…

Pərgar və xətkeş

Bəzi ateist maarifçiləri çıxmaq şərtiylə, o vaxt bir çox ziyalılar Tanrı ideyasını qəbul eləyirdilər, amma bir az fərqli...

Budur, Barokko dövrünün pessimizmi – Tanrı bəşəriyyətin cilovunu əlindən buraxdığına görə, nizam-intizam pozulub, dünya məhvə doğru yuvarlanır…

Bir müddət sonra maarifçilər bu fikrin qarşısına başqa bir fikir qoydular – Bəlkə heç əvvəldən dünyanın nizam-intizamı tanrının əlində olmayıb? Tanrı dünyanı yaradandan sonra, tam kənara çəkilib. Eynən memar kimi… Onun yaratdığı dünyanın sonrakı həyatı isə insanların özü tərəfindən idarə olunur, Tanrı heç vaxt müdaxilə eləmir… Fəlakətlərin səbəbkarı insanların özləridir, məsuliyyəti insanlar daşıyır, deməli bu problemləri aradan qaldırmaq da yenə də insanların öhdəsinə düşür. Öz gücünə inanan insanların…

Beləcə, Tanrı əvəzinə Ali səmavi Memar obrazı yarandı ki, indiyə qədər Masonların metafizik görüşlərinin əsasını təşkil edir – Kainatın Ali Baş Memarı. Simvolikanın əsasında isə pərgar və xətkeş dayanır…

Kainatı yaradan, amma sonradan özü isə kənara çəkilib müdaxilə eləməyən və ümumiyyətlə bu imkandan məhrum olan varlıq… Tanrının növbəti transformasiyası…

(Miladın doqquz-onuncu əsrlərində oxşar ideyaları Müsəlman aləmində «mötəzili» cərəyanına mənsub filosoflar irəli sürmüşdülər, lakin Şərqdə bu əqidə çox da yayılmamışdı…)

Əvvəlcə Tanrıyla insan arasında münasibətlər az qala dünyəvi, kütləvi səviyyəyə endirildi.

Daha sonra bəyan edildi ki, Tanrı daha dünyanı idarə edə bilmir…

Və nəhayət bildirildi ki, Tanrı ümumiyyətlə heç vaxt dünyanı idarə etməyib, sadəcə yaratmaqla öz fəaliyyətini məhdudlaşdırıb…

Bəs görəsən növbəti addım nə olacaqdı? Axı maarifçilik ideyaları da, arzuolunan «Kütləvi səadət»in, «Dünyavi cənnət»in yaranmasına gətirib çıxartmadı?

Deməli, bu iflasdan sonra Tanrı-insan münasibətlərini, ümumiyyətlə Tanrı ideyasını növbəti sınaq və qorxulu transformasiya gözləyirdi…

Bunu isə həyata keçirən Romantizm cərəyanı oldu.

Bəli, Tanrı ilkin yaranışa təkan verən «Ən Ali, mütləq Memar»dır…. Ancaq dünyada bu qədər fəlakətlər, faciələr, problemlər varsa, deməli Tanrı dünyanı, insanı «yaxşı yaratmayıb.»

Onun bu «yaradılış proyekti» düzgün sxem əsasında həyata keçirilməyib…

Beləysə, növbəti məntiqi nəticə üzərinə gəlib çıxırıq –Tanrıya asi olan İblis onun əmrindən çıxmaqda müəyyən mənada haqlı idi… İblis Tanrının məhz «yanlış» qərarlarını qəbul etmədiyinə görə cəzalanmışdı. Deməli, haqsız yerə cəzalanmışdı, ədalətsizliyə tuş gəlmişdi. Onun haqqını qaytarmaq, ədaləti bərpa eləmək lazımdır…

Beləcə, Romantizm dövrünün təfəkkür sahibləri «Dünyanı yaxşı yaratmadığına görə», Tanrıdan küsüb İblisə tərəf çöndülər…

İblis obrazı Klassik romantizmin əsas qəhrəmanına çevrildi…

Ardı var…

# 2718 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
#
#
# # #