Ərinin ölümünə ağlamayan birinci xanım

Ərinin ölümünə ağlamayan birinci xanım
12 avqust 2014
# 13:31

Viktoriya Petrovna...

Nəhəng SSRİ-nin birinci xanımı.

İmperiyaya rəhbərlik edən Leonid Brejnevin bütün xəyanətlərinə göz yuman, yayılan haqlı-haqsız söhbətləri qulaqardına vuran və nəhayət... hə, və nəhayət, "kişidir də, hara getsə, axırda evə gələcək" prinsipi ilə yaşayan öküz səbirli qadın!

SSRİ böyüklükdə ölkənin birinci xanımı xidmətçilərlə nəyin davasını eləsə, yaxşıdır: adicə işlənmiş saat batareyasının. Tutalım, zibil qabında köhnə batareya görəndə, deyərmiş: onu niyə atırsınız, bəlkə təmir etdirib işlətmək olar?

"İsrafçılıq Viktoriya Petrovnanın gözünün düşməni idi. İnanın, imkan verməzdi, çörək tikəsi hədər getsin. Təsəvvür edirsinizmi, o, Leonid İliçin köhnə köynəklərini saxlayırdı, onlar təmir olunurdu, yenidən tikilirdi. Siyasətlə ümumiyyətlə, maraqlanmayıb. Amma bazarda yaxşı qoç, donuz ətini seçməkdə... hə, belə işlərdə onun tayı-bərabəri olmayıb. Səhərdən axşama kimi təsərrüfat başında olardı: şorbalar, mürəbbələr, dərman bitkilərinin qurudulması, suya qoymalar. Çəllək-çəllək pomidor-xiyar duza qoyulurdu. Bütün gün boyu evdə iki xidmətçi qadın işləyirdi. Onun özü də həmişə iş başında olardı".

Bu, Viktoriya Petrovnanın gəlini, Lyudmila Vladimirovnanın xatirələridir.

Belə-belə işlər...

Rəqs meydançasından birinci xanımlığa...

Leonid İliçlə Viktoriya Petrovna rəqs meydançasında tanış olublar. Tibb texnikumunun tələbəsi olan Viktoriya günlərin birində yaxın rəfiqəsi ilə texnikumda keçirilən şənlikdə iştirak edir. Şənliyin qızğın yerində onlara Leonid adlı oğlan yaxınlaşıb rəfiqəni rəqsə dəvət edir. Leonidin sözü yerə düşəndə, əlacsız qalıb, daha doğrusu, pərt olduğunu kənardakılardan gizlətmək üçün gözəlliyi ilə xüsusi fərqlənməyən Viktoriyanı meydana çağırır.

Növbəti gün tərs rəfiqə inadkar oğlanın dəvətini bir də yerə salır, hətta dodağının altında tikanlı, istehsalı nəsə mızıldanır. Sonralar Viktoriya Petrovna xatırlayırdı ki, sən demə, Leonid Brejnevin rəqs haqqında ümumiyyətlə, anlayışı yox imiş, kor-koranə ortalıqda vurnuxurmuş.

- Ona rəqsi mən öyrətdim. Elə hər şey o rəqsdən başladı. Məni ötürməyə, yola salmağa gəlirdi. Düzünü deyim, ona həddən artıq can yandırırdım. Rəqs edə bilməyəndə nə olar, əsas odur, ciddi oğlan idi, yaxşı oxuyurdu. Hətta sizə deyim, Leonidə nəinki rəqs etməyi, saç kəsdirməyi, saç ayırmağı da mən öyrətdim. Ömrünü mənim öyrətdiklərimlə yaşadı. İyirmi beşinci ildə tanış olduq, iyirmi səkkizdə evləndik.

Viktoriya Petrovna sonralar o illəri qəribə xiffət, həsrətlə xatırlayırdı...

Ailəni SSRİ-də biabır edən qız...

Evlənəndən sonra Viktoriya mamaça işləyir. Sonra qızları Qalina doğulur. Bu həmin Qalina idi ki, dörd dəfə ərə gedib, Brejnevlər ailəsini bütün SSRİ-də biabır etmiş, əyyaşlığı, daş-qaş alveri ilə ad çıxarmışdı. Yeri gəlmişkən, Qalina haqqında o vaxtlar SSRİ-də ildırım kimi çaxan bir əhvalatı yazmaq yerinə düşər.

1975-ci ildə Qalina Brejneva Gürcüstana səfər edir. Muzeydə keçirilən tədbirlərdən birində hamını pis vəziyyətdə qoyan hadisə baş verir. Muzeyin yuxarı başında çariça Tamaranın qalın şüşənin altında, qara mahudun üstündə tacı saxlanılırmış. Qalinanın 24 saat mühafizəçi ilə qorunan taca gözü sataşır və bahalı, təmiz daş-qaş rəhbər qızının ağlını alır. Ətrafdakı adamlara eşitdirir ki, tacı ona hədiyyə etsələr, məmnuniyyətlə qəbul edər. Hadisə şahidləri xatırlayır: bunu eşidər-eşitməz muzey direktoru az qala özündən gedəcəkdi. Bu hiyləgər, yırtıcı adama birbaşa etiraz etmək baha başa gələ bilərdi. Ona görə xanım direktor əlacsız qalıb Gürcüstan KP MK-nın birinci katibinə vəziyyəti izah edib, kömək istəyir. Şevardnadze xəbəri alar-almaz birbaşa Brejnevin özünə cıxır ki, bizim Qalina Brejnevaya hörmətimiz böyükdür, amma onun arzusuna görə xalqın sərvətini – çariça Tamaranın tacını ona bağışlaya bilmərik. Brejnevin cavabı qısa olur:

- Qalyanı qovun ordan.

* * *

Yetmişinci illərin axırlarında Moskvanın ən mötəbər yerində qırmızı kərpicdən bina tikirlər. Bu evin ilk baxışdan nəzərə çarpmayan xüsusiyyəti vardı: dördünücü mərtəbənin pəncərələri qalan o biri mərtəbələrin pəncərələrindən iri idi. Daha doğrusu, üçüncü mərtəbə ilə dördüncü mərtəbə arasındakı məsafə daha çox idi. Həmin o mərtəbə qabaqcadan Brejnevlər ailəsi üçün inşa edilmişdi. Deyilənə görə, binanın inşasında Brejnev özü itirak edib, layihəni təsdiq edib, iş başa çatanda köçməkdən imtina edib. Ailənin yaxın adamları bu fikri qətiyyətlə rədd edirlər: o, heç vaxt heç kimlə bina məsələsini müzakirə etməyib, göstəriş verməyib. Yaltaq adamlar xətirlərini əziz salmaq üçün katibdən soruşmadan özləri bu binanı inşa ediblər, iş başa çatanda isə ailə yaşayış yerini dəyişməkdən imtina edib. Səbəb nə olsa yaxşıdır: Viktoriya belə dəbdəbəli binada yaşamaq istəmir!

- Sadə, təvazökar yaşamaq lazımdır. Bizə özünü göstərmək yaraşmaz.

Ərinin tez-tez dəyişən vəzifələri onları uzaq yerlərə aparıb çıxarırdı. Məsələn, Dnepropetrovskidən Moldaviyaya, Moldaviyadan Qazaxıstana, Qazaxıstandan Moskvaya köçməli olublar. Və təzə evə qədəm qoyan kimi birinci soruşduğu bu olardı: Zirzəmi genişdirmi? Mürəbbələr, tutmalar üçün yer varmı?

Brejnevin bütün xəyanətlərinə göz yummaq...

Viktoriya Petrovnanın Brejnevin xəyanətlərinə dözməyini qəribə məntiqlə izah edirlər: adətən, yəhudi qadınları kişinin xəyanətinə səbirlə dözür, ailəni qorumaq, ərini əlində saxlamaq üçün təmkin və hiyləgərliyi əsas silah kimi istifadə edirlər; ona görə yəhudi ailələri möhkəm olur. Amma Viktoriyanın söy-kökü və şəcərəsində vəziyyət başqaydı, o, özünü yəhudi hesab etmirdi.

- Leonid İliç baş katib olandan sonra bizim Hindistana, Fransaya birgə səfərimiz oldu. Fransada mənimlə bağlı xoşagəlməz bir hadisə baş vermişdi: hava limanından bir qədər aralıda bir dəstə adam əlində plakatlar mitinq təşkil etmişdilər. Plakatlarda belə şüarlar yazılmışdı: “Viktoriya Petrovna, siz yəhudisiniz, öz xalqınıza kömək edin, bizə öz torpaqlarımıza qayıtmağa icazə versinlər”. Çox narahat oldum. Düzdür, yəhudiyə oxşayıram, amma yəhudi deyiləm. Necə deyərdim ki, yəhudi deyiləm, siz düz demirsiniz. Onda elə başa düşəcəkdilər ki, öz xalqımı danıram. Ümumiyyətlə, mən rəsmi səfərləri heç vaxt sevməmişəm. Əgər getməmək mümkün olurdusa, məmnuniyyətlə imtina edirdim. Oturursan maşında və ancaq bələdçinin səsini eşidirsən: “Sağa baxın, - Eyfel qülləsi, sola – Paris Notrdan Kilsəsi”.

O vaxtlar cürbəcür qadınlarla adı hallanan Brejnevlə Viktoriyanın münasibətləri haqqında kiçik fraqment: əgər Leonid zəng edib xəbər verməyibsə, sədaqətli qadın əri gəlmədən yeməyə başlamazdı. Brejnev də Vityasız evdə heç nəyə qərar verməzdi. Ümumiyyətlə, evin bütün işləri bir cümlənin üstündə qurulardı: “Bəs Vitya nə deyir? Vityadan soruşun, o, hər şeyi bilir”. Leonid İliçlə aralarında küsülülük olmazdı, nəsə Vityanın xoşuna gəlməyəndə, susar və hərəkətləri ilə narazılığını bildirərdi. Məsələn, ərinin gəzdiyi qadınlar haqqında qulağına çoxlu xəbərlər dəyirdi, nəvəsi, övladları haqqında onlarla şayiə gəzirdi, camaat lətifəni lətifə dalıyca qoşurdu, gülürdü, ələ salırdı. Tutalım, yalan-gerçək, danışırdılar ki, baş katib ova gedəndə yaxın meşəbəyilər nəhəng maralları tutub ayağından bağlayar, katib-ovçunu bir saat meşədə gəzdirərmişlər. Birdən o görürmüş ki, aralıda maral, dağ qoçu otlayır. Nişal alıb atarmış və həmin gün özünü xoşbəxt sayarmış. Deyirdlər, bu yalançı ovun üstünü birinci dəfə Yuri Qaqarin açıb və çox acıqlanıb. Amma bu üsul sonralar da davam etdi: baş katib il-ildən qocalır, nəhəng maralları ovlamaq isə çətinləşirdi.

* * *

Gəlini dönə-dönə təkrar edərdi: mən qayınanamı ağlayan görməmişəm. Qapalı xasiyyəti, hədsiz qüruru onu əyilməyə qoymazdı. Və ən qəribəsi odur ki, bu adamın rəfiqəsi olmayıb.

Viktoriya Petrovnanın xırdaçılığı, hədsiz hesablanmış təvazökarlığı və ehtiyatlılığı bəzən qulluqçular, ailə üzvləri arasında narazılığa səbəb olardı. Tutalım, nəvələr cins parçadan paltar geyə bilməzdilər, gəlinə modern paltar almaq qadağan idi. Sırğalar adi, sadə olmalıydı, medalyon taxmaq olmazdı. Bütün bunların sadə izahı vardı: görənlər nə deyər, camaat nə danışardı?

Belə-belə işlər...

Mənbə: Larisa Vasilyeva, “Kremlin arvadları”

# 9190 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #