"Qurd Cəbrayıl mənim atamdır"

"Qurd Cəbrayıl mənim atamdır"
2 iyul 2013
# 15:55

Kulis.Az Qurd Cəbrayılın oğlu Xoşqədəm Cəbrayıloğlunun “Gündəlik Bakı” qəzetində yayımlanmış müsahibəsini təqdim edir.

36 illik məhkum həyatı, 4 dəfə həbsdən qaçış

Qurd Cəbrayıl 1900-cü ildə Bakı şəhərində anadan olub. Uşaq vaxtı yetim qaldığından kriminal aləmə düşüb. Kriminal aləmdə "Əlibaxış oğlu", "Çyornı", "Qurd Cəbrayıl" və "Paxan" adlarıyla tanınıb. Üst-üstə 70 ildən çox həbs cəzası alan Cəbrayıl Əlibaxış oğlu - Qurd Cəbrayıl ömrünün 36 ilini həbsdə keçirib. O, 4 dəfə həbsxanadan, 1 dəfə isə məhkəmə zalından qaçıb. İki dəfə ölüm cəzasına məhkum edilsə də, sonradan bu cəza ləğv olunub. Qurd Cəbrayıl 1963-cü ildə sonuncu dəfə həbsxanadan çıxdıqdan sonra kriminal fəaliyyətinə son qoyub. O, 1976-cı ilin 9 mayında vəfat edib. Məzarı Maştağadakı Pir şəhid qəbristanlığında olan Qurd Cəbrayıl "Arxadan vurulan zərbə" filminə prototip seçilib. "Gündəlik Bakı"nın "Maraqlı adamlar" rubrikasının növbəti araşdırma mövzusu olan Qurd Cəbrayılın həyatı barədə ətraflı məlumatı onun oğlu Xoşqədəm Cəbrayıloğlundan aldıq.

"Məşədi İbad"dakı Kəblə Sonqulu Cəbrayılın babasıdır"

- Cəbrayıl hələ 6 aylığından anadan, 9 yaşında isə atadan yetim qalıb. Yadınızdadırsa, "O olmasın bu olsun" filmindəki epizodda Kəbləsonqulu dovğası sözü işlədilir. Kəblə Sonqulu Cəbrayılın babası olub. O, dovğa bişirərmiş, Cəbrayıl isə babasının bişirdiyi dovğanı bazarda satmaqla məşğul imiş. Cəbrayıl dovğanın həcmini artırmaq üçün ona su qatır. Bunu görən alıcılar Kəblə Sonquluya şikayət edib deyirlər ki, sənin dovğan Bakıda məşhurdur, amma ona su qatılır. Kəblə isə deyir: "Bu, o yetimin - yəni Cəbrayılın işidir". Babası bunu döymək istəyəndə uşaq qaçır. O vaxt şəhərə - Hacı Zeynalabdin Tağıyevin kombinatının yerləşdiyi əraziyə barkaslarla - kiçik gəmilərlə gedərdilər. Orada Cəbrayılın əmisi uşaqları yaşayırmış. 9 yaşlı Cəbrayıl istəyir ki, ora qaçıb əmisi uşaqlarına qoşulsun. Amma çaşıb səhvən Həştərxan gəmisinə minir. Gəlib 10 il bu şəhərdə qalmalı olur. 19 yaşında isə Bakıya qayıdır, amma bu zaman oğruların əhatəsinə düşür. Cəbrayıl həmin vaxt rus dilində sərbəst danışırmış. Yeri gəlmişkən, qeyd edim ki, "Arxadan vurulan zərbə" filmində atamı quldur kimi təqdim ediblər. Amma ortada xeyli fərqlər var. Həmin film çəkilən vaxt bizim bundan xəbərimiz yox idi. Allah rəhmət etsin - Qurd Cəbrayıl rolunu canlandıran aktyor Yusif Vəliyev bizim qonşumuz idi. Bir gün mənə dedi ki, Xoşqədəm müəllim, mənə belə bir filmdə baş rolda çəkilməyi təklif ediblər. Atanın uzun müddət həbsxanada yatması barədə eşitmişəm. Deməli, nə aktyor Yusif Vəliyevin atamdan, nə də atamın ondan xəbəri vardı. Yusif Vəliyev dedi ki, istəyirəm atanın - Qurd Cəbrayılın yanında olum, onun hərəkətlərini, davranışlarını öyrənim ki, rolda bunu uğurla canlandırım. Yusif Vəliyev xahiş etdi ki, atan elə bilsin ki, mən onun yanında yoxam. Dostları ilə necə danışır, rəftar edirsə, elə də etsin. Qeyd edim ki, Yusif Vəliyev canlandırdığı Cəbrayıl obrazının məhz atam olduğunu bilmirdi. Mən bunu atama dedim. Atam incəsənətə, mədəniyyətə hörmət edən adam idi. Film çəkilənədək Yusif Vəliyev atamın yanına gəlir, onun hərəkətlərini, davranışlarını öyrənirdi. Aktyor beləcə hər şeyi qavradı, öyrəndi. Amma "Arxadan vurulan zərbə" filmi ekrana çıxanda atam artıq dünyasını dəyişmişdi.

"Yazıçı Elçin Əfəndiyev atamla məsləhətləşməmişdi"

- Deməli o, filmi izləyə bilməyib.

- Bəli, atam rəhmətə getmişdi, onun bunlardan xəbəri yox idi. Bir gün bir nəfər gəlib dedi ki, atanı televizorda gördük. Soruşdum ki, necə gördünüz? Bu ola bilməz axı. Doğrudan da Yusif Vəliyev həmin obrazı elə uğurla canlandırmışdı ki, kim görsəydi, elə bilərdi ki, Qurd Cəbrayıl həqiqətən bu özüdür. Hamı başladı mənə "Qurd Cəbrayılın oğlu" deməyə. Əgər belə olsaydı, Elçin Əfəndiyev (Elçin Əfəndiyev - yazıçı, baş nazirin müavini- A.R) bizə nəsə deyərdi.

- Yazıçı Elçin Əfəndiyev bu filmin ssenarisini yazanda atanızla məsləhətləşmişdi?

- Yox. Bundan biz özümüz də xəbərsiz idik.

- Bəs Elçin Əfəndiyev yazıçı olaraq bunları hardan uydurmuşdu?

- Həmin vaxtlar İlqar Qasımovun rəhbərliyi ilə "Avtoritet" qəzeti nəşr olunurdu. Mən də orada əməkdaşlıq edirdim. Guya o soruşmuşdu ki, Qurd Cəbrayıl məsələsi hardan ortaya çıxıb? Yazıçı Elçin cavab verib ki, dosyesini oxudum. Qərara aldım ki, filmə çəkim. Lakin qeyd edim ki, filmdə Qurd Cəbrayılın həyatı canlandırılmayıb.

"Milis rəisi “Quranı” yerə atıb tapdalayır"

- Bildiyimə görə, "Arxadan vurulan zərbə" filmində yalnız bir epizod atanızın həyatına aiddir.

- Bəli. İndiki "Nizami" metrostansiyasının arxasında 1948-ci ildə 4 saylı milis şöbəsi yerləşirdi. Həmin vaxt küçələrdə tez-tez "oblava" keçirilirdi, insanları saxlayıb, yoxlayıb buraxırdılar. Bir gün atam da "oblava"ya düşür, onu şübhəli şəxs kimi saxlayıb, milis şöbəsinə aparırlar. Milis rəisinin milliyyətcə rus olan müavini atamı yoxlayanda onun boynunda qızıl zəncirlə balaca “Quran” kitabının asıldığını görüb, soruşur ki, bu nədir? Atam cavab verir - “Quran”. Rus heç nəyə əl vurmadan çıxıb gedir. Amma milliyyətcə azərbaycanlı olan milis rəisi “Quran”ı dartıb, boyunbağını qırır, kitabı yerə atıb "nə Quranbazlıqdır" - deyə tapdalayır. Cəbrayıl deyir: "Mən deyəndə ki, bu “Quran” kitabıdır, rus rusluğu ilə ona əl vurmadı. Amma sən müsəlmansan". Onlar arasında ciddi mübahisə yaranır. Cəbrayıl ona deyir: "Səni harda tutsam, öldürməsəm kişi deyiləm". Milis rəisi bunu əlində əsas tutub atamı həbs etdirir. Cəbrayıla iş kəsirlər. Lakin bir ay həbsdə qaldıqdan sonra "türmə"dən qaçır. Bizim köhnə məhəlləmiz sirkin indiki ərazisində yerləşirdi. Atam gecə evə gələndə yolda təsadüfən milis rəisi ilə qarşılaşır. Rəis deyir ki, axı səni tutmuşdular. Cəbrayıl cavab verir: "Sizdən tutmaq, bizdən qaçmaq". Rəis istəyib ki, atamı söhbətə tuta-tuta onu tapança ilə vursun. O, əlini xidməti silahına atanda, Cəbrayıl rəisdən cəld tərpənərək, onu öz tapançası ilə öldürür.

"Atamı həbsxanada qətlə yetirmək planı hazırlanır"

- Filmdəki əsas yanlışlıq da bundan ibarətdir ki, Cəbrayıl həyatda mahir bıçaq atan yox, tapança atan olub.

- Yəqin düşünüblər ki, filmdə bıçağın olması daha məqsədəuyğundur. Zənnimcə, gözətçi, qarovulçunun silahı kimi bıçağı göstərmək məsləhət bilinib. Tənqidçilər deyəcəklər ki, sovet dövründə bu adam tapançanı cibində necə gəzdirirdi? Milis rəisinin kim tərəfindən öldürüldüyünü müəyyən edə bilmirlər. Amma onun rus müavini deyir ki, rəisi öldürsə, ancaq Cəbrayıl öldürə bilər. Bunu əsas gətirərək atam barəsində axtarış elan edirlər və sonradan tuturlar. Milis rəisinin bir neçə qardaşı olub. Onlar bilirlər ki, qardaşlarını Cəbrayıl öldürüb. Milis rəisinin qardaşları məhkəmənin konvoyları ilə gizli şəkildə razılaşırlar ki, atamı məhkəmədə öldürsünlər. Belə şərt qoyulur ki, atamın qaçışı üçün süni şəkildə şərait yaradılsın, Cəbrayıl qaçmağa səy göstərəndə onu güllələsinlər. Lakin bu şəxslər arasında atamın da yaxın adamları olduğundan onu bu barədə vaxtında məlumatlandırırlar. Xəbərdarlıq edirlər - nəbadə məhkəməyə konvoylarla gedəsiniz. Bunlar sizi öldürmək üçün şərait yaradacaqlar. Cəbrayıla hökm oxunduqdan sonra atam həbsxanaya həmin konvoyların müşayiəti ilə getməkdən imtina edir. Tələb edir ki, onun arxasında öz adamları olsun, sonra isə konvoylar. Atam dostlarının müşayiəti ilə məhkəmə zalından çıxır, plan baş tutmur.

Milis rəisinin qardaşları qərara alırlar ki, atamı cəza çəkdiyi həbsxanada öldürsünlər. Bu məqsədlə həmin "türməyə" killer - muzdlu qatil göndərirlər. Həmin şəxsi süni olaraq həbs edirlər. Killer atamı görmədiyindən onu tanımır. Amma hər dəfə yatab gələndə məhbuslardan "Cəbrayıl yoxdur burda?" - deyə soruşur. Atamın dostları bundan şübhələnərək Cəbrayılı bununla bağlı xəbərdar edirlər. Atam yatab gətiriləndə dostlarından biri gizli şəkildə ona bıçaq verir. Cəbrayıl onun nə üçün belə etdiyini soruşduqda, dostu deyir ki, burda bir nəfər var, hər gün səni soruşur, ehtiyatlı ol, şübşələnirik. Bəlkə o sənin düşmənindir.

Bir gün atam əl-üzünü yumaq üçün hamama daxil olduqda onun arxasınca kiminsə içəri daxil olduğunu görür. Başa düşür ki, qatili odur. İçəri girən ikinci şəxs qatildən "nə oldu?" -deyə soruşur. Qatil atama bıçaqla zərbə yetirmək istədikdə, Cəbrayıl zərbədən yayınıb, əlindəki bıçağı düşməninin qarnına soxur. Qatil yerə yıxılır, bu zaman ikinci killer onun üstünə hücum edir. Atamı yaralayırlar, səs-küyə digər məhbuslar da toplaşır, onları ayırırlar. Atam bildirir ki, mən özümü müdafiə edirdim.

"Adımı Məzahir qoysalar da, atam razılaşmadı"

- Bəs qətl planını hazırlayan milis rəisinin qardaşlarının aqibəti necə olur?

- O işdə əli olan şəxslərin hamısını həbs edirlər. Hətta məhkəmədəki konvoyları, bu işdə xəbəri, əli olan bütün cinayətkarları tuturlar. Bu hadisənin baş verməsindən bir neçə il keçir. Atamı digər məhbuslarla birlikdə Mingəçevirə icbari əmək işlərinə göndərirlər. Bir müddət sonra orda məhkumlar üsyan qaldırdıqlarından Cəbrayılla birlikdə onun türmə yoldaşlarını da Aşqabada sürgün edirlər. Aşqabadda araşdırmalar aparılarkən məlum olur ki, atamın həmin üsyanda əli olmayıb. Həmin səbəbdən atamı həbsdən azad edirlər. O, azadlığa çıxan kimi zəlzələ baş verir. Cəbrayıl deyir ki, mən tutulanda həyat yoldaşım hamilə idi. Həmin uşağın ayağı düşərli oldu. Evə qayıdan kimi, oğlan da olsa, qız da olsa, onun adını Xoşqədəm qoyacam. Gəlib görür, mənim adımı Məzahir qoyublar, deyir ki, yox, söz vermişəm, oğlumun adı Xoşqədəm olmalıdır. Həmin vaxt belə bir qanun vardı - atam kimi insanları Bakıda yaşamağa qoymurdular. Belə şəxslər gərək paytaxtdan ən azı 150 kilometr kənarda yaşayaydılar.

İlk dəfə 10 yaşım olarkən seyr etdiyim məşhur "Arxadan vurulan zərbə" bir sıra maraqlı məqamları ilə yadımda qaldı. Hardan biləydim ki, düz 23 il sonra bu filmin əsas qəhrəmanlarından olan Qurd Cəbrayılın həyatı ilə bağlı yeni-yeni faktları əldə edəcəm, habelə onun oğlu Xoşqədəm müəllimlə görüşüb, avtoritetin həyatının digər məqamlarını da qəzet səhifələrində işıqlandıracam.

"Cəbrayıl milis rəisinin müstəntiq nəvəsini də vurur"

- Həmin vaxt belə bir qanun vardı - atam kimi insanları Bakıda yaşamağa qoymurdular. Belə şəxslər gərək paytaxtdan ən azı 150 kilometr kənarda yaşayaydılar. Bu səbəbdən də bizi Salyana sürgün etdilər. Köçüb orada yaşamağa başladıq, atam orada MTS-də gözətçi işləyirdi. Bir gün MTS-i yoxlamağa gəlirlər. Atamın öldürdüyü milis rəisinin nəvəsi MTS-i yoxlayan qrupun üzvü, müstəntiq imiş. O, burada işləyənlərin sənədlərini araşdıranda babasını öldürən Baxşıyev Cəbrayılın Əlibaxış oğlunun - Qurd Cəbrayılın sənədləri milis rəisinin nəvəsinin əlinə keçir. Həmin vaxt atamın 53 yaşı vardı. Milis rəisinin müstəntiq vəzifəsində işləyən nəvəsi soruşur ki, axı siz kriminal aləmin məşhur adamını, neçə il həbsxanada yatmış bir şəxsi bura, gözətçi işinə necə qəbul etmisiniz? O, atamın işi ilə maraqlanır. MTS-in direktoru atama deyir: "Düzdür, bu yoxlama bizə görə gəlib, işimizi araşdırır, amma həmin şəxs səninlə çox maraqlanır, sənədlərini dönə-dönə yoxlayır". Cəbrayıl bundan şübhələnir, başa düşür ki, köhnə düşməninin nəvəsi onu tutdura bilər, buna görə də milis rəisinin nəvəsini - müstəntiqi bıçaqla vurur.

"Yalnız bir məqam "Arxadan vurulan zərbə"dəki epizoda bənzəyir

- Deməli, Cəbrayıl babanı vurduğu kimi nəvəni də vurur.

- Bəli, amma milis rəisindən fərqli olaraq, müstəntiq ölmür. Həm də atam onu tapança ilə yox, bıçaqla vurub. Buna görə də atamı növbəti dəfə həbs etdilər. Biz yenidən köçüb, Bakıya gəldik. Yalnız bu məqam - Qurd Cəbrayılın müstəntiqi bıçaqla vurması "Arxadan vurulan zərbə" filmindəki epizoda bənzəyir.

Mən atamın dostlarının hamısı ilə görüşüb söhbət etmişəm. Hər biri deyirdi ki, Cəbrayılın "kliçka"sı "Qurd" idi.

"Rostov oğruları Cəbrayıldan istifadə edirlər"

- Atanıza niyə "Qurd" ləqəbini vermişdilər?

- Çünki o, tək gəzirdi, heç kimə qoşulmurdu. Nə iş görürdüsə, təkbaşına edirdi. O, savadsız idi, amma elə şeyləri bilirdi ki, adam təəccüb qalırdı. Cəbrayıl erməni, gürcü, rus, tatar dillərində sərbəst danışırdı. Elə buna görə də oğruların əlinə düşmüşdü. O, 19 yaşında Həştərxandan Bakıya qayıdanda Rostovdan gələn, rusdilli oğruların cənginə keçmişdi. Həmin vaxtlar Rostovdan Bakıya rus oğruları gəlibmiş. Onlar kriminal aləmin kralı sayılan "Rəşid oğlu Məhərrəm"lə görüşmək istəyiblər. Cəbrayıl rus dilində səlis danışdığından ondan tərcüməçi kimi istifadə edirlər. Atam beləcə, kriminal aləmə qoşulur.

"Mən aktyor Yusif Vəliyevlə dost idim"

- "Arxadan vurulan zərbə" filminə baxdıqdan sonra Qurd Cəbrayıl rolunu canlandıran aktyor Yusif Vəliyevlə görüşdünüzmü?

- Bəli, mən rəhmətlik Yusif Vəliyevlə dost idim. Ona dedim, atamın həyatı kinodan tam fərqli olub. Cavab verdi ki, ssenarini yazıblar, mənsə sadəcə, rol oynamışam.

- Qurd Cəbrayılın həyatı ilə bağlı bir məqama da toxunmağınızı istərdim. Eşitdiyimə görə, o, qəbiristanlıqda diri-diri dəfn edilən qızın həyatını xilas edib. Xahiş edirəm bu barədə də danışın.

- Bu, çox qəribə hadisə olub. Cəbrayıl 9 yaşında ikən səhvən Həştərxana gələrkən şirniyyat sexinin sahibi olan bir tatar kişi onu limanın qabağında görür. Uşaqdan soruşur ki, sən kimsən? Cəbrayıl cavab verir: "Səhvən bura gəlmişəm, yetim uşağam. Gözləyirəm ki, gəmi geri qayıdanda mən də Bakıya dönüm". Qeyd edim ki, həmin vaxt dənizdə güclü tufan olduğundan gəmilər Bakıya tərəf istiqamət almır. Tatar Cəbrayıldan ata-anası barədə soruşanda uşağın yetim olduğunu öyrənir. Həmin şəxs övladı olmadığından atamı birtəhər yola gətirib, onu evinə aparır. Onu bir müddət həyətdəki balaca daxmada saxlasalar da, sonradan 9 yaşlı Cəbrayılın təmiz uşaq olduğunu görüb, sonradan evlərində aliə üzvü kimi böyüdürlər.

"Atam qəbristanlıqda torbanı açanda oradakı qızı görür"

Bir gün atamı qonşu ərazidəki qənnadı fabrikindəki böyük miqdarda pulu gətirməyə yollayırlar. Cəbrayıl pulu götürüb geri qayıdanda yolunu qəbristanlıqdan salır. Arxasınca iki atlının gəldiyini görür. Elə bilir ki, atlılar onun külli miqdarda pul daşıdığını bilib dalınca düşüblər. Bu səbəbdən də qəbrin dalında gizlənir. Görür ki, atlılar bir yerdə qəbir qazıb ora torba basdırdılar, sonra isə çıxıb getdilər. Cəbrayıl yeri qazıb, torbanı açanda onun içində bir qızın uzandığını görür. Cinayətkarlar qızın boğazına bıçaq vurubmuş. Atam bıçağı qızın boğazından çıxarır, sən demə, o ölməyibmiş. Cəbrayıl qızın xırıldadığını görüb özündən gedir. Qəbristanlıqdan keçənlər görürlər ki, atamın əlində bıçaq var, torbada isə bir qız var. Atamı qatil bilib, milis şöbəsinə, qızı isə xəstəxanaya aparırlar. Cəbrayılı cinayətkar sanıb həbs edirlər, onun atalığına da bu barədə xəbər verirlər. Lakin xəsxətanada bir neçə gündən sonra sağalıb özünə gələn qız hər şeyi açıb danışır, onu öldürmək istəyənin Cəbrayıl yox, başqa şəxslər olduğunu deyir. Buna görə də atamı həbsdən azad edirlər və onu qızla görüşdürürlər. Atam həmin vaxt 19, qız isə 20 yaşında olubmuş. Qızın adı Yasəmən imiş. Yasəmən deyir ki, həyatımı xilas etdin, səni heç vaxt həbs olunmağa qoymaram. Qız atama vurularaq, onunla evlənməsini xahiş edir. Amma Cəbrayıl Bakıda göbəkkəsmə xalası qızının olduğunu bildirib, bundan imtina edir.

"Qız ziyafətdə düşmənlərini zəhərləyib öldürür"

Qız Həştərxanın ən varlı adamının övladı imiş. Ona atasından böyük bir miras, varidat qalır. Yasəmən onu öldürmək istəyən şəxsin yeznəsi - bacısının əri olduğunu bilir. Yeznəsi Yasəməni öldürmək istəyərək, varidatın bir nəfərə qalmasına çalışırmış. Lakin Cəbrayılın onu təsadüfən xilas etməsi nəticəsində sağ qalıb. Onlar bir müddət birlikdə yaşayırlar. Yasəmən düşmənlərini - yeznəsini və onun bu cinayətdə əli olan dostunu evlərinə qonaq çağırır. Cəbrayıla isə gözə görünməməyi tapşırır. Atam qonaqlıqda həmin şəxsləri tanıyır. Ziyafət başlayır, Cəbrayıl araq içib elə oradaca yatır. Bir qədər sonra Yasəmən onu yuxudan oyadır ki, məgər sən ziyafətdə məni düşmənlərimdən belə qoruyacaqdın? Sən demə, qız ziyafətdə düşmənlərinin içkisinə zəhər qataraq onları öldürüb. Meyitlərini isə torbalara yığıb. Cəbrayıla deyir ki, get fayton tut, kisələri aparaq bir yerə. Onlar torbaları aparıb, bir yerdə basdırırlar. Cəbrayıl soruşur ki, bu torbadakılar kimlər idi? Yasəmən cavab verir: "Mənim düşmənlərim, onların ikisinə də zəhərləyib, öldürdüm".

Açığı, Cəbrayıl qızdan çəkinir, fikirləşir ki, bu, necə insandır - iki düşmənini aldadaraq zəhərləyib öldürdü. Amma Yasəmən evlənmək təklifindən dönmür. Bu, 1920-ci ilə - inqilab, tuthatut vaxına təsadüf edir. Qərara gəlirlər ki, Yasəmənin bütün varidatını satıb Bakıya gəlsinlər. Özləri də varlı şəxs kimi həbs edilməmək üçün əyinlərinə köhnə, nimdaş kasıb paltarları geyinirlər. Cəbrayıl yolda Bakıda heç kiminin, evinin olmadığını, babasının isə vəfat etdiyini düşünüb, qızı ordaca qoyub qaçır. Düşünür ki, mən bunu Bakıda kimin evinə aparacam? Amma qızın qızılları, brilyantları olan torba da Cəbrayılda qalır. Atam qızı qoyub Bakıya qaçır.

"Yasəmən restoran tikdirib, əyninə kişi paltarı geyinir"

Yasəmən onu nə qədər axtarsa da, tapa bilmir. Naəlac qalıb əyninə oğlan paltarı geyinir, Həştərxandan kənardakı bir yerdə restoran tikdirir və oranı idarə etməyə başlayır.

Atam bir müddət sonra dostu Rüstəmlə Həştərxana qayıdır. Gəlib görür ki, Yasəmənin evi yoxdur, o, başqa yerdə yaşayır. Qızı tapa bilmədiklərindən geri qayıtmağa qərar verirlər. Yolda təsadüfən gəlib, Yasəmənin sahibi olduğu restoranda nahar etməli olur. Cəbrayıl kişi paltarı geymiş Yasəmənlə qarşılaşır. O, naharın pulun vermək istədikdə, ofisiant pulu almır, bildirir ki, sizin pulunuz çatıb. Cəbrayıl ayağa qalxıb getmək istədikdə, ofisiant deyir ki, müdirimiz sizi çağırır. Yasəmən qız paltarı geyinərək, atamın qarşısına çıxır. Atamı söyərək deyir ki, axı bu var-dövləti sənin üçün satmışdım, bu qızılların mahiyyəti nə idi ki, brilyantlara görə məni qoyub qaçdın? Cəbrayıl yaxasını açıb, qoynunda gizlətdiyi torbadakı brilyantları çıxarıb ona verir. Deyir ki, mən səni qoyub qaçmamışam, qaçsaydım, qızılları satardım, Həştərxana geri qayıtmazdım. Səni tapa bilmədim. Yasəmən bütün qızıllarının yerində olduğunu görərək, atama inanır. Onlar birlikdə Bakıya qayıdırlar və evlənirlər. Yasəmən mənim atamın anamdan əvvəlki birinci arvadı olub.

Qeyd edim ki, atam müharibə ərəfəsində həbsdə olanda Yasəmən Bakıda bağça müəlliməsi işləyirdi. Bu qadın bizim ailəyə çox böyük köməkliklər göstərmişdi. Amma Yasəmənin övladı olmadığından atam anamla evlənməyə qərar verir. Anamın birinci uşağı olanda Yasəmən bundan çox utanır. Atamdan izn istəyir ki, ona Həştərxana qayıtmağa icazə versin. Lakin Cəbrayıl razı olmur. Atam növbəti dəfə həbs ediləndə Yasəmən Bakını birdəfəlik tərk edərək, vətəninə qayıdır. Lakin bundan sonra da bizim ailəyə maddi köməkliklər göstərib.

P.S. Müəllifdən: - Göründüyü kimi, Qurd Cəbrayıl "Arxadan vurulan zərbə" filmindəki uydurulmuş Cəbrayıl obrazından fərqli olaraq quldur, sovet dövlətinin düşməni olmayıb.

# 9004 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #