Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf
15 may 2024
# 09:00


Kulis.az tənqidçi-publisist Nizaməddin Mustafanın “Babalarımız oğuzlar-türkmənlər” silsiləsindən “Babayilər qiyamı: Türkmən davasına dini ixtilafın qarışması” adlı məqaləsinin üçüncü hissəsini təqdim edir.


əvvəli burada...

Xəlil İnalcıq üsyandan birbaşa bəhs etmir, babayilərdən isə erkən Osmanlı tarixi çərçivəsində söz açır. Bununla belə, onun XIV-XV əsrlərdə baş vermiş hadisələr haqqında çıxardığı nəticələr mövzumuz və araşdırma predmetimiz baxımından müstəsna önəm daşıyır, üsyanın məqsəd və motivlərini aşkarlamaq üçün bizə tutarlı arqumentlər verir. Alim yazır: “Bəyliklər dövründə abdalların bəylər tərəfindən müqəddəs şəxslər kimi şərəfləndirildiyini görürük... Osman Qazi dönəmində (1302-1324) də dərvişlər xalqın gözündə xanədanın nüfuz və hakimiyyətini legitimləşdirən ən təsirli vasitəçilər, hakimiyyətə olan ilahi dəstəyi, “təyidi-ilahi”ni təmin edən müqəddəslərdir. Əslində bir babaiyyə/ vəfaiyyə xəlifəsi olan Şeyx Ədəbalının Osman Qazi və ailəsinə təmin etdiyi təyid (sanction) bu xanədanın qurulmasında ən önəmli faktorlardan biri olmuşdur... Osman Qazi səltənətinin sonlarına doğru Osmanlıda artıq Konya Səlcuqi Sultanlığı və İran qaynaqlı mərkəziyyətçi dövlətin prototipinin qərarlaşdığı aydın görünür. Sənədlərdən də dəqiq bildiyimiz kimi, mərkəzdə İran mənşəli bürokratik təsisatlar formalaşır, kəndlərdə Osman Qazidən “dirlik”/vəqf alan sünni fəqihlər (fakılar) abdalların yerinə keçirlər. Bu dönəmdən sonra abdallar/babalar rəsmən cəmiyyətdən təcrid edilmiş (segmented) bir duruma düşür, mədrəsəyə, dövlətə və şəhərlilərə qarşı şiddətli bir mübarizəyə başlayır, siyasi hakimiyyətə meydan oxuma mərhələsinə qədəm qoyurlar. Siyasi iqtidara loyal, itaətkar, dövlətdən vəqflər alıb zaviyələr quran dərvişlərdən fərqli olaraq abdallar dövlətə qarşı açıq şəkildə cəbhə açırlar... Fatehin (1451-1481) son dərəcə mərkəzləşmiş dövlətində isə artıq onlara yer yoxdur. Bundan sonra yörük həyat tərzi, habelə “abdalizm”in inanc və dəyərlər sistemi Şərqi Rumelinə, uc qazi bəylərinə sığınır. “Vəlayətnamə”dən gördüyümüz kimi, Otman Baba həmin uc bəyləri tərəfindən sayılıb qorunur”...

Deyilənlərdən aydın olur ki, babalıq/abdallıq institutunun təkamülü düz xətt üzrə deyil, dalğalar şəklində (ziqzaqvari) getmiş, qabarmalar və çəkilmələr bir-birini əvəz etmişdir. X.İnalcıq açıq şəkildə qeyd edir ki, Osman Qazi səltənətinin sonlarına doğru Osmanlıda qərarlaşan ictimai-siyasi idarəçilik modeli Konya Səlcuqi Sultanlığı və İran qaynaqlı mərkəziyyətçi dövlətin prototipidir. Bu modelin isə artıq I Qiyasəddin Keyxosrov dövründən (1205-1211) yarandığı və II Qiyasəddin Keyxosrov dönəmində (1237-1246) zirvə nöqtəsinə çatdığı məlumdur. Yəni, təsbit olunan dəyişikliklər (mərkəzdə İran mənşəli bürokratik təsisatların formalaşması, kəndlərdə sünni fəqihlərın abdalların yerinə keçməsi) hələ XIII əsrin əvvəllərindən başlamış və babayilər üsyanı ilə nəticələnmişdi. “Səlcuqi babayiləri” ilə “Osmanlı babayiləri”nin fərqi isə bundadır ki, XIV-XV əsrdə təcrid olunmağa başlayan abdallar (artıq gözləri qorxduğundan!) Şərqi Rumelinə, uc qazi bəylərinə sığınmalı olmuşlar, halbiki onların sələfləri “abdalizmin inanc və dəyərlər sistemi”ni əldə silah müdafiə etməyə qalxmışdılar.

“Abdalizmin inanc və dəyərlər sistemi” nələri ehtiva edir? X.İnalcıq bu suala açıq və qəti bir cavab vermir, yalnız bu sistemin sünni üləmasının rəsmi görüşləri ilə ziddiyyətə girdiyinə işarə edir, XIV-XV əsrlərdə Anadolunun kənd və şəhərlərində türk(mən)lərin böyük bir qisminin oturaq həyata keçərək, mədrəsə (ortodoksal dini elmlər) və fəqihlərin (“fakı”ların) təsiri altına düşdüklərini, sünniliyi və şəriət normalarını mənimsədiklərini, köçəri həyat sürən türkmən/yörüklərin isə bu proseslərdən kənar qaldıqlarını yazır. Faktların təhlili alimi “Abdallar məhz həmin zümrəyə, yörüklərə xas mədəni-ictimai baxışların, dəyərlərin daşıyıcıları və təmsilçiləridir”,-qənaətinə gətirir. Onun fikrincə, Otman Babanın həyatı “təcrid edilmiş yörük toplumu ilə oturaqlaşmış sünni toplumu və İrani bürokratik dövlət sistemi arasında gedən mübarizənin dramatik bir hekayəsidir”. Və: “Abdalani-Rum türkmən/yörük mühitində Orta Asiya şamanları kimi din və cəmiyyət həyatına istiqamət verən müqəddəs şəxslər kimi tanınmışdır”.

Ortaya abdal/babaların ictimai funksionallığı məsələsi çıxır. Abdallar türkmən cəmiyyətində hansı yeri tutur, nə işlə məşğul olurlar? Onları dövlətin himayə və təyin etdiyi ruhanilərdən fərqləndirən nədir? Müxtəlif mənbələrdən seçilmiş aşağıdakı iqtibaslara diqqət yetirək:

“Əski qam-ozanları xatırladan və “baba”, “dədə”, “ata” adlandırılan dərvişlər türkmən boyları arasında sadə xalqa İslamiyyəti onun anlaya biləcəyi bir dillə, qədim türk ənənələri ilə qarışmış bir şəkildə öyrədirdilər (seçdirmələr hər yerdə bizimdir- N.M.). Xalq kütlələri onları həyəcanla dinləyir, başa düşür və onların dediklərinə əməl edirdilər”. (Seyfullah Qara)

“Heterodoks təriqət dərvişləri ibtidai bir müsəlmanlıq niqabı altında kəndlərdə yaşayan türkmən əhalinin anlaya biləcəyi bir dünyagörüşünü yayırdılar... Bu dünyagörüşü, bəlkə də qədim türklərin dini praktikası idi.” (İren Melikoff)

Türkmənlər müsəlmanlığı yeni qəbul etdiklərindən, bu dini mənimsəmək üçün yetəri qədər zamanları olmadığından hərəkat (babayi qiyamı-N.M.) böyük ölçüdə əski inanc və ənənələrin təsiri altında idi və sünniliklə o qədər də uzlaşmırdı... Baba İlyas Amasyadakı zaviyəsində bir vəfai şeyxi olaraq civarda yaşayan türkmənlər arasında daha çox əski türk inanclarının İslam zəminində yozulmuş bir şəklini təlim edirdi”. (Ə.Y.Ocaq)

Bu tipli iqtibasların sayını artırmaq da olar, mahiyyət dəyişməyəcək. Məsələnin məğzi bundan ibarətdir ki, iş təkcə fəqihlərlə abdallar arasında ziddiyyətlərlə məhdudlaşmır. Abdallar ortodoksal İslamı yox, bu dinin türkmənlərin anlaya biləcəyi şəklini, qədim türk inanclarına qarışmış bir şəklini təlim edirlər. Türkmənlər də bunu “öz dinləri” kimi qəbul edir və onun rəsmi ehkamlarla uzlaşıb-uzlaşmamasının fərqinə belə varmırlar. Osman Turanın təbirincə desək, türkmənlər babayilər qiyamında iştirak etməyi özlərinə “iman və vəzifə borcu” bilirlər. Bu kontekstdə məsələ abdallarla sünni fəqihlərin deyil, “abdalizm”lə ortodoksal sünniliyin problemi kimi təzahür edir.

Tarixdən bildiyimiz kimi, “türkmən davası” (köçəri qəbilə quruluşunu və ənənələrini yaşadan azad ruhlu oğuz-türkmənlərin klassik dövlət hakimiyyəti ilə qarşıdurması) babayilər üsyanına qədər uzun bir yol keçmiş, onun iqtisadi-siyasi, sosial-etnik əsasları yaranıb formalaşmışdı. Bildiyimiz qədərincə, bu əsaslar içində heç vaxt din amili olmamış, olmuşsa da, arxa planda qalmışdı. Sünni-ortodoksal dövlətlə qeyri-ortodoksal dini təmayüllü türkmənlər arasında ziddiyyətlər ilk dəfə məhz babayi üsyanı zamanı zühur edir, dini məsələ onları bir-birindən ayıran başlıca “qırılma nöqtələrindən” birinə çevrilir. Bu təkzibedilməz xüsus bizi də üsyana yeni bir rakursdan yanaşmağa, onu dini ixtilaf müstəvisi üzərində nəzərdən keçirməyə sövq edir. Unutmayaq ki, babayi qiyamı “İslam Ensiklopediyası”nda da “qeyri-sünni bir istiqamətdə inkişaf edən dini-təsəvvüfi hərəkat” kimi xarakterizə olunur.

“Sünni” və “qeyri-sünni” İslam

Heterodoksal görüşlərdən şiəliyə gedən yol

Böyük Səlcuqilər və onu hər cəhətdən təqlid edən Anadolu Səlcuqilərində dövlət dini deyildikdə İslamın sünni məzhəbi başa düşülürdü. Sultan Toğruldan etibarən şiəliklə mübarizə dövlət siyasəti ranqına qaldırılmış, şəriət ehkamlarının qorunması dövlət başçılarının məsuliyyət dairəsinə daxil edilmişdi. Qazılıq, fəqihlik, müdərrislik kimi “ideoloji” vəzifələrə yalnız sünni əqidəli ruhanilər təyin olunur, özgə fikirlilər yaxın buraxılmırdı. Bu mənada Baba İlyasın nəticəsi olan Əlvan Çələbinin 1358-1359-cu illərdə qələmə aldığı “Mənaqübül-qüdsiyyə” əsərində ulu babasının “sünni üləmalardan biri” kimi qələmə verməsi tamamilə təbiidir. Əslində, Baba İlyasın Amasyaya sürülməzdən əvvəl Qırşəhər qazısı olduğunu söyləyənlər də dolayısı ilə onun sünniliyi fikrinə tərəfdar çıxırlar. Amma, bildiyimiz kimi, C.H.Tarım tərəfindən irəli sürülən Qırşəhər versiyası tarixşünaslıqda o qədər də kök salmayıb. Əksər tarixçilər Baba İlyasın hələ Danişməndlər dövründən Amasyada yaşadığını, bu şəhərdə bir vəfai zaviyəsi qurduğunu və ətrafına çoxlu müridlər topladığını qəbul edirlər. Baba İlyasın vəfaiyyə təriqətinə mənsub olması fikrini ilk dəfə Aşıqpaşazadə səsləndirib. Vəfaiyyə təriqətinin əsasının XII əsrdə Bağdadda “Tacül-arifin” (“ariflərin tacı”) ünvanlı Seyid Əbül-Vəfa tərəfindən qoyulduğu məlumdur. Tarixçilər əsasən, bu təriqəti də sünni məzhəbinə aid edirlər (hərçənd ki, Ə.Y.Ocaq “vəfailiyin yasəviliyə bənzədiyi”ni söyləyir).

Fikrimizcə, Baba İlyasın sünni məzhəbinə etiqad etməsi fikri yanlışdır və babayi qiyamının daxili məntiqi ilə təkzib olunur. Onun məzhəbini sonradan dəyişdiyini (məsələn, Şeyx Bədrəddin kimi) fərz etmək, bəlkə də, mümkündür, amma bunu təsdiqləmək üçün əlimizdə tutalğa yoxdur.

Müəyyən tədqiqatlarda üsyan liderlərinin şiə-ələvi əsaslı inanclara sahib olduğunun vurğulanması da diqqətdən yayınmır. Bu fikrin tərəfdarları çox vaxt “şiə” terminindən daha çox “rafizi əqidələr” ibarəsindən istifadə edirlər. “Rafizi” sözü ərəb dilində hərfən “bir fikir və ya qrupdan ayrılan firqə” mənasında işlənir. Bir dini istilah kimi müxtəlif mərhələlərdən keçən “rafizi” sözü semantikasını genişləndirmiş, əvvəlcə Zeyd bin Əlinin əməvilərə qarşı üsyanı zamanı onu tərk edən imamiləri, sonra ilk 3 xəlifəni qəbul etməyən şiə qrupları və batini zümrələri bildirmişdir.

“Türk ədəbiyyatında ilk mütəsəvvüflər” məqaləsində babayiliyi şiə əsaslı ismailiklə bağlamağa cəhd göstərən Fuad Köprülü yazır: “Hülakunun Ələmut qalasını zəbt, ismaililəri yox etməsindən sonra qaçıb qurtulan bəzi batinilərin Anadoluya gələrək, təsəvvüf niqabı altında təhrik və fəsadlar törətmələri çox təbiidir. Əsasən, Anadolu mühiti belə hərəkatlar üçün əlverişli idi. Məhz bu baxımdan istər babayilər üsyanını, istər əxilər təşkilatını, istər hürufilik və bəktaşiliyi və bunları təqib edən dini hərəkatları... batinilikdən çıxmış saya bilərik”. Lakin onun bu gümanı tarixi faktlarla təsdiqini tapmır. Belə ki, Hülakunun Ələmut qalasını tutması babayi üsyanından sonraya, konkret desək, 1256-cı ilə təsadüf edir (bu barədə bax: “Türkiyə tarixi”, 1-ci cild).

Türkmən xalq təriqətlərinin önəmli bir hissəsinin şiəlik və ələviliklə bağlılığı fikrini müdafiə edən Mikayıl Bayram da müxtəlif çağlara aid tarixi təşəkkülləri ard-arda sadalamaqla süni bir münasibət zənciri yaratmağa səy göstərir. Onun qənaətincə, “bir-birindən kiçik nüanslarla fərqlənən” qələndərilər, babayilər, heydərilər, taxtaçılar, qızılbaşlar və başqa bu kimi dini-fikri zümrələri vahid bir “ələvi-bəktaşi ailəsi” şəklində birləşdirmək mümkündür.

Ə.Y.Ocaq isə “Babayilər üsyanı” monoqrafiyasında hərəkatın şiə-batini əsaslı olması fikrini qətiyyətlə təkzib edir: “Babayi üsyanı və babayi hərəkatının meydana çıxdığı XIII əsr Anadolusunda sistemli bir şiə konsepsiyasından bəhs etmək mümkün deyil. Ancaq bir qisim türkmən əşirətlərinin Anadoluya gəlməzdən əvvəl İran və Suriyada, Mavəraünnəhr, Xorasan və Azərbaycanda şiə təsirləri ilə üzləşdiyini də istisna etmək olmaz. Bununla belə qismən ehtimal edilən həmin təsirlərə baxaraq türkmənlərin şiə məzhəbinə mənsub olduqlarını düşünsək, dolayısı ilə də babailiyi bir şiə cərəyanı saysaq, yanlışlığa qapılarıq. Anadoluda həqiqi şiə təsirləri ancaq XV əsrin sonlarından etibarən Səfəvi təbliğatı ilə bağlı olmuşdur, 12 imama sitayiş bəktaşi və qızılbaş zümrələr arasında kök salmağa məhz bu dövrdə başlamışdır”.

Sanki çevrə qapanır və dalana dirənirik: babayiliyi nə şiəliyə, nə sünniliyə müncər etmək doğru deyil...

Ardı var...

# 1096 dəfə oxunub

Oxşar xəbərlər

Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?

Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?

17:00 31 may 2024
Fəhlələrin gizli təşkilatı - Nəriman Nərimanovu niyə ifşa etmək istəyirdilər?

Fəhlələrin gizli təşkilatı - Nəriman Nərimanovu niyə ifşa etmək istəyirdilər?

09:00 31 may 2024
Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

12:00 25 may 2024
Beynəlxalq Buker Mükafatı qalibi bəlli oldu

Beynəlxalq Buker Mükafatı qalibi bəlli oldu

08:20 22 may 2024
Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

Türkmənlərə niyə inanmırdılar? - İçkiyə qurşanan Sultan və dini ixtilaf

09:00 21 may 2024
Mövlana və Şəms sevgili olub? - Yanlış bildiyimiz 10 fakt

Mövlana və Şəms sevgili olub? - Yanlış bildiyimiz 10 fakt

15:00 20 may 2024
# # #