Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...

Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...
20 aprel 2021
# 12:01

Kulis.az “Həyatın içindən” layihəsindən vaxtsız vəfat etmiş məşhur cərrah, mama-ginekoloq Səbinə Mirzəyeva haqqında yazını təqdim edir.

1978-ci ildə Bakı şəhərində anadan olan Səbinə Mirzəyeva nə film qəhrəmanı, nə müğənni, nə də siyasətçi idi. Lakin qısa ömründə kifayət qədər tanınan, sevilən, insanların ümid yerinə çevrilən həkim və mütəxəssis olmağı bacardı.

O, həm də həkim ailəsində doğulmuşdu. Evin yeganə qız övladı olan Səbinəni valideynləri tibb sahəsində görürdülər. Atası Elman Mirzəyev “Azərsutikinti" xəstəxanasının baş həkimi, anası Ofeliya xanım da eyni peşənin sahibi idi. Amma nədənsə atası qızının özü kimi cərrah olmasını istəmirdi. Ofeliya xanım həyat yoldaşının əksinə qızının ginekoloq-cərrah olmasının tərəfdarı idi.

Səbinənin üzərində böyük məsuliyyət vardı, o, məşhur bir ailənin qızı idi, ona görə universitetə mütləq qəbul olmalı idi. Lakin uzun illər hazırlaşdığı o gün, ali məktəbə imtahan verəcəyi an gəlib çatdıqda zəhərlənir, komaya düşür və nəticədə imtahana gedə bilmir.

Amma Tibb Universitetinə qəbul olmaq həvəsi onu növbəti bir il də müşayiət edir və o, nəhayət arzusuna çatır. 2001-ci ildə isə qəbul olduğu Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirir. Universiteti bitirəndən sonra bir il işsiz qalır. Ancaq bu bir il onun həyatında daha ciddi əhəmiyyət kəsb edir; ustad həkimlərin yanında təcrübə keçir, təbabətin sirlərini dərindən mənimsəyir.

Səbinə 2003-cü ilə qədər Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərir. Ardınca arzusu olan Neftçilər xəstəxanasında cərrah mama-ginekoloq kimi işə düzəlir.

İşə qəbul olunduqdan bir ay sonra ailə həyatı qurur. Bu evlilikdən onların iki oğlu - Tamerlan və Süleyman dünyaya gəlir.

2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında işləyir.

2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında yüksək riskli hamiləlik və doğuş üzrə təhsil proqramına yiyələnir.

2013-cü ildən isə o, “Baku Medical Plaza”da fəaliyyət göstərməyə başlayır.

Peşəkarlıqda ad qazandığı üçün ölkənin hər yerindən ən riskli hamiləlik keçirən şəxslər onun yanına gəlirdi. Ona görə Səbinə Mirzəyevanın bütün həyatı həyəcan içində keçirdi...

Sonu sızıltılı bir hadisə ilə bitən bu ömürdə nakam ölümə səbəblər axtardıqda bu məqamı da mütləq nəzərə almalıyıq.

Elə vaxt olur ki, cərrah ginekoloq 72 saat yatmır.

Gərginlik, gərginlik, gərginlik...

Lakin o, bu işi ehtiyacdan deyil, sevgidən görürdü. Həyat dopinqi isə bir-birinin ardınca qucağına aldığı körpələr olur...

Bəzən bir neçə doğuş yanaşı olduğundan o saatlarla klinikada olmaq məcburiyyətində qalır. Çünki onun başqa seçimi yoxdur, söhbət insan həyatından gedir.

Belə günlərin birində onun övladının “Əlifba bayramı” keçirilir və Səbinə Mirzəyeva o tədbirdə ola bilmir. Axşam rəfiqəsi ona amansız və qısa bir mesaj yazır: “Süleymanın həyatında ikinci “Əlifba bayramı” olmayacaq...”

Sənət, idman və digər sahələrdə çalışıb məşhurluq qazanmaq rahatdır, bəs tibb sahəsində işləyərək, saatlarla ekranların deyil, əzab çəkən qadınların qarşısında duraraq necə məşhur olmaq, tanınmaq mümkündür?

Bu barədə Səbinə xanım müsahibələrinin birində deyirdi:

“Hər doğulan körpə ilə mən saflaşıram. O körpələrin hər birinin anasından öncə onları mən qucağıma, qollarımın arasına alıram. Ona mən toxunuram. Bu, çox gözəl hisdir. Əgər bir işi öz qarşında məqsəd kimi qoyursansa, ona mütləq çatmalısan. Yetər ki, insan işini, qarşısına qoyduğu məqsədi sevsin.”

Haqqında yayılan bütün məlumatlar, barəsində danışılan hər söz pozitivdir. Hamı ona dua edir, hamı onun üçün göz yaşı tökür...

O, peşəkarlığı fonunda qazandığı uğurları kapitala çevirəndə ağlına gələn ilk ideya xeyriyyə fondu yaratmaq idi. Hətta bu barədə rəfiqələrindən biri ilə plan da qurubmuş.

Elə burdan da onun nə qədər nəcib insan olduğu aydın görünür.

Səbinə Mirzəyeva Milli Onkologiya Mərkəzində üç il müddətində cərrah onkoginekoloq kimi fəaliyyət göstərdiyi vaxt onkoloji xəstələrlə işləmək onun üçün olduqca ağrılı prosesə çevrilir. Əksər xəstələri dünyasını dəyişən bu peşə sahibləri xəstələrinə təkcə şəfa yox, həm də təsəlli vermək zorundadırlar.

Belə yerlərdə çalışan həkimlər nakam xəstələrin hər birinə öz ömründən bir neçə dəqiqə, bir neçə gün bağışlayır.

Hələ bir də həkim həssas, insanlara əlahiddə sevgisi olan biri olsa... Ardını təsəvvür edin...

Təsəvvür etməyin, Səbinə Mirzəyevanın həyatına baxın, hər şey aydın olacaq...

Əsas işi riskli hamililik və doğuşlarla bağlı olduğundan Səbinə Mirzəyevanın qısa ömrünə fasiləsi olmayan bir həyəcan fiti kimi də baxarıq...

Reanimasiyadan palataya, palatadan cərrahiyyə otağına...

O, çalışdığı bütün müəssisələrdə işə aşırı sevgi verdiyindən bu münasibətə bəzən adekvat reaksiya görmürdü. Peşəkarlaşmayan tibb sahəmiz, diletant həmkarlar, haqsızlıqlar və s...

Təbii ki, bütün bunlar həssas bir qadının səhhətinə təsirsiz ötüşmürdü. Onu 40 yaşa qədər saxlayan isə həyata qaytardığı pasiyentlərinin səmimi duaları oldu.

Bəzi versiyalara görə onun beyninə qan sızmasına səbəb həmin ərəfədə olduğu bir konfransda əsəbiləşməsi olub. Lakin bu versiya barədə dəqiq məlumat yoxdur. Ölümündən iki saat əvvəl “İnstagram”da canlı yayımda olub. Bu zaman Səbinə səhhətində heç bir problemin olmadığını, hər şeyin yaxşı olduğunu deyib.

Sonralar həmin videoyazıya baxanda həkimin səhhətində xüsusi problem hiss olunmayıb.

Yəqin, hər bir valideyn Səbinə Mirzəyeva kimi övlad, hər bir övlad da onun kimi ana arzulayır. Amma heç kəs öz əzizinin bu yaşda ölməsini istəməz.

Onun işıq dolu həyatında arzuolunmaz yeganə şey nakam ölüm idi.

2018-ci il 3 aprel tarixində Səbinə Mirzəyeva ilə bağlı qəfil ağır xəbər yayılır. Öncə onun vəziyyətinin ağır olduğu bildirildi, ardınca isə vəfat etdiyi...

40 yaşında sağlam bir qadının nə səbəblə öldüyü isə hələ də çoxlarına sirr olaraq qalır.

Təbii, ölüm səbəbi beyninə qan sızması idi, amma beyninə qan sızmasının səbəbi bəlli deyil.

Yəqin, onun cavan yaşda qəfil dünyadan köçməsinin səbəbləri arasında az əvvəl dediklərim də var. Digər bir məsələ də odur ki, nədənsə, adətən çox gözəl insanlar bizi bu dünyada çox şərəfləndirmir.

Fələyin qısqanclığımı, Allahın sevgisimi, hər nə nədirsə, çox güclü bir qüvvə elə adamları aramızdan sakitcə çəkib aparır...

Bəli!

Yüzlərlə ananı, körpəni ölümdən xilas etsə də, gün gəldi, onu xilas edə bilmədilər. Ömrünün ən yaşamalı çağında, 40 yaşında o gözəl simasına qəfil ölüm çökdü.

Amma körpələrdən miras aldığı o təbəssümündən möhkəm yapışmışdı. O, təkcə sağlam körpələrin deyil, sağlam bir təbəssümün də doğulmasına səbəb oldu.

O təbəssüm ki, hələ də sahibinin öldüyünə heç kim inana bilmir.

Səbinə Mirzəyeva "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabın müəllifi olub.

# 11212 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #