İyunun 27-si tanınmış tərcüməçi Natiq Səfərovun doğum günüdür. Kulis.Az bu münasibətlə onun qızı, saytımızın əməkdaşı, jurnalist Günel Natiqin atasına həsr etdiyi “Özünə sürgün” yazısını təqdim edir.
Hava işıqlaşırdı. Yazı stolunun arxasındakı adam yalnız indi vaxtı hiss etdi, doğrusu onun necə gəlib-keçdiyinin fərqinə varmamışdı. Həmişə belə idi. Ya o, vaxtı qabaqlayır, ya da vaxt ondan qabağa qaçırdı. Vaxtı özünə uyğunlaşdırmaq, ya da özü zamana uyğunlaşmaq kimi vərdişi yox idi...
Atam Natiq Səfərovun babası Əsgər kişi Güney Azərbaycanın Xoy şəhərindən gəlmişdi. Arazı keçərək Naxçıvanda binə salmışdı. Bənna idi. İş tapmaq ümidilə bu taya sığınmışdı.
Əli onun yeganə oğlu idi. Diribaş, qoçaq uşaq idi. Rus-tatar məktəbini əla qiymətlərlə bitirəndən sonra təhsilini artırmaq üçün Sankt-Peterburq ali gimnaziyasına göndərilmişdi. Orda da yüzlərlə tələbə arasında fərqlənməyi bacarmış, nümayəndə heyətinin üzvü seçilmişdi.
Əli rus-tatar məktəbində onunla birgə təhsil alan Məddahla dostluq edirdi. Məddahın atası Mirzə Məmmədqulu dövrünün sayılıb-seçilən ziyalılarından idi. Çar tərəfindən ona bəylik verilmişdi. Mirzə Məmmədqulu xeyriyyəçiliyi ilə də tanınırdı.
Görkəmli ədib Cəlil Məmməsquluzadənin “Danabaş kəndinin məktəbi” əsərindəki müəllim obrazı ulu babam Mirzə Məmmədqulunun prototipidir. Əziz Şərif də “Keçmiş günlərdən” əsərində Mirzə Məmmədqulu haqqında ehtiramla söhbət açır:
“...Yalnız Mirzə Məmmədqulu haqqında müxtəsər məlumat vermək istəyirəm, çünki bu adam o zamankı -19-cu əsrin sonları, 20-ci əsrin əvvəlləri - Naxçıvanın ictimai həyatında görkəmli rol oynayırdı. ... Naxçıvan qəza polisinin yanında mütərcim idi və həmişə rəsmi forma geyərdi. Rusca, farsca və ərəbcə savadı var idi. Yerli ziyalılar onunla hesablaşardılar. Polisdə rəsmi mənsəb sahibi olduğu üçün Naxçıvanın azadpərəst gənclərinə qoşulmaz, təvazökar və təmkinli həyat sürərdi. Lakin yeri gələndə heç kəsdən köməyini əsirgəməzdi...”
Əziz Şərif sonra yazır ki, atam onu özünə ən sədaqətli dostlardan hesab edər və hər cəhətdən inanardı, çünki Mirzə Məmmədqulu doğrudan da olduqca saf, təmiz əxlaqlı, vicdanlı adam idi və bu xüsusiyyətlərinə görə şəhər əhlinin hörmətini qazanmışdı.
Mirzə Məmmədqulunun üç oğlu, iki qızı vardı. Oğlanlarından kiçiyi anadan qüsurlu doğulmuşdu, əli, ayaqları işləmirdi. Ona xüsusi xidmətçi qulluq edirdi.
Əli Məddahgilə gedəndə onun bacısı Xanımı görüb bəyənmişdi. Yaşlılar danışırdı ki, gənc oğlan həmin gündən qəm dəryasına qərq olmuşdu. Xanım bəy qızı, o isə adicə bənna oğlu! O hara, Xanım hara?
Amma Mirzə Məmmədqulu alicənab, nəcib adam idi, ayrı-seçkiliyiə yol verməzdi. Beləcə Xanımı Əliyə adaxlayırlar.
Yaz ayı idi, gül bülbülü, bülbül gülü çağırırdı. Mirzə Məmmədqulu yazın növrəstə çağını seyr edib xoş düşüncələrə dalmışdı; düşünürdü ki, böyük oğlu həddi-buluğa çatıb, ev-eşik sahibi olan vaxtıdı. Hərtərəfli təhsilə yiyələnən Məddah da dövlət qulluğunda işə düzəlməlidi. Qızların da ki, yeri-yurdu artıq bəllidi... Amma elə bu vaxt gələn xəbər qayçı kimi bütün arzuları kəsib-doğradı:
- Mirzə, ağamı vurdular!
Məddahın qardaşının qonşu oğlanla sözü çəp gəlmiş, oğlan tüfənglə onu ürəyindən vurmuşdu.
Bəd xəbər bir göz qırpımında bütün şəhəri caynağına aldı. Mirzə Məmmədqulunun faciəsinə heç kəs inanmaq istəmirdi.
Deyilənə görə, Mirzə Məmmədqulunun şikəst oğlu səs-küyü, ah-vayı eşidib xidmətçidən nə baş verdiyini soruşur. O da yanıqlı-yanıqlı “Gül kimi oğlan əldən getdi, kaş onun yerinə elə sən öləydin!” Uşaq bu sözləri eşidib yorğanı başına çəkir. Səs-səmir gəlmədiyini görən xidmətçi yorğanı qaldıranda oğlanın keçindiyini görür.
Mirzə Məmmədquluya artıq gen dünya dar gəlirdi. Çox çəkmir ki, o da dünyadan köç eləyir.
“Xanım, Allah səni xoşbəxt eləsin”
Əliylə Xanım evlənən il Sovet hökuməti qurulur. Əlini fəhlə oğlu kimi qabağa çəkirlər, vəzifə verirlər. Məddah isə bəy oğlu olduğu üçün güllələnir...
Əliylə Xanımın 4 oğulları dünyaya gəlir. Əsgər, Abbas, Sabir və Natiq.
Natiq dünyaya gələndə Əsgər 20 yaşlarında idi. Deyilənə görə, qardaşının doğulmasından utanaraq bir xeyli vaxt çölə-bayıra çıxmamışdı.
Əsgər jurnalist idi, Naxçıvan qəzetində işləyirdi. Yaxşı qələmi var idi. Yerli mətbuatda “Əsgər Səfərov” imzasını tanıyır və hörmət edirdilər.
Natiq evin ən balacası idi. Elə görkəmcə də balacaboy, çəlimsiz idi.
İkinci dünya müharibəsi təzə bitmişdi. İnsanlar hələ də o illərin ağırlığını yaşayırdılar. Kasıb uşaqlar arasında balaca Natiq özünü yaxşı hiss etmirdi, təzə paltarından, təzə çəkməsindən utanırdı. Ona görə məktəbə gedən yolda ayaqqabısını palçığa bulayır, paltarını bilərəkdən toza bulaşdırırdı.
Bir müddətdən sonra Əli Səfərov Bakıya, Nazirlər Sovetinə göndərilir. Dövlət onu dördotaqlı geniş mənzillə təmin edir. Atamın uşaqlıq illəri beləcə Bakının mərkəzi yerlərinin birində, rus, yəhudi uşaqlarının arasında keçir. Rus dilinin incəliklərini də elə həmin vaxtlarda öyrənir.
Əli Səfərov yaraşıqlı kişi idi. Həm də özünə baxan, səliqə-sahmanlı idi. Yeməyinə-içməyinə xüsusi diqqət eləyər, hər gün 1 saat qaçar, idmanla məşğul olardı.
Günlərin bir günü babamın nənəm Xanıma dediyi sözlər qadına ömürlük zindan olmuşdu:
- Xanım, biz ayrılmalıyıq. Mən başqasını sevirəm. Allah səni xoşbəxt eləsin.
Nənəm babama dəlicəsinə bağlıydı, onsuz xoşbəxt ola bilərdimi? Həm də bu sözləri necə rahatlıqla demək olardı? Axı onlar az qala bir ömür bərabər yaşamışdılar.
Əli Səfərov həmin qadınla iş yerində tanış olmuşdu. Hisslərini cilovlaya bilməyən babam onunla evlənəcəyinə söz vermiş, elə evlənmişdi də.
O gündən sonra Əli Səfərov oğlanlarının həyatından çəkilmiş, qalan ömrünü gənc qadınına həsr etmişdi. Ondan qalan yeganə yadigar şəhərin mərkəzindəki dördotaqlı mənzil idi.
Nənəmin babama yazdığı məktubu xatırlayıram. (Həmin məktubu köhnə məktub və şəkillərin arasından tapmışdım, ola bilər ki, nənəm sonradan məktubun üzünü köçürmüşdü, ya da nə üçünsə göndərməmişdi). Giley dolu məktubda təxminnən bu sözlərə rast gəldim: “Mən Natiqimə üzülürəm, axı o, əsgərliyə üçcə manatla getdi...”
Atam babamı heç vaxt bağışlamadı. Hərdənbir görüşsələr də, atamın içində ağrı qalmışdı, o ağrı özünü çətin ki, unutdurardı.
Nənəm isə ölənədək babamı gözlədi. Son dəqiqəyədək ümid edirdi ki, babam onun dalınca gələcək. Böyük sevgilər unudulmur...
Nənəm təhsil alan ilk azərbaycanlı qadınlardan idi. Rus dilində sərbəst danışırdı. Puşkindən, Lermontovdan əzbər şeirlər deyirdi. Atasının Mİrzə Cəlillə tanışlığından, özünün də böyük ədiblə görüşündən unudulmaz xatirələr söyləyərdi...
İlk iş yeri, ilk məhəbbət, ilk...
Atam əsgərlikdən gələndən sonra Azərbaycan Radiosunda texnik kimi işə düzəlir. Bir neçə ildən sonra universiteti bitirir və radionun “Gənclik” redaksiyasına redaktor vəzifəsinə keçir. Anam Zümrüd isə “Son xəbərlər” redaksiyasında işləyirdi. O da universitetdə təhsil almışdı. Atam qarayanız, ciddi xasiyyətli bu qıza vurulmuşdu. Tez-tez “Son xəbərlər”ə Zümrüdü görmək eşqilə gəlirdi.
Anam əvvəllər ona qarşı laqeyd idi. Atam isə onu itirməmək üçün müxtəlif yalanlar uydururdu: “Bax, mənimlə evlənməsən özümü tramvayın altına atacam!”
Deyəsən, atam anamın zəif damarını tutmuşdu, gənc oğlanın özünü həlak etməməsi üçün anam ona diqqət yetirməyə başlayır. Tezliklə bu diqqət sevgiyə çevrilir. Beləcə, anamla atam ailə qururlar.
Nənəm öləndə atamın 42 yaşı var idi. Və nənəmi itirəndən sonra atam həyatında ilk dəfə içki içir...
Türk tarixinin şedevri - Az i ya
“Azərbaycan” jurnalında işləyəndə artıq tərcüməçi kimi tanınmağa başlayır. İlya İlf və Yevgeni Petrovun “Qızıl dana” romanı, Redyard Kiplinqin “Öz kefinə gəzən pişik”, Vasili Şukşinin “Qırmızı kalina”, Sətimcan Sanbayevin “Ağ arvana” və s. əsərlər ona uğur gətirir.
70-ci illərdə qazax şairi Oljas Süleymenov hansısa möcüzə sayəsində tarixi kitab olan “Az i ya”nı yazıb çap etdirir. Əsər böyük səs-küyə səbəb olur. Mərkəzin əmrilə kitab bir neçə saat ərzində mağazalardan yığışdırılır.
Həmin bir neçə saat müddətində kitabı əldə edənlər təbii ki, vardı. Onlardan biri də atam idi. O, nəyin bahasına olursa-olsun əsəri tərcümə etmək, tariximizin belə bir işıqlı yadigarını yaşatmaq və təbliğ etmək istəyirdi. Hərçənd bilirdi ki, Azərbaycanda bu kitab işıq üzü görməyəcək.
Atam gecəsini gündüzünə qataraq “Az i ya”nı tərcümə edir. Rus dilini bilməyən dostlarına tərcümə əvəzsiz töhfə olur. Ədəbi aləmdə tərcümə əldən-ələ gəzirdi. Ziyalılar əsəri oxuyur, öz aralarında müzakirə edirdilər.
Amma iş elə gətirir ki, tərcümə birdən-birə qeyb olur. Ya da onu kimsə oğurlayır. Atam artıq ümidini üzəndə təsadüfən dostlarından biri əsərin əlyazmalarından birinin onda olduğunu deyir. Sən demə, həmin şəxsə əsər elə dərin təsir bağışlayır ki, tərcümənin üzünü köçürərək arxivində saxlayır.
Əsər yalnız müstəqillik dövründə işıq üzü görür. “Az i ya” tarixi kodlarla zəngin olan qəliz əsər idi, bu əsərin tərcüməçisi həm də tarixçi olmalıydı. Canlı ensiklopediya olan atam üçün heç bir problem yox idi. “Çox istedadlı insan olsa da təkcə mütərcimliyilə boy göstərdi. Təəssüflər ki, belə bir hərtərəfli, zəngin adam ancaq mütərcim qüdrətini büruzə verməklə kifayətləndi. Halbuki o, bənzərsiz duyumu, böyük ədəbi imkanları ilə məşhur romançı kimi şöhrətlənə bilərdi”. (Ələkbər Salahzadə, “Ən gözəl uçuş” kitabından).
Atam gizli vətənpərvər idi. Vətənpərvərliyi şüar edən və boğazdan yuxarı danışanlara nifrət bəsləyirdi.
“Bütün yazılarımı demək olar ki, Natiqin baxışları və düşüncəli üzü qarşısında yazmışam... Onun duyumu, anlayışı, səviyyəsi həmişə məni izləyib... İndi də o cür yazıram. O, yenə öz kəskin baxışlarıyla gözümün qarşısındadı. Özü yoxdu, baxışları yaşayır, yaşayacaq da. Kədər qarışıq düşüncəli üzü yuxarıdan aşağı həmişə bizi seyr eləyəcək. Saxta istiqanlılığa, saxta milliliyə, yalançı vətənpərvərliyə, əslində istedadsız adamların dahilik iddialarına, Azərbaycan türkü olaraq, Azərbaycanı və Azərbaycan xalqını tanımayanlara, onun dilində danışsa da, o dilin ancaq üst qatını anlayanlara istehza, tənə, peşmançılıq dolu baxışları dikilmiş qalacaq...” (Mövlud Süleymanlı, “Ən gözəl uçuş” kitabından)
Atam üçün öz azadlığı hər şeydən üstün idi. Məsələn, qalstuk bağlamağı sevmirdi və onu buna məcbur eləmək mümkünsüz idi. 80-ci illərdə tərcüməylə bağlı mötəbər qurumda ona vəzifə veriləcəkdi, bunun üçün təcili “yuxarıya” çağrılmışdı. Amma qalstuk bağlamağı “unutduğu” üçün işə qəbul edilmədi. Atam partiya üzvü olmadığı üçün çox imkanlardan məhrum olmuşdu. Məsələn, o illərdə Azərbaycan Radiosunda ən azından şöbə müdiri olmaq üçün Kommunist Partiyasına üzv olmaq vacib idi. Atama təklif etmişdilər ki, partiya sıralarına daxil olsun, çünki yalnız partiya üzvü olacağı təqdirdə bu vəzifəyə keçə bilər. Atam isə qəti surətdə imtina etmişdi. Kommunist Partiyasına son günə qədər nifrət edən atam 90-cı illərdə kütləvi surətdə partbiletlər atılanda acı-acı gülmüşdü...
Atam bacımla məni hədsiz çox sevirdi. Bizi gəzintiyə aparır, oyuncaqlar alırdı. Bir dəfə belə bir dialoqumuz oldu; atam mənə it oyuncağı almışdı, mən oyuncağımı sevincək sinəmə sıxıb dedim:
-Ata, buna mütləq ad seçməliyəm. Səncə adını nə qoyum?
-Vazgen, - atam başını qaldırmadan dedi.
-Vazgen it adıdı? - mən maraqla soruşdum.
-Hə, it adıdır, - atam dedi.
90-cı illər həyatının ən ağır illəriydi. Mənəvi və maddi sıxıntılar kabusu xatırladırdı. Atam son gücünü toplayıb bizi yaşatmağa çalışırdı. Bədii tərcümə olmayanda, ayrı-ayrı adamlara dissertasiyalar, kitablar yazırdı. Bu yazdıqlarından zövq almasa da, təsəllisi var idi ki, çörəkpulu qazanır.
2000-ci illərdə vəziyyət bir az yaxşılığa doğru gedəndə demokratiya haqqında əsərlər tərcümə edir. Üslubuna və texnikasına görə mürəkkəb olan bu əsərləri də atam rahatlıqla dilimizə çevirir. Fitri istedad sahibiydi, əsəri incəliyinə kimi duyur, intuitiv hiss edirdi.
Atam dünya dramaturgiyasından pyesləri də dilimizə ustalıqla çevirib. Jan Anuyun “Medeya”, Vsevolod Vişnevskinin “Nikbin faciə”, Aleksandr Vampilovun “Qarğa qarıltısı” və s. Həmin pyesləri aktyorlar məmnunluqla qarşılayırdılar. Çünki adəti üzrə olduğu kimi tərcümənin üzərində işləmək, onu teatr dilinə uyğunlaşdırmaq lazım gəlmirdi. Bir dəfə növbəti teatr tamaşasının onun tərcüməsində çox uğurlu alındığını deyəndə atam etiraz etdi:
- Aktrisa əsəri duymayıb. O əsər 0 dərəcədə yazılıb, aktrisa isə onu çox çılğın oynayıb.
Atam tərcümə sənətinin novatorlarından idi. Tərcüməyə yeni üslub gətirmişdi. Bir çox tərcüməçilər Natiq Səfərovdan bəhrələnib onun açdığı yolla tərcümə sənətinə gəldilər. Bugünkü gündə internetdə atamın tərcümələri haqqında oxucu rəylərinə rast gəlirəm. Yaşlı nəslin nümayəndələri qeyd edirlər ki, biz Natiq Səfərovun tərcümələriylə dünya ədəbiyyatına bələd olduq, dünyagörüşümüz onun sayəsində formalaşdı. Gənclərsə tərcümə sənətimizin belə bir ustadıyla qürur duyur və ondan öyrənəcəklərini yazırlar.
“Salam, Abbas əmi!”
Atamın həyatda olan yeganə qardaşı Abbas əmimlə münasibəti yox idi. O, rus milliyyətindən olan həyat yoldaşı və övladlarıyla Yaltada yaşayırdı. Əmim sonuncu dəfə Bakıda olanda mən çox balaca idim, onu xatırlamıram. Atam da onun haqqında danışmazdı. Amma bir dəfə ağzından qaçırdı ki, küsülüyük Abbasla, mənə möhkəm acıqlıdır. Daha bu barədə danışmadı atam. Bildim ki, onun üçün çox ağırdır. Mən də susdum.
Atam dünyasını dəyişməzdən bir il qabaq qəfildən Abbas əmimdən məktub aldıq. Bu bizim üçün gözlənilməz oldu. “Artıq qocalmışam, Jenya da qocalıb, hanı indi o günlər?”, - əmim yazırdı. Bəlkə də ahıl yaşlarında olan əmim umu-küsü saxladığı kiçik qardaşıyla barışmaq, son nəfəsdə ötən illərə qayıtmaq, bəlkə də vidalaşmaq istəyirdi...
Mən Abbas əmimə məktub yazmağı qərara aldım. Nəhayət ki, doğma duyğuları paylaşacağım əmim meydana çıxmışdı.
İlk cümləni yazıb əl saxladım: “Salam, Abbas əmi!”
Əslində, çox sevincək idim, duyğularım aşıb-daşırdı. Bu illər ərzində yanımızda olmayan əmimə bütün olub-bitənləri danışmaq istəyirdim. Amma nədən başlayacağımı bilmirdim. Bəlkə də artıq çox gec idi. Sabaha ötürülən, yaşanmamış duyğular indi nimdaş görünürdü... “Yəqin ki, Abbas əmimin də buna ehtiyacı yoxdir” - sonda mən düşündüm.
Bu, Yaltadan gələn son məktub oldu.
Yalqızlığın cəhənnəmi
Atam yalqız adam idi. Adamlar içində də, tək olanda da yalqız idi. Düzdür, onu çox sevir və qiymətləndirirdilər. Amma elə bil atam tənhalığa məhkum idi, gizli-aşkar yalqızlığını yaşayırdı. Bəzən zarafatla deyirdi ki, mən qədim türklərin ən sonuncusuyam, ona görə tək qalmışam. Bəzən isə qəribə bir rəqs edib “bu, qədim türklərin rəqsidir”, deyə izah edirdi. Dediyinə görə, o, bunu intuitiv hiss edirdi.
İncə intuisiyaya malik idi. Hətta öncəgörmələri olurdu. Hərdən ona naməlum olan hadisələrdən elə danışırdı ki, biz heyrətdən donub qalırdıq. Bütün bunların zarafat olduğunu desə də, real hadisələr əksini söyləyirdi.
Son vaxtlarda özünə, tənhalığa çəkilmişdi. Çoxlu mütaliə edirdi. Əsasən detektiv oxuyurdu. Yəqin ona görə ki, orda həyat dinamik idi və atamı problemlərindən uzaqlaşdırırdı.
“Aparın məni elə bir yerə ki, özüm də bilmirəm hara”, - yazırdı Nazim Hikmət. Atamın Nazim Hikmət kimi məkansızlıq dərdi var idi. Əslində, heç yerdə xoşbəxt ola bilməyəcəyini anlayırdı. Bəzən “kaş ki, yadplanetlilər gəlib məni uzaqlara aparardılar” deyə zarafat edirdi. Özünə sürgün edilmişdi sanki. Ömrü boyu özünə məhkum yaşayacağı fikri onu dəhşətə gətirirdi.
“Heç onu da bilmirdim ki, Natiq Səfərov Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdu, ya yox; çünki hər cür rəsmi qurumdan kənar gəzdiyini, təntənələri-filanı sevmədiyini onu tanıdığım illər ərzində sezmişdim. 60 illiyi ərəfəsində bəhanə gətirib bir balaca dərdləşmək, ədəbi proses ətrafında söhbət eləmək istəmişdim. Neçə illərdən bəri özünə qapılıb ancaq yazı-pozusuyla məşğul olan Natiq Səfərov əvvəlcə razılıq vermişdi, sonra da səhhəti və ədəbi aləmdən bezginliyi ilə bağlı günü-günə satmışdı”.(Nəriman Əbdülrəhmanlı, “Sözün köynəyindən keçən adam” məqaləsindən).
Həqiqətən, təntənəni sevməzdi atam. Bir də təklikdə bayram olmur axı. 60 yaşı da beləcə gəldi-keçdi.
“Hər şey yaxşı olacaq”
Bacım uzun illər idi ki, Türkiyədə yaşayırdı. Bu 15 il müddətində anamla Türkiyənin İzmir şəhərinə sadəcə bir dəfə, bacımın kiçik qızı doğulanda getmişdik. Səbəblər vardı. Həm maddi çətinlik, həm də... Atamı tək qoya bilmirdik. Bilirdik ki, tək qalanda sarsılır. Təkliyi sevsə də, əslində uzun müddət tək qala bilmirdi. Anam isə bacımdan nigaran idi, bir neçə il idi ki, görüşmürdük. Nəhayət getməyi qərara aldıq. Atam da həmin ərəfədə təzə işə girmişdi, işlər bir növ yolunda gedirdi. “Təzə işinə başı qarışar, biz çox yadına düşmərik”, - dedik. “Həm də çox qalan deyilik ha, bir neçə günə qayıdıb gələrik”.
Atamın həmin gün aeroportdakı həyəcanı, təlaşı sanki qanıma hopub. Həmin anları unutmaq mümkün deyil.
- Narahat olmayın, - biz də təlaşlıydıq, atam sanki bunu gözlərimizdən oxudu - hər şey yaxşı olacaq.
İzmirdə keçirdiyimiz 15-ci gün idi. Səhər tezdən bacımın telefonu zəng çaldı. Bakıdan idi.
Evimizdə yanğın olmuşdu. Atamın yuxulu-yuxulu çəkdiyi siqaret divana düşüb alışmış, sonra isə bütün evi od almışdı (Divanı təzə almışdıq, əgər onun yerində köhnə, yalnız taxtalardan ibarət köhnə divanımız qalsaydı, bəlkə də bu hadisə olmazdı. Təzəli-köhnəli divanlar o gündən sonra mənim təqibçimə çevrildi).
Atamın harayına səs verən olmamışdı. Təcili yardım isə hansısa möcüzə sayəsində gəlib çıxmışdı. Atamı kimsəsiz bilmiş, xəstəxananın dəhlizindəki bir çarpayıya yerləşdirib üstünə kirli mələfə atmışdılar. Başqa yardım göstərilməmişdi. Səhəri gün atam özünə gəlmiş və əlaqə saxlamaq üçün qohumların telefon nömrələrini demişdi. Yalnız bundan sonra ona yardım göstərilmişdi. Amma artıq gec idi...
...Təcili Bakıya yola düşdük. Yolboyu anamla bir kəlmə də kəsmədik, buna taqətimiz də yox idi, hərəmiz öz aləmimizə çəkilmişdik.
Atam sarğıların içindəydi. Bizə dedilər ki, bədənin üçdə biri yanıb. Sonra dedilər ki, belə yanıqlar vaxtı 17 gün ən kritik vaxtdı, əgər bu günləri dəf edə bilsə, təhlükə sovuşacaq.
Günləri sayırdım. Hər keçən gün atamı bizə bir az da bağışlayırdı. Bacımla mən növbəylə xəstəxanada qalırdıq, anam isə gecə-gündüz atamın başı üstündə keşik çəkirdi.
Atamı itirəcəyim ağlıma gəlmirdi. O, özü də buna inanmırdı.
Arzularından danışırdı:
- Biz Şahbazla yeni kitablar işləyəcəyik. Heç bilirsən, nələr fikirləşmişəm!
Atamın xəstəxanada qaldığı 11-cı gün idi. 26 sentyabr, 2004-ci il...
Yuxudan durar-durmaz xəstəxanaya getmək üçün hazırlıq görməyə başladım. Həmin gün ilk dəfə idi ki, içimdə böyük ümid oyanmışdı, ilk dəfə idi ki, hər şeyin yaxşı olacağını düşünməyə başlamışdım. Özümü qınayırdım. Çünki bu hadisədən bəri üst-başıma fikir vermirdim, əyin-başım çarəsizliyimi göstərirdi.
Bu hadisədən bəri ilk dəfə idi ki, özümə diqqət yetirirdim, saçıma sığal çəkirdim.
Bacım, əmim qızı və hər zamankı kimi anam atamın yatağı başındaydı. Bacımgil “növbəni mənə təhvil verib” getdilər. Palatada üçümüz qaldıq: Mən, anam və atam. Hər zaman olduğu kimi yenə üçümüz bir yerdəydik. Amma birimiz vədinə xilaf çıxacaqdı. Bu, bir neçə dəqiqədən sonra olacaqdı. Hələliksə üçümüz xoşbəxt əyyamlarda olduğu kimi bir yerdəydik.
- Zümrüd, mən burdan çıxa bilməyəcəyəm.
Atam bu sözləri qəfil dedi. Və gözlərini yumdu.
11-cı gün idi. Bir neçə gündən sonra təhlükə sovuşacaqdı bəlkə də.
Həkimlər ora-bura qaçır, kimi atamın təzyiqini ölçür, kimi iynə vurmağa cəhd göstərirdi. Amma hər şey əbəs idi.
Mən xəstəxananın həyətində yerə çöküb ağlayırdım. Atamın qarasınca danışır, “niyə hamımızı məhv etdin”, - deyirdim. Amma artıq heç nəyin mənası yox idi.
“... elə bil göyüzündə Tanrıya doğru yürüyən milyonlarla ayaq içində sənin ruhunun ayaqlarını görən, tanıyan kimi oluram. Və o ayaqlar qədər bu dünyada heç vaxt heç kəsin sevinmədiyini də duyuram....” (Vaqif Bayatlı Odər, “Ən gözəl uçuş” kitabından).
Həmin gecə gördüyüm yuxuda atam eyvanımızdan mənə əl eləyirdi...