Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?

Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
25 iyul 2021
# 12:53

Kulis.az Günel Natiqin “Gülər üzlü Səməd Səmədov” yazısını təqdim edir.

90-cı illərdə İlhamə Quliyeva təmtəraqla yubileyini qeyd edirdi. Və birdən elan etdi:

“İndi isə çıxış edir toylar kralı Səməd Səmədov!”.

Maraq dolu nəzərlər səhnəyə yönəldi. Ortaboy, dolubədənli bir adam səhnəyə çıxanda çoxunun ürəyindən bu sual keçdi:

“Kim olduğunu bilmədiyimiz bu adam nə vaxt toylar kralı olmağa macal tapdı? Və ümumiyyətlə belə bir titul varmı? Amma əgər “Primadonna” özü onu toylar kralı elan edibsə, deməli bu işdə bir hikmət var”.

Beləcə İlhamənin xeyir-duasıyla Səməd Səmədov toylar aləminə brend müğənni kimi daxil oldu. Sözsüz ki, bütün karyerası üçün İlhaməyə borclu olmalıydı. “Bakılı oğlanlar”ın belə bir zarafatı vardı; Səməd Səmədov “Primadonna”ya məhəbbətini izhar edərək deyir:

“Çox hörmətli İlhamə xanım, “Toylar kralı” titulunu mənə siz vermisiniz, hətta hərdən mənə elə gəlir ki, nəinki toylar kralı, Səməd Səmədov adını da mənə siz vermisiz”.

Səməd Səmədov seriala çəkiləcək » Heqiqet.Az

Doğrudan da Səməd Səmədov sanki ikinci dəfə doğulmuşdu. Ən bahalı, ən “bərkgedən” toyları onun idarə etdiyini deyirdilər:

“Onun toylarına söz ola bilməz, bir canlanma yaradır ki, gəl görəsən”.

Toy bazarının qiymətlərinə də sözsüz, o, təsir etmişdi.

Bir dəfə fəxrlə bu sözləri dediyini eşitmişdim:

“Azərbaycanda toy qiymətləri çox aşağıydı. Bir neçə müğənniylə məsləhətləşdik və toy qiymətlərini Rusiya bazarına uyğunlaşdırdıq”.

Deməli, toy sahiblərinin biri-biriylə bəhsə-bəhsə girərək əyin-başından, boğazından kəsib min-bir zəhmətə qatlaşmasında onun da “əməyi” vardı.

Amma insafla desək, “Toylar kralı” öz titulunu ləyaqətlə daşıdı. Bir dəfə də olsun səhvə yol vermədi, hansısa qalmaqalda adı hallanmadı, həmkarlarıyla “müharibəyə” çıxmadı. Həmişə gülərüz, pozitiv və xoşbəxt idi. Sanki toylar kralı olmaq üçün doğulmuşdu. Adi günlərdə də toy əhval-ruhiyyəsi yaratmağı bacarırdı. Sonuncu dəfə onu canlı efirdə görəndə həmişəki kimi gülümsəyirdi, dəyişməz pozitivliklə “Toylar da başlayacaq, hər şey yaxşı olacaq” deyirdi.

Pandemiya dövründə hamı onun topdağıtmaz sərvəti olduğunu, pandemiyanın ona əsər eləməyəcəyini düşünürdü, amma “Toylar kralı” ilk və son dəfə “ağlamışdı”:

“Maşınımı satmışam, güclə dolanıram”.

Bu sözlərə inanan olmasa da, “Toylar kralı”nın tezliklə öz səltənətinə hakim olacağına çoxları inanırdı. Səməd Səmədovsuz toy olar?

Onun enerjisi ən sönük toyları da canlandırmağa yetirdi. Düzdür, ağzıgöyçəklər deyirdi ki, “Toylar kralı”nın öz səsi olmadığına görə qadın müğənnilərdən faydalanır, toyları da o qadınların köməyi ilə idarə edir. Amma adamın Allahı var, tək oxuduğu vaxtlarda da Səməd Səmədov toylar krallığını əldə saxlamağı bacarmışdı.

Qalmaqallardan qaçan, başına iş açmaq istəməyən, hamını yola verməyi bacaran Səməd Səmədovun ən böyük rəqibi Əli Mirəliyev idi.

Əli Mirəliyev bir vaxtlar özü dediyi kimi, “mikrafon daşıyan”, “müğənniliyə aidiyyatı olmayan” adamın gəlib “Toylar kralı” olmasıyla barışa bilmirdi.

Ən adi diplomatiyası da olmayan, ağlına gələnləri düşünmədən dilinə gətirən Əli Mİrəliyev Səməd Səmədovun müğənniliyə yararsızlığını sübut etmək üçün əlindən gələni edir, onu yamsılayır, ağzını əyirdi.

Amma ondan fərqli olaraq Səməd Səmədovun incə taktikası vardı, səbirlə işi axıra çatdırmağı, dostcasına həll etməyi bacarırdı. Heç kimlə problem yaşamaq istəmirdi, “bu gen dünyada hamıya yer var” prinsipiylə hərəkət edirdi.

Əli Mirəliyevin zəif damarını tutmuşdu, maddi cəhətdən köməyini əskik etmirdi. Onun üzərində hansı yollasa üstünlük qazandığına sevinən Mirəliyev, hətta ağını çıxarıb ondan açıq-aşkar pul istəyəndə də (bu bir növ tələbə oxşayırdı) Səməd Səmədov özünə xas olan qayğısızlıqla qəhqəhə çəkir və pulu onun dediyi ünvana çatdıracağına söz verirdi.

Əli Mirəliyevin kövrək ürəyə sahib olduğunun hamımız şahidiyik, yəqin, Səməd Səmədova olan bütün antipatiyasına baxmayaraq, o da öz mehriban düşməninin ölümünə ağladı, mütləq ağladı...

Səməd Səmədov bir dəfə də efirdə Azərbaycan dövlət himninin müəlliflərini tanımadı. Aparıcı sual verdi ki, musiqisinin müəllifini də bilmirsən? O, gülə-gülə “yox” dedi. Onda Səməd Səmədov Xalq artisti adını almışdı artıq. Ona bu adı yaraşdırmayanlar çox idi. Bu söhbətdən sonra əleyhinə danışanlar və yazanlar daha da çoxaldı, “Dövlət himninin bəstəkarını tanımayan Xalq artisti” adlı yazılar yayılmağa başladı. Qəribədir, Səməd Səmədov bu mədəni linçi də pozitiv qarşıladı və onun bu təmkini söz-söhbətin tezliklə sona çatmasına səbəb oldu

Səməd Səmədovun koronavirusdan dünyasını dəyişdiyini deyirlər. Mənə elə gəlir, o, şüuraltı olaraq səltənətinin əldən çıxmasıyla barışa bilmədi və vücudu xəstəliyə əsir düşdü. Toyları itirməkdənsə, həyatı itirmək “Toylar kralı” üçün bəlkə də daha yaxşı idi...

# 16420 dəfə oxunub

Oxşar xəbərlər

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

15:00 12 dekabr 2025
Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı  - Onun köməkçisi niyə özünü asmışdı?

Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı - Onun köməkçisi niyə özünü asmışdı?

15:00 11 dekabr 2025
"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

12:00 11 dekabr 2025
6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

12:00 9 dekabr 2025
"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

10:00 9 dekabr 2025
Erməni rejissorun gizli planı: Üzeyir bəyin icazəsiz çəkilən filminin nümayişi necə dayandırıldı?

Erməni rejissorun gizli planı: Üzeyir bəyin icazəsiz çəkilən filminin nümayişi necə dayandırıldı?

10:00 6 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər