Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt 

Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt 
2 avqust 2021
# 15:01

Bu gün Maestro Niyazinin anım günüdür. Kulis.az bu münasibətlə onunla bağlı 10 maraqlı faktı təqdim edir.

1. Niyazi Zülfüqar oğlu Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Niyazinin dayısı Heydərəli Tağızadə inqilabçı olub. Dayısının faciəli qətlindən sonra Niyazi onun soyadını daşımağı özünə borc bilir. Beləliklə Tağızadə-Hacıbəyov soyadını götürür. Lakin daha çox Niyazi adı ilə tanındı.

2. Əmisi Üzeyir bəy körpəni ilk dəfə Zülfüqar bəyin qucağında görəndə, onun baxışlarından xoşlanır və deyir: “Bu uşaq lap knyaza oxşayır”. Bir müddət uşağı zarafatla “Knyaz” deyə çağırırlar, amma yaş kağızında Niyazi adını yazdırırlar. Di gəl, Üzeyir bəyin verdiyi “Knyaz” adı həyatı boyunca Maestro Niyazi ilə birgə yaşadı. Yaxın dostları onu həmişə Knyaz deyə çağırırdılar.

3. 1972-ci ildə “Ulduz” jurnalına verdiyi müsahibədə sənətə necə gəldiyindən belə anladır:

“Mən təsadüfdən dirijor olmuşam. Xüsusi dirijorluq təhsilim yoxdur. Bir əsər yazmışdım, dirijorluq edən olmadı, dedim, özüm olaram. Mən sənətindən zövq almayan, sənətini işgəncə sayan adamları bədbəxt hesab edirəm. Hər dəfə məşqə gedəndə, səliqə ilə geyinirəm. Bu uzun illərdir ki, belə davam edir. Əgər yolda məni görən olsa, elə başa düşər ki, ya toya, ya da məclisə gedirəm. Çünki sənətim mənim üçün xoşbəxtlikdi, bayramdır. Allaha inanan qatı dindar kilsəyə hansı inamla gedirsə, mən də pultun arxasına o cür inamla gedirəm. Əgər hiss eləsəm ki, bu inam getdikcə azalır və görsəm ki, artıq dirijorluq məni yormağa başlayır, onda hər şeyə əlvida deyərəm. Bəli, dirijorluq mənim əbədi xoşbəxtliyimdi. Ancaq o zamanlar pulta getdiyim yol elə bil, bir qədər uzanır. Bu da ki, görünür, yaşla bağlıdı”.

4. Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. Əslən Cənubi Azərbaycanlı tələbə Həcər xanımla da Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi Həcər xanımı burada görür və bir-birinə aşiq olurlar. Ailənin İrana geri dönmək fikri vardı, ona görə, Həcərlə Niyazinin yaxınlaşmasını əngəlləmək istəyirlər.

1932-ci ildə Həcərgilin ailəsi İrana köçür. Həcərin ailəsi onu Niyaziyə vermir. Gənclər 1933-cü ildə qaçıb gizlicə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nikahı 1940-cı ildə rəsmiləşir. Düz 51 il birgə ömür sürürlər.

Gallery

5. Həcər xanım xatirələrində qeyd edir ki, gənclik illərində olduqca kasıb yaşayıblar. Hətta Niyazinin ayaqqabıları su buraxmasın deyə içinə qat-qat qəzet qoyurmuş. Niyazi soyuqlayır, səhhəti pisləşir və vərəm xəstəliyinə tutulur. Bəstəkarlar İttifaqının köməyi ilə onu Ukraynaya yollayırlar. Xəstə olan dövrlərdə o, Həcər xanımın ondan iyrənib iyrənmədiyini yoxlamaq üçün yemək yediyi qaşığı ona da uzadırmış. Həcər xanım isə bundan heç zaman boyun qaçırmır, eyni qaşıqda yemək yeyirmiş.

6. Təftiş komissiyasının isə 13 fevral 1937-ci il tarixli iclasında "Niyazinin şəxsiyyəti barədə" məsələ, hətta xüsusi müzakirə obyektinə çevrilir. 6 bənddən ibarət olan ittihamnamədə Niyazinin "xalq düşmənləri" - Əli Kərimov və Ruhulla Axundovla şəxsi dostluğu, Əli Kərimovun hazırladığı və İttifaqın "ziyanına" yönəldilmiş tədbirlərə Niyazinin dəstək verməsi, bu insanlarla dostluğun şəxsi mənafe naminə istifadə olunması və s. bu kimi fikirlər söylənir. Lakin Niyazi 1937-ci ildə repressiya olunanlar siyahısına düşmür. Onu o vaxt da, sonra da Bəstəkarlar İttifaqının ozamnkı sədri Üzeyir Hacıbəyov qoruyur.

7. Niyazi türk musiqiçiləri ilə yaxından əməkdaşlıq qurmuşdu. 1973-cü ildə Niyazi, Polad Bülbüloğlu və Fərəc Qarayevlə Türkiyədə səfərdə olublar. 1977-ci ildə Niyazi türk bəstəkarı A.Sayqının "Koroğlu" operasını tamaşaya qoymaq üçün yenidən Türkiyəyə səfər edir. Onun haqqında Türkiyədə deyilmiş məşhur bir deyim də var: “İstanbulu iki adam fəth eləyib: bir Sultan Fateh, bir də Maestro Niyazi”.

Maestro ordakı günlərini belə xatırlayır: “Bir gün İstanbulda orkestrlə məşq edirdim. Bu əsnada solistlər içəri girdi ki, Maestro, bizlə nə vaxt məşq edəcəksiniz? Dedim, sizdən axırda məşq edəcəyəm. Gördüm, onlar tutuldular. Soruşdular, qüsurumuz nədir ki, belə qəzəbləndiniz? Dedim, qəzəblənmək niyə? Siznən axırda məşq edəcəyəm. Haçandan-haçana məlum oldu ki, türklərdə “axır” sözü yoxdur. Onlar “son” deyirlər. “Axır” sözü isə “axur” kimi başa düşülür. Xeyli gülüşdük. Belə hadisə heç jurnalistlərin gözündən yayınar? Elə səhəri türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib”.

8. Niyazi qəlbən çox zərif adam olub. O, incidiyi adamlarla barışmırdı. Misal üçün, Maesrto, Qara Qarayev və Fikrət Əmirovla bir-biri dindirmirdilər. Onlar ölənəcən barışmadılar.

9. Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir və evdəki əşyaların hamısını satır. Maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl dirijor çubuğunu da oğurlayıb satır.

10. Niyazi 1984-cü il avqustun 2-də 71 yaşında ürək çatışmazlığından vəfat edir. Niyazi dünyasını dəyişəndən beş il sonra Ceyhun Niyazinin evinə gələrək Həcər xanımdan pul istəyir, ancaq istədiyini əldə edə bilmədiyi üçün Həcər xanımı boğaraq qətlə yetirir və qaçır. Bundan sonra o həbs olunur və elə həbsdə də dünyasını dəyişir.

# 3718 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
#
#
# # #