Həyətimizə düşən mərmidən dilim batmışdı – Filosofun müharibə xatirələri

Həyətimizə düşən mərmidən dilim batmışdı – Filosofun müharibə xatirələri
9 mart 2021
# 15:30

Kulis.az fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlının “Tut ağacım, mən gəlirəm!” xatirə-yazısını təqdim edir.

Onda hələ uşaq idim, cəmi 11 yaşım var idi, 5-ci sinifdə oxuyurdum. Həmin vaxtlar şəhərimiz hər gün bomba atəşinə tutulurdu. Hadisələri o qədər də dərindən dərk edə bilməsəm də, nə baş verdiyini də anlayırdım.

Evimizi, yurdumuzu dağıtmaq istəyirdilər. Bombalı gecələri qonşular ilə birlikdə evimizin zirzəmisində keçirirdik. Qəribə də olsa, bu gecələri çox xoşlayırdım. Böyüklərin etdiyi söhbətlərə maraqla qulaq asır və bəzən “mənasız” suallarımla onları özlərindən çıxarırdım.

Nənəmi də, babamı da, qonşuları da çox sevirdim, elə indi də nadir hallarda da olsa, onları görəndə kövrəlirəm. Axı uşaqlığım elə onlarla birlikdə yaddaşıma həkk olunub.

Həm də unutmuşam yaman...

Bir çox şeyləri unutduğum üçün indi əzab çəkirəm düzü. Amma həm də səbəbini bilirəm. Deyim, siz də bilin.

Yaxşı xatırlayıram, ilk dəfə şəhərimiz bombardman ediləndə Novruz bayramı yaxınlaşırdı, çərşənbə axşamı, mart ayının 16-sı idi. O, gündən hər gün, xüsusilə gecələr şəhər atəşə tutulur, səhər açılanda kişilər toplaşaraq dağılan evləri bərpa edirdilər.

Həmin günlərdə həyətimizdə düşən bombadan dilim tutulmuşdu. Şok vəziyyətində evə gələndə nənəm qabağıma çıxdı və məni möhkəm qucaqladı, mən heç nə hiss etmir, danışa bilmirdim. Beləcə, nənəm atamı məcbur etdi ki, məni Bərdəyə aparsın. Əslində, Bərdəyə necə gəldiyimi də xatırlamıram.

Bir neçə gün ana nənəmin yanında qaldım. Daha sonra mən indi böyük şükranlıq və minnətdarlıqla xatırladığım Səriyyə xalamın yanında, Nadir əminin evində qalmaq istədim. Onlar mənə öz balalarından da yaxşı baxır, diqqət göstərir, qayğıma qalırdılar. Dərslərimi yaxşı oxuyum deyə əllərindən gələndən də artığını edirdilər. O ocağı indi də öz ocağım hesab edirəm.

Bu yaxınlarda uzun və ağır sürən xəstəlikdən sonra vəfat edən xalam Bərdə kitabxanasında işləyirdi. O vaxtı kitabxananı dağıdaraq yerinə restoran tikmək istəyən milli mədəniyyət düşmənləri, başıpozuq mənəviyyat xəstələri kitabxanadakı kitabları bayıra atmışdılar. Xalam hər gün ağlayır, bizə milli himnimizi oxudurdu.

Şəmistan Əlizamanlının cəbhədən verdiyi xoş xəbərlərə görə xüsusi yeməklər bişirirdi. Kitaba, təhsilə də həssaslıqla yanaşan xalam bayıra atılan kitabları Nadir əminin maşını ilə evə daşıyırdı. Az sonra həmin kitabları öz uşaqlarına da, mənə də oxutmağa başladı. Mənə ilk verdiyi kitab “Koroğlu dastanı” oldu. Arxasınca “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Spartak” və sair.

Hər dəfə nəzarət edirdi oxumağıma, suallar verirdi, olurdu ki, müzakirələr təşkil edirdi ailəlikcə. Artıq kitab oxumadan dayana bilmirdim, bu mənada mənim ilk müəllimim də əslində xalam idi.

Birini qoyub, o birini danışım.

Xalam mənim üçün məktəb axtarırdı. Aylar keçirdi mən məktəbə getmirdim. Səbəb çox sadə idi; öz məktəbimiz bağlanmışdı, məni qaçqın kimi məktəbə qəbul etmək istəmirdilər. Nəhayət Bərdə şəhər 5 saylı orta məktəbə qəbul etdilər. Nadir əmi hər gün bizə cib xərcliyi verirdi - 1 rubl. Axşamlar dərslərimizi diqqətlə yoxlayırdı, əlavə tapşırıqlar verir, bizi qucaqlayıb yatmağa göndərirdi.

Nadir əminin bu halını o qədər çox sevirdim ki, bəzən özümü ona oxşatmaq istəyirdim. Bir gün evdə qonaqlar var idi. Bizə dedi ki, dəftər-kitablarınızı gətirin. Biz gətirdik. İlk növbə böyük kimi mənə məxsus idi. Dəftəri əlinə aldı və üstünü oxudu: “Bünyad Sərdarov adına 1 saylı orta məktəbin 5-ci sinif şagirdi...”

- Sən harda oxuyursan?

- Bərdə şəhər 5 saylı orta məktəbdə.

- Bəs onda bu nədi yazmısan?

Bərk tutuldum. Heç nə demədim. Qonaqlar gülürdülər.

Bəlkə də siz Nadir əmini qınayacaqsınız, amma əslində o, qonaqlara hələ də öz doğma şəhərimi unutmadığımı, ruhən orada yaşadığımı hər kəsə göstərmək istəyir, başa salırdı.

Alındımı?... Bilmirəm.

Həmin gecə bir xeyli ağladım. Axı mən öz məktəbimdə, öz sinfimdə deyil, başqa məktəbdə, başqa sinifdə oxumağımı qəbul edə bilmirdim və məqsədli şəkildə belə yazmışdım ki, məktəbimizə qayıdanda müəllimim başqa məktəbin adını yazmadığımı görsün.

Elə bilirdim, başqa məktəbin adını yazmaqla, doğma məktəbimə, sinfimə, müəllimimə, sinif yoldaşlarıma xəyanət etmiş oluram. Sonralar isə dəfələrlə xəyanət etdim.

Dəfələrlə!

İlk unutqanlığım, əslində bu andan başladı.

İndi o gecə keçirdiyim hisləri yaza bilmirəm, əlim, bədənim əsir, gözlərim dolur, ürəyim ağrıyır... Yazmasam yaxşıdır.

Ola bilsin, nə vaxtsa yaza bildim. İndi alınmır. Bircə onu deyim ki, yatana kimi ağlamışam... Səssiz...

Yay idi, atam gəlmişdi məni aparmağa. Atamın gəlişini elə səbirsizliklə gözləyirdim ki, uçmağa qanadım yox idi. Səhər tezdən yola düşəndə yolu sayırdım, ağacları sayırdım, döngələri sayırdım. Axı doğma evimə gedirəm, demək, doğma məktəbimə də gedə biləcəm.

Yaxınlaşdıqca elə bil böyüyürdüm, ucalırdım.

Nəhayət, gəlib çatdıq, amma ev bizim ev deyildi, həyət bizim həyət deyildi. İndi hansı hissi keçirdiyimi mən deməyim, siz də bilməyin. Unudurdum, xəyanət edirdim. Adımla yox “Qaçqın” deyə çağırırdılar, qəbul etməsəm də, dalaşsam da, qaçqın deyirdilər.

Bir il keçmədi, mənə “Qaçqın” deyənlər də qaçqın düşdülər. Yenidən Bərdəyə döndüm, yenidən atam gəldi və məni apardı. Evimizə getmədiyimi anlayırdım.

İçimdə bir ümid var idi ki, bəlkə evimizə, öz doğma şəhərimizə getdim.

Çatdıq.

Gördüklərim bu dəfə mənə işgəncə verməyə başladı, ruhum zorlanırdı. Unutdum, keçmişimi, xatirələrimi unutdum. Xəyanət edirdim. Artıq xəyanət etdiyimin fərqində belə deyildim.

Yenə atam gəldi məni apardı.

İndi isə nə yola baxır, nə ağac sayırdım.

Başqa evdə idim, hərdən yuxudan ala-yarımçıq duranda doğma evimizdə olduğumu zənn etsəm də ayılıb yanıldığıma əmin olurdum. Xəyanətə davam...

Başqa məktəbə gedirdim, uşaqlarla doğmalaşsam da, hərdən sinif yoldaşlarımı xatırlayır, amma xəyanətə davam edirdim. İndi də qaçqın deyirdilər, hərdən əsəbiləşsəm də...

Sonra, sonra özüm özümə “Qaçqın” deməyə başladım.

Ailə qurdum, işlədim, övladlarım oldu.

Artıq uşaqlıq illərimin xatirələri, insanları yaddan çıxır, xəyanət etdiyimi belə xatırlamıram.

Vicdansız uşaqlar bir gün məni möhkəm vurdular, elə vurdular ki, xəyanətlərim hamısı yadıma düşdü.

Necə!?

Deyim, siz də bilin.

Narahat olmayın, çox qısa edəcəm.

Çayxanaya getmişdim, qaçqın çayxanasına, özümlə uşaqları da götürmüşdüm. Necə oldusa, hamı həsrətlə kənddəki, şəhərdəki evlərindən, gözəl uşaqlıq illərindən, xatirələrindən danışırdı.

Evə qayıdanda uşaqlar suallar verməyə başladılar.

- Ata, sən harda böyümüsən? Sizin rayondakı eviniz necə idi? Həyətiniz necə idi? Hansı məktəbdə oxumusan? Nə vaxt ora gedəcəyik? Bəs bizi niyə ora aparmırsan?

Bilindiyi qaydada izah edir, başa salır, həmin dövrün reallıqlarını danışırdım. Diqqətlə qulaq asdılar. Uzandıq yatmağa. Bir müddət sonra ayağa durdular və dedilər:

- Ata, adam öz evini, yurdunu, məktəbini qoyub gələrmi? Axı biz də ora getmək istəyirik.

Və yenidən uzanıb yatdılar.

Cərəyan vurdu məni, səsimi çıxarda bilmədim, necə ki, yanımda atılan güllə səsindən dilim tutulmuşdu, eləcə tutuldu dilim, tərlədim. Birtəhər izah edə bilərdim, amma ehtiyac görmədim. Axı onlara vətənə, torpağa, yurda, ailəyə sədaqətdən danışır, şeirlər öyrədir, qəhrəmanlıq dastanlar nəql edirəm.

Xatirələrimə iri bir daş atılmışdı, xəyanət dəryam dalğalanırdı.

Bazar günü idi. Adətən şənbə və bazar yuxudan gec dururam. Səhər saat 8 olardı, tanımadığım nömrədən zəng gəldi. Həyacanla telefonu götürdüm.

- Alo, kimdir?

- Salam Asifdir.

- Asif kimdi? - tanıdığım Asif var, amma nə nömrə həmin nömrədir, nə səs o səs.

- Sinif yoldaşın.

- Axı mənim Asif adında sinif yoldaşım yoxdur.

- Siz Bünyad Sərdarov adına məktəbdə oxumamısınız?

- Oxumuşam.

- Siz mənim sinif yoldaşımsınız. Mənəm. Asif.

- Aaa! Qara salam! – biz ona Qara deyirdik - Necəsən? Nə var nə yox? Haralardasan, çoxdandır səni görmürəm .

- Bəs bilirsən, biz düşündük ki, şəhərimizdəki məktəbimizin uşaqlarını bir yerə yığaq, bir neçə nəfər tapılıb, sənin tanıdığın, yadında qalan varmı?

Vay bə! Bu nə sualdır. Dünən bir, bu gün iki!

- Yox. Heç kimi xatırlamıram. Heç kimi də tanımıram. O vaxtdan heç kimlə görüşməmişəm.

- Hə, aydındı. Tezliklə görüşərik. Sağ ol.

- Sağ ol. İnşallah. Mütləq.

Bir neçə dəqiqə sonra votsapa mesaj gəlir:

- Mənəm. Asif.

- Ok. Çox yaxşı. Nömrəni qeydə aldım. Elə burdan danışarıq.

Arxasınca bir şəkil. Mənim və başqa iki nəfərin şəkli. Onda altıncı sinifdə oxuyardıq, bizə doğma olmayan yerdə. Yanımda duran Yaşar kimi xatırladığım sinif yoldaşımla hələ doğma şəhərimizdə olarkən bir oxumuşduq. Asif yazır:

- Tanıdın?

- Hə, tanıdım. Yaşarnan mənəm.

- Yaşar kimdi?

- Yanımdakı qara oğlan.

- Onun adı Elcandır.

- Nə, Elcan?

- Hə - ürəyimdə dedim, Elcan ha, bu nə addır? Yaşar hara Elcan hara?

Sonra Elcan yığdı məni. Danışdıq bir xeyli. Sonra qrup yaratdıq. Digər uşaqları heç cürə xatırlaya bilmirdim. Gün təyin etdik və razılaşdıq restoranda görüşək.

Həmin gecəni rahat yata bilmədim. Hardan çıxdı bunlar, mən də razılıq verdim ki, gələcəm. Nəyimə lazımdı, onsuz da onları tanımıram, heç bilmirəm kimdirlər, nəçidirlər. Onsuz da rayonumuzun camaatını elə də yaxşı tanımıram.

Xatirələr məndən əl çəkmişdi, mən də heç onları axtarmırdım. Gecələr diksinib durmuram, yuxuda qəfil çığırmıram. Day evimiz də, məktəbimiz də yuxuma girmir. Mənə lazım deyil, getməyəcəm.

Əlqərəz, bu qayğılarla yatdım.

Səhəri ürəyim dözmədi, dedim, gedib dəyib çıxaram.

Görüşdük, elə bir aradan 27 il keçməyib. Bir neçə dəqiqədən sonra hamımız uşaq olduq. Elə mehribanlaşdıq ki, elə bil yenə beşinci sinifdə oxuyuruq. Kövrəldik, sevindik. Xatirələr danışdılar. Mənsə, danışa bilmirdim. Unutmuşdum. Onlar danışdıqca xatırlayır, xatırladıqca xəyanətlərimə görə özümü bağışlamırdım.

Son vaxtlar cəbhədə tez-tez gərginlik olur, ordumuz da düşmənin layiqli cavabını verərək hər dəfəsində yerinə oturdurdu.

Gecə döyüşlər başlayıb. Bütün xalq ayağa qalxıb.

Ali Baş Komandan çıxış edib, ordumuza hücum əmrini verib.

Sonra, sonra olanları hər biriniz bilirsiniz.

İşə gəlirəm, hər kəs fərqli əhval-ruhiyyədədir.

Elə bil, belimizi dikəltmiş, başımızı qaldırmışıq. Bütün cəbhədə, mənəvi-psixoloji, informasiya, arxa cəbhədə vəhdət halında, məğrurcasına mübarizə aparırıq. Ordumuzun rəşadəti, Ali baş komandanın əzmi, millətimizin birliyi sayəsində düşməni doğma yurdumuzdan, şəhərlərimizdən, kəndlərimizdən, məktəblərimizdən “iti qovan kimi” qovuruq.

Hər gün AzTV-də xəbərlərə baxır, infomasiya almağa çalışıram, prezidentin çıxışını hər gün gözləyir və hər çıxışından sonra fərəhlənir, qürurlanır, eyni zamanda yaddaşım özümə qayıdır, sanki, xatirələrim yenidən oyanır. Xəyali olaraq həmin yerləri hər gün gəzir, xatirələrimi yeniləyirəm. Bəzən dolur və yəqin ki, hər birinizin keçirdiyi qeyri-adi hisləri keçirirəm.

Ali Baş Komandan Şuşamızın işğaldan azad edildiyini elan edəndə, sanki dilim tutulmuşdu, heç bir reaksiya verə bilmədim. Nə əvvəlki tək çığırdım, nə ağladım, nə də kövrəldim. Bir başqa mən oldum. Həmin an uşaqlar gəldi yanıma və:

- Ata nə olub? Nəsə belə qəribə olmusan eee...

Hər ikisini qucaqlayıram, öpürəm.

- İndi doğulduğum yerə gedə bilərik, gəzdiyim, oynadığım yerlərə gedə bilərik, gəzə bilərik. Çərşənbə axşamını, Novruz bayramını orada keçirə bilərik.

Yenə yol gedirəm, bu dəfə getdiyim yol məni şəhərimizə daha da yaxınlaşdırır. Yol uzunu məni şəhərimizə aparan şəhidlərimizin şəkillərin sayıram, sayıram, sayıram...

İndi şəhərimizə gedə bilərəm, amma qorxuram, bilirəm ki, viranə qoyublar şəhərimizi. Evimiz yox, hər gün ətrafında oynadığım quyumuz yox, budaqlarını qırdığım tut ağacları yox. Gedib görməyəcəyimdən yaman qorxuram.

Bu gecə yuxuda gördüm həyətimizi.

Evimiz yox, amma quyumuz salamat idi. Tut ağacımız da yerində, daha cavan, daha sağlam görünürdü.

Yola düşməyə hazırlaşıram.

Tut ağacım, mən gəlirəm.

No description available.

# 3734 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
#
#
# # #