Baltayla adam öldürən qatilə kömək etdi, Mirzə İbrahimovu sürgündən qurtardı, Yazıçılar İttifaqında döyüldü – Xalq yazıçısından 10 inanılmaz fakt 

Baltayla adam öldürən qatilə kömək etdi, Mirzə İbrahimovu sürgündən qurtardı, Yazıçılar İttifaqında döyüldü – Xalq yazıçısından 10 inanılmaz fakt 
11 oktyabr 2021
# 12:01

Bu gün Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun anım günüdür. Kulis.az bu münasibətlə yazıçı haqqında 10 maraqlı faktı təqdim edir.

1. Süleyman Rəhimovun yazdığı “Şamo” romanı Azərbaycan ədəbiyyatının ən irihəcmli əsəri sayılır. Romandakı Göyərçin obrazına görə onu “KQB”-yə çağırmışdılar. Çünki qadının əxlaqında bir az problem vardı. Onlar düşünürdü ki, sovet qadınına bu cür epitet yaraşmaz.

2. Yazılarını fərqli metodla yazırmış. O, yazı masası arxasına keçəndə bir qab dovğa hazırlatdırar, yanına qoyar, iri çappa ilə içə-içə yazarmış. Yoldaşı ərinin xasiyyətini bildiyindən iri vedrələrə dovğa doldurub hər otağa qoyurmuş.

Gallery

3. Deyilənə görə, Süleyman Rəhimov yazıyla məşğul olduğu günlərin birində pəncərədən o tərəfdə güzgüdə özünə bəzək verən qonşu qadınını görür. O qadın limonad sexinin müdirinin arvadıymış. Yoldaşı gecənin tən yarısına kimi işləyir deyə qadın tək-tənha evdə gözləməkdən darıxırmış. Və darıxa-darıxa gəlib güzgünün qabağına keçir, aldığı pal-paltarı geyinib-soyunurmuş. Oğlunun dediyinə görə, hər gün təkrarlanan bu mənzərəni Süleyman Rəhimov ilk dəfə görür. Limonad sexinin müdirinin arvadı olan erməni qadının güzgüdə soyunub-geyinməsinə baxa-baxa yazıdan soyuyurmuş.

4. Laçında müəllim işləyəndə bir qızı sevirmiş, dərs cədvəlini də elə eləyibmiş ki, bir gün boş olsun. Həmin günü atla qaranlığın içində meşələri arxada qoya-qoya gəlib çatırmış qızın yaşadığı kəndə. Qaranlıqda qız olan evin pəncərəsinə baxır, onun üzünü axtarırmış. Oğlu həmin anları belə xatırlayır: “Anamgil səkkiz-doqquz uşaq olub. Bir yerdə yatırlarmış. Deyir, heç bilmirdim, o səkkiz-doqquz uşağın içində anan hansıdır. Lampanın da hisi pəncərələri tutub. Elə baxırdım-baxırdım, gözüm doyurdu, təzədən minirdim ata, o yolu qayıdırdım”.

House museum of Abdulla Shaig

5. Azərbaycan Yazıçılar İttifaqı tarixinin ən amansız konfliktlərindən biri 1960-cı illərin əvvəlində daha da şiddətli hal alan Mehdi Hüseyn – Süleyman Rəhimov ixtilafı idi. İttifaqın iclaslarının birində Süleyman Rəhimovla Mehdi Hüseynin mübahisəsindən sonra ikincinin ürəyi dayanır və elə ordaca ölür. Yazıçı Çingiz Hüseynov xatirələrində yazır ki, 1965-ci il mart ayının 10-da günün axırında Markov məni təcili olaraq yanına çağırtdırdı: “Onun kabinetinə daxil oluram. Markov qıpqırmızıdır, başdan-ayağa pörtmüş halda telefonda Bakı ilə danışır. Bir şey anlamadan “Necə öldürüblər?!” deyir və telefonun dəstəyini mənə uzadır. “Öyrən orda, Bakıda nə baş verib?” Dəstəyin digər ucundakı Yazıçılar İttifaqının katibi Nəbi Xəzridir. O, həyəcanla qışqırır: “Mehdi Hüseyni öldürdülər, birbaşa iclasda…”. Sonra isə qatillərin adını çəkir: “Süleyman Rəhimov!… Məmməd Rahim!…” Mən soruşuram, bu nə cəfəngiyyatdır? Nəbi Xəzri isə təsdiq edir ki, onu öldürdülər!” Mehdi Hüseyn vəfat edən an Nəbi Xəzri şillə ilə Süleyman Rəhimova vurmuşdu. Süleyman Rəhimovun oğlu isə müsahibəsində bu faktı qəbul etmir, yalan olduğunu söyləyir, eyni zamanda etiraf edirdi ki, Süleyman Rəhimov ona verilən evi də Mehdi Hüseynə vermişdi.

6. Deyilənə görə, Bağırov Mirzə İbrahimovu respublikadan sürgün etmək istəyirdi. Süleyman Rəhimov Bağırovun yanına gedib xahiş etmişdi ki, məsələ həllini tapsın. Bağırov Mirzə İbrahimovu nəzərdə tutaraq deyirmiş ki, o, vətən xainidir. Süleyman Rəhimov isə deyib: “O, bu vətənə bizə görə gəlib”. Beləliklə onu xilas edib.

7. Başqa bir maraqlı faktda isə deyilir ki, Məmməd Səid Ordubadinin oğlu həbsdə olanda Süleyman Rəhimov Bağırovdan xahiş eləmişdi ki, oğlunu görmək istəyir, icazə verin. Bağırov əsəbiləşib. Ordubadinin oğlu bir nəfəri baltayla vurub öldürmüşdü. Süleyman Rəhimov deyib ki, dəli də olsa, qatil də olsa, oğuldur, görmək istəyir. Axırı, Bağırov yumşalıb, “xoroşo” - deyib.

8. Ölümündən sonra Süleyman Rüstəm hansısa bir şəhərə Süleymanabad adı verilməsi təklifi ilə çıxış edir, lakin ozamankı dövlət və hökumət nümayəndələri bu təklifi qəbul etmir.

9. Onu həmişə hökumətə yaxın yazıçı hesab ediblər. Özü isə deyirmiş ki, sağlığımda da məhkəmə qarşısında durmağa hazıram, öləndən sonra da xalqımın qarşısında durmağa hazıram. Əgər hardasa yazdığım donos varsa, külliyyatımı tökün qəbrimin üstünə, yandırın.

10. Süleyman Rəhimov 11 oktyabr 1983-cü ildə, 83 yaşında vəfat edib. Qızının doğum gününə gedən yazıçı gecəni orda qalıb. Səhər dünyasını dəyişib.

# 10019 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #