Bu gün Nobel mükafatı laureatı, dünya şöhrətli Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin doğum günüdür.
Kulis.az bu münasibətlə, ədəbi-estetik düşüncəyə “magik realizm”i gətirən yazıçının həyat və yaradıcılığı haqqında yazını təqdim edir.
Həyatın Markes çığırı
1927-ci il martın 6-da Cənubi Amerikada - Kolumbiyanın Arakatak şəhərində dünyaya göz açıb. 1927-ci ildə valideynləri başqa şəhərə getdiyindən baba-nənəsi tərəfindən böyüdülüb.
1936-cı ildə valideynlərinin yaşadığı Sukra şəhərinə gedir.
1946-cı ildə Boqote şəhərindəki Milli Universitetin hüquq fakültəsinə daxil olur.
1947-ci ildə tələbəykən ilk hekayəsi işıq üzü görür, bədii ədəbiyyatla, şeirə həvəs göstərir.
1950-ci ildə ali təhsilini yarımçıq buraxıb peşəkar jurnalistika və ədəbiyyatla məşğul olmağa qərar verir.
1951-ci ildə əsas mövzusu tənhalıq olan "Xəzələ dönən yarpaq" adlı ilk povestini yazır.
1955-ci ildə Kolumbiyanın o dövrkü nüfuzlu mətbuat orqanı sayılan "El Espektador" qəzetinin xüsusi müxbiri olaraq Avropaya gəlir. Avropada yaşadığı illərdə peşəkar ədəbiyyatçı kimi ciddi ədəbi-estetik dünyagörüşə sahib olur.
1958-ci ildə uşaqlıqdan tanıdığı və aşiq olduğu Mersedes Barçla evlənir.
1961-ci ildə jurnalistika ilə sağollaşır, Mexiko şəhərinə köçür və məşhur “Polkovnikə heç kim yazmır” povestini ayrıca kitab şəklində nəşr etdirir.
1967-ci ildə ona dünya şöhrəti gətirən, ən böyük romanı sayılan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayır və tezliklə bu möhtəşəm əsər Avropanın əksər böyük dillərinə tərcümə edilir.
1967-ci ildə İspaniyaya - Barselonaya gedir, eləcə də Nyu-Yorkdakı Kolumbiya Universitetinin fəxri elmi dərəcəsinə layiq görülür.
1982-ci ildə zəngin yaradıcılıq uğurlarına, magik realizmi inkişaf etdirərək dünya səviyyəsində ədəbiyyat-düşüncə texnologiyasına çevirdiyinə görə ədəbiyyat sahəsində Beynəlxalq Nobel mükafatına layiq görülür. Əlbəttə, ona qədər Kolumbiyada heç kim bu ödülə sahib olmamışdı.
1989-cu ildə həkimlər bu böyük sənətkarda xərçəng şişi tapırlar.
1992-ci ildə “On iki qəribə hekayə" adlı nəsr toplusu çap olunur.
2002-ci ildə isə "Həyat haqqında danışmaq üçün yaşamalı" adlı bioqrafik trilogiyanın ilk hissəsini çap etdirir.
2004-cü ildə “Hüznlü fahişələrim” adlı sonuncu irihəcmli bədii nəsr əsəri işıq üzü görür və bütün dünyada əsl ədəbi qalmaqala səbəb olur.
17 aprel 2014-cü ildə, Meksikanın paytaxtı Mexiko şəhərində dünyasını dəyişir.
Dünyanın Markesi...
Verilən xəbərlərə görə, yazıçının nəşi krematoriyaya aparılaraq yaxınlarının iştirakı ilə yandırılıb. Markesin külünün harada basdırılacağı ilə bağlı yaxınları arasında anlaşılmazlıq yaranıb və mübahisələr başlanıb. Kolumbiyada anadan olan Markes son 50 ili Meksikanın paytaxtı Mexikoda yaşayıb. Nəhayət, məşhur yazıçının külləri doğulduğu ölkə Kolumbiyaya və ana vətəni kimi gördüyü Meksikaya səpələnib.
Azərbaycana doğma Markes...
Q.Q.Markes nəşrlərindən sonra əsl ədəbiyyat hadisələrinə çevrilən “Arzu edilməz saat” (1959), “Yüz ilin tənhalığı” (1967), “Patriarxın payızı” (1975), “Gözlənilən bir qətlin tarixçəsi” (1981), “Vəba günlərində eşq” (1985), “Öz labirintində olan general” (1989), “Hüznlü fahişələrim” (2004) roman, eləcə də 40 povest və hekayə, 10 kinossenari, saysız esse, məqalənin müəllifidir.
Azərbaycan dilində yazıçının "Yüz ilin tənhalığı", "Patriarxın payızı" romanları, “Polkovnikə heç kim yazmır”, "Gözlənilməz bir qətlin tarixçəsi" povestləri, eləcə də çoxsaylı hekayələri, esseləri və müsahibələri tərcümə olunaraq ayrıca kitablar şəklində dəfələrlə nəşr edilib.
Prezident İlham Əliyevin sərəncamıyla Qabriel Qarsia Markesin “Seçilmiş əsərləri” dövlət hesabına nəşr edilib. “Yazıçının inqilabi borcu - yaxşı yazmaqdır,” - söyləyən yazıçının bu kitabında Q.Q.Markesin Nobel nitqi, müsahibələri, romanları (“Gözlənilən bir qətlin tarixçəsi”, “Hüznlü fahişələrim”, “Patriarxın payızı”), povestləri (“Bizlərdə oğru yoxdur”, “Polkovnikə heç kim yazmır”) və 8 hekayəsi Azərbaycan oxucusuna təqdim olunur.
Milli tərcümə sənətimizin zənginləşməsində xüsusi təsiri olmuş yazıçının azərbaycancaya çevrilən iri nəsr əsərləri bunlardır: “Gözlənilən bir qətlin tarixçəsi” (tərcümə edən: Ə.Əylisli), “Patriarxın payızı” (tərcümə edən: A.Məsud), “Sənin qar üzərindəki izinlə” (tərcümə edən: N.Əbdülrəhmanlı), “Polkovnikə heç kim yazmır” (tərcümə edən: İ.İbrahimov), “Yüz ilin tənhalığı” (tərcümə edən: G.Mövlud), “Bizlərdə oğru yoxdur” (tərcümə edən: M.Qarayev) və b.
Markes belə deyirdi...
- Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməsin. Bəzən də elə susmalısan ki, qarşındakı danışmağa cəsarət etməsin.
- Hər adam atasına oxşamağa başladığı anda yaşlandığını anlayar.
- Birindən uzaqlaşmanın ən pis forması, yanında oturub ona heç bir zaman "çata bilməyəcəyini" bilməkdir.
- Bitdi deyə kədərlənmə, "yaşandı" düşünüb sevin.
- Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.
- Çox gözləyən, daha az olanı ümid etməyi də bilər.
- Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq anlayana cavabdır.
- Əgər bir az ağlın varsa, xoşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xoşbəxt olmağı bacarmalısan.
- Kiməsə növbəti bir şans verirsənsə, özünü bir daha aldatdığını gözə alırsan demək.
- Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.
- Əsl dost o kəsdir ki, əlindən tutanda sənin qəlbini hiss edir.
- Əslində, həyatın heç bir mərhələsində pis insan yoxdur, hər insan hüzur verər: kimi gəldiyində, kimi getdiyində.
- Getmə zamanı gəlmişsə, "Dayan!"; vaxt keçmişsə, "Dön!"; eşq bitmişsə, "Yenidən!" demənin heç bir mənası yoxdur.
- Heç kim göz yaşlarına layiq olmaz, onlara layiq olanı adam isə onsuz da səni ağlatmaz.
- İnsanlara güvənmək, kimə iki dəfə güvənəcəyinə daha çox diqqət yetirmək.
- "Kaş ki tanımasaydım…" - dediyim heç kimim olmadı mənim. "Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim çoxdur.
- Kimi nə qədər düşünursən-düşün. Düşüncələrin ən dərini, başını yastığa qoyduğun an başlar.
- Olmursa, məcbur etmə, ya xəyalların qırılar, ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər, onları heç gözləmədiyində reallaşar.
- Heç vaxt unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli şey xoşbəxtlik deyil, davamlılıqdır.
“Yüz ilin tənhalığı” romanından
- İnsanın doğma adamını basdırmadığı torpağa bağlılığı ola bilməz.
- Ölülər qəbirlərindən çıxmır, biz vicdan əzabı çəkirik, məsələ budur.
- Ömür boyu dalınca ölü gəzdirməkdənsə, salamat adamı bir-iki dəqiqə ora-bura sürümək yaxşıdı.
- Vacib məsələlərdə bir-biri ilə razılaşa bilən iki rəqibin mübarizə aparmağının mənası yoxdur.
- Ən yaxşı dost, ölüb getmiş dostdur.
- Arxayın qocalığın sirri tənhalıqla bağlanan vicdanlı müqavilədə imiş.
- ...Kinoya baxmaqdan imtina elədi: özlərinin yetərincə dərdi-səri varkən, uydurma adamların uydurma faciələrinə göz yaşı tökmək ağılsızlıq idi.
- Adam ölməli olduğu vaxtda deyil, ölməyi bacaranda ölür.
- Vicdanı rahat olan insan çeynəməkdən ağzı yorulana qədər yemək yeyə bilər.
- Sevginin bir növü onun başqa növünü sıradan çıxarır, çünki insanın təbiətində elə bir şey var ki, o doyandan sonra yeməyə marağını itirir.
- Bəzi kişilər vaxtlarını öz murdar qarınlarına tamaşa edə-edə keçirir, süfrəyə oturanda isə torağay ciyəri tələb eləyirlər.
- Siz kişilər qəribə məxluqlarsız, ömür boyu dindarlarla vuruşursuz, hədiyyəniz də dua kitabı olur.
- Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axırı olacaq.
- Bu nəslin birinci kişisini ağaca sarıyacaqlar, axırıncısını isə qarışqalar yeyəcək.
Ədəbiyyat haqqında
- Sözsüz, yazıçı olmasaydım, barda pianoçu işləmək istəyərdim: Orada cütlüklərin bir-birlərini daha da çox sevməsinə çalışardım.
- Kubada bir ədəbiyyat professoru ilə söhbət edirdim. O mənə dedi ki, “Yüz ilin tənhalığı” qeyri-adi əsərdir, amma o problemin həlli yolunu göstərmir. Mən dedim ki, mənim əsərlərim situasiyanı təsvir edir, həlli yolunu göstərmir.
- Gənc olarkən yüngüləxlaqlı qadınlar mənim dostlarım idi. Tənhalıqdan xilas olmaq üçün onlarla ünsiyyət qururdum. Deyəndə ki, mən səhər yeməyini tək yeməmək üçün evlənmişəm, Mersedes alçaq olduğumu söyləyir.
- Nağıllar yazmağa cəhd elədim, heç nə alınmadı. Onlardan birini övladlarıma göstərdim. Onlar oxuduqdan sonra mənə dedilər ki, uşaqları bu qədər axmaq sayırsan?
- Yazmağı davam etdirmək istəyən məşhur bir yazıçı şöhrətə qarşı özünü davamlı qorumalıdır.
Ədəbiyyat sehrbazının son “sirri”
Markes vəfat etdiyi gün "Ədəbiyyat qəzeti"ndə belə bir material gedib:
"Markes dünən vəfat etsə də, yaradıcılığı yenə də davam edir: xarici mətbuatın verdiyi məlumata görə Bueones-Ayresin ədəbiyyat kulislərində Markesin son romanı haqqında söz-söhbətlər dolaşmaqdadır. Gəzən şayiələrə görə, yazıçı ömrünün son günlərində “Avqustda görüşərik” adlı romanını tamamlaya bilib. Nəşri nəzərdə tutulan bu romanın bu ilin avqust ayında satışa buraxılacağı deyilir. Roman hər il 16 avqustda anasının qəbrini ziyarət edən 53 yaşındakı Anna Maqdalenadan bəhs edir. 28 il ərzində ərinə sadiq qalan qadın ziyarətə gəldiyi gün qaldığı oteldə tanış olan adamla ərinə xəyanət edir. Kişi isə stolun üstünə bilet qoyaraq otaqdan çıxır...
Markes 1999-cu ildə iştirak etdiyi bir konfransda bu romandan parçalar səsləndirib. Oxucuların maraqla gözlədiyi əsər haqda məlumat geniş olmasa da, romanın beş fəsildən ibarət olacağı deyilir..."