Kulisdə yeni layihə: Çağdaş Güney Azərbaycan ədəbiyyatı - Təzə imzalar, təzə əsərlər...

Kulisdə yeni layihə: Çağdaş Güney Azərbaycan ədəbiyyatı - Təzə imzalar, təzə əsərlər...
27 aprel 2020
# 12:30

Kulis.az bu gündən başlayaraq yeni layihəyə start verir. “Sözün Güneyi” adlanan bu layihədə Cənubi Azərbaycanın çağdaş ədəbiyyatı ilə bağlı müxtəlif janrlı yazılarla tanış olacağıq. İlk olaraq, muğanlı yazıçı, romançı Ərəstu Mücərrədinin Güney Azərbaycan ədəbiyyatı indi” məqaləsini təqdim edirik.

İran daxilindəki Azərbaycan ədəbiyyatının yeni şeir prosesi klassik quruluşdan tamami ilə qopa bilməsə də, keçmiş məhdudlaşdırıcı lokal kulturizm kontekstindən uzaqlaşıb. Əski məzmunlu şeir ortamına nisbətən həm dil, həm gözəllik fəlsəfəsi, həm də düşüncə və dünyagörüşü baxımından gözə çarpacaq dərəcədə irəliləyib.

Bu, qıvraq addımlarla irəliləyən şeir prosesinə mərkəzin, qonşu ölkələrin, habelə dünyada gedən yeni ədəbi axımların mexanizmi təsirsiz ötməyib. Bu gün klassik şərq şeiri növü qəzəl və eləcə də qoşma janrı artıq öz yerini sərbəst (sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən azad olan) şeir formasına veribr.

Müasir oxucu rəğbətini qazanmış sərbəst şeir, həyat məsələlərinə və ictimai hadisələrə avanqard düşüncələrlə baxır və çağdaş həyat qaydalarını yeni estetika şərtləri ilə müdafiə edir və eyni halda dünyanın qabaqcıl ədəbi axımları ilə ayaqlaşmağa çalışır.

Bu yenilik İran Azərbaycanının dörd guşəsində cərəyan edir. İstər Türkiyə sərhədlərinə yaxın olan Makı, Xoy, Urmu şəhərlərində, istər Tehrana yaxın Zəncan şəhərində, böyük Təbrizdən Azərbaycan Cümhuriyyəti sərhədlərinə tərəf yerləşən Muğan, QaradağCulfa bölgələrinə kimi, habelə Mərənd, Marağa, MiyanaSavalan belinə halqalanan Ərdəbil, Xiyav, Əhər şəhərlərinə kimi modern yaradıcılıq öz əlvan donunu sərmişdir.

Bu yenilik axımında bir neçə şeir topluları işıq üzü görən imzalara işarə eləməyi zəruri sayıram.

Təbriz şəhərindən

Duman Ərdəm (“Öp ölümünü”, “Əlifnamə”),

Ümid Nəccari (“Quşlar vadisi”, “Qaranlığın fotosu”),

Vəhid Məliki (“Hamı əllərini boğur”),

Rəna Zare (“Bir kamyon qorxu”, “Sarayın son etirafları”, “Öpüşür kapşenim”),

Süməyyə Əsədi (“Sən mənsiz yaşaya bilməyəcəksən”),

Urmu şəhərindən

İsmayıl Ülkər (“Günəş tonqalı”, “Yalqız bitgi”, “Buyur addım at”, “Bir salxım dan yeri”, Zəncan şəhərindən

Heydər Bayat (“Alma yolu”),

Nəsim xanım Cəfəri (“Bir gözüm şoranlıq, bir gözüm bulaq”),

Ərdəbil şəhərindən

Nadir Əzhəri (“Bu mənəm çirkinlərin böyüyü”),

Saleh Ətayi (“Bəlkə daha deyəmmədim”),

Makı şəhərindən

Behruz İsmayilzadə (“Sancağa taxılmış bir cinin hüznü”),

Xiyav şəhərindən

Kiyan Xiyav (“Ölüm öpüşündən yanmış lələklər”, “Ah gözlərində doğulmaq”, “Əncir ağacı olmaq”,

Nigar Xiyavi (“Şəhərin cığırında”, “Əlimdə əlli barmaq”),

Kamil Qəhrəmanoğlu (“Dumanlı saniyələr gəlin gedir”, “Ah sənin hökümət gözlərin”),

Səhər Xiyavi (“Və qadın danışır”, “Ağrılarım özgə deyil”),

Muğan Parsabad şəhərindən

Behruz Sadiqi (“Yalqız ağac dostluğunda”, “Yaramı buğda bağlayır”),

Səid Muğanlı (“Sənsiz yalqız qalıb təbriz”, “Qucağın əmniyyət gözün terrorist”),

İsmayıl Xorrəmi (“Səsimdə məzarlıq qanıyır”),

Ramin Cahangirzadə (Uşaq şeiri topluları: “Ulduz”, “Peşələr”, “Qarışqam”. “Tıraxtur basdı qaza”),

Şəhram Golkar (“Cücələr: uşaq şeiri”),

Culfa şəhərindən

Aydın Araz (“Yasaq sözcüyüm”, “Adamlar gedir, yoxsa qayıdır”),

Marağa şəhərindən

Vədud Dusti (“Zeytun işığında”),

Miyana şəhərindən

Bulud Muradi (“Yuxuları yataqdan endirmək”).

Təbii ki, bu yazıda mənim yaddaşım yardım etdiyi qədər əsərləri işiq üzü görmüş və sırf modern şeir yazan şairlərin adı və əsərinin adı çəkilir.

Çox ehtimal ki, əsəri işıq üzü görmüş bir çox yeni səpgili şeir yazan şairin, xüsusi ilə yenicə yazmağa başlamış gənclərin adı qələmdən düşsün. Bəlkə, vaxt ayırıb möhtərəm şairlərin hamısının adını və əsərini müəyyənləşdirmək olardı, lakin bu iş bu yazının imkanında deyil, ayrıca bir araşdırma yazıya və geniş zamana ehtiyac duyulur.

Xatırladıram ki bir çox dəyərli modern şeir yazan şairlərin əsərləri işıq üzü görməsə də zaman-zaman şeirləri dövrü mətbuatda çap edilib, habelə ictimai şəbəkələrdə, şəxsi səhifələrdə yayımlanıb və rəğbətlə qarşılanıb. O cümlədən də Həmid Asəfi, Hüseyn Misri, Zaman Paşazadə, İsa Zeyni, Süleyman Məhəmmədi, Qadir Cəfəri, Arəş Sai, Mürtəza Səlmani və s.

Bir ədəbi axım da vardır ki, qoşma və çarpaz səpkili qafiyə şeirləri yazırlar, ancaq dil və içərik aspektində olduqca yenidirlər və yaradıcılıqları intim lirika ilə yanaşı yeni içtimai məzmun da ehtiva edir. Bu şairlərdən biri Xudafərin bölgəsindən Əli Cavadpur (“Mənim dəli yaşıdlarım” poeması, “Səsində bir hekayə var”), Əhər şəhərindən Rüqəyyə xanım Haşımzadə (“Xan sənəm”, “Qırmızılar”, “Orda məni danışırlar”) və Xiyav şəhərindən Nadir İlahidir (“Bu qəfəs də uçdu bəlkə”). Bu barədə də yəqın yenə qələmdən düşənlər vardır.

1990-ci ildən etibarən start götürən modern ədəbiyyat dalğaları hələ şeirin uzun əsirlərdən bəri hökm sürən klassik formasını və məzmununu dağıtmaqla yanaşı, özünü keçmişdə çox nadir halda yazılmış roman, povest, hekayə, dramaturgiya kimi ədəbi növlərin nəsr janrında da sınayıb. Aşağıda yazarları ilə birlikdə adlarını qeyd etdiyimiz ədəbi əsərlər, işıq üzü görən modern nəsr nümunələrindən ibarətdir:

Təbriz şəhərindən

Davud Dustdar (“Hobbana" hekayə toplusu),

Hamid Əhmədi (“Tutmaz tora” hekayə toplusu, “Tapılmaq üçün itmək", “Bir dialektik həcc yolçuluğu"),

Elçin Həsənzadə (“Qıl körpüsü” romanı),

Rəsul Qədiri (“Ölməzlik" hekayə toplusu),

Əhməd Xeyeullapur (“Alzaymer" romanı),

Vəhid Məliki (“Adsızlar”, "İyirmi birinci qərnin mərəzi" çap altında)

Miyana şəhərindən

Nasir Mənzuri ("Avava", "Qaraçuxa" romanları),

Xiyav şəhərindən

Kiyan Xiyav (“İydə bulvarı” adlı hekayə toplusu),

Hafiz Xiyavi (“Alça gözündən gəlsin" roman),

Qəfur İmamizadə (“Qırmızım”, “Sümükləri qalmışdı" hekayə toplusu"),

Ərdəbil şəhərindən

Ə.M.Ağdaşlı (“Şaman" romanı),

Saleh Ətayi (“Mənim adlarım" roman”, “Don Kixot və Dəli Domrulun körpüsü" hekayələr toplusu"),

Rza Kazimi (“Bu şəhər üstdən şeytan toruna oxşayır”, “O it mənə baxırdı" hekayələr toplusu),

Muğan Parsabad şəhərindən

Eyvaz Taha (“Qurşun hardan açıldı" povesti, “Şeir varlığın evidir" tənqidi-fəlsəfi kitab, “Necə yazaq" qrammatika), Ərəstu Mücərrədi (“İtən kölgələr" romanı),

İsmayıl Xorrəmi (“Ayaq üstə ölülər" hekayələr toplusu),

Xoy şəhərindən

Rüqəyyə Kəbiri (“Evim”, “Yerdən uca torpaq”, “Quşlar daha qorxmurlar”, “Aclıq baratası" roman və hekayələr toplusu)

Sonda tənqid və tərcümə sahəsində çalışan ədəbi fəallardan bir neçəsini ad aparmaq istəyirəm:

Muğan Parsabad şəhərindən

Himmət Şəhbazi (“Müasir Azərbaycan şeirinin tənqidi" farsca, “Azərbaycan şeirində modernizm" çapa hazırlanır),

Urmu şəhərindən

Hüseyn Vahidi (“Yabançı romanı" - Alber Kamyudan tərcümə"),

Yusif Əzimzadə (“Bəyaz gecələr” romanı - F.Dostoyevskidən tərcümə).

Xatırladım ki, son vaxtlar Azərbaycan Cümhuriyyətində yazılmış onlarca roman və hekayə toplusu müxtəlif nəşriyyat tərəfindən latın əlifbasından ərəb əlifbasına köçürülüb, çap edilib, yayımlanıb.

P.S. Məqalədə adı keçən şair və yazıçıların yaradıcılıq nümunələrini və onlarla müsahibələr, əsərləri haqqında tənqidi məqalələr və esselər yayımlamağa çalışacağıq.

# 9565 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #