Seymur Baycan: Bizim ibtidailərimiz

Seymur Baycan: Bizim ibtidailərimiz
9 iyul 2014
# 10:56

Səhər tezdən bir az təmiz hava almaq, bir az yerimək, bir az ruhumu təmizləmək üçün kilsəyə getdim. Saysız-hesabsız günahlarımın bağışlanması üçün bir az da dua etmək fikrim vardı. Hətta günün duasını da müəyyən etmişdim: İlahi, mənim cəzamı sən özün ver, amma məni insanların hökmünə vermə.

Kilsənin həyətində müxtəlif millətlərə, xalqlara mənsub xeyli qoca kişilər, yaşlı qadınlar gəzişir, fotolar çəkir, hisslərini, duyğularını bir-birləri ilə bölüşürdülər. Onların geyimlərinə, davranışlarına baxdım, baxdım, baxdım və öz-özümə düşündüm – bəs bu insanların yaşıdları, bizim yaşlı kişilər və yaşlı qadınlar, ağsaqqal və ağbirçək adlandırdıqlarımız nəylə məşğuldurlar? Nə edirlər? Bu kimi suallarla özüm-özümü o qədər əsəbiləşdirdim ki, nə dua edə bildim, nə də ruhum təmizləndi. Ağsaqqallarımız və ağbirçəklərimiz mövzusunda bir neçə yazı yazmağıma baxmayaraq, bu mövzuda daha bir yazı yazmaq qərarına gəldim. Nə qədər istədim özümü sıxam, alınmadı. Çünki günü gündən daha dərindən və qəti olaraq anlayıram ki, bizim böyüklərimiz rəsmən bizim düşmənlərimizdi.

Bizim ağsaqqal və ağbirçək adlandırdıqlarımız nəylə məşğuldurlar? Heç nə, qeybət, qeybət, qeybət... Onun-bunun işinə, həyatına müdaxilə etmək, onun-bunun həyatını zəhərləyib cəhənnəmə çevirmək. Səbəb? Səbəb çox sadədi. Çünki səviyyə sıfırdı. Ruhları bozdur, mənəviyyat dünyaları boşdu. Onların ruh dünyalarında böyük boşluq hökm sürür.

Əgər insan kitab oxumursa, düz-əməlli bir filmə baxmırsa, zövq yoxdursa, onun qeybət etməkdən, başqasının həyatına burun soxmaqdan, başqalarının həyatını zəhərləyib cəhənnəmə çevirməkdən savayı yolu qalmır. Bizim ağsaqqal və ağbirçək adlandırdıqlarımızın həyat fəlsəfəsi nədən ibarətdi? Heç nədən. Onlar öz enerjilərini başqalarının pulunu saymağa, başqalarının hərəkətlərini uzun-uzadı müzakirə etməyə xərcləyirlər. Qonşu bir ağac əkir, artıq bu ağacın nə qədər bar gətirəcəyini hesablayırlar. Qonşunun maşınının nömrəsini də əzbərdən bilirlər. Nəinki qonşunun, bütün məhəllədəki maşınların nömrəsini əzbərləyirlər. Hamısı bekarçılıqdandı. Zövqsüz və səviyyəsiz insanın beyninə pis fikirlər bir çox hallarda bekarçılıqdan, avaraçılıqdan girir. Hamısı mənəviyyat dünyasının boş olmasının nəticəsidi. Əgər onlar bir kitab oxusalar, düz əməlli bir filmə baxsalar söhbətlərinin də mövzusu dəyişər. Oxuyanda da uzaq başı dini kitablar oxuyurlar və oxuduqlarını da çox vaxt səhv başa düşürlər.

Bir neçə dəfə başqa millətlərdən olan yaşlı insanlarla görüşüm baş tutub. Baxmışam geyimlərinə, baxmışam səviyyələrinə, baxmışam davranışlarına, öz-özümə düşünmüşəm; İlahi, bizim ağsaqqal və ağbirçəklərimiz nə gündədilər. Üçüncü növ bir ölkənin hələ özünü düz əməlli realizə etməmiş yazarına başqa millətin yaşlı adamları necə diqqətlə qulaq asırdılar. Yaş altmışı ötüb, amma yorulmurlar, öyrənirlər, öyrədirlər, paylaşırlar, həyatdan həzz alırlar. Bəs bizimkilər?

Bəzi insanlar düşünə bilər ki, həyat şərtləri bizimkilərə öyrənməyə, gəzməyə, oxumağa mane olur. Xeyr. Tutaq ki, kasıb yaşlıların öyrənmək, gəzmək, oxumaq, baxmaq, öyrətmək imkanları yoxdur. Bəs imkanı olan ağsaqqal və ağbirçəklər nəylə məşğuldurlar. Axı onlar da oxumur, baxmır, öyrənmir. Uzaq başı restoranda, kabinetdə oturub kababdan yeyib, araqdan vururlar. Öz boş həyat fəlsəfələrini başqalarına aşılayırlar, ya da uzaq başı özlərinin mənfur sanatoriya macəralarını danışırlar.

Bizim ağsaqqalların və ağbirçəklərin ən sevdiyi hadisə toy və yas mərasimləridi. Çünki onlar toy və yas mərasimlərində sözün həqiqi mənasında özlərini bütünlüklə ifadə etmək üçün münbit şərait, meydan tapırlar. Kimisə cütləşdirmək (Evləndirmək yox. Azərbaycanda adamlar ailə qurmurlar, Azərbaycanda adamları əksər hallarda valideynləri, ağsaqqallar və ağbirçəklər tərəfindən cütləşdirilirlər.), qayınana , qayınata, nənə, baba olmaq onların həyatda qazana biləcəkləri ən böyük status, həyatda çata biləcəkləri ən böyük nailiyyətdi.

Bir ağbirçək arvada de ki, evlənmək istəyirəm, mənə bir qız tap, gör necə çiçəyi çatlayacaq. Elə bil ona dünyanın ən şərəfli bir işini tapşırırsan. Adam cütləşdirməkdən, qeybət etməkdən, başqalarının pulunu saymaqdan savayı düz-əməlli bacardıqları bir iş yoxdu. Yığıb adamları başına bir faydalı iş görələr, ağac əkələr, bir abadlıq işi aparalar, faydalı bir işin qulpundan yapışalar, xeyirxah bir əməl sahibi olalar, harasa gedib bir təbiət qoynunda dincələlər, ya da nəvələrini geyindirib-keçindirib bir muzeyə, ya teatra, zooparka, ya nə bilim dərnəyə-filana aparalar... Nə bilim, əgər adam istəsə həyata keçirməyə, reallaşdırmağa min cur yaxşı iş tapar. Yox olmaz. Dünya dağılar.

Çünki özü də bu anlayışlardan uzaqdır. Ən pisi odur ki, bu ibtidailik nəsildən-nəslə ötürülür. Bu ibtidai ağsaqqal və ağbirçəklərlə fəxr edən adamlar var. Onların həyat fəlsəfəsi təqdir olunur. Bu da heç. Buna birtəhər dözmək olar. Ən dəhşətlisi odur ki, İran və türk, həmçinin Azərbaycan filmlərində, Şərq ədəbiyyatında əksər hallarda bu ibtidai insanların həyat fəlsəfəsi yüksək qiymətləndirilir. Təbliğ olunur. Loru dildə desək, Volter, Russo, Hüqo, Hesse, onların yazdıqları filan boş şeydi, guya bu ibtidai qocalar müdriklik mücəssəməsidirlər və həqiqətə çatıblar.

Əslində bu tənbəl Şərq sənətkarlarının arzularıdır. Hüqo deyirdi ki, arzuda iradə yoxdur. Yəni, bir adamı tanımaq istəyirsənsə onun arzularını öyrən. Xüsusən, türk rejissorları çəkdikləri filmlərdə çox vaxt bu ibtidai qocaların dilindən öz arzularını dilə gətirirlər. Bir də görürsən bir saqqallı kişi müdrik-müdrik, mənalı-mənalı baxdı uzaqlara və sakit səslə dedi: Övladım, bu həyatda qarışqa da insan kimi düşünür...

Hardadı axı bu müdrik, həqiqətə çatmış qocalar? Elə yalan danışırlar ki, elə bil guya bunları tanımırıq. Guya başqa-başqa planetlərdə yaşayırıq.

# 4535 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #