İtaliya ədəbiyyatında nələr baş verir?

İtaliya ədəbiyyatında nələr baş verir?
13 yanvar 2016
# 11:42

Kulis Seyfəddin Hüseynlinin tərcüməsində Renzo Olivanın “İnternet bizi xilas edəcəkmi?” məqaləsini təqdim edir.

Bu günün İtaliyasında kitab dükanlarına baş çəkib yığın-yığın, göz qamaşdıran nəşrləri görən hər kəsin ilkin reaksiyası çaşqınlıq olur. Oxucudursa, özünü Borxesin saysız nüsxələrlə dolu labirintvari kitabxanasındakı kimi hiss edir, hətta bütün ömrünü oxumaqla keçirsə belə, bu qədər kitaba vaxt çatdıra bilməyəcəyini anladığı üçün sarsılır. Yazıçıdırsa, öz kitabının burada səhradakı qum dənəsi kimi itib-batdığını görüb ruhdan düşür (əgər onun əsərinin alıcıya – oxucuya çatması yalnız xoş bir təsadüfün ümidinə qalacaqsa, onda əziyyət çəkib yazmağa, naşir axtarmağa dəyərmi?!)

Bir belə kitab hardandır, görəsən? Qaynaqlar müxtəlifdir. Onlardan birini bu misalla ifadə etmək olar: qaynanam, adəti üzrə, uzun müddət hər Milad bayramında mənə bir qalstuk hədiyyə edirdi; illər keçdikcə, həmin qalstuklardan heç birini vurmadığımı görən qaynanam bu dəfə hər Miladda mənə iki qalstuk almağa, beləliklə də zövqümü tutmaq ehtimalını ikiqat çoxaltmağa başladı (sonralar qalstuklardan əl çəkib, daha az çeşidi olanlara – bir ara pijamalara, lap axırda corablara – keçmişdi).

Naşirlər də eyni üsula əl atır, hərdəmxəyal, dəymədüşər oxucuları cəlb etmək üçün çox zəngin çeşiddə kitablar buraxırlar: məşhur bir cəlladın xatirələrindən ibarət kitab maraq doğurmursa, bric oyununa dair vəsait diqqət çəkə bilər; dinozavrlarla bağlı albom maraqlı gəlmirsə, bahacıl bir fahişənin etirafları “tutar” və sairə.

Kitabların çeşidinin ildırım sürətilə çoxalmasına rəvac verən səbəblər sırasında – qəfil bir uğur sevdasıyla kitablarını, faktiki olaraq, özləri maliyyələşdirən müəlliflərin şöhrətpərəstliyi, eləcə də naşirlərin hansısa bankdan, iri müəssisədən aldıqları sponsor yardımı, yerli hökumətdən (müxtəlif nəşrlərin maliyyələşdirilməsi üçün) və ya xarici ölkələrdən (ədəbi mübadilə, tərcümə işinə dəstək kimi) cəlb etdikləri subsidiyalar, yaxud da beynəlxalq qurumların (məsələn, gənclər arasında işsizliyin azaldılması naminə) ayırdığı maliyyə vəsaiti kimi – bir çox amilləri sadalamaq olar.

Bir distribütor mənə danışmışdı ki, onun firması hər həftə kitab dükanlarına 500 (beş yüz!) yeni nəşr paylayır. Təcrübə göstərir ki, bu qədər kitabın, demək olar, əksər qismi diqqətdən kənarda qalır, gətirildiyi kimi də geri qaytarılan nəşrlərin yerini təzələri tutur. Dükanlara girən kitablardan son dərəcə az qismi resenziyalara, deməli, həm də rəflərdə önə çıxarılmaq şərəfinə layiq görülür. Tanış xanım yazarlardan biri öz kitabının hardasa üç ay ərzində diqqət görmədiyini biləndə dərin məyusluq keçirmiş və mənimlə söhbətində açıqlamışdı ki, onun naşiri – İtaliyanın nəhənglərindən olan – Mondadori yalnız 90 000 (doxsan min!) nüsxə satılması ehtimal edilən kitabların reklamına, yayımına xüsusi maya qoyur. O birilərsə taleyin ümidinə qalıb, özləri alıcıya yol tapmalı olur.

Yeri gəlmişkən, iri naşirlər üçün kitab nəşri böyük biznesin kiçik, çox da mühüm sayılmayan bir hissəsi olduğundan, bu sahədə uğradıqları ziyanın yerini digər sektorlardan, əsasən multimedia məhsullarının yayımından gələn qazancla rahatca doldura bilirlər.

Əgər indiyədək Parisə, Madridə, ya da Berlinə yolunuz düşübsə, onda İtaliyadakı hər hansı kitab dükanına girəndə keçirdiyiniz ən azı ikinci duyğu hökmən “deja vü” olacaq: kitabların böyük çoxluğu – eyni; müəllifləri – eyni; üz qabıqları – eyni; hətta ən yaxşı satılan kitabların siyahısı da hardasa 60 faiz eyni – beynəlmiləl bestsellerlər. Zənnimcə, bu, müasir dünyadakı birtipli yaşam tərzinin və mədəniyyətdə qloballaşmanın ən qabarıq göstəricilərindən biridir…

Çağdaş italyan ədəbiyyatının mənzərəsini gözdən keçirəndə “daimi” müəlliflərdən başlamaq lazım gəlir. Onlar elə bil dünya yaranandan yazırlar, üstəlik, İtaliyada “ədiblərin təqaüdə çıxması” kimi bir təcrübəyə rastlanmadığından, deməli, son günlərinəcən də yazacaqlar. Onlar hər iki-üç ildən bir “ünlü müəllifin heç də yerində saymadığını, davamlı yetkinləşdiyini sübuta yetirən”, ən əsası da, “hansısa mükafatı, yaxud uğurlu ekranlaşdırmanı haqq edən” yeni əsərlər ortaya qoyurlar.

İtaliyada ədəbi mükafatların sayı-hesabı bilinmir: demək olar, elə bir ucqar dağ kəndi tapılmaz ki, ad çıxarmaq, özünü tanıtmaq xətrinə hansısa ədəbi mükafat təsis etmiş olmasın: estrada ifaçılarının festivalı, yaxud boççe (boulinq kimi bir oyun – tərc.) üzrə çempionatla müqayisədə, buna özünüreklamın xeyli asan üsulu kimi baxılır. Sözgəlişi, bu cəhətdən qonşuları da İtaliyadan geri qalmazlar: İspaniyada Manuel Terrin adında kordovalı bir elektrikin 1000-dən (mindən!) artıq ədəbi mükafat qazanıb yerli mühitdə ad çıxarması, ancaq üstün ədəbi çevrələr üçün yenə də tanınmaz imza kimi qalması faktı yaxşı bəllidir. İtalyanlar önəmli ədəbi müsabiqələri də idman yarışlarına tay tuturlar: sevimli futbol komandaları, yaxud velosipedçiləri kimi, hansısa ədəbi mükafat uğrunda başqalarıyla yarışan yazıçılarına da eyni cür azarkeşlik edirlər. Hətta bunu nəzərə alıb, yaxşı pulların fırlandığı gizli totalizator da təşkil etmək mümkündür: di gəl, burası da məlumdur ki, müxtəlif ədəbi müsabiqələrin nəticələri ölkənin ən güclü nəşriyyatlarıyla əvvəlcədən – bütünlüklə, hərtərəfli şəkildə – razılaşdırılmış olur.

Bu cür bədnam yarlıqlar düzəldib onları gerçək ədəbi simalara yapışdırmaq heç yaxşı iş deyil. Amma vəziyyət belə tələb edir ki, imzalara keçəndə, istər-istəməz, birinci Alberto Bevilakuanı (1934-2013) təqdim etməliyik. Ola bilsin, həddən artıq çox əsər yazması, həm də onların əsasında (elə də uğurlu alınmayan) filmlər çəkməsi üzündən, tənqidçilər daima Bevilakuanı “sancırlar”. Bəzənsə iş o yerə çatır ki, Bevilakuanın heç adını çəkən olmur: XX yüzil italyan ədəbiyyatı tarixi ilə bağlı bu yaxınlarda nəşr edilmiş kitabda da belədir.

Əsərlərinin sayına, kitablarının tirajına, aldığı ədəbi mükafatlara rəğmən, Daçia Maraini ilə də tənqid hardasa eyni cür rəftar edir. Çox güman ki, indinin yazıçıları üçün onun bioqrafiyası sırf emblematik səciyyə daşıyır: ədəbi arenada Moravianın məşuqəsi sifətilə debüt edib, bir ara “müxalif təmayül”ə keçib, gah marksizmlə “mazaqlaşıb”, gah da feminist mövqe tutub, bir yandan ekoloji ideallar uğrunda mücadilə verib, o biri yandan da ən yayğın kampaniyalara qatılıb (ona Streq mükafatını gətirən “Zülmət” adlı hekayələr toplusu seksual zorakılığın qurbanı olan uşaqlardan bəhs edir), “özünü gözə soxmaqdan” qətiyyən geri durmayıb… Həmin mülahizələr buna da işarədir ki, o cür yazıçıların ölümündən sonra yaradıcılığı da gözdən-könüldən uzaq düşür; onlar yalnız yubileylərində, anım günlərində ötəri xatırlanırlar. Təbliğatın, reklamın belə bir amansız axarı var. Cəmi bir neçə il öncə vəfat etmiş yazıçıları götürək: Kassoleni, Lalle Romanonu, Arpinonu, yaxud bəzi başqalarını kim yada salır indi?

Ədəbiyyat Olimpinə dırmanmağa iddialı digər müəlliflərin ürkək cəhdlərini üstələməklə, orada yalnız kiçik bir yazıçılar qrupu – daha gənc və kifayət qədər təcrübəli olanlar – qərarlaşır.

Mən onlar barədə sözə “Kalvinonun nəvələri”ndən başlayardım.

Daniel Del Cudiçenin (1949) nəsri Kalvinodan həm bəlli dərəcədə elm və texnikayla bağlılıqdan qaynaqlanan “quru elmilik”, həm də ədəbi-bədii mexanizmlərin tətbiqinə zəmin yaradan emosional dayanıqlılıq əxz edib. Onun 1983-cü ildə Kalvinonun zəmanəti ilə nəşr edilmiş “Uimbldon stadionu” romanında Triestdən olan Bobi Bazlen adında bir intellektualın yazmağın daşını atmasının, şəxsən ünsiyyətə girdiyi insanlara birbaşa təsir göstərmək istəməsinin səbəbləri araşdırılır. İkinci – “Qərbin atlası” adlı romanında isə atomun yeni təyinatını kəşf etmiş gənc fiziklə yaşlı yazıçının dostluğu diqqət mərkəzindədir. Sonrakı əsərləri çağdaş italyan ədəbiyyatı baxımından mühüm sayılmasa da, hər halda, Del Cudiçe ədəbi arenada önəmli fiqura çevrilib.

Kalvinonun sayəsində məşhurlaşmış başqa bir müəllif – Andrea De Karlo (1952) həm də sənədli filmlər ustası, ssenarist və jurnalistdir, media ilə isti münasibətləri var. İlk romanı – Kalvinonun təqdimatıyla çıxan – “Krem qatarı”ndan ta sonunculara qədər, əksər kitabları ona böyük uğurlar qazandırıb.

Kalvinonun bu cümlələrini xatırlamaq yerinə düşər: “De Karlo əsasən zahirə diqqət yönəltsə belə, batini tərəfi də açıb göstərməyi bacarır. Güman ki, bu onun riskdən – batinə varanda bəzən adi bir boşluğa uğramaq ehtimalından – çəkinməməsi ilə bağlıdır”.

“Hikkə qəsrləri”, “İpək”, “Şəhər” və digər romanları ilə beynəlxalq uğurlara imza atan, əsərləri artıq geniş ekrana yol tapan Alessandro Barikko (1948) da bir çox cəhətdən Andrea De Karloya yaxın mövqeli yazıçılardandır.

Semiotika üzrə alim və müəllim, İtaliyada zarafatla “tuttoloq” – “hərşeyşünas” adlandırılan Umberto Ekonun (1932) şəksiz uğuru budur ki, əslində belletrist olmadığı halda, özünün “Qızılgülün adı” romanı sayəsində, dünyanın diqqətini italyan ədəbiyyatına cəlb edə bilib. Bu romandakı maraqlı texnikanı, incə fəndləri Eko sonrakı – “Fukonun kəfgiri”, “Bir gün əvvəlki ada” və başqa əsərlərində də eyni ustalıqla tətbiq edib…

Antonio Tabukki (1943) məndə, postmodernistdən çox, manerist təəssüratı oyadır. Ədəbi yaddaşdan, yəni digər müəlliflərin ayrı-ayrı əsərlərinə aid elementlərdən (xüsusən də – portuqalcanı yaxşı bildiyinə görə – dərindən bələd olduğu Pesoadan) gen-bol qaynaqlandığı üçün Tabukkinin nəsrini “ikincidərəcəli” kimi səciyyələndirirlər. Onu və yaradıcılığını (ilk növbədə “Pereyranın iddiası” romanını) nəzərdə tutan tənqidçi P.Kudini yazır: “…Elə yazıçılar var ki, həm təhkiyənin cilovunu əldə möhkəm saxlamağı, həm də ali düşüncələri, ciddi ekzistensial problematikanı epizodik əks etdirməyi bacarırlar ".

Eyni mülahizələr çevik dillə, duyğulu çalarlar qatmaqla, ancaq zövqsüz, üslubi keyfiyyəti gözləmədən yazdığı “Ürəyinin apardığı yerə get” (1994) romanıyla az qala bütün dünyadakı oxucularını hönkür-hönkür ağladan Suzanna Tamaroya (1957) da aid edilə bilər.

Üzərində dayanmalı ünlü müəlliflərdən Enriko Brizzi (1974) özünün “Cek Fruşante qrupdan çıxıb” (1994) romanıyla gənc nəslin “dilini öyrənmək” üçün əlverişli ədəbi zəmin yaradıb. Cüzeppe Kulikkiya (1965) ilə Silvia Ballestranın (1969) da gənclərə hesablanmış, məzmunca zəif, Amerika tərzini kor-koranə təqlid və təlqin edən, mədəniyyətin qibləsini “McDonalds”, “Nike”, “Beautiful” (teleserial) və “Star Wars” arasında bəlirləyən romanlar yazıblar.

Burada ədəbi mənzərəmizin, əlbəttə ki, gerçəkdəkindən xeyli yığcam halını təqdim edirəm (çevrilib dərc olunan da yazının daha yığcam variantıdır – tərc.). Amma buraya yeni nəslə mənsub Roberto Kotroneo, Alberto Arbazini, Edoardo Sanquinetti və digər ümidverici cavanlar haqqında da fikirlər əlavə etsəm, elə bilirəm, mənzərə bir o qədər dəyişməz. Üstəlik, bu barədə ayrıca kitab yazanlar da “hansısa məqamları unutduqlarına görə” qınağa tuş gəlirlərsə, bir məqalə nə qədər əhatəli alına bilər ki…

Qeydlərimin bu məqamında qarşımı belə bir sual kəsir: bu dövrdə ədəbiyyatın inkişafından, ədəbi yekunlardan gerçək mənada söz açmağa dəyərmi? Bəlkə bu mövzudan yan keçmək daha sərfəlidir? Ancaq yüzilliklərin, minilliklərin ayrıcında bundan necə yayınmaq olar?...

Beləliklə, əgər ədəbi mənzərə barədə yekun rəy verilməlidirsə, onu indiki halda yalnız “son dərəcə neqativ” ifadəsi ilə səciyyələndirmək olar: bizim ədəbiyyat nəinki ciddi ictimai mövzulardan uzaq durur, onları öyrənib bilmək, bu baxımdan dəqiq ideoloji mövqe tutmaq istəmir, üstəlik, heç estetik planda da onun siması aydın deyil. Hətta italyan dilinin sonrakı yüzilliklərə ötürülməsi baxımından da çağdaş ədəbiyyatımızın rolu yarıtmazdır: bizdən sonrakılara nə cür bir italyan dili qalacaq, anlamaq olmur! Kimsə deyə bilər: axı lap bu yaxınlarda Ədəbiyyat üzrə Nobel mükafatını bizimki – Dario Fo qazanıb! Belələrinə xatırlatmaq istərdim ki, İtaliyanın, demək olar, bütün ədəbi çevrələrində bu hadisə lağlağı kimi qarşılanmışdı…

Kitablar indi – ülgüclər, şprislər, ya başqa nələrsə kimi – birdəfəlikdir elə bil: “işini gör, tulla”. Ədəbiyyat yüngül istehlak malına, əlüstü hazırlanıb yeyilən qida məhsuluna, daha dəqiqi, yarımfabrikat, “fast-food” kimi bir şeyə çevrilib. Çoxmu bədbinəm? Məncə, yox…

Bircə yolumuz qalır ki, kompüter qarşısına keçib İnternet dünyasında səyahətə çıxaq. Hansısa saytın üzərində dayanıb, dörd, altı və ya yüz əlin köməyilə, üç, ya da beş dildə – bütün milli ədəbiyyatların iç-içə girdiyi – yeni bir ədəbiyyat yaradaq. Yoxsa bugünkü anlamda ədəbiyyatın heç bir mənası qalmayacaq…

Var ol, İnternet, var ol ki, nicatımız səndədir!/sim-sim.az

# 2314 dəfə oxunub

Müəllifin son yazıları

# # #