Kulis.az Sevinc Yunuslunun yeni şeirlərini təqdim edir.
Qoy küçədə qaraçı qadın oğrasın məni,
El yığışsın önünə qoyub ağlasın məni.
Bir də bu yer üzünə kimsə doğmasın məni
Məni özün sev, yarat və köynəyindən keçirt.
Qarışmaz ki, savabım min yol bir xatamgilə
Qoşulub qaçmağım var sevdiyim adamgilə.
Biri xəbər yollasın bu gecə atamgilə,
Anamın dizlərinə ta döyməyindən keçib.
Bu nakam məhəbbətə buluda dön gözün sıx,
Söndür bu cəhənnəmi, odu üfür, közün sıx.
Ürəyim yaralıdı, son gülləni özün sıx
Nəfəsini bağrımın düz göynəyindən keçirt.
Tut ağacı tək sınıb, qırıqlarım neçədi.
Xırç ha xırç səslər gəlir, qol-budağım, necədi?
Günün aydın, sevdiyim, məndə hər an gecədi
Yaşamağım getdi eh-eh , ölməyimdən keçib.
***
Hardasan, gözümün nuru
Hardasan, mənim sevdiyim?
Qara bəxt, cavan ömrümə,
Sevdası qənim sevdiyim.
Mənim axı gözlərində
Qurulu bir cənnətim var.
Təbriz boyda, Göyçə boyda-
Sənin boyda həsrətim var.
Sən də bu cəhənnəm ömrə
dumanlıq, sislik eləmə.
Adamlar ölür gözümdə-
Dünyaya pislik eləmə.
Axı su, torpaq, oksigen,
Dioksiddən sən çıxırsan.
Mənim hər bir hüceyrəmdə
Biopsidən sən çıxırsan.
Sənsiz açılmır sabahlar
Yarpaqlara şeh düşəmmir.
Nəfəsin olmayan yerdə
Ağaclara meh düşəmmir.
Sənsiz məni ölüm də heç
Çox axtarmaz arar, bular.
Sənsizlik alıb-verdiyim
Sonuncu nəfəsim olar.
***
Biz də bir nağılın sonuna gəldik
Alıb qaldırdılar kitab rəfinə.
Axı necə düşsün dilimdən adın
Adım yaraşmışdı xitab rəfinə.
Əlində nə varsa dəfn elə getsin
Və bir də get daha, geri qayıtma.
Hamım olmadınsa , heç kimim olma,
Atamdan, balamdan məni soyutma.
Balamın çayına göz yaşım damır
Mənim sevməyim də qan qoxuyur qan.
Beşinci dəfədir bu gün soruşur,
Ana, nədir axı səni ağladan?
Mən eşqə andlıydım, sevdaya uzaq
Mənim sevməyim də ölüm daddadır.
Budur , noyabrda yoluxdum sənə
Yenə boz küləklər məndən adladı.
Üstümnən keçirlər qatar yolları
Qolunu bağlayan qəfəsi göndər.
Axı bu darıxmaq məni yaşatmır
Nəfəs almağımçün nəfəsin göndər.
Bu sənə yazdığım son şeirimdən
Bütün sevənlərə bir bənd düşəcək
Sənin həsrətindən mənim bəxtimə
Soyuq bir qış günü qürbət düşəcək.
Sibir çöllərindən yazacam sənə
Vətən dadı verən bütün ağrımı.
Sən fikir eləmə, qurbanın olum,
Ölsəm torpağınam, qalsam bağrının.