Uşaqlar üçün çəkilməyən cizgi filmlərimiz

Uşaqlar üçün çəkilməyən cizgi filmlərimiz
28 oktyabr 2017
# 10:01

Sevinc Elsevər

28 oktyabr 2002-ci ildə Beynəlxalq Animasiya kinosu Assosiasiyası tərəfindən Beynəlxalq animasiya günü kimi qəbul edilib. 1898-ci ilin 28 oktyabrında fransalı rəssam Emil Reno ilk animasiya lentini nümayiş elətdirmişdi. Bu məlumatı oxuyan, bilən hər kəs yəqin özlüyündə deyir: “Kino fransızların işidi də!”

Bəs görəsən bu kinematoqrafiya həm də bizlikdirmi? Animasiya kinematoqrafiya sənətinin xüsusi bir növü kimi qəbul olunur. Daha böyük əmək, daha böyük büdcə tələb edən sahədir.

Müasir tamaşaçılarımız tez-tez belə fikir səsləndirirlər: “Bizdə animasiya kinosu nə gəzir?!” Bu fikrə gəlib çıxan tamaşaçıların çoxu önyarğılıdı. Uşaqlıqda izlədikləri ən yaxşı animasiya filmlərini belə unudublar. O filmləri öz uşaqlarına-yeni, böyüməkdə olan nəslə göstərmək fikrindən uzaqdırlar. Müasir tamaşaçı Sovet dövründə çəkilmiş köhnə animasiya filmlərimizi yanlış olaraq, ən son texnologiyalarla çəkilmiş xarici animasiya filmləri ilə müqayisə edirlər. Birincisi, köhnə animasiya filmlərimiz mövzu, ideya baxımından çox gözəldirlər. Bu gün xarici animasiya kanallarında göstərilən bir çox filmlər uşaqlara şiddət, cinsəllik, aqressiya aşılamaqdan başqa bir şeyə yaramır. İkincisi, həmin o köhnə filmlərin çoxu saxlanma şəraitinin pisliyinə görə, baxımsızlıqdan korlanıblar. Bəzilərinin rəngləri solub, təsvir ilk effektini itirib. Amma bununla belə, o filmlər arasında uşaqlığımızda da, günü bu gün də sevə-sevə baxdığımız filmlər çoxdur. Ən azı məzmununa, daşıdığı ideyaya görə o filmləri məmnuniyyətlə, uşaqlarımıza göstərə bilərik. Qürurla deyə bilərik: bizim ölkəmizdə animasiya filminin tarixi keçən əsrin 30-cu illərindən başlayır. Bu elə də balaca tarix deyil.

Tez-tez sosial şəbəkə istifadəçilərinin dilindən bu şikayəti eşidirik: Uşaqlarımıza göstərməyə yaxşı bir Azərbaycan animasiya filmi tapa bilmirik. Hamısında qan, şiddət, döyüş səhnəsi var. Bəli, Qarabağ müharibəsi mövzusunda yaradılan plokat filmlərimizdə (“Cavanşir”, “Karvan”), Kitabi-Dədə Qorqud dastanının motivləri əsasında çəkilmiş bir neçə filmdə ( “Kitabi Dədə Qorqud. Səkrəyin dastanı”, “Basat və Təpəgöz”) qorxulu obrazlar, döyüş səhnələri yer alır. Amma o filmlərin heç biri uşaqlar üçün nəzərdə tutulmayıb. Səhv ondadı ki, Azərbaycanda hələ də animasiya kinosuna uşaq əyləncəsi kimi baxan adamlar var. Yetkin adamın oturub animasiya filmi seyr eləməsi onlara qəribə görünür. Hətta “uşaqsan multfilmə baxırsan”-deyə irad bildirirlər.

Amma bütün dünyada qəbul olunub ki, animasiya təkcə uşaqlar üçün deyil. Sadəcə uşaqların da çox sevdiyi kinematoqrafiya növüdür.

Azərbaycanda da uşaq animasiyası var. Bu gün də yeni uşaq filmləri yaranmaqdadı. Bizim uzaq uşaqlığımızdan ta bu günlərə qədər yol gələn filmlər isə mənə daha doğmadı.

Uşaqlarımıza heç çəkinmədən göstərə biləcəyimiz animasiya filmlərimiz sırasında aşağıdakı filmlərin adını çəkə bilərəm: “Danışan işıqlar” (1965)“Cırtdan” (1969)“Tülkü həccə gedir” (1971)“Bulud niyə ağlayır?” (1973)“Cırtdanın yeni sərgüzəşti” (1973), “Pıspısa xanım və Siçan bəy” (1974), “Günlərin bir günündə” (1975), “Dınqıl, sazım, dınqıl” (1976), “Kirpi balası və alma” (1977), “Toplan və kölgəsi” (1977), “Meşəyə insan gəlir” (1980), “Taya” (1980), “Sən elə cupbulusan” (1982), “Akvarium” (1983), “Münəccimin şagirdi” (1983), “Humayın yuxusu” (1985), “Xeyirxah nağıl” (1886), “Qara leylək” (1986), “Talada ev” (1986), “Yeni il əhvalatı” (1986), “Lovğa fil balası” (1987), “Sehrli çıraq” (1987), “Çətin məsələ” (1988), “Nar ağacının nağılı” (1989), “Bahar əyləncələri” (1989)

Bu filmlərdə uşaqlara humanizm, təbiətə sevgi, dostluq, xeyirxahlıq kimi nəcib keyfiyyətlər aşılanır. Filmlərdən yadda qalan bir çox dialoqları, atmacaları hələ də biz böyüklər işlədirik. Tez-tez onlardan məsəl çəkirik. Amma yeni nəsil üçün, bizim uşaqlarımız üçün həmin atmacalar anlaşılan deyil, çünki onlara bu filmləri göstərmirik, baxmayaraq ki, böyük əksəriyyəti internetdə var “Meşəyə insan gəlir!”, “Tülkü həccə gedir” filmlərini müəyyən situasiyalarda misal çəkir, gülmürükmü?

Təklif edirəm ki, heç olmasa, bu gün-beynəlxalq animasiya kinosu günündə uşaqlarımıza milli animasiya filmlərini göstərək, onları öz animatorlarımızdan bir neçəsi ilə tanış edək. Nazim Məmmədov, Ağanağı Axundov, Firəngiz Qurbanova, Elçin Hami Axundov, Elçin Aslanov, Vaqif Behbudov, Arif Məhərrəmov, Məsud Pənahi kimi animatorlarımızın adını çəkək bu gün.

# 1632 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #