Məhəmməd peyğəmbərin kirpiyi

Məhəmməd peyğəmbərin kirpiyi
17 mart 2020
# 11:19

Bir neçə gündür, vatsapda qohumlar bir-birinə belə bir məlumat ötürür: sən demə, İranda mömin adamlardan biri yuxuda müqəddəs övliya görüb, o da deyib ki, adamlara de, evlərindəki Quran kitabının arasına baxsınlar. Bəs, Məhəmməd peyğəmbərin kirpiyindən bir tük qoyulub hər kitabın arasına. O tükü tapın, suya atın, o sudan için, koronovirus təhlükəsindən özünüzü və ailənizi qoruyun.

Neçə vaxtdı, koronovirus xəbərlərinə inanmayan, hətta “əşi, quş qripi də var idi, donuz qripi də var idi, hansına yoluxduq?!” deyən insanımız artıq əlinə düşən müqəddəs kitabların canına daraşmaqda. O tükü tapıb sevinən kim, tapa bilməyib ağlayan kim. Bir sözlə, adamların arasında vur-çatlasındı.

Bütün dünya vəsvəsə içindədi. ÜST bu virusu pandemiya adlandırıb. Bizim insanımız arxayınlıqla əlini başının altına qoyub deyir ki, quş qripi də var idi, onda bizə nə oldu ki, indi nə ola?

Metroda, avtobusda maska taxan adam görə bilməzsən. Hökumət bacardıqca tədbirini alır, məktəbləri , kursları bağlayır, camaat yenə uşağını evlərdə dərs keçən müəllimlərin dərsinə göndərir. Həmin dərslərdə də ən azı doqquz-on uşaq iştirak edir. Elə belə olacaqdısa, daha məktəblər niyə bağlanırdı? Gedib-gəlirdi də uşaqlar.

Hökumət çağırış edir ki, yığışmayın, hələlik toy-nişan işlərini saxlayın. Ancaq hər gün toy, xına şəkilləri paylaşır adamlar, baxırsan heç kimin vecinə deyil. Yas mərasimlərində belə ehtiyatlı davranmağı tövsiyə edirlər, çalışın kütləvi qeyd etməyin deyə məsləhət olunur, gör işin harasıdı.

Ancaq yox, Azərbaycan insanı çox rahatdı. Hətta koronovirusdan ehtiyat edib bir-iki maska taxanı da ələ salıb gülür.
Baxırsan xalq bu qədər güclüdü, bu qədər optimistdir. Onları görüb ürəyin rahatlayır sənin də. Deyirsən ki, “Mənə neylər bu daşqın sel, ki dərya tək kənarım var!”

Ancaq o yandan da yayılan mövhumatçı xəbərlərlə güclərini qəfil itirirlər. Aləm dəyir bir-birinə. Bəs siz koronovirusun mövcudluğuna belə inanmırdınız? Deyirdiz, quş qripi, donuz qripi bizə neylədi ki, koronovirus nə edə?
Mirzə Cəlil babam sağ olsaydı, yaxşı bir hekayə düzüb-qoşmuşdu bu söhbətdən. Mənim gücüm balaca bir köşə qaralamağa çatdı.

# 4481 dəfə oxunub

Müəllifin son yazıları

# # #