Uşaqları vəhşiləşdirən cizgi filmləri

Uşaqları vəhşiləşdirən cizgi filmləri
6 iyun 2015
# 08:30

Valideynlər uşaqların cizgi film seçiminə nəzarət eləməlidirlər. “Ben 10”, “Supermən”, “Betmən” kimi cizgi filmləri azyaşlı uşaqlar üçün nəzərdə tutulmayıb.

Hətta 5-ci sinif şagirdləri bu cizgi filmlərinə baxıb başa düşmürlər. Məktəb hələ bağlanmamışdı, Xırdalandakı məktəblərdən birində bir qrup beşinci sinif şagirdi öz sinif yoldaşlarını döymüşdülər. Anası uşağı həkimə aparmaq məcburiyyətində qalmışdı. Müəllimənin verdiyi “Yoldaşınızı niyə döymüsünüz?” sualına uşaqlardan heç biri cavab tapmırdı.

Cavabı böyüklər tapmışdı. Bu uşaqların hər gün oynadığı kompüter oyunları, baxdıqları cizgi filmləri ilə bağlı idi. Uşaqlar çox vaxt şiddəti, təcavüzkarlığı ailədən çox baxdıqları cizgi filmlərindən öyrənirlər.

Rusiyanın “Disney Kanal” adlı uşaq kanalı var. Biz çox vaxt uşaqlarla o kanalı izləyirik. Türk uşaq kanallarından uzaqlaşmışıq. Ən çox da “Yumurcaq” kanalına az-az baxırıq. Kanal dünyəvilikdən uzaqlaşır. Getdikcə dini uşaq kanalına çevrilir. Öz şəxsi qənaətimə görə, uşaqları bu söhbətlərə qatmaq çox tezdi. Uşaqlar dünyəvi dəyərlərlə böyüsələr yaxşıdı.

Məncə, uşaqlar əlahiddə məxluqlardı. Fikir vermisizsə, uşaqlar üçün yazılan ən yaxşı əsərlər bütün xalqların və bütün zamanların uşaqları üçün nəzərdə tutulur. Bir italyan uşaq romançısının da əsərini çevirsən azərbaycanlı uşaq onu italyan uşağın qavradığı kimi qavrayacaq. Təbii, yaşına uyğun əsərdirsə...

“Disney Kanal”da yeniyetmə uşaqlar, hətta deyərdim böyüklər üçün “Bolşaya animasiya” adı altında cizgi filmləri verirlər. Həmin cizgi filmlərinin mövzusunu çox vaxt romantik məhəbbət təşkil edir. Məsələn, bizim uşaq vaxtı baxdığımız “Düyməcik” cizgi filmini “Bolşaya animasiya” adıyla efirə verirlər. “Qız qalası əfsanəsi”, “Tıq-tıq xanım”, “Münəccimin şəyirdi” kimi cizgi filmlərimiz də bu qəbildən sayılmalıdı. Halbuki, yerli kanallarda bu cizgi filmləri veriləndə yaş həddi göstərilmir.

Bəzi cizgi filmləri isə uşaqlar üçün deyil. Uşaqlar haqqındadır. “Yatmaq vaxtıdır” adlı cizgi filmi var. Uşaq yatmaq istəmir. Elə durmadan ağlayır. Ata-ana uşağı nənəyə tapşırıb yatmağa gedir. Körpə də nə uşaq otağında yatır, nə ata-anasının otağında. Beşik qonaq otağında, divan, televizor olan yerdə qoyulub. Uşaq nənənin başına oyun açır. Çilçıraqdan yapışır, televizoru az qala aşırır. Nənə uşaqdan bezir. Ərlə arvadın yataq otağına hücum çəkir. Qapı döymək də yoxdur. Deyinə-deyinə onları yuxudan qaldırır. Ana qalxıb əsnəyə-əsnəyə uşağa baxmağa gəlir. Ana da uşağı sakitləşdirə bilmir. Bu da əsəbiləşir, atanı çağırmağa gedir. Ata qalxıb gecə paltarında, hətta deyərdim, çimərlik paltarında qonaq otağına gəlir. Mayallaq aşmağa, topla oynamağa başlayır. Uşaq kirimək bilmir. Ata, ana, nənə başlayırlar müzakirə eləməyə ki, neyləsinlər. Bu vaxt körpənin uşaq otağında yatan bacısı – balaca qızcığaz yatağından düşüb gəlir, uşağın əmziyini ağzına qoyur və onu yatağına uzadır. Uşaq yatır.

Uşağın səsinin çıxmadığını görən nənə, ata, ana narahat olur, onu yatağından başqa hər yerdə - hətta balkondan aşağıda axtarırlar. Bir də baxırlar uşaq çoxdan yatıb. Elə bil “Mozalan” filmlərindən birinin ssenarisidir. Tənqidi fikirlər boldur. Ata, ana, nənə əməlli-başlı ələ salınır. Amma bu cizgi filmi böyüklər üçündür ki, baxıb ibrət götürsünlər. Yəni, “Bolşaya animasiya”dı. Uşaqların bu cizgi filmindən ibrət alacağı heç nə yoxdu. Hətta anlaya biləcəyi bir şey yoxdu.

# 2232 dəfə oxunub

Müəllifin son yazıları

# # #