Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.
Amneziya
Bir atım,
bir itim,
dağ başında yurdum ola -
dünyanı unudam orda.
Bir bağım ola,
içində cənnət alması,
istər div gəlsin
alma oğrusu
qorxmaram doğrusu
hamını unudandan sonra.
Bir atım,
bir itim,
bir də
qırmızı çiyələk talam...
Ağappaq buludlar ötə üzərimizdən,
quşları qarşılayam,
yola salam,
gülümsəyəm günəşə
göz vura-vura
qəmi unudandan sonra...
Bir atım,
bir itim,
çiçəklərə can verən
balaca arxım ola.
Qəlbimi ağaclara verəm,
quşlara,
güllərə,
otlara
səni unudandan sonra.
Uçmaq
Qibtəylə seyr etdiyimiz
uçuşan quşlar
xoşbəxtdirlərmi
uçduqları vaxt?!
Bəlkə
onlar da uçmaqdan yorulmuşlar?
Necə ki gəzməkdən yorulub insan
atın tərkinə minib...
sonra dəmir atlar düzəldib.
İlk addımlarını atan körpənin sevinci
hara yox olur sonra?
Hara?!
Niyə xoşbəxt olmuruq
öz ayaqlarımız üstündə?
Bəxtəvər ola bilmirik
öz qanadlarımızla?
Ən gözəl ətirli güllər
ətirlərini gizləyirlər
təvazökarlıqla
bizsə görünmək istəyirik hamıya
arzumuz o ki dünya bizi tanıya.
Niyə adi şeylərlə
xoşbəxt olmağı unuduruq?
İlk almanı yediyimizdə aldığımız dadı
ilk öpüşümüzdəki həyəcanı
unuduruq.
Hər dəfə ayaqlarımızı torpağa basmaq
uçuş kimi bir şey olmalı halbuki...
Hərdən soyunun ayaqqabıları
yalın ayaqlarla qaçın,
qolları yana açın
anlayacaqsız
qaçmağın da
uçmaq kimi şey olduğunu.
Ana təbiət, ata təbiət...
Baharda anası olur
canlıların təbiət,
qışda ata kimi sərt,
qaşqabaqlı...
Sınağa çəkir elə hey
dözümlü olmağı öyrədir.
Bahar kimi sığal çəkib əzizləmir
təbiət atadır
qalın qar yağanda
balıqlar göldə
ağaclar bağda
keçilər dağda soyuqdan donanda
qartopu oynamaqdan qayıdan uşaqlar
isti peçin ətrafında sızıldayan
barmaqlarının donunu açanda...
Günəşli pəncərədə
Barmaqlarının üstündə
qalxıb
boylanıb günəşə sarı
pəncərənin altındakı çiçək
arıq, uzun çiçək olub...
Bir balaca oğlan dayanıb çiçəklə yanaşı,
qaldırıb dabanlarını
hoppanıb boyundan yuxarı
pəncərədən dünyaya baxmaq üçün...
qabaq pəncələrini dayayıb pəncərəyə
oğlanın yanındakı pişik
bayırdakı işığa boylana...
Boy-buxunlu pişik olub
boylana-boylana
günəş bacardığı qədər dolub
pəncərəsi bağlı bu otağa
can atıb günəş də
ona təşnə olanlara sarı
bütün varlığıyla...
Yaz yağışı
Geri çağırır ondan qaçanları,
nəsə söyləməyə çalışır yağış
öz nəğməsiylə.
Burunlarını pəncərələrə söykəyib
yağışı dinləyirlər,
yağışdan gizlənənlər.
Kim bilir
qorxmayın məndən
qar kimi soyuq deyiləm deyə
inandırmaq istəyir uşaqları.
Bir də görürsən
kimsə inanır ona,
yağış gölməçələrində sevinclə hoppanır
ayaqqabısı su buraxsa da
çətirsiz olsa da...
***
Adamların köksündəki
buz ürəklərin donunu
aça bilməsə bahar -
dağda qarlar ərisə,
düzdə qarlar ərisə
nə fərqi var?!
***
Evlərimizin dirəyi
həm də soyuducularmış,
təkcə atamız deyilmiş,
anamız deyilmiş təkcə,
oğlumuz deyilmiş,
qızımız deyilmiş təkcə
içi boş olanda
evlər dağıdan soyuducular
həyat qurtarırmış zəlzələlərdə
uçuq damlar altından
əzizlərini sağ çıxardan adamlar
sevincdən ağlayarmış
"evi yıxılan" adamlardan fərqli olaraq...