“Sənsiz” romansı” – Yeni hekayə

“Sənsiz” romansı” – Yeni hekayə
21 sentyabr 2021
# 09:01

Kulis.az “Hekayə günü” yazıçı-şair Sevinc Elsevərun “Sənsiz” romansı” hekayəsini təqdim edir.


Hər gecəm oldu kədər
Qüssə-fəlakət sənsiz...

Nizami Gəncəvi


Toyu olsa da, içində sevinc yox idi. Yaxşı ki, adətə görə gəlin köçən qızlar özünü ağır aparmalıydı. Yoxsa o, sevinib-oynamamağını, atılıb-düşməməyini nəylə əsaslandıra bilərdi?! Dərdə-qəmə batdığından toy adamları xəbərsizdilər. Gəlin elə belə olur da. Başını aşağı salır, için-için düşünür, hətta kövrəlir, ağlayır. Oynatsalar, cəmi bir, ya iki dəfə oynayır. O da elə belə, yalandan. Yox, möhkəm dayanmışdı. Ağlamırdı. Hər gözünün üstündə gözəllik salonunda azı yarım saat işləmişdilər. Heyfi gəlirdi ağlayıb üzünü-gözünü yaman günə qoymağa. Gözünün qorasını tökməməyə çalışırdı, özünü bərk tuturdu. Hələ gözündəki linzalar! Hönkürə-hönkürə ağlamaq istəyirdi halbuki. Duvağını, üstündəki kirayəsi min manata olan gəlinlik paltarını söküb dağıtmaq istəyirdi. Xəyalında bunların hamısını eləyirdi də. Ətrafdakıların heyrət içindəki reaksiyalarını izləyirdi də.

Dünyanın bütün ağırlığı çiyinlərindəydi. Bu azmış kimi daşıdığı əllə tutulan, gözlə görünən ağırlıq da belini bükürdü. Əynindəki gəlinliyin nə az, nə çox, 15 kiloqram çəkisi vardı. 48 kiloqram da öz çəkisi idi. Sanki qədim döyüşçülər kimi zirehli geyimin ağırlığını hiss edirdi çiyinlərində. Ərə getmək döyüşə getmək kimi bir şey idi. Başındakı iki kiloqramlıq tacsa dəbilqədən yüngül olmazdı. Başında elə dəhşətli bir təzyiq vardı ki, boynunun sümükləri ağrıyırdı. Başı bədəninə ağırlıq eləyirdi.

Əynindəki bu gəlinlik də, başındakı tac da gənc qızların çoxunun arzusu, son illərin dəbi idi. Paltar kənardan zərif görünürmüş. Onu paltar seçməyə apardıqlarında heç nəyə həvəsi yox idi. Özündə-sözündə deyildi. Ağlına da gəlmirdi ki, geyəcəyi paltarın ağırlığını-yüngüllüyünü ölçsün. Ona lazım idi birini seçsin, canını qurtarsın. Bütün bu işləri ona görə edirdi ki, özününküləri də, oğlan evini də arxayın salsın. Qoşulub qaçmaq istəyi heç kimin ağlına gəlməsin.

Farizlə il yarım idi görüşürdülər, amma nə Farizin ailəsi, nə də öz ailəsi evlənmələrinə razıydı. Nüşabənin anası razı olardı. Niyə olmurdu ki? Farizdən yaxşı oğlan? Sadəcə Farizin anası onu acığa salmışdı. Oğlan evi razı deyilsə, qız evi dünəndən razı olmamalı idi. Anaları dəfələrlə üz-üzə də, telefonda da dalaşmışdılar. Bu, onu ittiham eləmişdi ki, oğlun qızımdan əl çəksin, o bunu. Heç biri öz uşağı ilə bacarmırdı. Axırıncı dəfə Farizin anası “mənimki oğlandı, sən qızının dərdini çək. Qızını yığışdır, sabah adına söz çıxmasın. Onsuz da qoymayacam Fariz onu bu evə gəlin gətirsin” – deyə Nüşabənin anasına yandı-qındı vermişdi. Baho! Bu sonuncu söhbətdən sonra Nüşabənin anası yeməmişdi-içməmişdi, qohuma-qardaşa, tanışa-bilişə xəbər salmışdı, qızına adaxlı sonalamışdı və tapmışdı da.

Fariz qaçmaq məsələsini toy gününə qədər uzatmışdı. Nəhayət, toydan əvvəlki gecəyə vədələşmişdilər. Nüşabə Farizlə dünyanın harasına olur-olsun getməyə razı idi, harda olur-olsun yaşamağa da. Amma sən demə, Fariz onunla hara olur-olsun getməyə, harda olur-olsun yaşamağa hazır deyilmiş. Vəd olunan görüşə Fariz gəlməmişdi. Nüşabə suyu süzülə-süzülə evə qayıtmış, hətta acığından evlənməyə qəti qərar vermişdi.

Key kimi idi. Səhər tezdən onu maşına qoyub şəhərin mərkəzindəki salonlardan birinə apardılar. Saçlarını dartıb-dartıb kəllədə yığdılar, bəlkə yarım kiloqram dəmir işlətdilər, sonra həmin o iki kiloqramlıq tacı təpəsinə endirdilər. Gözlərinə ilk dəfə idi linza taxılırdı, anası istədi bunu. Qoy qızımın gözləri şəkillərdə, videoda mavi çıxsın. “Ömrüm boyu mavi gözlərdən xoşum gəlib” - dedi. Linza gözlərini acıtdı, usta hamıda ilk dəfə belə olur, iynə kimi batır, sonra keçir, - deyə sakitləşdirdi onu.

Gəlin maşını gələndə canındakı bütün ağırlıqla ayağa qalxdı, əvvəlcə səntirlədi. Atası onu lampanın başına hərləyəndə başının gicəllənməsi daha da artdı. Yıxılmamaq üçün bəyin qoluna girmişdi, istədiyi üçün deyil.

Paltarı o qədər geniş idi ki, yığıb-yığışdırıb maşına salmaq olmurdu. Bəy onu ağır bir əşya kimi qaldırıb oturacağa çırpdı. Beli elə sancdı, elə bil, bıçaq soxdular. Qışqırmaq olmazdı amma. Dişlərini bir-birinə sıxıb ağrıya dözdü. Gerçək ağrısının yanında bu heç nə idi.

Gəlinlik maşınından düşüb şadlıq sarayının foyesinə girdiklərində gözü sataşdı ona. Fariz foyenin ortasında dayanmışdı. Neyləməliydi bilmirdi, beyni gizildəyirdi. Başındakı taca görə başını güclə qaldırmışdı, boynu yorulduğundan başını aşağı saldı. Videoçəkən də gecikdirirdi onları, bu üzücü dəqiqələr uzandıqca uzanırdı. Yanındakı adama görə indi Farizin üstünə cuma, sinəsini yumruqlaya, çığıra-bağıra bilmirdi. Neyləyirdi o? Hara gedirdi? Sevmədiyi adamla necə yaşayacaqdı? Fariz onu aldada-aldada işi bu səviyyəyə gətirdi. Bəs indi hansı üzlə şadlıq sarayına qədər gəlib? Niyə gəlib? Nə istəyir axı?

Başını bir də qaldıranda Fariz gözə dəymirdi, bilmədi ki, çıxıb getdi, yoxsa hələ buralardadı. Ona əlini uzatsa, seriallardakı kimi “mənimlə gedək” - desə gedərdi. Hə, öz-özünə verdiyi sualın cavabı dəqiq idi. Heç nəyə baxmadan çıxıb gedərdi onunla. Hamının gözü qarşısında bu toyu da, bu bəyi də tərk edərdi. Amma Fariz sayrışırdı gözlərinin qabağında. Gah görünür, gah itirdi. Belə görünürdü ki, onun əzablarını artırmaq üçün burdaydı.

Nikah məmuru gələndən sonra da Nüşabə ümidini itirməmişdi. İmzalar atılanda Fariz etiraz edəcək, onu götürüb özüylə aparacaq deyə düşündü hətta. Nə qədər serialda belə hadisələr olmuşdu. Bəlkə Fariz də maraqlı xatirələri olsun deyə işi belə planlamışdı?!

İmzanı atıb qələmi yerə qoyandan sonra Nüşabə səntirlədi. Yenə məcbur qalıb bəyin qolundan tutdu. Bəy də onu özünə sarı çəkib əlini sıxdı.

Fariz hələ də baxırdı, çıxıb getmirdi. Onun baxışlarının müşayiəti ilə Nüşabə bəy-gəlin masasında əyləşdi. Adamların hoppanıb-düşməyi, arsızca rəqs eləməyi onu əsəbiləşdirirdi. Bu qədər adam bura yığışıb yallı gedirdilər, atılıb-düşürdülər ona görə ki, gecə yanındakı kişi ilə o cütləşəcəkdi. Lap ibtidai icma quruluşunda olduğu kimiydi hər şey, minilliklər keçmişdi, insanlar dəyişməmişdi. Bu fikrə hətta gülümsədi də. Sonra şıltaqca xalası qızını çağırıb musiqi sifariş verdi.

Tamada toy əhlini sakitləşdirib gəlinin xahişi ilə “Sənsiz” romansını dinləməyə çağırdı. Nüşabə bu romansı çox sevirdi. Farizlə neçə dəfə küsüşüb ayrılmaq həddinə qədər gəlib çıxmışdılar. Onda Fariz zəng eləmiş, bu romansı dinlətmişdi Nüşabəyə. Hər dəfə bu romans onları barışdırmışdı.

“Sənsiz” romansı sonuncu dəfə ikisi üçün səslənirdi. Romansın son notlarında Fariz ayaqlarını sürüyə-sürüyə şadlıq evini tərk eləməkdəydi. Bayıra çıxıb bir siqaret yandırıb damağına qoydu. Bayaq Nüşabəgili gətirən gəlin maşınının arxa təkərinə tutarlı bir təpik ilişdirdi və yola düşüb getdi. Şadlıq evindən uzaqlaşmışdı, amma romansı mırıldanırdı. Telefonuna gələn zəng anasından idi, açmadı, təkrar zəng gəldi. Açdı və iki kəlmə ilə qadını sakitləşdirdi: “Evə gəlirəm!”

“Sənsiz” romansının bədəli çox ağır oldu. Bəy qəzəbini tort kəsmə mərasimində bildirdi. Nüşabə seriallarda görmüşdü ki, gəlinlər bəylərlə zarafat eləyir. O da zarafat eləmək, bir az şənlənmək istəyirdi. Heç olmasa, könlü açılsın. Bundan sonra taleyi ilə barışmışdı. Bura qədər hər şey zəhər oldu, heç olmasa bundan sonrasının dadını çıxartsın deyə düşündü. Kəsilmiş tortdan bir qaşıq götürüb bəyə uzatdı. Bəy quş balası kimi ağzını açdı. Onda Nüşabə qaşığı geri çəkdi. Bəyin üzündən zəhrimar yağırdı. Bu zəhrimar daha da artdı. Nüşabə ikinci qaşığı uzadıb geri çəkəndə, hamının gözü qabağında qızın qolunu qanırdı.

Gəlin maşınından düşüb evə qalxdılar. Gəlinlik paltarının ağırlığı belini qırmışdı, ayaqları dikdaban ayaqqabının içində şişmişdi. Ayağını ata bilmirdi, sanki ayaqlarından qan damırdı. Nə də yanındakı adamla rahat idi, ayaqqabılarını çıxarıb əlinə ala bilməzdi. Farizin yanında dəfələrlə belə eləmişdi. Şəhərin mərkəzi küçələrində, heç kimdən utanmadan özü də. Birtəhər özünü üçüncü mərtəbəyə çatdırıb yengənin, onları evə qədər ötürən adamların müşayiəti ilə içəri keçdi. Qapının ağzında üzüaşağı boşqab qoyulmuşdu. Boşqabı sındırıb içəri keçməli idi. Ayağını qaldırmağa heyi yox idi. Üçüncü cəhddən sonra boşqabı sındıra bildi.

Təklikdə qaldılar və məhkəmə başladı. “Sənsiz ”romansını kimin üçün çaldırmışdı deyə, bəy onu sorğuya çəkdi. “Sadəcə sevirəm o romansı. Xoşuma gəlir” cavabları ilə iş aşmadı. “Mən sənin yanındayamsa, sən niyə o mahnını sifariş verməlisən?!” – deyə bəy bağırdı. Nüşabənin dodaqları üstündə açılan sillənin səsindən qulaqları batdı. Gözləri qaraldı, sonra qan kirayəsi min manata olan paltara tökülməsin deyə, dodağına basmağa əski axtardı. Əlləri qan içində hamama qaçdı, gəlinlik paltarıyla qapıdan keçmək çətin idi. Birtəhər suyu açdı, nə illah eləsə də, paltarı batmışdı.

Üzünü-gözünü təmizləyib qurtarmamışdı ki, bəy üstünə şığıdı. Qolundan yapışıb yatağa doğru çəkdi. “Sən dayan hələ, görüm nətər çıxacaqsan?! Gözüm su içmir səndən”.

Paltarı güclə dartıb əynindən çıxartdı. Paltarı çıxandan sonra nə qədər yüngülləşdi, ilahi! Dünyanın nə boyda ağırlığı varmış bu lənətə gəlmiş paltarda!

İçində bir sancı burxuldu. Bəy dərhal ayağa sıçradı, Nüşabə də dikəlib oturdu. Bayaqdan burnunu silməyə əski tapmırdı. Yengənin qatlayıb hazır qoyduğu cuna gözünə sataşdı.

İkinəfərlik çarpayıda bəy rahat-rahat yatırdı. Nüşabə zülmlə gözündəki linzaları çıxartmışdı. Gözləri qıpqırmızıydı. Özünə işgəncə edirmiş kimi dırnaqlarını bir-bir sökdü. Burnunu çəkə-çəkə saçlarındakı dəmirləri çıxarıb dizlərinin arasına yığdı. Saçının dibləri də bətni kimi gizildəyirdi...

# 4729 dəfə oxunub

Müəllifin son yazıları

# # #