[b]Təpindi uşaqlarına analar – ZƏHRAYA HƏSR OLUNMUŞ ŞEİR[/b]

[b]Təpindi uşaqlarına analar – ZƏHRAYA HƏSR OLUNMUŞ ŞEİR[/b]
6 iyul 2017
# 10:47

Kulis.az Sevinc Elsevər Zəhraya həsr etdiyi şeiri təqdim edir.

Beş iyul, 2017

fizioterapiyaya başladım bu gün

ağrılardan qurtulmaq

sağalmaq və çox yaşamaq eşqiylə

ötən gecə

düşmən əliylə öldürülən

iki yaşlı Zəhradan utanmadan həm də...

Zəhranın vurulduğu günü

səhər süfrəsində

təpindi uşaqlarına analar

əllərindəki dürməyi yarımçıq qoymasınlar deyə

günorta süfrəsində də, nahar süfrəsində də elə...

tərlədilər

kürəklərinə dəsmal qoydular

hava küləkliydi Bakıda

uşaqlar çərpələng uçurtdular...

axşamdan noxud islatdı mətbəx qadınları

səhər bişirəcəkləri yeməyə qatmağa

gecə düşdü

kişilər tələsdi yatmağa

səhər işə gecikməsinlər deyə

Zəhranı danışdılar qurtardılar

işığı söndü adamların bir-bir

pəncərələrdə

sosial şəbəkələrdə

bəbəklərdə

ürəklərdə

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

# # #