Kulis.az Seyid Aynurun yeni şeirlərini təqdim edir.
Susduq
Zaman xəbərsiz ötdü,
külək dalğalandı durmadan,
çayın üzü qırışdı.
Dnepri pıçıltıya bənzər məlahətli səsindən tanıyıram,
onun məni xatırladığı kimi
Bu dəfə düşmən səsimizi eşitməsin deyə
görüşəndə ikimiz də susduq.
“Səhər proqramı”nda dahi Şevçenkonun
məhv edildiyi,
heykəlin baş nahiyyəsindən
güllələndiyi xəbərini oxuyan
aparıcı qız ağlamsındı birdən:
“Əzizi ölsün müharibənin!”.
Alimlərin proqnozlarına görə –
Buça çayının sahilində yaşayan bütün Məryəmlər
Müqəddəs ruhdan yox,
düşmənin azğınlaşmış əsgərlərindən
hamilə qalacaq,
Qara dənizin balıqları
bir də heç vaxt kürüləməyəcəkdi.
Sabahdan ağır-ağır oyanan
tənbəl günəş
bütün anasız körpələri
bərk-bərk qucaqlayacaqdı.
Bildiyim bir həqiqət var –
müharibə uşaqlarının ayaq səsi
dünyanın ən kədərli musiqisidir.
Şəhər külə dönmüşdü,
şəhadət barmağını lapdan qaldıran
balaca Lyubaşa qışqırdı:
“Ana, ana, bax, ora
evlərin içində ağac bitib!”.
Kəpənək
Gözlərimin içində məskunlaşmış atom hissəciklərinin
göyün üzünə səpələnmiş bütün ulduzların sayından
Trilyon dəfə çox olduğunu dəqiq bildiyim üçün
deyə bilərəm ki, məhəbbətin gözü kor deyil.
İnanmırsan, işıqları söndür
gözlərimin içinə bax.
Gəl, ümumdünya cazibə qanununu pozmayaq,
qollarımızı geniş açıb qucaqlaşaq səninlə.
Nə oldusa, bu gün oldu...
Ömrümün ən uzun tıxacına düşəndən bəri
İllərdir sənə doğru gəlsəm də
səni gördüyüm heç bir dayanacaqda tapmadığımı anladım.
Özümü ayaqları ilə dad alan
kəpənəklər kimi hiss edirəm:
Anam atamdan ayrılandan bəri
neçə bayramdır,
“Uşaqlıq” adlı sehrli şəhərə
düşmür yolum.