“Sonuncu ailə” dramı indiyədək gördüyüm ən qaranlıq filmdir. Film real hadisə əsasında çəkilib. Beksinski ailəsinin həyat ritmi yeganə oğulları Tomekin psixoloji sabitliyinə bağlıdır.
Tomek radioda işləyir, musiqi verilişi aparır, tərcüməçi kimi çalışır. Amma ən xırda nəsnə, yaşamaq üçün məna tapa bilməmək onun emosional sabitliyini tez-tez pozur, o, intihara cəhd edir. Anası sağalmaz xəstəliyə tutulanda ata oğlundan xahiş edir: “Anan ölənədək intihar etmə...”
İntihar aktı dünyanın hər yerində baş verir. Bizim toplumda isə bu, az qala kütləviləşib. Hətta vəziyyət o həddədir ki, xəbər lentlərində intihar haqda məlumata rastlaşmayanda yaxşı mənada təəccüblənirsən.
Bir neçə gün öncə dostumuz Cəlil Cavanşirin intihara cəhdini, üstəlik, intihar-tamaşanı ictimai baxışa açıq etməsini qınaya bilmirəm. Cəlili davranışına görə qınayan, onu söyüb təhqir edən adamları da həmçinin. Çünki bizə təklif olunmuş və yaşamalı olduğumuz absurd-psixoz vəziyyətdə hər kəsin əsəbi tətikdədir, xırda bir şeydən qəzəb püskürür. Bunun üçün də hər birinin individual səbəbi var, qapalı sistemdə yaşadığımızdan, praktik tədbirlər görülmədiyindən, mövcud situasiyanı, toplumu araşdıran əsərlər olmadığından, görünməyən həqiqətlər, dərin ünsiyyət böhranı içində yaşayırıq...
Sosial şəbəkələrdə intihara cəhd edən və ya intihar etmiş adamların dost-tanışları vaxtında onlarla maraqlanmadığı üçün qınanılır. Ancaq bir şey də var ki, dünyanın hər yerində intihara meylli olan, intihar etmək üçün doğulmuş Tomek klmi insan tipi yaşayır. Bu tip insanlar intihar üçün ciddi səbəbləri olmasa da, onu hardansa qazıb çıxarmağa çalışırlar, motiv axtarırlar. Təcrübəmdə bir neçə belə adamla rastlaşmışam. Kömək əlimi də uzatmışam, dinləmişəm də, danışmışam da.
Ancaq emosional dayanıqlığı olmayan, hər əhəmiyyətsiz şeyi faciəyə çevirən bu tip insanlar dərin quyudan çıxmaq istəmirlər, sanki qaramatdan qidalanırlar, vampir kimi adamın qanını sorurlar, qarşısındakını mənfi enerjiylə yükləyirlər, nəticədə ona yardım etmək istəyən adamı da depressiyaya salırlar, intihar həddinə çatdırırlar. Onlara hər gün “sevirəm”, “dəyərlisən” desən də özlərinin duyğu sümürücülüyü, sentimental davranışlarıyla zəhlə tökürlər. Ümumiyyətlə, emosiyaları ilə hərəkət edən adamlar təhlükəli olurlar. Ona görə belə adamlardan uzaq gəzirəm. Onların intihar xəbərini eşidəndə də dərin sarsıntı keçirmirəm.
Elə çətin, böhranlı cəmiyyətdə yaşayırıq ki, ümumi depressiyadan, psixozluqdan qurtulmaq üçün hər birimizin sığına, çəkilə biləcəyimiz toxunulmaz ərazisi olmalıdır. Bu peşə də, hobbi də, intellektual və ya fiziki fəaliyyət də, seks də, sevgi də ola bilər. Milsalçün, rəfiqələrimdən biri anasını itirəndən sonra sarsıntıdan xilas üçün çevrəsini az da olsa dəyişdirdi, işindən əlavə toxuculuqla məşğul olmağa başladı.
Tomekin atası, XX əsrin məşhur rəssamlarından biri Zdzislav Beksinski postapokaliptik -ölümü, dəhşəti, ümidsizliyi, bəşəri fəlakətləri təsvir edən bədbin tablolar çəkməkdən həzz alırdı.
Ailənin faciəsi o qənaəti yaradır ki, hər bir insanın fəaliyyəti, enerjisi son nəticədə bumeranq kimi özünə qayıdır.
Ona görə, burada həyat nə qədər çətin olsa da pozitivliyi itirməyin, alternativlər axtarmaqdan ümidinizi üzməyin - ən son imkana qədər, mümkün olanadək...