Şaxta Babanın arvadı...

Şaxta Babanın arvadı...
31 dekabr 2014
# 08:30

Santa Klausun vətəninin Laplandiya (Şimali Avropada ərazi ) və ya Şimal qütbünün yaxın ətrafı hesab olunur.

Onun prototipi Müqəddəs Nikolay III əsrdə Kiçik Asiyada, indiki Türkiyə ərazisində yerləşən qədim Patara şəhərində doğulub.

Santa müqəddəs, Klaus Nikolay deməkdir. Özünün xeyriyyə işləri ilə tanınan Müqəddəs Nikolay uşaqları olan yoxsul ailələrə hədiyyələr göndərirmiş.

Kilsə təqviminə görə Avropa ölkələrində dekabrın 6-da uşaqlara hədiyyə verilirdi. Amma xristian dininin islahat dövründə müqəddəslərə ehtiram yasaq olundu. Ona görə bir çox ölkələrdə hədiyyə verən obraz kimi körpə İsa qəbul olundu. Və hədiyyə günü dekabrın 6-dan 24-ə keçirildi. Amma sonra dində aparılan yeni islahatlarda yenə hədiyyələr Nikolayın adından dekabrın sonlarında təqdim edilirdi.

Qeyd edək ki, Santa Klaus Niderland dilindən gəlmədir. Burda müqəddəs Nikolaya “Sinterklaas” deyilir.

Məhz hollandların Şimali Amerikada məskunlaşması sayəsində müqəddəs Nikolay obrazı bu ölkədə geniş yayıldı.

1823-cü ildə şair Klement Klark Mur “Miladdan əvvəlki gecə və ya müqəddəs Nikolayın gəlişi” poemasında Santa Klausu nağıl personajı kimi təqdim elədi. Amerikada populyarlaşan poemanın sayəsində Müqəddəs Nikolay Santa Klausa çevrildi.

O vaxtdan Santa-Klaus Şimali Amerikanın nağıl-folklor personajıdır.

Santa Klausun həyat yoldaşı kimi təsvir edilən Miss Santa Klaus sonrakı Avropa və Amerika ənənələrində təsərrüfat işlərində və uşaqlara hədiyyə hazırlamaqda yardım edir.

Santa Klausun arvadı obrazı ilk dəfə Filadelfiya dramaturqu və din xadimi Ceyms Risanın “Milad əfsanəsi” (1849) əsərində xatırlanır.

“Missis Santa Claus” ifadəsi isə ilk dəfə 1851-ci ildə “Yale Literary Magazine” jurnalında tələbə müəlliflərdən birinin hekayəsində çəkilib.

Bəzi ölkələrdə isə bu personaj “Noel Baba” adlanır. Noel fransız sözü olub, mənası milad deməkdir. Fransız dilli ölkələrdə ona “Per Noel” deyilir. Ənənəyə görə Noel Baba evlərə eşşəkdə qədim başmaqlarda baş çəkirmiş. O, hədiyyə dolu səbətlərlə evlərə bacadan girirmiş. Noel Baba hədiyyələri ayaqqabılara qoyurmuş. Onun antipodu “Per Fuetar” hesab olunur. Əlində çubuq təsvir olunan Per Fuetar özünü ötən ildə pis aparan uşaqları döyürmüş.

Rusiyada isə yeni il personajı “Ded Moroz” kimi təqdim olunur. Bu adın kökləri slavyan mifologiyasına gedib çıxır. Slavyan mifologiyasında Ded Moroz şaxtanın təcəssümüdür. Slavyan kəndlisinin təsəvvüründə şaxtalı qış olanda torpaq bərəkətli məhsul verir.

Ded Morozun obrazı rus nağıllarında, məsəllərində öz əksini tapıb.

Yazılı ədəbi nümunələrdə isə Ded Moroz 1840-cı ildə yazıçı V. Odoevskinin “İrineya babanın nağılları” kitabına daxil olan bir nağılda işlənilib. Kitabdakı “Moroz İvanoviç” adlı nağılda ilk dəfə Ded Moroz adına rast gəlinir.

Rus Pravoslav Kilsəsinin Ded Moroza münasibəti XX əsrin əvvəlində birmənalı olmayıb. Çünki ilkin mənbələrdə Ded Moroz sehrbazdır və bu, xristianlığa ziddir. 2000-ci ildə mitropolit Sergey bu haqda deyib: “Ded Moroz bizim hər birimizə uşaqlıqdan tanış olan xeyirxah personajdır. Mənə elə gəlir ki, Ded Moroz obrazı bizim dünyəvi mənəvi ənənələrimizin normal inkişafıdır”.

“Snequroçka” isə Ded Morozun nəvəsi, nağıl və yeni il personajıdır. Bəzən balaca qızcığaz, bəzən isə gənc qız kimi təsvir olunur. Ded Morozun Snequroçka ilə birlikdə görünməsi 1937-ci ildə baş verib.

Snequroçkanın obrazı slavyan folklorunda xatırlanır. Rus folklorunda o, qardan düzəldilən və sonra canlanan obrazdır.

Bu süjeti 1869-cu ildə folklorşünas A.Afanasyeviç işləyib. Müəllif yazır: "Qardan yarandığına görə, o, Snequroçka adlanır.... İvan adlı kəndli arvadı ilə şad xürrəm ömür sürürdülər. Amma uşaqlarının olmaması onları kədərləndirirdi. Qış gəldi, qar yağdı. Onlar komadan çıxıb qardan kukla düzəltdilər. İvan Qar Qızın tərpəndiyini gördü, arvadı sevinclə qışqırdı: “Allah bizə uşaq verdi”.

Dramaturq A.Ostorvski 1873-cü ildə “Snequroçka” adlı pyes yazır və burda o, Ded Morozun qızı kimi təsvir edilir.

Azərbaycan dilində isə Şaxta Baba Ded Morozun tərcüməsidir.

Şaxta Babanı müxtəlif ölkələrdə belə çağırırlar:

Almaniyada Vaynaxtsmann, Albaniyada Babadimpi, Bolqarıstanda Dyadyo Koleda, Böyük Britaniyada Faze Kristmas, Yunanıstanda Aqios Vasilis, Danimarkada Yulemanden, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Norveçdə Yulebukk,Polşada Svetiy Mikolay, Hollandiyada Kerstman, Portuqaliyada Pay Natal, Slovakiyada Yejişek, Sloveniyada Dedek Mraz, Türkiyədə Noel baba, Finlandiyada Youlupukki, Çexiya da Mikulaş, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada Deda Mraz, İranda Baba Noel, Amerika və Kanadada Santa Klaus, Braziliyada Papay Noel, Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh, Əfqanıstanda Baba Çakalo, Özbəkistanda Ayoz Bobo, Gürcüstanda Tovlis Papa adlanır.

# 1424 dəfə oxunub

Müəllifin son yazıları

# # #