Qurşaqdan aşağı zarafatlar, istedadsız aktyorlar, keyfiyyətsiz ssenari

Qurşaqdan aşağı zarafatlar, istedadsız aktyorlar, keyfiyyətsiz ssenari
30 may 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Üç badam bir qoz” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanları barda işləyən dörd dostdur (Mənsur Şərif, Rəsul Abbas, Sabir Samiroğlu, Altun Mətləboğlu). Onlardan birinin dayısı Mükafat (Rövşən Kərimduxt) dostları çağıraraq təcili ssenari yazmağı tapşırır. Çünki sponsorun sifariş etdiyi ssenari uğursuz alınıb. Üstəlik, sponsorun ssenariyə ayırdığı pulun bir hissəsi də xərclənib. Mükafat gənclərə ssenari yazmaq üçün bağ evini təklif edir. Paralel xətdə cinayətkar dəstə bir bağ evindən külli miqdarda pulu oğurlamağı planlaşdırır. Başqa bir cinayətkar dəstə isə onları qabaqlayır. Cinayətkar qruplar bir-birini öldürür. Hadisələrin içinə təsadüfən düşən, ssenari yazmağı planlaşdıran gəncləri eyni zamanda bütün cinayətkar qruplar hədəf alırlar...

Filmin ekzpozisiyasındakı epziodlardan birində - təkcə müstəqil büdcə ilə yox, eyni zamanda dövlət büdcəsi ilə çəkilən filmlərin əsas problemi olan ssenari keyfiyyətsizliyi, həmçinin istedadı olmayan aktyorların çəkilməsi məsələsi səslənəndə düşünmək olardı ki, kino sahəsində mövcud vəziyyətimizə yönəlik komediya izləyəcəyəm. Amma hadisələrin sonrakı inkişafı o qədər bayağılaşdı ki, keyfiyyətsiz ssenariyə rişxənd edən müəlliflərin özünün (ssenaristlər Mehdi Sadiq, Rəsul Abbasov, Altun Mətləboğlu) bu problemdən əziyyət çəkdiyi ortaya çıxdı.

Rafael Bağıroğlunun lentə aldığı filmin premyerası 2017-ci ildə baş tutub. Baş rolları ifa edənlər vayner kimi fəaliyyət göstərən komanda üzvləridir.

Film haqda vikipediya məlumatında bir məqam diqqətimi çəkdi. Məlumatda “Üç badam bir qoz”un Azərbaycanda ilk qara komediya janrında çəkilən film olduğu qeyd olunub.

Görünür, “Üç badam bir qoz”un milli kino tarixinə bələd olmadıqlarından, bədii məhsullarını qara komediya janrında çəkilən ilk film kimi təqdim ediblər. Öyrənmək isə heç vaxt gec deyil. Misalçün, elə Vaqif Mustafayevin filmlərini qara komediya janrına aid etmək olar. Janrın əlamətlərini Nizami Musayevin “Lətifə”sində də, Hafiz Fətullayevin “Qırmızı qatarı”nda da tapmaq olar. Komediya janrında işləyən gənc müəlliflərin problemi ondadır ki, onların əksəriyyəti kinomuzdan xəbərsizdir, filmlərimizi araşdırmayıblar. Bu səbəbdən onlara elə gəlir ki, çəkdikləri ilə nəsə mühüm tapıntılar edirlər.

“Üç badam bir qoz”un qara komediya janrı ilə əlaqəsi yoxdur. Sadə dillə desək, qara komediya insan ağrılarına, mənəvi dəyərlərə gülmək bacarığıdır. Diskomfort yaradan mövzulara sinikcə yanaşmadır. Amma heç şübhəsiz ki, gülüşün, sinizmin arxasında mütləq nəsə ideya, fikir dayanmalı, uyğun, maraqlı ifadə vasitələri seçilməli, keyfiyyətli ssenari yazılmalıdır və s.

Haqqında danışdığımız filmdə isə fikir yoxdur, o günümüzdə çəkilən keyfiyyətsiz komediyalardan biridir. Əhvalata epataj ifadə tərzi hakimdir. Yəni bank yarmağı, üzə durmağı, adam öldürməyi ssenari yazmaqdan üstün tutmaq, aşağı orqanları tez-tez (“qozunuzdan yeyim” kimi) vurğulamaq kimi. Və mütləq niyəsə qadın alt paltarı göstərilir.

Epataj modernizm dövründə ənənələrə qarşı qiyam idi. Amma bu provakativliyin əsasında belə konsepsiya, yanaşma, yaradıcılıq dayanırdı.

“Üç badam bir qoz”un epatajı isə lağlağıya hesablanıb. Bu, dərnək səviyyəsində çəkilən, heç bir ifadə vasitəsi, tərzi, üslubu, yeni obrazlar təqdim etməyən klip-filmdir. Cinayətkar dəstə başçısı rolu oynayan Şəhriyar Əbilov bütün filmlərdə eyni ifanı sərgiləyir. Filmin adının isə nədən “Üç badam bir qoz” adlandırılması bəlli deyil.

Baş rolun ifaçıları verdiyi müsahibələrindən birində iddialı danışaraq, filmlərinin yüksək səviyyədə olduğuna, çox uğurlu iş ortaya qoyduqlarına inandıqlarını bildiriblər. Əlbəttə, iddialı olmaq yaxşıdır. Amma gərək iddia yaradıcı potensialla üst-üstə düşsün.

# 3757 dəfə oxunub

Müəllifin son yazıları

# # #