“Polis rəisinin öpüşməyini filmdən çıxartdıq”

“Polis rəisinin öpüşməyini filmdən çıxartdıq”
13 avqust 2014
# 08:30

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Adı: “Fosfor adam”

Çəkildiyi il: 2009

Xronometaj: 70 dəqiqə

Rejissor: Cavid Təvəkkül

Ssenari müəllifi: İmir Məmmədli

Operator: Polad Məmmədov

Rollarda: Toğrul Valehov, Əbülfət Salahov, Ciya Paçxataşvili, Oqtay Mehdiyev, Xanlar Həşimzadə, İbrahim Salamov və başqaları

İstehsalçı şirkət: “Carçıfilm” Yaradıcılıq Birliyi

Süjet: Film fosforlu oğlan Dursunun adından nəql edilir. Ailədə ondan başqa babası da fosfor adamdır. Babası ölür, dəfn olunur. Səhəri gün isə meyit qəbirdən yoxa çıxır. Bütün kənd onun meyitinin axtarışına çıxır.

Dosye: Cavid Təvəkkül 1974-cü ildə Tərtərdə anadan olub. Orta məktəbi Mingəçevirdə oxuyub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur (1992-1997). Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq təhsili alır. “Mən və şəhər”, “Ağlayan əsgər”, “Azarkeş”, “Əzizim Fellini”, “Sovqat”, “Səhərə inan...” filmlərinin müəllifidir.

Rejissorla söhbəti təqdim edirik.

- Səni bu layihəyə dəvət edəndə dedin ki, “Fosfor adam” filmindən danışmaq istəyirsən. “Çünki filmdəki fosfor adam mənəm” dedin. Amma məsələn, mən “Əzizim Fellini” filmini təklif edəcəyini düşünürdüm...

- Film çəkilib 2009-cu ildə. Bu film daha çox 2009-cu ildəki Caviddir. Mən bu filmə hərdən təkrar baxıram. Onu indi tamamilə başqa cür çəkərdim.

- Məsələn, necə?

- Kadrlara, epizodlara baxanda çatmayan şeyləri, qüsurları görürəm. Bu, televiziya layihəsidir. Onun büdcəsinə uyğun çəkilmiş filmdir. Mənəm deyəndə ki, mesajlar mənəm. Filmin sloqanı budur ki, “Yüz yaşa, düz yaşa”.

- Yayda çəkilsə də, soyuq rənglərdən istifadə eləmisən.

- Bilə-bilə. Çünki “Fosfor adam”dakı uşaq heç özü danışmır, dialoqu yoxdur. Ümumiyyətlə, məndə qəhrəmanlar kadrarxası hekayəti nəql edir. Filmlərimdə rejissordan əlavə qəhrəman da danışır.

- Bizim ədəbiyyatda, kinematoqrafiyada fosfor adama faktura olaraq müraciət edilməyib. Seçimin təəccübləndirdi.

- Əvvəl İmir müəllim ssenarini verəndə adı “Dünyanın ən uzun adamı” idi. Dünyanın ən uzun adamı ölür, onun sümüklərini götürüb hansısa muzeyə aparırlar. Baxdım ki, burda vizuallıq, kino dilinin imkanları yoxdur. Təklif elədim ki, fosfor edək. Fosforun altında qatlar var: nur, işıq. Bəyəndi. “Fosfor adam” burdan yarandı. Biz bundan qabaq İmir müəllimlə İTV-də “Azarkeş” adlı film də işləmişdik. Az büdcəylə. Rəhbərliyin xoşu gəlmişdi. Bu da komediya idi. İkinci dəfə də TV rəhbərliyi etiraz eləmədi işləməyə. Büdcəmiz böyük olmurdu, texnika vardı onlarda. Ondan sonra “Sovqat”ı çəkdik.

- Filmdə belə səhnə var, Habil, Qabil və qadın çəmənlikdə süfrə arxasında oturublar. Bu, təsadüfən Eduard Manenin “Çəmənlikdə səhər yeməyi” tablosundan sitat deyildi?

-Filmlərimdə rəsm əsərlərindən sitatlar gətirməyi sevirəm. Burda Pikassonun əsərindən istifadə eləmişəm. O ki qaldı, Maneyə, ola bilsin, şüuraltı olaraq belə olub. Amma məqsədli olmayıb. Həmin səhnədə almaya aksent eləmişəm. Əvvəllər elə bilirdim ki, almanı ilk dəfə Tarkovski istifadə edib. Sonra Dovjenkonun filmində görəndən sonra anladım ki, nəinki Tarkovski, çox adam ondan ilhamlanıb. Məsələn, elə sevdiyim Kusturitsanın “Vəsiyyət” filmindədir deyəsən, oğlan almaların içində çimir. “Fosfor adam”ın iki epizodunda alma vermişəm. Yağış yağır, oğlan özünü dəfələrə qəbirə atır, bunu çıxarırlar. Sonra ağacda yaşıl alma kadrı gəlir. Burda almaların yağışda verilməsi təsadüfi deyildi. Yəni hər şeyin, ola bilər günahların yuyulması və hər şeyin başlanğıcı sayılır. Personajlar da yuyulur və hər şey sıfırdan başlayır.

Bir də qız əlində alma Habillə Qabilin yanına gəlir. Simvolik olaraq düşünülmüşdü. Bir şey deyim, məsələn, bir tablo çəksəm acıq-aydın rənglərdən istifadə edərəm. Dərinliyə öz bildiyim kimi gedərəm. Amma o vaxt filmlərə simvolları çox atırdım. Təzə-təzə idi. Hər şeyi birdən demək istəyirsən axı. Göstərmək istəyirdim ki, mən bu əsəri də oxumuşam, filan filmə də baxmışam, filan tablonu da görmüşəm. Ola bilər, filmdə simvollar hətta ifrat səviyyəsindədir.

- Azərbaycan kinosunda absurd komediyaya az müraciət edilir. Bu janrı yaxın hiss edirsən özünə?

- Janrı yox, materialı hiss edirəm. Əvvəl material xoşuma gəlməlidir. Material xoşuma gəlirsə, rejissor ssenarisini yazanda janrı müəyyənləşdirirəm.

- Onda deməli, janrın sənin üçün xüsusi əhəmiyyəti yoxdur?

- Yox, var təbii. Melodramı daha çox sevirəm. Düşünürəm ki, sevginin altında hər şeyi, məişət problemini də, fəlsəfi düşüncələri də vermək olar.

- Amma eyni şeyi absurd komediyada da etmək olar...

- Absurd komediyanı daha aydın, daha ifadəli, daha rəngli boyalarla işləmək lazımdır. Amma bu, bir az qorxuludur. Burda uğursuzluğa düçar ola bilərsən. Çünki tamaşaçıya gülməli olmaya bilər. Həm güldürməli, həm düşündürməlisən. Absurd komediya janrında işləməklə risk eləmişdim. Yaxşı material olsa yenə bu janrda işləyərdim. Montajda bir neçə səhnəni çıxartdım. Çünki hiss elədim ki, melodramaya qaçıram.

- Montaj rejissor üçün bir az ağrılı prosesdir. Gözəl səhnəni kəsməyə məcbursan, çünki dramaturgiyada üzvi əlaqə olmaya bilər.

- Mən əvvəl düşünmüşdüm ki, ssenaridə bir qadın olsun-qonşu qızı. Sonra beynimə ana obrazı gəldi. Daha bir qadın da saldıq. Bu da kənddə çox gözəl xanım olmalıydı. Kəndin qlamuru. Belə aktrisa da seçmişdik. Adını demirəm, etik normalara uyğun deyil. Altı epizodu vardı. Polis rəisi ilə öpüşmə səhnəsi də vardı. Çəkdik onu, montajda öpüşmə səhnəsi mənə bayağı gəldi. Bu, filmi ritmdən çıxarırdı. Ona görə aktrisanın iştirak etdiyi bütün səhnələri çıxardıq. Sonra fosforlu oğlanla qızın dialoqu vardı. Onu da çıxartdıq. Amma bu, mənim ən çox sevdiyim filmdir. Bilmirəm, nə dərəcədə alınıb. Musiqisi orijinal olmadı heyif.

- Filmdə Kusturitsanın ruhu hiss olunur. Amma sən dedin ki, burda daha çox Tarantino var.

- Qeyri-nizami montaja görə bunu deyirdim. Amma bu, daha çox Daneliyadır. “Ku! Kin-dza-dza” animasiya filmini çox sevirəm. Mən hələ də məəttəl qalıram ki, o, belə film çəkib. Filmə baxanda, əsər oxuyanda köklü dəyişirsən, hər dəfə hər sənətkar məni ordan-bura, burdan-ora atır və axırda özün üçün nəticə çıxarırsan. Amma istəyirəm yazanda, çəkəndə özüm kimi çəkim.

- Fosforlu oğlan roluna aktyor tapmaq çətin olmadı?

-Uşaq tapa bilmirdik. İkinci rejissor Asif dedi ki, belə uşaq var. Çətinliklə tapdıq. Uşaq filmdə çəkilə-çəkilə böyüdü. Kinonu hiss edirdi, tapşırığı basa düşürdü. O da təkliyə çəkilməyi sevirdi. Çayın qırağında tək oturub özünə qapılırdı. Durduğu yerdə ağlayırdı. Qəribə xasiyyətləri vardı. Çox ağıllı idi.

Dörd dənə eyni köynək sifariş vermişdim onun üçün. Köynəyin arxasına və önünə ingiliscə sözlər yazdırmışdım: “Yerlə göy arasında”, “Mən mələyəm”. İndi çəksəydim daha qısa və aydın ifadə edərdim fikirlərimi.

- “Fosfor adam” sənin sevdiyin film olsa da, daha çox “Əzizim Fellini” ilə yadda qalmısan.

- Normaldır. Pis səslənmir. Nəsə eləmişəm ki, tanıyırlar. O film ekrana çıxandan sonra Rasim Cəfərlə şəhərə çıxmışdıq. Hamı onunla şəkil çəkdirir, avtoqraf alırdı. Demirəm ki, bu, filmin gücüydü. Daha çox televiziyanın gücüydü. 3 dəfə ard-arda göstərdilər o vaxt İTV-də.

- Gələcək filmlərində hansı mövzuları işləmək istəyirsən?

- İnsan, yenə də insan. Film insana qulluq etməlidir. Onun bütün xarakterini göstərməlidir. Qırışına kimi. Mən vizuallığı demirəm. İnsanın mahiyyətini vermək lazımdır. İnsanın 70 faizi isə faciədir. Bu, daha realistdir. Heç vaxt bilmək olmur ki, insan ekstremal vəziyyətə düşəndə ondan necə çıxacaq. Ssenarini yazanda da onu düşünürsən. Həmişə nəyi nəzərdə saxlayıram? Insan düşdüyü situasiyadan necə çıxacaq? Ona görə insan, insan...

- “Fosfor adam”da əyalət aktyorları ilə işləmək də maraqlı təcrübə oldu yəqin.

- Əyalət aktyorları çox istedadlıdırlar. Bakı teatrlarının aktyorlarından daha istedadlı. Onlar fədaidirlər. Şəki, Mingəçevir teatrlarının aktyorları bütün ömrünü qoyur işə. Mütaliəlidirlər, onlarla söhbət eləyəndə daha rahat olursan. Şəki teatrının aktyorları var, Xanlar Həşimzadədə, Əbülfət Salahovda daxili orqanika güclüdür.

- İndi nə üzərində işləyirsən?

- Rafiq Əliyevlə "Azərbaycanfilm" kinostudiyasında uşaqlar üçün yeni “Dəyərli adlar” tammetrajlı bədii filminin üzərində çalışıram.

Sevda Sultanova

# 5927 dəfə oxunub

Müəllifin son yazıları

# # #