“Bozun əlli çaları” energetikası boz filmdir. Daha dəqiq izah edim: siz bir adamla söhbətləşirsiniz, o, danışır, danışır...Siz isə əsnəyirsiz, arada yuxulayırsız. Ondan ayrılandan sonra canınızda dəhşətli yorğunluq, başınızda ağrı hiss edirsiz. Və bu boz energetikadan təmizlənmək üçün mahiyyətində həyat işartısı olan nəyəsə ehtiyac duyursuz.
...Əvvəlcədən bəyan edim. Filmdəki erotik səhnələr mətbuatın yazdığı qədər dəhşətli deyil. Hətta yataq səhnələri, sadomazoxist münasibətlərin detallı təsvir olunduğu digər erotik filmlərlə müqayisədə təmkinli işlənib.
Əgər kimsə bu filmə baxlb, BDSM-in (könüllü olaraq zorakılığa boyun əymə) təsirinə düşürsə, ya baş qəhrəman Kristian kimi travmaları olan biridir, ya sadəcə təbiətən sadomazoxizmə meyllidir, ya da... digər variantları özünüz düşünün.
“Bozun əlli çaları” infantil intonasiyasına, süjetinə, nəql üslubuna görə yetkin tamaşaçıdan çox 18-25 yaşlılar üçün maraqlı ola bilər.
İlk epizodlar bir az klassik “Zoluşka”, bir az da serial motivlərini xatırladır. Sadə universitet tələbəsi Anastasiya gənc, zəngin Kristiandan müsahibə alır. Qız kişidə heç kəsin tanımadığı, onun başqalarından gizlətdiyi “mən”ini sezir, kişini isə utancaq qıza xüsusi cazibə qüvvəsi çəkir. Sonra necə olursa, Kristian təsadüfən onun işlədiyi mağazaya gedir, qəhvə içməyə dəvət edir, hər addımbaşı romantik olmadığını desə də, üz-gözündən bəsit romantika yağır, qıza tamaşaçının gözünə girməyəcək jestlə hədiyyələr edir, vertolyotla romantik səyahətlərə aparır. Və beləcə filmin yarısı serial təhkiyə vasitələrinə uyğun davam edir.
Bir qayda olaraq seriallarda sevgililərin arasına üçüncü adam girərək intriqanı artırır, əhvalatı tündləşdirir. Amma burda onların arasında Kristianın ikili şəxsiyyəti, gün işığına çıxarmaq istəmədiyi “mən”i dayanır.
O, qıza anladır ki, ancaq sadomazoxistcə sevə bilər. Anastasiya da fədakar qadınlar kimi sevgisinin onu dəyişəcəyinə inanır. Amma Kristian daşı ətəyindən tökmür, həmişə belə qalacağını, sadomazoxist xarakterinin ağır uşaqlığı, o dövrdən qalan travmalara bağlayır. Onun seks köləsi olmağı qız qəbul eləmir. Və onlar ayrılır.
Yəni qısaca desək, qəhrəmanın davranışının ciddi əsaslandırılmadığı, xarakterlərin açılmadığı, süjeti inkişafdan qalan, ümumən statik, səfeh, boş bir film.
Əhvalatın hansısa suallar doğurmaması bir yana, film hətta zəif təəssürat da qoymur. Daha pisi odur ki, rejissor Sem Teylor Vud nə stress atmağa yönəlik yüngül film çəkib, nə beyin üçün saqqız. Sadəcə məqsədi aydın olmayan primitiv ekran işi.
Kristian obrazının yaradıcısı Ceymi Dornanın ifası sönük, rəngsiz, natamamdır və mənə elə gəldi ki, aktyor rolunu ümumiyyətlə, başa düşməyib.
Alman kino yazarlarından birinin yazdığı kimi, onun arxası ölü kimi solğun bənizindən daha ifadəlidir.
Onun əksinə olaraq, Dakota Conson oynadığı Anastasya obrazının səmimiyyətinə, utancaqlığına və hətta səfehliyinə inandıra bilir.
Erotik səhnələr kifayət qədər estetik işlənib. Amma bu, hissiz, həyəcansız dekorativ estetikadır. Başqa cür desək, obrazların analizinə, süjetdə hansısa ifadə vasitəsinə, “açara” çevrilmir.
...Bu filmi izləməyə gedəndə “Nizami” Kino Mərkəzinin kiçik zalı yarıdan çoxu dolu idi. Gələnlərin əksəriyyəti gəncləriydi. Ikinci erotik epizodun nümayişi zamanı iki cütlük zalı tərk elədi. Hiss elədim ki, filmdən hətta tamaşaçılar yoruldu. Titrlər yazılanda qonşu kresloda oturan gənc oğlan dostuna “bu, nə filmdir” deyib başını buladı...